Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1498/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Samux Rayon Məhkəməsinin 2(058)-151/2023 saylı mülki iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Rzayev Oqtay polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı 600 manat dəyərində 150 ədəd yonca presi almış, həmin puldan 200 manat hissəsini isə qaytarmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən ondan aldığı yonca presinin dəyəri olan 1750 manat pulun və ödədiyi 38 manat dövlət rüsumunun əvəzinin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, heyvandarlıqla məşğul olduğundan heyvanları üçün xeyli miqdarda yonca presi almışdır. Cavabdeh X3 isə onun həmkəndlisidir, normal münasibətləri olub. 2022-ci il mart ayında cavabdeh X3 özünəməxsus Zil-130 markalı nəqliyyat vasitəsi ilə gəlib ondan həmin vaxt 1200 manat dəyəri olan 250 ədəd nisyə olaraq yonca presi almış və pulunu 1-2 ay müddətinə ödəyəcəyini bildirmişdir. Ancaq aradan uzun müddət keçsə də, cavabdeh ona olan 1200 manat borcunu ödəməmiş, ödəməkdən imtina etmişdir. O, dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh borcu qaytarmamış, üstəlik onu söyüb təhqir etməklə ona xəsarət yetirmişdir. O bu barədə Samux Rayon Polis Şöbəsinə şikayət etmişdir. Şikayəti üzrə cinayət işi başlanılması rədd edilsə də, ona izah edilmişdir ki, borcunu məhkəmədə mülki qaydada iddia qaldıraraq tələb edə bilər. Hazırda bir ədəd yonca presinin qiyməti bazarda yeddi manatdır və 250 ədəd presin qiyməti 1750 manat təşkil edir.
4. Samux Rayon Məhkəməsinin 2(058)-151/2023 saylı mülki iş üzrə 03 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakim T.Kərimova) iddia qismən təmin edilmiş, cavabdeh X1 nisyə alqı-satqı müqaviləsi üzrə 600 (altı yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 2(058)-151/2023 saylı mülki iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən, onun təqdim etdiyi sübutları araşdırmamış, şahid ifadələrini digər sübutlarla əlaqəli tədqiq etməmişdir. Həmçinin, məhkəmə onun polis şöbəsində verdiyi ifadəyə hüquqi qiymət verməmiş, cavabdehin ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək, şikayətin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
9. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
12. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
14. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
15. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 24 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
31. Belə ki, iddiaya əsasən, cavabdeh X3 İddiaçı nisyə 250 ədəd 1200 manat dəyərində yonca presi almış, həmin presin pulunu 1-2 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı dəfələrlə borcunu tələb etməsinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəmə tərəfindən iddia tələbini qismən təmin etmişdir.
32. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, qətnamənin əsası kimi məhkəmə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad edərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə işə baxarkən şahidlərin izahatlarını, onun polisdə verdiyi ifadəni əlaqəli şəkildə araşdırmamışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
34. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir.
35. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
37. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, cavabdeh öz ifadəsində iddiaçıdan 600 manat dəyərində pres aldığını etiraf etmiş və həmin puldan 200 manat iddiaçıya qaytardığını bildirmişdir. İddiaçının cavabdehə 600 manat dəyərində yonca presini cavabdehə verdiyi cavabdehin öz etirafı ilə öz təsdiqini tapmışdır. Həmin məbləğdə borcun mövcud olması işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə 600 manat məbləğdə deyil, daha artıq məbləğdə cavabdehin borcunun olmasının sübut etmək yükü iddiaçının üzərinə düşmüşdür. . İddiaçı işin nəticəsində maraqlı olduğundan, yalnız onun izahatına əsaslanmaqla irəli sürülən iddianın təmin edilməsi Azərbaycan Respublikasının MPM-in sübutlarla bağlı tələblərinə əsasən yolverilməzdir. İddiaçı isə məhkəməyə izahatından başqa ifadə vermək üçün öz ailə üzvləri-arvadı Şəkurə Quliyevanı, oğlu Rmil Quliyevi və qonşusu Məhərrəm Əkbərovu dəvət etmişdir.
38. Məhkəmə kollegiyası işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının xeyrinə ifadə vermiş şahidlərin də ifadələrinə də hüquqi qiymət verilməsini zəruri hesab edir və qeyd edir ki, həmin şahidlərin ifadələri işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi şahid ifadələrini işdə sübut növü kimi nəzərdə tutur. Bununla belə, şahid ifadəsi hər bir halda qiymətləndirmə obyekti olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının xeyrinə ifadə vermiş şahid Şəkurə Quliyeva iddiaçının arvadı, Rmil Quliyev isə oğludur və onların işin iddiaçının xeyrinə həll edilməsində maraqlı olduqları məhkəmə kollegiyasında şübhə doğurmur. 39.Bundan əlavə, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının xeyrinə ifadə vermiş şahid Məhərrəm Əkbərov isə iddiaçının qonşusudur. İddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinə baxılarkən Məhərrəm Əkbərov iddiaçı ilə birlikdə məhkəməyə gəlmiş, məhkəmə zalında işdə tərəf olmadığı, yalnız məhkəmənin gedişatını yerindən dinləmək hüququnun olmasına baxmayaraq, məhkəmə zalında yerindən cavabdehin əleyhinə fikirlər səsləndirmiş, açıq açığına işin iddiaçının xeyrinə həll edilməsində maraqlı olduğunu nümayiş etdirmişdir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının xeyrinə ifadə vermiş şahidlərin ifadələri işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qiymətləndirilə bilməz.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini qismən təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
41. Beləliklə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Samux Rayon Məhkəməsinin 2(058)-151/2023 saylı mülki iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 600 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 2(058)-151/2023 saylı mülki iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.