Məhkəmə qərarları › İş №2(104)-1530/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1530/2024

03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1530/2024 03.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul tələbi, eləcə də əşyanın və ya dəyərinin qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və əşya tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-612/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 22 oktyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində aparılan yazışmadan görünür ki, cavabdeh iddiaçıya “Selam aleyküm. Sercan abi biliyorum şu anda benimle ilgili kötü şeyler düşünüyorsundur, amma her şey gözüktüyü gibi değildir. Son günlerde çok büyük problemler oldu, ben mecbur çıkmak zörunda kaldım. Şimdi gelemiyorum, sizden rica etsem ay sonu söz veriyorum parayı da telefonu da gönderecem, bu gün 22si ayın 30u iksi de sizde olacak.”- bildirmişdir;

2. "xxxx" MMC tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli, ƏQ-314/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı Kazım oğlunun təqdim etdiyi foto şəkillərə və digər sənədlərə əsasən 1 (bir) ədəd “İphone” markalı, “11” modelli mobil telefonun müqayisə yanaşması ilə xx.xx.2024-cü il tarixə real bazar qiyməti 950 (doqquz yüz əlli) manat təşkil edir;

3. “eManat” ödəniş sistemindən əldə edilmiş 11608 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 100 manat ödəniş edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1147 manat pulun, “İphone 11” markalı telefonun və ya onun dəyəri olan 800 manat pulun, iddia ərizəsi üçün ödədiyi 41 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödədiyi 100 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında “İzmir Butik” adlı qadın paltar mağazasını 1 ilə yaxın müddət işlətmişdir. Həmin mağazada Gülnarə adlı qadın satıcı var olmuşdur və Gülnarənin nişanlısı olan Cavabdeh mütəmadi olaraq mağazaya gəlib getmişdir. Elgiz ilə münasibəti yaranmışdır və Elgizin xətrini çox istəmişdir. 2023-cü ilin sentyabr ayında mağazanı bağlamaq qərarına gəlmiş və mağazada olan bütün əşyaları satmaq üçün “lalafo.az” saytına yerləşdirmişdir. xx.xx.2023cü il tarixdə o, Türkiyə Respublikasına getməli olmuşdur. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə internet elan saytında yerləşdirdiyi elanla əlaqədar müştərilər zəng edərsə mağazada olan əşyaları sata bilməsi üçün mağazanın açarını Elgizə vermişdir. Bundan əlavə mağazada istifadə etdikləri 800 manat dəyərində olan, “İphone 11” markalı,“**********62292” İMEİ kodlu mobil telefonu da mağaza olmuşdur. Belə ki, mağazanın açarını əşyaları satması üçün Elgizə verdikdən sonra xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasına getmişdir. Bundan sonra növbəti günlərdə Elgiz mütəmadi olaraq onunla əlaqə saxlamış və hansı əşyaları satması barədə məlumatlandırmışdır. Bundan əlavə Elgiz mağazada qalan paltardan da satdığını və satdığı bütün malların siyahısını dəftərə yazdığını bildirmiş, gələn zaman bütün malların pullarını ona verməli olmuşdur. O da cavabdehə inanıb heç bir etiraz etməmişdir. Həmin vaxtlarda Elgiz mağazada olan ona məxsus “İphone 11” markalı mobil telefonu istifadə etmişdir, yəni mobil telefonu müvəqqəti olaraq istifadə etməsinə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə o, Azərbaycana qayıtmış, lakin iki gün Elgizi tapa bilmədikdən sonra əlaqə yarada bilmişdir. Elgiz xəstəxanada olduğunu demiş, daha sonra isə görüşmüşlər. Elgiz ümümillikdə satdığı malların pulunun 1200 manat təşkil etdiyini, lakin həmin 1200 manat pulun nənəsinin əməliyyatına xərclədiyini demiş və ondan bir neçə gün gözləməsini xahiş etmiş, bir neçə günə pulu qaytaracağını demişdir. O da cavabdehə inanıb gözləmişdir. Bundan sonra mağazaya baxan zaman Elgizin telefonu da qaytarıb mağazaya qoymadığını aşkar etmişdir. Bundan əlavə mağazada Elgizin satdığı mallar qeyd etdiyi mağazanın dəftərini mağazadan aşkar etmiş və həmin dəftərdə Elgizin mağazanın əşya və paltarlarını sataraq ümümillikdə 1147 manat aldığını aşkar etmişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə Elgiz ona mesaj göndərərək pulunu və mobil telefonunu xx.xx.2023-cü il tarixdə göndərəcəyini söz vermiş, lakin yenə göndərməmişdir. Elgizinin onun etibarından suiistifadəsini və pullarla telefonu qaytarmaq niyyətinin olmadığını anladıqdan sonra o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 1-ci Polis Şöbəsinə müraciət etmişdir. Lakin, polis şöbəsinin 10 noyabr 2023-cü il tarixli (cinayət işi başlanmasının rədd edilməsi haqqında) qərarı toplanmış materiallarda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmişdir. Bundan sonra sonuncu dəfə Elgizlə noyabr ayında ona zəng edərək telefonu və pulları xx.xx.2023-cü il tarixədək qaytarmağı söz vermişdir. Lakin o, cavabdehə daha inanmadığını və məhkəmə iddia tələbi ilə müraciət edəcəyini bildirmişdir. Beləliklə, məhkəməyə təqdim etdiyi Elgizlə “WhatsApp” yazışmaları, onun tərəfindən malların satış dəftərinə etdiyi qeydlərlə Elgizin ona 1147 manat və dəyəri 800 manat olan “İphone 11” markalı telefonun onda olduğunu sübut edir.

6. Cavabdeh iddiaya etiraz verərək qeyd etmişdir ki, Türkiyə Respublikası vətəndaşı olan İddiaçı onun Gəncə şəhərində yerləşən “İzmir Butik” adlanan qadın geyimləri mağazasında işləyən nişanlısının və onun bacısının həmin butikdə işləmələri ilə əlaqədar tanımış və az müddətdə yaxşı münasibətləri yaranmışdır. 2023-cü ilin avqust ayının 31-də artıq nişanlısının və bacısının müqavilə müddəti bitmişdir. Bundan sonra Sercan mağazanı bağlayana qədər ona köməklik etməsini xahiş etmiş və o, iddiaçı ilə razılaşmışdır. Sentyabr ayının 5-dən həmin mağazada işləmişdir. İddiaçı ona bildirmişdir ki, 25 sentyabr tarixdə Türkiyəyə gedib, oktyabr ayının 10-da qayıdacaq və bu zaman o, mağazanı təkcə idarə edəcəkdir. 23 sentyabr tarixdə Sercan ona 17000 manat vermiş və xahiş etmişdir ki, həmin pulu “Ziraat Bank”-da 3000 evro və qalan pulu isə ABŞ dollarına dəyişdirsin. Gedib iddiaçının xahişini yerinə yetirmiş, pulu götürüb saymış və minnətdarlığını bildirmişdir. Bundan başqa, iddiaçı ona Türkiyədə yaşayan anası Emel Altunun adına 6140 türk telesini köçürməsini xahiş etmişdir. İddiaçı sentyabr ayının 25-də ona bildirmişdir ki, mağazada alver zəif olduğundan və ziyanla işlədiyindən Türkiyədən qayıdandan sonra mağazanı bağlayacaqdır. Türkiyəyə getməmişdən əvvəl mağazada işlətdikləri “İphone11” markalı telefonu Sercan ona əmək haqqı müqabilində vermişdir. Sercan ona hətta təklif etmişdir ki, o, Türkiyəyə gedib orada işləməsini təşkil edəcəkdir. Mağazada işlədiyi müddətdə 1447 manat məbləğində satış etmiş və həmin puldan 300 manatı iddiaçı göndərdiyi karta vurmuşdur. Qalan 1147 manatı Türkiyədən gələn kimi hesabatı edərək ona vermişdir. Həmin vaxt Sercan ona öncədən Türkiyəyə gedib işləməsini, yaxşı pul qazanacağına köməklik edəcəyini bildirmişdir. O, həmin gün, yəni oktyabr ayının 12-də, 25 sentyabrdan - oktyabr ayının 10-a kimi mağazada etdiyi alverin dəqiq hesabatı, yəni satılan mallar və onların pulu barədə həm komputerdə, həm də dəftərdə etdiyi qeydlərinin düzgünlüyünü görüb ona demişdir ki, onu Türkiyəyə göndərir. Onun adına 55000 manatlıq avtomaşın alıb, o, həmin avtomaşını Türkiyəyə aparıb orada yanında işləyəcəyi şəxsin adına etibarnamə verəcəkdir. O, Türkiyəyə getməyə fikri olmadığını ona bildirəndə iddiaçı ondan inciyərək narazı qalmasını büruzə vermiş və onu bağışlamayacağını bildirmişdir. O, mağazadakı malları və pulu ona təhvil vermişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-612/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı iddiası təmin edilərək, Cavabdeh 1147 (bir min yüz qırx yeddi) manat və “İphone 11” markalı telefonun özü, telefonun özü olmadıqda isə onun dəyəri olan 800 (səkkiz yüz) manat alınaraq İddiaçı verilməsi; Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və vəkilə hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. 8 Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 329.2, 385.1, 386.1, 406.1, 425, 442, 448.2, 777.1, 777.2, 778.1, 779.1 və 782.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Türkiyə Respublikası vətəndaşı olan İddiaçı Gəncə şəhərində yerləşən “İzmir Butik” adlanan qadın geyimləri mağazası olmuşdur. Həmin mağazada da, əvvəllər onun nişanlısı Gülnarə və onun bacısı orda aylıq əməkhaqqı müqabilində satıcı işləmişlər. 2023-cü ilin avqust ayının 31-də də nişanlısının və onun bacısının müqavilə müddətləri başa çatdığından daha onlar iddiaçının mağazasında işləməmişlər. Bundan sonra İddiaçı ona bildirmişdir ki, mağazanı bağlayacaq, ancaq mağazanı bağlayana kimi, yəni qalan malları satıb qurtarana kimi onu satıcı kimi işə götürsün və əməkhaqqı müqabilində də, ona bir ədəd “İphone 11” markalı telefon verəcəkdir. O da bu təkliflə razılaşmış və 2023-cü ilin sentyabr ayının 5-dən iddiaçının mağazasında satıcı kimi işə başlamışdır. Oğlu satıcı işlədiyi vaxtıda İddiaçı bir işçi kimi ona müxtəlif tapşırıqlar vermişdir. Belə ki, iddiaçı ona 17000 manat vermişdir ki, həmin pulları “Ziraat” bankda evro və dollara dəyişdirsin və o da pulları dəyişdirərək iddiaçıya vermişdir. Bundan başqa iddiaçının verdiyi 6170 türk telesini onun Türkiyə Respublikasında yaşayan iddiaçının anası Emel Altunun adına köçürtmüşdür. Hətta iddiaçı onu şirnikləndirmişdir ki, mağaznı bağlayandan sonra onu da özü ilə Türkiyəyə aparacaq və orada işləyib çoxlu pul qazanacaqlar. İddiaçı 25 sentyabr 2023-cü il tarixdə Türkiyəyə getməmişdən əvvəldə özü “İphone 11” markalı telefonu əməkhaqqı ona vermişdir. O da mağazada satıcı işlədiyi qısa müddətdə, cəmi 1447 manat məbləğində satış etmiş və həmin puldan 300 manatı iddiaçının göstərişi ilə onun kartına vurmuş və qalan 1147 manat da İddiaçı Türkiyədən qayıdandan sonra haqq-hesab edib onun özünə vermişdir. Bundan sonra İddiaçı ona birlikdə Türkiyə Respublikasına getməyi təklif etmiş, lakin o, bu təklifi qəbul etməmişdir. İddiaçı ondan narazı qalmış və onu bağışlamayacağını bildirmişdir. Məhz bundan sonra İddiaçı ondan qisas almaq üçün ona qarşı məhkəmədə şər və böhtandan ibarət olan iddia qaldırmışdır. Onun qısa müddətdə tanış olduğu bir türk vətəndaşına heç bir muzd olmadan 2 aya yaxın bir müddətdə işini-gücünü buraxıb əvəzsiz xidmət göstərməsinin özü inandırıcı olmamaqla ağılabatan deyil. Bundan başqa, iş materiallarında kı sosial şəbəkə yazışmaları onun tərəfindən aparılmamışdır. İddiaçı onun foto-şəklini sosial şəbəkədə yayıb və üstünə “bu şəxsi görən varsa dərhal polisə məlumat versin” yazdığına görə, həmin foto-şəkillərin sosial şəbəkədən götürülməsi üçün oğlunun nişanlısı iddiaçı ilə elə bir yazışma aparmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı “İphone 11” markalı telefonu mağazada satıcı işləməsi müqabilində oğlu Cavabdeh əməkhaqqı əvəzi vermişdir. Oğlu iddiaçıya məxsus mağazada satıcı işlədiyi dövrdə mallar satılmış və satışdan əldə olunan vəsait oğlu tərəfindən iddiaçıya verilmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mağazadakı malların satışından əldə edilmiş vəsaitin iddiaçıya qaytarılmasını təsdiq edən sübutları yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əri İddiaçı məxsus mağazadakı mallar Cavabdeh tərəfindən satılmış, lakin satışdan əldə edilmiş vəsait ərinə verilməmişdir. Həmçinin, ərinə məxsus “İphone 11” markalı telefon da cavabdehin qanunsuz sahibliyindədir. Bunları təsdiq edən sosial şəbəkə yazışmaları mövcuddur və həmin yazışmalar əri ilə cavabdeh arasında olmuşdur. Əri “İphone 11” markalı telefonu əməkhaqqı əvəzi olaraq deyil, mağazada işlədiyi dövrdə müvəqqəti istifadə üçün cavabdehə vermişdir. Əri ilə cavabdeh arasındakı razılaşmada mağazada satıcı işləməsi ilə əlaqədar ona muzd (haqq) verilməsi nəzərdə tutulmamışdır. Elgiz onların işçisi olan xanımın nişanlısı olmuş və bu səbəbdən yaxşı münasibətləri yaranmışdır. Bu səbəbdən də, Elgiz kömək məqsədi ilə əri Sercanın tapşırığı ilə mağaza fəaliyyətini dayandırdıqdan sonra malların satışını həyata keçirtmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Onlar məhkəmə iclasında nümayəndələri vasitəsilə təmsil edildiyindən kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

20. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

21. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

22. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

23. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 121.1 Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

29. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh mağazasında olan əşyaları satmağı tapşırmışdır. Həmçinin, iddiaçı ona məxsus olan və mağazada olan “İphone 11” markalı telefonu da müvəqqəti olaraq, yəni sözügedən əşyaları satmaq üçün istifadə etməsi məqsədi ilə cavabdehə vermişdir. Tərəflər arasında şifahi qaydada bağlanan tapşırıq müqaviləsinə əsasən cavabdeh iddiaçıya məxsus əşyaları satmalı, satışdan əldə olunan pul vəsaitini və mağazada satış zamanı istifadə olunan “İphone 11” markalı telefonu ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh mağazadakı əşyaların satışından əldə olunan 1147 manat məbləğində pulu və iddiaçıya məxsus “İphone 11” markalı telefonu iddiaçıya qaytarmadığından sonuncu hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

39. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

40. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi Cavabdeh iddiaçının tapşırığına əsasən sonuncuya məxsus mağazada 1147 manat dəyərində geyim və digər əşyaların satışını həyata keçirtmişdir. Eləcə də, həmin malların satışını həyata keçirtmək məqsədilə iddiaçıya məxsus “İphone 11” markalı telefon da cavabdehin sahiblik və istifadəsində olmuşdur. Qeyd olunan hal cavabdeh tərəfin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı verdiyi izahatı ilə öz təsdiqini tapır.

41. Cavabdeh tərəfin dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus mağazada cavabdeh tərəfindən satılmış malların satışından əldə edilmiş 1147 manat vəsait iddiaçıya verilmiş, habelə “İphone 11” markalı cavabdehə müvəqqəti istifadə üçün deyil, onun mağazada satıcı işləməsi müqabilində muzd şəklində iddiaçı tərəfindən ona verilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus mağazadan cavabdeh tərəfindən 1147 manat dəyərində geyim və digər əşyaların satılması, habelə “İphone 11” markalı mobil telefonun iddiaçı tərəfindən həmin malların satışını həyata keçirtmək məqsədilə cavabdehin istifadəsinə verilməsi öz təsdiqini tapdığına görə, əşyaların satışından əldə edilmiş vəsaitin iddiaçıya qaytarılması, habelə “İphone 11” markalı mobil telefonun tapşırığın icrasına görə muzd şəklində verilməsi barədə cavabdeh tərəfindən irəli sürülən dəlili sübut etmə öhdəliyi də MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

46. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

47. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

48. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

49. Lakin, cavabdeh tərəf bu sübut etmə öhdəliyin öhdəsindən gələ bilməmiş və sözü gedən əşyaların satışından əldə edilmiş 1147 manat vəsaitin iddiaçıya qaytarılmasını, habelə “İphone 11” markalı telefonun tapşırığın icrasına görə muzd şəklində verilməsini sübuta yetirə bilməmişdir.

50. Əksinə İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə1 apellyasiya baxışı zamanı verdiyi izahatında ərinin “İphone 11” markalı telefonu əməkhaqqı əvəzi olaraq deyil, mağazada işlədiyi dövrdə müvəqqəti istifadə üçün cavabdehə verdiyini, əri ilə cavabdeh arasındakı razılaşmada mağazada satıcı işləməsi ilə əlaqədar ona muzd (haqq) verilməsi nəzərdə tutulmadığını bildirmişdir.

51. Bundan əlavə diqqət yetirilməli haldır ki, iş materiallarına əlavə edilmiş 22 oktyabr 2023-cü il tarixli “İnstagram” sosial şəbəkəsində aparılan tərəflər arasında olan yazışmadan görünür ki, Cavabdeh iddiaçıya “... Selam aleyküm. Sercan abi biliyorum şu anda benimle ilgili kötü şeyler düşünüyorsundur, amma her şey gözüktüyü gibi değildir. Son günlerde çok büyük problemler oldu ben mecbur çıkmak zörunda kaldım. Şimdi gelemiyorum sizden rica etsem ay sonu söz veriyorum parayı da telefonu da gönderecem bu gün 22si ayın 30u ikside sizde olacak.” kimi etirafedici yazışmalar mövcuddur. Həmçinin məhkəmə kollegiyasının iclasında həmin yazışmanın tərəflərə aid olmaması cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir.

52. Məhkəmə kollegiyası işin qeyd olunan halını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlmişdir.

53. Mübahisə predmeti olan “İphone 11” markalı telefonun dəyəri ilə bağlı cavabdeh tərəfin arqumenti olmadığından məhkəmə kollegiyası həmin hissə üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etməmişdir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

54. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-612/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar