Məhkəmə qərarları › İş №2(104)-1531/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1531/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1531/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi (vəkil) Vəkil2 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisi və üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-230/2024 saylı qətnaməsindən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-230/2024 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddianın təmin edilməsi, Gəncə şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 20 iyul 2023-cü il tarixli, 8İ- 2036 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-230/2024 saylı qətnaməsi ləğv edərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisi, üçüncü şəxslər - "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 20 iyul 2023-cü il tarixli İcra Qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 36 ay müddətinə, 100.000 manat kredit verilmişdir. Verilmiş kredit İddiaçı tərəfindən 2023-cü ilin may ayınadək ödənilmiş və nəticədə əsas borc 75.439,21 manatadək azalmışdır. Ancaq İddiaçı MMC-nin fəaliyyətinin yoxlanması nəticəsində 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsi tərəfindən tətbiq edilən maliyyə sanksiyaları nəticəsində MMC-nin bank hesabında olan vəsaitlər dondurulmuş və bu səbəbdən də Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra edə bilməmişdir. AFB Bank ASC ilə yaranmış maliyyə vəziyyəti müzakirə edilmiş və 07 fevral 2023-cü il tarixli kredit müqaviləsindən əlavə yeni ödəniş cədvəli tərtib edilmiş, lakin həmin cədvəl üzrə də öhdəlikləri yerinə yetirmək mümkün olmamışdır. "xxxx" MMC kredit öhdəliklərini "xxxx" ASC qarşısında yerinə yetirə bilməsə də Bank tərəfindən Kredit müqaviləsi üzrə hüquqlarından istifadə etməməklə müddəti uzadaraq kredit borcu üzrə faizlərin süni şəkildə artmasında maraqlı olduğu üçün "xxxx" MMC tərəfindən rəsmi pretenziya göndərilərək “kredit müqaviləsinin ləğv edilməsi” barədə məsələ qaldırılacağı barədə məlumat vermişlər. "xxxx" MMC gözləyirdi ki, bank nəhayət ki, məhkəmədə iddia qaldıracaq, faizlərin süni şəkildə artmasına son veriləcək. Ancaq mübahisənin məhkəməyə verilməsi ilə bağlı məlumat daxil olmur. Əmlakını "xxxx" MMC-nin xeyrinə ipoteka qoyan X9 2023-cü ilin avqust ayının əvvəlində MMC ilə əlaqə saxlayaraq şifahi məlumat verir ki, onun mülkiyyətində olan, ipoteka ilə "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, Balakən rayonunda yerləşən 1,5 hektar kommersiya təyinatlı torpaq sahəsinin hərracdan satılaraq borca yönəldilməsi barədə notariusun 20 iyul 2023-cü il tarixdə icra qeydi verilmişdir. Tələbkar tərəfindən isə bu haqda yəni “İcra qeydi” veriləcəyi barədə qanunvericiliklə nəzərdə tutulmuş bildiriş "xxxx" MMC-yə çatdırılmamışdır. Buna baxmayaraq notarius tərəfindən “İcra qeydi” verilmişdir. Odur ki, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi xx.xx.2023-cü il tarixində ipoteka qoyan X1 poçtla göndərilmiş və xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Borclu İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixində sifarişli poçtla göndərilmiş, lakin çatdırılma baş tutmamışdır. Bundan sonra Azərexpresspost vasitəsi ilə xx.xx.2023-cü il tarixində təkrar göndərilmiş və poçt izləməsi vasitəsi ilə izlənərək müəyyən edilir ki, iki dəfə poçt ünvana getsə də çatdırılması mümkün olmamışdır. İddiaçı MMC kreditora bəyan etdiyi ünvanda, yəni ünvan 1 sifarişli poçt göndərilmiş, lakin ünvandan köçdüyündən poçtun çatdırılması mümkün olmamışdır. Buna baxmayaraq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1-ci maddəsinə əsasən bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Belə olan halda bank bildirişi rəsmi qaydada göndərmişdir İddiaçı MMC hüquqi ünvanında olmaması bankı göndərdiyi məktubların çatdırmaq yükündən azad edir. Bununla da İddiaçı MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsində əsas gətirdiyi xüsusat qanunvericiliyin tələbləri ilə də təkzib olunmuş hesab olunur. Bundan başqa iddiaçı X4 cavabdehlər "xxxx" ASC, X6, Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-512/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı X4 cavabdehlər "xxxx" ASC-yə, X3, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və üçüncü şəxs İddiaçı MMC-yə qarşı “X4 mülkiyyətində olan Balakən rayonu Qasbinə kəndində yerləşən ümumi sahəsi 1,50 ha olan torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan X9 və borcalan İddiaçı MMC arasında Gəncə ASAN “Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 3M926 reyestr nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Balakən rayonu Qasbinə kəndində yerləşən ümumi sahəsi 1,50 ha olan torpaq sahəsinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-512/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı X9 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2745/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-512/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edirlər ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixlie- 2(125)-230/2024 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməlidir Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin və üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı MMC-yə illik 16 faiz olmaqla, 36 ay müddətinə, 100000 (bir yüz min) manat kredit verilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.50 hektar sahibkarlıq məqsədli torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam olaraq X4 mülkiyyətindədir. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli, 112-HŞ-5248583-İP nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.50 hektar sahibkarlıq məqsədli torpaq sahəsi İddiaçı MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanaraq, "xxxx" ASC əvəzinə X8, X9 əvəzinə X6 və İddiaçı MMC adından X11 tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən ünvan 2 ünvanlanan elektron ərizədən görünür ki, bank tərəfindən ipoteka predmeti olan Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.50 hektar sahibkarlıq məqsədli torpaq sahəsinə tutmanın yönəldilməsi barədə icra qeydinin verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Gəncə şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli, 8İ2036 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, X5 məxsus ipoteka predmeti olan Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.50 hektar torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilsin. İş materiallarında olan 087709 nömrəli poçt qəbzinin surətindən görünür ki, X5 ünvanlanan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 27 may 2023-cü il tarixdə şəxsən onun tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan “Experss Mail Service” tərəfindən verilmiş və notariat işinə əlavə edilmiş TA006459055AZ ştrix kodlu qəbzin surətindən görünür ki, İddiaçı MMC-yə ünvanlanan ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildiriş çatdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 36 ay müddətinə, 100.000 manat kredit verilmişdir. 26 noyabr 2021-ci il tarixli, 112-HŞ-5248583-İP nömrəli ipoteka müqaviləsinə əsasən Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.50 hektar sahibkarlıq məqsədli torpaq sahəsi İddiaçı MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc öhdəliyi ödənilmədiyi üçün bank tərəfindən borclu İddiaçı MMC-yə və ipoteka qoyan İradə Rəhimovaya xəbərdarlıqlar göndərilmişdir. Lakin kredit borcunun ödənilməsi təmin olunmadığına görə bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariusa müraciət olunmuş, notarius tərəfindən ipoteka qoyan İradə Rəhimovaya bildiriş göndərilmiş və onun tərəfindən bildiriş alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bildirişin verilməsi mümkün olmamışdır. Bundan sonra Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 20 iyul 2023-cü il tarixli icra qeydi verilmişdir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Göründüyü kimi qeyd edilən qanunun tələbinə görə borc verən "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl kredit müqaviləsi üzrə borclu “Şimşək TR" MMC”-yə tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı "xxxx" ASC-nin nümayəndəsi notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 20 iyul 2023-cü il tarixli İcra Qeydi qanuna zidd formada aparılmaqla, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa məhkəmə iclasında hazırki iş üzrə iddiaçı icra qeydinin aparılmasından tamamilə məlumatsız olduğunu bildirərək, icra qeydinə əsasən tutulmalı olan pul məbləği üzrə faiz və cərimənin yüksək yazıldığını bildirərək bunun məhkəmə tərəfindən araşdırılmalı olduğunu qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhər 3 saylı Notariat Ofisi icra qeydi verərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi bankdan tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əməl etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Gəncə şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 20 iyul 2023-cü il tarixli, 8İ-2036 reyestr nömrəli icra qeydi ləğv edilməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanununun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi potekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanununun 36.4-cü maddəsinə əsasən, tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: -36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; -36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda Həmin Qanununun 37.1-ci maddəsinə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanununun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanununun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İşin hallarından görünür ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə, yəni şərtləndirilmiş vaxtda icra etmədiyindən borc verən müqavilə tərəflərinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Gəncə şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir. Qanunvericiliyin tələbinə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir İşdən görünür ki, tələbkar da notariusa icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim edib, notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair icra qeydi verib. Həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclulara tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, habelə bildiriş poçt göndərişi rəsmi olaraq xx.xx.2023-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, lakin borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bildirişin verilməsi mümkün olmamışdır. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməyib. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamış, lakin birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericilik normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-230/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisi və üçüncü şəxslər - "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar