Məhkəmə qərarları › İş №2(104)-1514/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1514/2025

16.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1514/2025 16.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1014/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı 13500 manat pul tələbi barədə iddiası qismən təmin edilərək 11250 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 13500 manat və ödənilmiş dövlət rüsumu əvəzində 131 manat dövlət rüsumu - cəmi 13631 (on üç min altı yüz otuz bir) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı 13500 manat pul tələbi barədə iddiası İddiaçı tərəfindən qismən etiraf edildiyindən qismən təmin edilmis, 11250 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh 055 ***-**-** saylı mobil nömrəsi ilə İddiaçı 070 ***-**-** saylı mobil nömrəsinə whatsapp mesencer vasitəsi ilə dəfələrlə zəng edərək pulun məhkəmə icraçısı vasitəsi ilə deyil, birbaşa Cavabdeh hissə-hissə ödənilməsini təklif etmişdir. İddiaçı Cavabdeh təklifi ilə razılaşaraq: iddiaçı xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Mingəçevir şəhəri, A.Məmmədov küçəsində, «Əşya Bazar»ın arxasında yerləşən avtomobil dayanacağında 5000 (beş min) manat pulu X1 yanında Cavabdeh vermişdir. Bu hal whatsapp mesencer danışıqları və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Puşkin küçəsi 20 saylı binanın (bazarın yanındakı SU-60 yataqxana) yanında üç min beş yüz manatı Cavabdeh vermişdir. Bu hal aramızda olan whatsapp mesencer danışıqları vasitəsi ilə öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «414» avtoservisdə usta işləyən X4 vasitəsi ilə iddiaçının xahişi ilə iki min manat pul Cavabdeh verilmiş və bu hal whatsapp mesencer, telefon danışıqları və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Yeni qaçqın qəsəbəsində üç min manat pulu Cavabdeh vermiş, bu hal whatsapp mesencer danışıqları vasitəsi ilə öz təsdiqini tapmışdır. Beləliklə iddiaçı cavabdehə hissə-hissə 2 ay müddətinə qətnamə icraya yönələnə qədər qətnamədə göstərilən 11250 manatdan da artıq cəmi 13500 manat pulu aralarında olan razılığa və inama əsasən nəğd şəkildə tam ödəmişdir. Bundan sonra pulu tam qaytardığına görə avtomobil Cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, xx.xx.2024-cü il tarixdə avtomobilin mülkiyyətçisi iddiaçıya pulu cavabdehə qaytardığına görə etibarnamə vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin icra sənədi 2024-cü ilin may ayının 15-də Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2024-cü ildə iddiaçını icra məmuru Sənan Hacıməmmədov borcu ödəmək üçün icra və probasiya şöbəsinə dəvət etmiş, iddiaçı cavabdehə 13500 manat borcun tam ödənilməsi barədə izahat vermişdir. İddiaçı məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmamışdır. Buna baxmayaraq 2024-cü ilin avqust ayında iddiaçı barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (qətnaməni icra etməkdən qəsdən boyun qaçırma) inzibati xəta protokol tərtib edilərək Mingəçevir Şəhər Məhkəməsinə təqdim edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-434/2024 saylı qərarı ilə İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilmişdir. Bundan sonra Cavabdeh şikayət ərizəsi əsasında işə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli 3(107)-272/2024 saylı qərarı ilə Cavabdeh şikayətini təmin etməmiş, Mingəçevir Şəhər Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. İddiaçı həmin avtomobili verilmiş etibarnamə ilə 2025-ci ilin yanvar ayında 8200 manata başqa şəxə satmış və artıq tələbkarla arasında olan avtomobil və borcun qaytarılması tam öz həllini tapmışdır. Cavabdeh iddiaçıdan aldığı 13500 manat pulu qaytarmaqdan imtina edir. Bu barədə ona bildiriş-təklif göndərməklə 13500 manat pulun iddiaçıya ödənilməsini təklif etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1014/2025 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2250 manat və ödənilmiş dövlət rüsumu əvəzində 42,50 manat – cəmi 2292 (iki min iki yüz doxsan iki) manat 50 (əlli) qəpiyin alınaraq İddiaçı verilməsi, İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan 11250 (on bir min iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumu əvəzində 88 (səksən səkkiz) manat 50 (əlli) qəpik tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı 13500 manat pul tələbi barədə iddiası qismən təmin edilərək 11250 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilənə qədər İddiaçı qətnaməyə əsasən iddiaçıya 11250 manat ödəmiş, bundan əlavə isə Cavabdeh İddiaçı 2250 manat almışdır. Qeyd edilən hal iddiaçının məhkəməyə təqdim etdiyi telefon danışıqlarının audioyazısına dair bir ədəd disk, mesajlara dair sənədlər, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-434/2024 saylı və xx.xx.2025-ci il tarixli 3(051)-359/2025 saylı, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-272/2024 saylı qərarları ilə təsdiq olunmuşdur. Beləliklə Cavabdeh İddiaçı məxsus 2250 manat məbləği heç bir hüquqi əsas olmadan əldə etmişdir. Belə olan halda Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 2250 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı məhkəmə qətnaməsinə əsasən Vasif Quluyevə ödədiyi 11250 manat pulu geri tələb etmək üçün əsaslar olmamışdır. Bu səbəbdən iddianın həmin hissəsi təmin edilə bilməz. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Novruzov X2 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-60/2024 saylı qətnaməsi ilə borclu olduğu 11250 manat puldan heç bir ödəniş eməmişdir. Onun deyil, İddiaçı ona borcu vardır, həmin borcdan hər hansı ödəniş etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2025-ci il tarixli, 3(107)-185/2025 saylı qərarı ilə zərərçəkmiş şəxs Cavabdeh şikayətinin qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, 3(051)- 359/2025 nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarın əsaslanma hissəsindən müəyyən olunur ki, Novruzov X2 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-60/2024 saylı icra sənədi üzrə zərərçəkmiş şəxsə ödənilməli olan borcunu ödəməsi faktı tam araşdırılmamış, uyğun olaraq belə vəziyyətdə məlum borcun tələbkara ödənilməsi öz təsdiqini tapmamışdır. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. İşin hallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-60/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı 13500 manat pul tələbi barədə iddiası qismən təmin edilərək 11250 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda İddiaçı qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilənə qədər cavabdehə 11250 manat və qətnamədə qeyd olunandan əlavə olaraq 2250 manat pul ödədiyini iddia edərək həmin pulların cəmi olan 13500 manat pulun cavabdehdən alınaraq ona geri ödənilməsini tələb edir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən hal iddiaçının məhkəməyə təqdim etdiyi telefon danışıqlarının audio yazısına dair bir ədəd disk, mesajlara dair sənədlər, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-434/2024 saylı və xx.xx.2025-ci il tarixli, 3(051)-359/2025 saylı, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)-272/2024 saylı qərarları ilə təsdiq olunmuşdur. Beləliklə Cavabdeh İddiaçı məxsus 2250 manat məbləği heç bir hüquqi əsas olmadan əldə etmişdir. Belə olan halda Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 2250 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı məhkəmə qətnaməsinə əsasən Vasif Quluyevə ödədiyi 11250 manat pulu geri tələb etmək üçün əsaslar olmamışdır. Bu səbəbdən iddianın həmin hissəsi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, iddiaçı iddia etdiyi halları təsdiq etmək üçün sübut qismində şahid ifadələrinə, inzibati xəta haqqında işlər üzrə məhkəmə qərarlarına və audio-video yazılara istinad etmişdir. Məhkəmə kollegiyası ilk olaraq sübut qismində birinci instansiya məhkəməsinin əsaslanmış olduğu Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)- 434/2024 saylı və xx.xx.2025-ci il tarixli 3(051)-359/2025 saylı, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-272/2024 saylı qərarlarına münasibətdə qeyd edir ki, həmin qərarların heç birində konkret olaraq qeyd olunan məbləğdə pulun hamısı və ya bir hissəsinin cavabdehə verildiyini təsdiq edəcək faktlar göstərilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən məhkəmə iclası zamanı audio-video yazını özündə əks etdirən diskə baxılmış, lakin həmin audio-video yazıdan da iddia tələbini təsdiq edə biləcək hallar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası şahid ifadələrinə münasibətdə qeyd edir ki, iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki iş üzrə isə qeyd olunan dəlillərə qiymət verildikdə iddiaçının tələbində qeyd olunan hallar öz təsdiqini tapmır. Bundan başqa iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı məhkəmə qətnaməsinə əsasən Vasif Quluyevə ödədiyi 11250 manat pulu geri tələb etmək üçün əsaslar olmamışdır. Məhkəmə kollegiyası həmin hissəyə münasibətdə də birinci instansiya məhkəməsinin əsaslandırmasını yanlış hesab edərək qeyd edir ki, ümumiyyətlə iddiaçı tərəfindən qeyd edilən 11250 manat məbləğində pulun ödənilmiş olması iş materiallarında olan dəlillərlə müəyyən olunmur. İşin hallarından görünür ki, iddiaçı istinad etdiyi halları təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.İ.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı). Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 131 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığına görə qətnamə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə tələb qiymətləndirilən iddia olmaqla iddianın qiyməti 13500 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, cavabdehdən 2250 manat vəsait tutulmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirmədiyindən iddia tələbinin təmin olunmayan hissəsi ilə razılaşmışdır. Kollegiyanın gəldiyi qənaətə görə isə iddia tələbi qismən təmin olumuş hissədə də rədd edilmişdir. Beləliklə, MPM-nin 403.1-ci maddəsinə əsasən tələbləri təmin olunmayan şəxslər tərəfindən qətnamənin mübahisələndirilə biləcək müvafiq hissələrində iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1014/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. İddiaçı X3 tərəfindən ödənilmiş 131 (yüz otuz bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar