Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1537/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-23/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən vurulmuş zərərin əvəzi olan 25719 manat məbləğində pul vəsaitinin və dekabr ayından mart ayına qədər hər ay üçün dəymiş zərər olan 1000 manat, yəni, cəmi, 4000 manatın alınaraq, ona ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-23/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Fizuli Mirzəquliyev) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 9313.5 manat alınaraq, İddiaçı verilməsi, Cavabdeh 40 manat, İddiaçı isə 60 manatın alınaraq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh Tağıyev X3 Rayon Məhkəməsinin 2(042)-23/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında rəsmi olaraq müqavilə olmamış, yalnız şifahi qaydada razılaşma mövcud olmuşdur. Həmin razılaşmada yalnız kafe binasının tikintisi barədə razılıq olmuş, binanın qapı-pencərəsinin qoyulması barədə onunla razılaşma olmamış, bütün tikinti materiallarının alınması iddiaçının öhdəliyində olmuş, onun işin yalnız göstərilmiş işlərin yerinə yetirilməsi və icra edilməsi olmuşdur. Qeyri-yaşayış sahəsində istilik sisteminin quraşdırılması üçün borular elə iddiaçının özü tərəfindən alınaraq ona təqdim olunmuş, onun tərəfindən neçə metr uzunluğunda boru təqdim edilmişdirsə o səhəyə münasibətdə tərəfindən işlər görülmüş, sifariş iddiaçının tələbinə uyğun olaraq, onun və övladının nəzarəti altında yerilə yetirilmişdir. Yəni qeyri-yaşayış sahəsində aparılan işlər sifarişçinin tələblərinə və göstərişlərinə uyğun həyata keçirilmiş, ödənişlərdə məhz razılaşmaya uyğun olaraq hissəhissə olmaqla ödənilmişdir. Hazırda isə iddiaçı ondan görmədiyi işlərə görə pul vəsaiti tələb edir. Bu isə heç bir halda qəbul edilən deyil, onun hər hansı pul vəsaitinin tələb edilməsi əsassızdır. Bundan əlavə məhkəmə möhtəbər olmayan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 98.3-ci maddəsi ilə bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması hüququ izah edilməyən iddiaçı tərəfindən təqdim edilmiş əsassız və saxta rəy əsasında ekspertiza aparılmışdır ki, həmin ekspertiza rəyinin sübut kimi qiymətləndirilməsi yolverilən deyil. Belə ki, ekspert ekspertiza rəyində obyektin tikintisi üçün istifadə olunmuş tikinti materiallarının və usta xərcinin 2022-2023-cü il üçün bazar dəyərini 25719 manat məbləğində müəyyən etmişdir və həmin məbləği müəyyən edərkən əsassız və məsuliyyət üzərinə qoyulmayan saxta mütəxəssis rəyinə istinad etmişdir. Bundan əlavə eksept öz rəyində bir çox nöqsanlara da yol vermişdir ki, məhkəmə isə həmin rəyi möhtəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, rəy 4 məsələni özündə ehtiva etmişdir(qeyri-yaşayış sahəsinin divarlarının paralel olan divarlarının eyni ğlçülü olmadığı(dioqanalı) divarların arasında en hissəsində 10 sm fərq olduğu, 2 saylı otağın tavanının çökməsi, çatlaması, zalın döşəməsinə quraşdırılmış isti polun eksperiment nəticəsində tam isidilmədiyi, pəncərə altına vurulmuş ağlay daşının bir hissəsinin düzgün vurulmadığı). Məhkəmə isə həmin məsələlərin həqiqətən də onun səhvin nəticəsində və ya sonradan olduğunu, iddiaçı tərəfindən sifarişlərin hansı formada olduğunu müəyyən etməmişdir. Yəni görülmüş bütün işlər haqqında daim iddiaçıya məlumat verilmiş, o, hansı formada sifarişini vermişdirsə o formada tikinti işləri onun tərəfindən aparılmışdır. İddiaçı özü qeyri yaşayış sahəsini tikərkən qonşu divarlarla sərhəd boyu tikintinin aparılmasını istəmiş, aparılmış tikintidə fərqin mövcud olacağı ona əvvəlcədən tərəfimdən bildirilmiş, o isə tikintinin qeyd edilən formada icra etməyini istəmişdir. Əgər iddiaçının etirazı var idisə onu tikinti aparılarkən bildirməli, tərəfindən isə düzəlişlər edilməli idi. Lakin o, hər hansı bir etiraz etməmiş iş qüsürlü olsa belə onu qəbul etmişdir. Bundan əlavə 2 saylı otağının tavanının çökməsi onun gördüyü iş nəticəsində deyil sonrada orada görülmüş işlər nəticəsində baş vermişdir. Həmin işlər eyni qaydada iddiaçıya təhvil verilmiş və hər hansı bir irad bildirilməmişdir. Həmçinin zalın döşəməsinə quraşdırılmış isti pol iddiaçının sifarişinə uyğun hazırlanmış, təqdim etdiyi borulara uyğun xətlər çəkilmiş, sonda yoxlanılaraq təhvil verilmişdir. Ağlay daşının bir hissəsinin düzgün vurulmaması qənaəti isə əsassızdır. Onun tərəfindən bütün işlər qüsursuz icra edilmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, ekspertizada iştirak etməmiş, iş isə qüsurla görülməmişdir. Belə ki, iddiaçının iddiası əsassız olmaqla, iddiaçı ona şər-böhtan atır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını və Gədəbəy Rayon Məhkəməsinin 2(042)-23/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 2(042)-23/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, şikayətin dəlillərində Gədəbəy Rayon Məhkəməsinin 2(042)-23/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, əslində iddianın qismən təmin edilmiş hissəssini mübahisələndirmiş, qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli Ekspert Rəyindən görünür ki, Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5v saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin divarlarının paralel olan divarlarının eyni ölçülü olmadığı (dioqanal), divarlar arasında en hissəsində 10 sm fərq olduğu, 2 saylı otağın tavanın çökməsi, çatlaması, zalın döşəməsinə quraşdırılmış isti polun eksperiment nəticəsində tam isidilmədiyi, pəncərə altına vurulmuş aqlay daşının bir hissəsinin düzgün vurulmadığı müəyyən olunmuşdur. Tədqiq olunan ünvanda rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymərlərinə uyğun olaraq, dəyəri 9313.5 manat məbləğində olduğu müəyyən edilir. Rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən. Bakı şəhəri,Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5v saylı binanın qarşısında yerləşən obyektin tikintisinə çəkilmiş xərcin bazar qiymətlərinə uyğun dəyəri 25719 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş: X1 ifadə verərək, bildirmişdir ki, 2022-ci ilin avqust ayında iddiaçı ilə cavabdeh arasında kafe kimi nəzərdə tutulmuş tikilinin tikilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh tikintini tamamlamamışdır. Cavabdehin gördüyü işlər isə qüsurlu olmuşdur. Divar əyri qoyulmuş və hörgüsü çatlamış, damda millər arasında məsafə böyük olduğu üçün uçma təhlükəsi var. Pəncərələrin çərçivəsi düz qoyulmadığı üçün açılmırlar. İstilik sisteminin quraşdırılması üçün aldığı boruların uzunluğu 350 metdir. Yəni, boru bütün döşəməni əhatə etmir. Cavabdeh alçipanı da düz vurmamış, alçipan tökülmüşdür. X2 ifadə verərək, bildirmişdir ki, cavabdehi tikinti ustası kimi tanıyır. O, işlərin görülməsində cavabdehə kömək etmiş, fəhləlik etmişdir. Cavabdeh isti döşəməni özü quraşdırmış, alçipanı düzgün vurmamışdır. Cavabdeh damın milləri arasındakı məsafəni çox etmiş, divarı əyri hörmüş, qapı-pəncərələri düz qoymamış, işi də sonadək yekunlaşdırmamışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında iddiaçı ilə cavabdeh arasında şifahi podrat müqaviləsi bağlanılmış, cavabdeh iddiaçının sifarişi ilə muzd müqabilində təmir-tikinti işlərini aparmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh tikinti-quraşdırma işlərini qüsurlu icra etmiş, tikilinin paralel olan divarları eyni ölçülü olmamış, divarlar arasında en hissəsində 10 sm fərq olmuş, 2 saylı otağın tavanı çökmüş, çatlamış, zalın döşəməsi tam isidilməmiş, pəncərə altında aqlay daşının bir hissəsi düzgün vurulmamışdır. Bu qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərinin 9313.5 manat miqdarında müəyyən edimişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5v saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin təmiri üçün onunla bağladığı podrat müqaviləsinin şərtlərini pozaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə tam əməl etməməsi, obyektin natamam və keydiyyətsiz şəkildə təmir etməsi, qüsurlu vəziyyətdə təhvil verməsi şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm apellyasiya dəlillərində, həm də məhkəmə kollegiyasının iclası zamanı iddiaya qarşı etirazını yalnız işləri bacardığı qədər səliqəli gördüyünü, lakin iddiaçının işləri bəyənməməsi ilə əsaslandırmışdır. Halbuki, cavabdeh iddiaçı ilə sözügedən mənzilin təmirinə dair podrat müqaviləsi bağlayan zaman qüsurlardan azad nəticə verməyi (yəni qüsursuz təmir) öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi, Cavabdeh İddiaçı məxsus qeyri-yaşayış sahəsinin təmirini razılaşdırılmış müddətdə və keyfiyyətdə yerinə yetirməmiş, obyekti qüsurlu (natamam və keyfiyyətsiz) şəkildə iddiaçıya təhvil vermiş, iddiaçının yenidən keyfiyyətli işin görülməsi ilə bağlı təklifi üzrə də qüsurları aradan qaldırmamışdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli Ekspert Rəyindən görünür ki, Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5v saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin divarlarının paralel olan divarlarının eyni ölçülü olmadığı (dioqanal), divarlar arasında en hissəsində 10 sm fərq olduğu, 2 saylı otağın tavanın çökməsi, çatlaması, zalın döşəməsinə quraşdırılmış isti polun eksperiment nəticəsində tam isidilmədiyi, pəncərə altına vurulmuş aqlay daşının bir hissəsinin düzgün vurulmadığı müəyyən olunmuşdur.Bununla da iddiaçıya 9313.5 manat məbləğində maddi zərər dəymişdir. Cavabdehin ekspertizada iştirak etməməsinə dair dəlili əsassız olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli Ekspert Rəyinin mötəbərliliyini şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 2(042)-23/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-23/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.