Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1486/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(066)-374/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 1036 (bir min otuz altı) manat borcu yaranmışdır.
2. 30 sentyabr 2022-ci il tarixli Aktın surətindən görünür ki, “Azəriqaz” İB ilə Göygöl rayonu Qızılqaya qəsəbə sakini İddiaçı arasında müqavilə bağlanmışdır.
3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli 15 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, ARDNŞ-i Azəriqaz İB-i Qazsayğaclarının yoxlanılması barədə MSK-29/1710-04030-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib.
4. Azərbaycan Respublikası Xətai RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.2011-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Çaxırlı kəndində anadan olmuşdur və Bakı şəhəri Telnov küçəsi ev 17, mənzil 74-də qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş “Azəriqaz” X2 X4 İdarəsinin Göygöl Xidmət sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməklə və həmin akt əsasında bərpası üçün hesablanmış 4x24x90= cəmi 8640 m3.= 1036,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı adına Göygöl rayonun Qızılqaya qəsəbəsində fərdi yaşayış evi vardır. Göygöl rayonunun Qızılqaya qəsəbəsində adına olan fərdi yaşayış evinin küçə tərəfində divarda «Azəriqaz» X1 X6 İdarəsinin Göygöl rayon Xidmət sahəsi tərəfindən 2013-cü ilin aprel ayından Ester tipli G-4 markalı ******* nömrəli zavod nömrəli (Kod-**********00000) mexaniki sayğac quraşdırılmış və 02248667 xüsusi nömrəli plomb vurulmuşdur. O, bir abonent kimi 2013-cü ilin aprel ayından başlayaraq xx.xx.2022-ci il tarixədək istifadə edilən qaza görə pul ödəmişdir. X3 tipli G-4 markalı ******* No-li mexaniki sayğaca 2013-cü ildən bu günə kimi qaz sərfiyyatına görə ödədiyi pul «Azəriqaz»> X2 X4 İdarəsinin Abonentin Saldosu cədvəlində görünür. Lakin, «Azəriqaz» X1 X6 İdarəsinin Göygöl rayon Xidmət sahəsinin işçiləri Rəhman Vəliyev, İlham Xəlilov və Səbuhi Bayramov (tel: ***-***-**-**) tərəfindən onun iştirakı ilə 2013-cü ilin aprel ayından quraşdırılmış (Kod-**********00000) Ester tipli G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilib və həmin sayğac çıxarılıb Zenner-G-4 tipli, ******* 1011 nömrəli mexaniki sayğacla əvəzlənmiş və bu barədə xx.xx.2022-ci il tarixli ******* №-li “Akt” tərtib edilmiş və həmin Akta onun özü də imza etmişdir. “Azəriqaz” X1 X6 İdarəsinin Göygöl rayon Xidmət sahəsinin işçiləri Rəhman Vəliyev, İlham Xəlilov və Səbuhi Bayramov tərəfindən 2013-cü ilin aprel ayından quraşdırılımış Ester tipli G-4 markalı ******* nömrəli sayğac xx.xx.2022-ci il tarixdə (Kod-**********00000) əvəzlənən zaman onun iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li “Aktda” Ester tipli G-4 markali ******* nömrəli sayğac işlək vəziyyətdə olmaqla, sayğacın hesablama mexanizminin qapağına vurulmuş plombda heç bir əzilmə və ya digər qüsur halı olmamışdır. Lakin, «Azəriqaz» X1 X6 idarasinin Göygöl rayon Xidmət sahəsi TỌQ və SX-nin rəisi Rəşad Paşazadə, mühəndis Vüsal Nəbiyev, nəzarətçi çilingər Səbuhi Bayramov tərəfindən Təbi qazdan istifada qaydalarının pozulması haqqında o, istehlakçı İddiaçı iştirakı olmadan (qaz itkisi) xx.xx.2022-ci il tarixli ******* nömrəli “Akt” tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, tərtib edilmiş ******* nömrəli Akta baxış keçirilən zaman işkar olunmuş nöqsanlar barədə qeyd hissəsində göstərilmişdir ki, ARDNŞ-i Azəriqaz İB qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710-04030-1 nömrəli rəyinə əsasən, G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plomb açılıb və istismara yararsızdır.
7. Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(066)-374/2023 nömrəli qətnaməsi ilə (hakim Qələmdər Abbasov) iddianın təmin edilməsi, “Azəriqaz” İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1036.8 manat məbləğində borcun hesabından silinməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3 və 560.3.5.2-ci maddələrinə, Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7, 4.8, 4.9, 5.5 və 6.7-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(066)-374/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçıya 2022-ci ilin dekabr ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-29/1710-04030-1 saylı rəyinə əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində olmuşdur. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 1036.80 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin dekabr ayında sayğac üzrə müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
15. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
16. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
17. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Göygöl rayonun Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.
30. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.
31. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.
32. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(066)-374/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .