Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1478/2025 24.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (məruzəçi hakim), Cavadova Günay İsmayıl qızı və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Ərizəçi İddiaçı qohumluq faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1911/2025 saylı qərardadından ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 onun anası qohumluq münasibətində olma faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 1952-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu barədə Şəmkir rayon Qeydiyyat Şöbəsində 16 iyun 1952-ci ildə doğum akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyat aparılmışdır. Həmin akt qeydində atasının X4 olması qeyd olunsa da, ana qrafasında anasının kim olması barədə qeydiyyat aparılmamışdır. X1 1947-ci ildə mərhum anası X5 ilə faktiki ailə qurmuşdur. Onaların arasında olan nikah rəsmi qeydə alınmamışdır. Atasıla anasının faktiki nikahından iki uşaq doğulmuşdur xx.xx.1949-cu il təvəllüdlü X8 və xx.xx.1952-ci il təvəllüdlü X6. X1 1967-ci ildə və anası X5 xx.xx.1987-ci ildə vəfat etmişdir. Lakin onun da ölümü rəsmi qeydə alınmamışdır. Hazırda o mərhum atasından və mərhum anasından miras qalmış əmlaka vərəsəlik əldə etmək üçün Şəmkir 1 saylı Notariat ofisinə müraciət etmişdir. Lakin Şəmkir rayon 1 saylı Notariat ofisi onu mərhum valideynlərindən miras qalmış əmlaka qanun üzrə vərəsə tanımaqdan imtina edir. Əsas olaraq göstərir ki, onun doğum şəhadətnaməsində ana qrafası boşdur. O hər iki valideynlərindən miras olaraq qalmış əmlaka qanun üzrə vərəsədir. Lakin mərhum anasıla bağlı notariat kontora sənəd təqdim edə bilmədiyi üçün, mərhum anasından qalan miras əmlaka qanun üzrə vərəsə tanına bilmir. Hesab edir ki, mərhum Zəhrə Muradəli qızının onunla qohumluq münasibəti müəyyən olunmalıdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1911/2025 saylı qərardadı ilə (hakim N.Heydərova) mülki işin icraatına xitam verilmişdir. Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə şikayət verərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1911/2025 saylı qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1911/2025 saylı qərardadı ilə ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1911/2025 saylı qərardadının ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(076)-1911/2025 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinə baxılması üçün iş həmin məhkəməyə geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubu alınmış, lakin həmin imtinadan müvafiq formada məhkəməyə şikayət verməmişdir. Məhkəmə müəyyən etmişdir ki, mövcud mübahisə inzibati xaraterlidir. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, X3 doğum haqqında şəhadətnaməsində ana adı qeyd edilməmişdir. Bu hala əsaslanaraq, iddiaçı tələb edir ki, X2 onun anası olması faktı mülki məhkəmə tərəfindən müəyyən edilməlidir. Halbuki iddiaçı istədiyi hüquqi nəticəyə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü imtina məktubundan inzibati məhkəməyə şikayət verməklə çata bilər. Odur ki, mübahisə inzibati qaydada baxılıb həll edilməlidir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti araşdırarkən işin mahiyyətindən irəli gələn hüquqi tələbləri və faktları əsaslı surətdə təhlil edərək müəyyən etmişdir ki, ərizəçinin hüquqi marağı mərhum Zəhrə Məmmədovanın onunla qohumluq münasibətində olması faktının məhkəmə qaydasında müəyyən edilməsindən ibarətdir, bu faktın müəyyən edilməsi vasitəsilə mülki hüquqlarının reallaşdırılması məqsədi güdmüşdür. İddiaçının doğum şəhadətnaməsində anasının adı göstərilmədiyindən, mülki hüquqların reallaşdırılması (miras hüququ) üçün bu faktın sübuta yetirilməsinə ehtiyac olduğu məlum olmuşdur. Lakin iş materiallarının və birinci instansiya məhkəməsinin qərardadının təhlili göstərir ki, ərizəçi Şəmkir rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli imtina məktubuna qarşı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə aparmamışdır. Halbuki, qeydiyyat orqanlarının qərarlarından narazılıq yaranarsa bu mübahisələrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 4 saylı Plenum Qərarının 9.1-ci bəndinə uyğun olaraq inzibati məhkəmə qaydasında baxılmalıdır. Buradan da görünür ki, birinci instansiya məhkəməsinin işə inzibati xarakterli mübahisə kimi yanaşması işin faktiki hallarına və hazırkı hüquq münasibətinin mahiyyətinə uyğun olmamışdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi sırf faktın – yəni mərhum X2 onun anası olması faktının – müəyyən edilməsinə yönəlmiş və inzibati orqan olan Qeydiyyat şöbəsinin imtinasını (hərəkət və ya hərəkətsizliyini) mübahisələndirməmişdir. Göründüyü kimi hazırkı iş üzrə faktın – yəni qohumluğun – müəyyən olunması üçün inzibati akta düzəliş edilməsi deyil, faktın müəyyən edilməsi barədə məhkəmə qətnaməsi tələb olunur. Bu baxımdan da, mövcud mübahisənin təbiəti inzibati hüquq münasibətlərindən deyil, məhz şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi üçün tələb olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hüquqi mahiyyəti və prosessual baxımından düzgün aidiyyəti müəyyən edilməmiş və nəticədə icraata xitam verilməsi qanunvericiliyin tələb etdiyi xüsusi icraatın predmetini nəzərə almadan həyata keçirilmişdir. İş üzrə təqdim edilmiş iddia mübahisəli hüquq münasibətindən yox, hüquqi nəticə doğuracaq faktdan irəli gəldiyindən, bu tələbin baxılma forması mülki məhkəmə icraatının xüsusi icraat formasında həyata keçirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(076)-1911/2025 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinə baxılması üçün iş həmin məhkəməyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 269, 360, 363 və 364 -cü maddəslərini rəhbər tutaraq, Qəraraaldı: Şəmkir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(076)-1911/2025 saylı qərardadı ləğv edilsin. İddia ərizəsi baxılması üçün Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1478/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1478/2025
24.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver