Məhkəmə qərarları › İş №2(104)-1547/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1547/2023

08.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1547/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Daşkəsən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh Ağamməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Daşkəsən rayonu Xoşbulaq kəndində 0,10 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair Cavabdeh Ağamməd oğlunun adına yazılmış texniki pasportun etibarsız hesab edilməsi, ödənmiş 100 manat dövlət rüsumunun Cavabdeh Ağamməd oğluna aid edilərək tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadı ilə (sədrlik edən hakim M.Mustafayev ) iddiaçı X1 Cavabdeh Ağamməd oğluna qarşı yaşayış evinə dair verilmiş texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülk iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qət edilmişdir. İddiaçı X2 həmin qərardadn şikayət verərək, Daşkəsən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin adına verilmiş texniki pasport onun ailə həyatı qurduqdan sonra, yəni 61 il müddətində yaşadığı evə dair verilmiş, bununla da, onun həmin evə sahiblik və gözlənilən mülkiyyət hüququ pozulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 26 aprel 2023cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadı ləğv edilməli, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı X2 Cavabdeh Ağamməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Daşkəsən rayonu Xoşbulaq kəndində 0,10 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair Cavabdeh Ağamməd oğlunun adına yazılmış texniki pasportun etibarsız hesab edilməsi, ödənmiş 100 manat dövlət rüsumunun Cavabdeh Ağamməd oğluna aid edilərək tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələblərə mülki məhkəmə icraatında baxmaqda haqlı olmamışdır. Hazırkı tələb inzibati orqan olan DTİ və MHQ idarəsi tərəfindən verilmiş müvafiq texniki pasportun etibarsız hesab edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə inzibati xarakter daşıyır. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarının 31.1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsə Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(030)- 218/2023 nömrəli qərardadı ləğv edilməli, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya qeyd etdiyi texniki pasportda düzəliş etməklə bağlı həmin orqana müraciət etməsi, narazı qaldığı halda müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 387, 391, 402, 404- 407-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-218/2023 nömrəli qərardadı ləğv edilsin. Hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya qeyd etdiyi texniki pasportda düzəliş etməklə bağlı həmin orqana müraciət etməsi, narazı qaldığı halda müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar