Məhkəmə qərarları › İş №2(104)-1504/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1504/2023

11.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1504/2023 11.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi vəkil X1 iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin 2(045)-87/2023 saylı mülki iş üzrə 07 fevral 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Goranboy rayon Məhkəməsinin 09 fevral 018-ci il tarixli 1(045)10/2018 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Goranboy rayon prokuroruna geri qaytarılmışdır.

2. İş materiallarında olan Goranboy Rayon Prokurorluğu tərəfindən verilmiş 26 mart 2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin icraatında Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı işbirliyinə qoyulmuş pul tələbinə və vurulmuş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə işbirliyi qurmaq üçün hissələrlə nağd aldığı 30000 manatın və həmin məbləğin 6 (altı) illik faiz dərəcəsi olan 9000 manatın, eləcə də dövlət rüsumu kimi ödədiyi 210 manatın tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, işbirliyi qurmaq məqsədilə etibar etdiyi Cavabdeh xırdabuynuzlu heyvanlar alıb, saxlayıb, qazanc əldə edib, yarı bölmək üçün birdəfəyə 17.000 manat vermiş, özü də bu məbləğin 15.000 manatını işlədiyi "xxxx" ASCdən kredit götürmüş, evindəki 2000 manat ehtiyatını da əlavə etmişdir. O şəhərdə yaşadığı üçün mal-qara biznesindən başı çıxmır, həm də bankda məsul vəzifədə olduğu üçün başqa bir rayonda təsərrüfatla məşğul olmağı mümkün deyildir. Sözügedən hadisə 2014-2015-ci illərdə, onun cavabdehə hədsiz etimadına hörmət və səxavət göstərməyinə görə baş vermişdir. Onları 2011-ci ildə hər ikisi də dost olan bir şəxs tanış etmişdir. Ayrıayrı şəhərlərdə yaşasalar da, hər ikisi bank sistemində işlədiyi üçün (cavabdeh Beynəlxalq bankın işçisi olmuşdur), 2011-ci ildə baş vermiş tanışlıqdan sonra vaxtaşırı təmasda olub, çörək kəsmiş, yaxın olmuşdur. Səxavətinə və sadəlövhlüyünə görə cavabdeh onu bağışlayan adam hesab edərək dəfələrlə və təkidlə şərikli xırdabuynuzlu heyvan saxlamağı təklif etmiş, bu işi bütövlüklə öz üzərinə götürmüş, ondan işbirliyinə yalnız sərmayə qoymağı xahiş etmiş, heyvan saxlamaq üçün Goranboy rayonunda yatağı və şəraiti olmasını deyib, şirin planlar cızmaqla onu ələ ala bilmiş, işə bütün nəzarəti, tanışı olan çobanın haqqını, yem pulunu, hətta heyvanları tapıb, almasını öz üzərinə götürmüş, bu işbirliyindən onun vəzifəsi yalnız lazımi miqdarda pul vermək olmasını bildirmişdir. Razılığa görə qazanc onun sərmayəsinin tədricən (hissələrlə) qaytarılmasından sonra yarı bölünməli idi. Bir müddətdən sonra o, yenə də cavabdehin təkidi ilə ailəsinə məxsus torpaq sahəsində arpa və buğda əkmək üçün sonuncuya daha 10.000 manat vermişdir. Cavabdeh onu inandırmışdır ki, əkin olarsa, həm heyvanlar tez yetişər, həm də arpabuğdanı satıb, onun qazancı ilə işə qoyduğu pulu daha tez qaytarar. Çarəsiz qalıb, bu məbləği o, Rusiyada ticarətlə məşğul olan dostu Elşəndən borc alıb, cavabdehə vermişdir. Lakin ailəsinin torpağın hansı kənddə yerləşməsini bilməmiş, güman etmişdir ki, becərdiyi arpa və buğda boy atanda ona göstərəcək, lakin vaxtı olmadığından həmin sahəyə gedə bilməmişdir. Baxmayaraq ki, razılaşmaya görə, bütün işlərin xərci cavabdehin üzərində olmuşdur, cavabdehin maddi imkanının zəif olması barədə sözlərinə görə (işbirliyi qurmamışdan başqa sözlər deyirdi) çobanın əmək haqqını ödəmək və yem almaq üçün bir neçə dəfə daha 3000 manat vermişdir. Cavabdeh heyvanları onsuz almış, ona görə də miqdarını və hansı qiymətə alınmasını, alqı zamanı onu hansı miqdarda aldatmasını bilmir və bu barədə cavabdehə irad etmir. O, cavabdehə tam inandığı üçün heyvan dalınca rayonlar gəzməyi, alıb, saxlanmasına nəzarət etməyi lazım bilməmişdir. Həmçinin işbirliyinin necə cərəyan etməsini yoxlaya bilməmişdir. Alınmış heyvanlara baxmaq üçün ilk dəfə Goranboy şəhərinə gedəndə çobanının evinin həyətində bir neçə heyvan görmüşdür. Cavabdeh bildirmişdir ki, qalan heyvanlar sahədə otlayır. Cavabdeh ona elə münasibət göstərmiş, elə hərəkətlər etmişdir ki, qalan heyvanların harada otlamasını, hansı yataqda saxlanmasını yoxlamağı, yəni cavabdehi sınağa çəkməyi özünə ar bilmiş, daha da dərinə varsaq, susuz çölləri gəzib, yataq axtarmağa, heyvan saymağa həvəsi olmamışdır. Əməldə cinayət tərkibi olmaması motivi ilə cinayət işinin icraatına xitam verilməsinə dair qərarda göstərilmişdir ki, guya Cavabdeh 101 baş xırda buynuzlu heyvan alıb, onun sayını cəmi dəyəri 19790 manat təşkil edən 121 başa çatdırmış, onun dəyəri olan 9895 manatı ona çatır. Halbuki, o, işbirliyinə qoyduğu pulun mənimsənilməsi barədə şikayət etmişdir. Cavabdeh barəsində cinayət işi qanunsuz olaraq başlanılmamışdır. Cavabdeh bildirmişdir ki, guya ziyan çəkdiyi üçün onun pulunu qaytara bilməmişdir. Nədən ibarətdir ziyan, necə və nə vaxt ziyana düşmüşdür, istintaqçı yazmır. Taxıl əkini barədə də heç nə deyilmir. Qərarda həqiqət ört-basdır edilmiş, işbirliyinə 30000 manat pul qoymağı gizlədilmişdir. Cavabdeh ibtidai istintaqa verdiyi ifadələrə və şəxsən ona etdiyi etiraflara görə təsərrüfatında cəmi 260, ya da 245 baş heyvan olmuşdur. Guya heyvanın bir hissəsi (təxminən 1/5) tələf olmuşdur. İstintaq boyu müxtəlif ifadələr verən çoban Kamil Mirzəyev ifadələrinin birində göstərmişdir ki, Cavabdeh onu təsərrüfatda 245, yaxud 260 baş heyvan olmasına inandırmaq, yəni aldatmaq üçün mövcud heyvanları müvəqqəti olaraq başqa bir çobanın heyvanlarına qatmışdır ki, o, işin yüksəlişə doğru etməsini düşünsün. Əsil həqiqət isə çoban Kamil, onun qoyunları otaran oğlu və cavabdeh yaxşı bilirlər. Cavabdeh onu aldatmasına hər bir halda şübhə qalmır. Bu "nailiyyətə" görə o işbirliyinə qoyduğu puldan az da olsa qaytarılmasını istəmiş, lakin cavabdeh telefonunu bağlayaraq, gizlənmişdir. Cavabdeh onunla təmasdan yayındığı üçün Goranboy şəhərinə səfər edib, sonuncunu evində taparaq hərəkətinə izah verməsini, işin həqiqətdə necə getməsini soruşmuşdur. Cavabdeh, əvvəlcə narahatlığa əsas olmamasını demiş, lakin qətiyyətli verdiyi suallardan sonra bildirmişdir ki, daha heyvanlar yoxdur, onun bir hissəsini çoban mənimsəmiş, satmış, qalan hissəsini isə cavabdeh özü satmış, ziyana düşdüyü üçün sərmayəni qaytara bilməmişdir. Cavabdein bu hərəkətlərinə görə onda şübhə qalmamışdır ki, ona işbirliyi təklifi edən zamandan cavabdeh, əmlakını ələ keçirmək niyyətində olmuşdur. Cavabdeh onun əmlakını təkbaşına. yaxud çoban K. Mirzəyevlə cinayət əlaqəsində mənimsəməsi onun üçün önəmli deyil. Özgə sürüsünə baxan çobanların bir qayda olaraq müxtəlif üsullarla heyvan oğurlamaları (heyvanların itmələri, xəstəlikdən, bitdən-birədən tələf olmaları barədə və sair uydurmalarla) barədə çox eşitmişdir. Lakin çoban K. Mirzəyev bütün sürünü və bütün arpa-buğdanı oğurlaya bilməzdi. Cavabdeh heyvanları satıb-dağıdıb, əldə etdiyi həmin puldan ona 1 manat da olsa, verməmişdir. Başqa sözlə, cavabdehin yaratdığı və ya yaratmaq istədiyi illuziyası yaratdığı təsərrüfatdan o, heç nə almamış, çünki əvvəlcədən aldadılmışdır. Cavabdeh onun verdiyi pulların hamısını mənimsəmiş, qaytarmaq barədə planı olmamışdır. Odur ki, onun neçə heyvan alması, sayının necə artırması burada önəmli deyil. Fakt budur ki, Cavabdeh onun 30000 manatını etibarından sui-istifadə etməklə talamışdır. Ona görə də, taladığı pulların faizi ilə geri qaytarmalıdır. Cavabdehin məhz onu talamaq niyyətində olması hadisədən ötən uzun zamanla təsdiq olunur. O vaxtdan 6 ildən artıq vaxt ötmüşdür. Cavabdeh istintaq altında olmağını, nəhayətdə tutulmağını, yəni pula zəruri ehtiyacı olmasını, ailəsinin böhran keçirdiyini bildiyi halda, bu uzun müddətdə bir dəfə də olsa, borcundan hərdən bir olsa da, 100-200 manat ödəmək barədə düşünməmişdir. O, hələ cavabdehin 10000 manatını alıb, əkdiyi taxıl-buğdadan əldə etdiyi, yaxud əkmədən (quru yerdən) əldə etdiyi 10000 manatı demir (sonralar aldığı məlumata görə cavabdeh, heç nə əkməmişdir). Odur ki, cavabdehin onunla işbirliyi zamanı heyvan alınması üçün öz pulunu xərcləməsi istintaq materialları ilə təkzib edilir. Heyvanların ölüm-itim məsələsi isə təsdiq edilmir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan cinayət prosessual qaydada şikayət verib-verməməyi bu işin nəticəsindən, Cavabdeh mülki prosesdə davranışından, özünü məhkəmədə necə aparmasından, ödənişlər etməsindən asılıdır. Cavabdeh barəsində 3 ilə yaxın müddətdə istintaq getməsinin, həmin müddətdə həyəcanlı günlər yaşamasının özü də böyük bir cəzadır. Özü də istintaq altında olduğu üçün bunu yaxşı başa düşür, ona görə də Cavabdeh məhkum edilib-edilməməsi bugün onun üçün maraqlı deyil, lakin borc ödənilməlidir. Nəhayətdə qeyd etmək istəyir ki, mülki iş üzrə araşdırma zamanı məhkəmə cavabdehin əməlində cinayət tərkibi olmasını müəyyən etdiyi halda, cinayət işinin qaldırılması haqqında xüsusi qərar çıxarıb, onu prokurorluğa göndərə bilər. Çünki işlə adi tanışlıq ondan xəbər verir ki, Goranboy rayon prokuroru cinayət işinin prokurorluğun icraatında olduğu 2 il 1 ay müddətində sürtə-sürtə onu cılızlaşdırmış, cinayət- prosessual qanunla istintaq üçün nəzərdə tutulan müddətləri kobudcasına pozmuş cavabdehin arxasında durub, uzun müddət istintaqın normal gedişinə mane olan, nəyin bahasına olursa-olsun, cinayətkarı xilas etmək istəyən yaxınlarının təzyiq və şikayətlərindən yaxa qurtarmaq üçün aşkar cinayət işini süni surətdə mülki müstəviyə keçirib, xitam verdirmişdir. Bugün məqsədi, məsələni mülki qaydada həll etmək olduğu üçün iş üzrə çatmaq olduğu üçün cinayət işinin təfərrüatına, yəni cavabdehin birgə təsərrüfatında 245 baş (başqa bir ifadədə 260 baş) heyvan olmasına dair sözlərinin nə dərəcədə həqiqət olmasının müzakirə etmək istəmir. Əgər həqiqətən heyvanlar qeyd edilən miqdarlarda olmuşsa, deməli, Cavabdeh əldə etdiyi qazancı da mənimsəmişdir. Qazancı istəmir, əli ilə verdiyi pulu qaytarsın. Goranboy rayonuna səfər etməyinin xərcini, etdiyi sair hörmətləri, namərdliyi üzündən uzun illər keçirdiyi iztirablarını, xoşbəxtliyini onun pulunda axtarmasını cavabdehə bağışlayır. Cavabdeh ondan aldığı 30000 manat pulu mövcud mülki qanunvericiliyə görə faizi ilə geri qaytarmalıdır.

5. Daha sonra İddiaçı iddia tələbininin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 27000 (iyirmi yeddi min) manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Goranboy Rayon Məhkəməsinin 2(045)-87/2023 saylı mülki iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia təmin edilmiş, 27000 (iyirmi yeddi min) manat məbləğində pulun və ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumunun 171 (yüz yetmiş bir) manat hissəsinin Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-87/2023 saylı mülki iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, doğurdan da iddiaçı ilə birlikdə işbirliyi quraraq heyvandarlıq və əkinçilklə məşğul olmuşdur. Bu zaman ilkin olaraq o, 15000 (on beş min) manat, iddiaçı isə 20.000 (iyirmi min) manata yaxın hissə-hissə pul qoymuşdurlar. İlk vaxtlarda işləri yaxşı alınmış, lakin, əkdikləri taxıl-arpa sahəsi həmin il bütün ölkədə olduğu kimi, yaşadıqları Goranboy rayonunda da ziyanvericilər (siçan-sincab) tərəfindən məhv edilmişdir. Bu zaman əkdikləri taxıl-arpa sahələrini ziyanvericilərdən qorumaq üçün əlavə olaraq 3-5 min manat əlavə xərc çəkmişdir. Lakin, əkdikləri 20 ha-dan heç bir ton da məhsul götürə bilməmişlər. Əlavə olaraq icarəyə götürdükləri torpaq sahiblərinə onun tərəfindən torpaqlarından istifadə etdiyi şəxslərə hər hektara görə 500 manat pul vermişdir. O ki, qaldı xırdabuynuzlu heyvanlara, onlarında bir hissəsini iddiaçı ilə birlikdə, qalanını iddiaçının razılığı ilə o almışdır. Çoban tutmuş, ona aylıq 300 manat əmək haqqı vermiş, heyvanların yeminə xeyli pul xərcləmişdir. Arada heyvanlar xəstələnib ölməyə başlayanda baytar gətirmişlər. Heyvanların ölümünün qarşısını almaq üçün dərmanlara xeyli pul xərcləmişdir. Sonda isə ona məlum olmuşdur ki, heyvanlara baxan çoban onların inamından istifadə edərək saxladığı heyvanlarını satırmışdır. Bütün bunlardan iş ortağı olduğu üçün iddiaçının xəbəri olmuş, o, iddiaçını mütəmadi məlumatlandırmışdır. Bütün bu dediklərini istintaq zamanı həm torpaq sahəsini əkdiyi şəxslər, həm heyvanlara baxan baytar həkim, həm də heyvanlara baxan çoban özləri izahatlarında etiraf etmişlər. Hətta onlara ziyan vurduğu üçün o, çoban barədə şikayət də etmişdir, bu zaman çoban hər şeyi etiraf edərək boynuna almışdır. Əslində bu işbirliyindən iddiaçıdan çox ona maddi və mənəvi ziyan dəymişdir. Zərərin nəticəsidir ki, bu günə kimi o, maddi tərəfdən özünə gələ bilmir. İddiaçı isə əksinə, iş ortaqlığında onun çox ziyana düşdüyünü bilsə də bunu qəbul etmir, əvvəl üstünə aidiyyatı olmayan adamlar gətirmiş, sonra isə barəsində cinayət işi başlanması üçün istintaq orqanına ərizə ilə müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək, şikayətin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

15. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. 16.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 25 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. İrəli sürülən iddianı təmin edərkən işin halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı iş birliyi üçün cavabdehə vəsait vermiş, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində iddiaçıya 27000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh həmin məbləği könüllü olaraq qaytarmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəmə tərəfindən iddia təmin edilmişdir.

31. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, iddiaçı ilə birlikdə ona da xeyli maddi ziyan dəymişdir. Ona görə də ondan iddiaçının xeyrinə pulun tutulması əsassızdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd edilməsinə əsas vermir.

33. Belə ki, məhkəmə təqdim edilmiş iddia ərizəsindən, eləcə iş materiallarından görünür ki, iddiaçı iş birliyi məqsədilə cavabdehə ümumilikdə 27000 manat pul vermişdir. İddiaçının cavabdehə həmin məbləğdə pul verdiyi iş materialları, o cümlədən cavabdehin özünün məhkəmədə verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Həmin məbləğdə pulun iddiaçı tərərfindən iş birliyi məqsədilə cavabdehə verildiyi işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə iddiaçının cavabdehə verdiyi 27000 manat məbləğdə pulun cavabdehin özü üçün sərf etmədiyini sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə iddiaçının iş birliyi məqsədilə cavabdehə vermiş olduğu 27000 manat məbləğdə pulun cavabdehin özü üçün sərf etmədiyi, işbirliyi zamanı itkilərə məruz qaldığı, heyvanları otaran çobanın onlardan xəbərsiz olaraq heyvanları satması, bütün bunlardan iddiaçının məlumatlı olduğu barədə cavabdehin məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə cavabdeh özünün məhkəməyə verdiyi izahatla iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, Raminin təsərrüfatdan anlayışı olmadığı üçün təsərrüfatı idarə etməyi o, öz öhdəsinə götürmüş, Kamil adlı şəxsi də çoban kimi o, özü işə götürmüş, taxıl əkməyi də Raminə o təklif etmişdir. Yekun olaraq işin faktiki halı kimi müəyyən olunur ki, cavabdehin hərəkətləri ilə iddiaçıya 27000 manat məbləğində maddi ziyan dəymişdir və cavabdeh bu ziyana görə iddiaçı qarşısında məsuliyyətlidir. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulmuşdur. Kollegiya həmçinin qeyd edir ki, Kamil adlı çobanın hərəkətləri ilə bağlı cavabdehin göstərdikləri onu (cavabdehi) iddiaçı qarşısında məsuliyyətdən azad etmir.

34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 456-cı maddəsində nəzərdə tutulmuşdur ki, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

35. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə mövcud sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq bu qənaətdədir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-87/2023 saylı mülki iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-87/2023 saylı mülki iş üzrə 07 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar