Məhkəmə qərarları › İş №2(104)-1503/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1503/2023

21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1503/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(045)-186/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı istifadəsində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2022ci il tarixli aktan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxışın plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanması aşkar edilmişdir.

3. Abonentin saldosuna əsasən (2022-ci il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1036.80 manat pul abonentdən tələb olunur (akt üzrə).

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 1026.3 (bir min iyirmi altı manat otuz qəpik) manat borcun silnməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Goranboy rayonunda yaşayır. Yaşadığı ərazidə “Azəriqaz” İstehsalat Birliyinin abonenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında ödəmiş və heç vaxt “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri ilə arasında mübahisə və yaxud hər-hansı bir narazılıq olmamışdır. 13 iyul 2022-ci il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları onun 102 qəza xidmətinə zəngi əsasında yaşadığı ünvanda qaz sayğacına baxış keçirərək sayğacı dəyişmişlər. “Azəriqaz” İstehsalat Birliyinin 30 sentyabr 2022-ci il tarixdə tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-da göstərilir ki, guya sayğaca texniki baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plasmas borusunun qopması səbəbindən dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyi məlum olmuşdur. Bu səbəbdən də “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən guya ki, itirilmiş qazın bərpası məqsədi ilə ona 1026,3 manat cərimə tətbiq etmişdir. O, barəsində tərtib edilmiş 1026,3 manat cəriməni qanunsuz hesab edir və hesab edir ki, aşağıdakı səbəblərə görə cərimə ləğv edilməlidir. Diqqətinizə çatdırmaq istəyir ki, onların ev üçün quraşdırılmış qaz sayğacı həyətin çöl tərəfinə əsas xəttin üstünə qurlaşdırılmışdır. Əsas xətt isə heç bir şeyə bərkidilməmişdir. Təqdim etdiyi şəkildən də görünür ki, əsas xəttin borusunun altına ağacdan bir dirək qoyulmuşdur ki, borunu saxlasın. Kənddə yaşadığı üçün küçə ilə gedibgələn uşaqlar, hətta mal-qara da bu dirəyə toxunub qıra bilər. Elə sayğacın borusunun qırılaraq əsas xətdən ayrılmasının səbəbi də mal-qaranın dirəyi vurub aşırması olmuşdur. 13 iyul 2022-ci il tarixdə əsas xətt borusunun ağac dirəyini mal-qara vurub qırdığı üçün onun evi üçün gələn qaz xəttinə quraşdırılmış qaz sayğacının çıxış plasmas borusu əsas xəttdən qopmuşdur. O, bunu bilən kimi dərhal 102 xidmətinə və ərazi üzrə qaz istismarı idarəsinə xəbər vermişdir. Qaz istismarı idarəsinin əməkdaşları da dərhal gələrək baş verən qəzanı aradan qaldırmışlar. Yəni, qırılmış sayğacı yeni Smart tipli sayğacla əvəz etmişlər. Baş verən xətaya görə də 13 iyul 2022-ci il tarixli, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib etmişlər. Lakin, o, 18 noyabr 2022-ci il tarixdə təbii qazdan istifadə etdiyi pulu ödəyərkən aldığı qəbzdə görmüşdür ki, ona 1026.3 manat borc hesablanmışdır. Bu borcun haradan yaranmasını aydınlaşdırmaq üçün qaz istismarı idarəsinə müraciət etmiş və idarədən ona 30 senytabr 2022-ci il tarixli akt və dəymiş ziyanın bərpasına dair tələbnamə verərək bildirmişlər ki, istifadəsində olan qaz sayğacının plastmas çıxış borusu qırıldığı üçün qaz itkisi baş vermişdir. Bu səbəbdən də təbii qazdan istifadə qaydalarını guya ki, pozmuşdur və ona görə də dəymiş ziyanı ödəməlidir. 13 iyul 2022-ci ildə mal-qara əsas qaz boru xəttinin dayağı olan ağac dirəyini qırdığı üçün evinə gələn qaz sayğacının çıxış plastmas borusu əsas xətdən qopmuşdur. Bunun nəticəsi olaraq onun evinə gələn təbii qaz kəsilmişdir, yəni o, həmin vaxt heç bir halda qazdan istifadə etməmiş və edə bilməmişdir. Qaz işçiləri də gələrək baş verən qəzanı aradan qaldırmış və bu barədə yuxarıda qeyd etdiyi akt tərtib olunmuşdur. 30 sentyabrda tərtib olunan aktdan onun və qaza nəzarət edən kənd nəzarətçisinin xəbəri olmamışdır. Bu akt nə vaxt nə üçün tərtib olunub onu o, bilmir. Hesab edir ki, o, bir abonent kimi təbii qazdan istifadə edərkən heç bir qanun pozuntusuna yol verməmişdir.

6. Goranboy Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(045)-186/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Ələkbərov) iddianın təmin edilməsi, “Azəriqaz” İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1026.3 manat məbləğində borc silinsin (Goranboy rayonu, Qaradağlı kəndi (Abonent kodu: **********00000), 30.27 (otuz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7, 4.8 və 4.9-cu bəndlərinə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdehin “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(045)- 186/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçıya 2022-ci ilin iyul ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-29/1710-03073-1 saylı rəyinə əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində olmuşdur. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 1036.80 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Müəyyənləşdirilmiş dəymiş ziyanın 200.50 (iki yüz manat 50 qəpik) manat (etirafedici hərəkət) hissəsi ödənilsə də qalan məbləğ ödənilməmişdir. Buna baxmayaraq məhkəmə 2022-ci ilin iyul ayında sayğac üzrə müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. İş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları

14. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

16. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

24. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Goranboy rayonu Qaradağlı kəndində yerləşən evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.

29. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.

30. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.

31. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(045)-186/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar