Məhkəmə qərarları › İş №2(104)-1562/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1562/2025

28.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1562/2025 28.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(062)-1249/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14450 manat pulun və 134 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Kamal oğlu bir neçə dəfə məhsul yığımı ərəfəsində onların kəndinin ərazisindən xurma məhsulunu almış və pulunu ödəmişdir. 2024-cü ilin məhsul yığımı ərəfəsində ondan 14450 manat dəyərində xurma məhsulu almış, məhsulu satmasına baxmayaraq pulunu ödəməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tovuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(062)-1249/2025 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, Cavabdeh 14350 (on dörd min üç yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133 (yüz otuz üç) manat 5 (beş) qəpik pul tutularaq İddiaçı ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı və o, xurma alveri ilə məşğul olan şəxsə X3 vasitəçilik edərək, topladıqları xurmanın hər yeşiyi üçün 50 (əlli) qəpik almalı idilər. Bu minvalla da hər ikisi 21340 (iyirmi bir min üç yüz qırx) yeşik xurma məhsulu toplamışlar, topladıqları məhsulların bir qisminin dəyərini 182000 (bir səksən iki min) ABŞ dolları onların vasitəçilik etdiyi, onlara xurma topladan şəxs X4 tərəfindən onun bank kartlarına göndərilmişdir, bağ sahiblərinə Alakol kənd sakinlərinə qalan ümumilikdə 25000 manat pul isə aralarında olan bağ sahibləri ilə şifahi danışığa əsasən toplanmış xurma məhsulunun bir qismi saxlanc üçün yığılmış soyuducu anbardan satış edildikdən sonra bağ sahiblərinə ödənilməli idi. Toplanmış xurma məhsullarının saxlanc üçün yığılmış soyuducu anbarın sahibi isə X7r. Soyuducu anbarın sahibi X10 ilə şifahi razılaşmaya görə 01 noyabr 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək xurma məhsullarının saxlanılması üçün ona hər bir yeşik üçün 1 manat 30 qəpik olmaqla ümumilikdə 27742 manat kirayə haqqı ödənilməli idi. Lakin, nə onun, nə xurma məhsulu topladan X2, nə də ki İddiaçı (ola bilsin ki, İddiaçı xəbəri olmuşdur) xəbəri olmadan Nazim Əkbərov ona etibar edilərək saxlanc üçün onun soyuducu anbarına yığılmış maya dəyəri 320100 (üç yüz iyirmi min bir yüz) manat olan xurma məhsullarını öz başına satmış və satışdan əldə etdiyi pulları mənimsəyərək öz şəxsi ehtiyacları üçün xərcləmişdir (hal-hazırda da soyuducu anbarın sahibi X5 barəsində Tovuz rayon Polis Şöbəsinin 27 may 2025-ci il tarixli istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarı mövcuddur). Yəni, yuxarıda qeyd etdiyi kimi o İddiaçı xurma almamışdır. Məhkəmənin gedişi zamanı guya şahid qismində ifadəsi alınmış şəxslər isə həmin bağ sahiblərindəndir. Bu halı da məhkəmə gedişi zamanı guya şahid qismində dindirilmiş Şahid2 və X1 ifadələri təsdiq edir. Göründüyü kimi o və iddiaçı arada vasitəçilik edərək topladıqları xurma məhsulunu X3 yığmışlar. X2 isə maya dəyəri 320100 (üç yüz iyirmi min bir yüz) manat olan xurma məhsullarını Nazim Əkbərov özbaşına satmış və satışdan əldə etdiyi pulları mənimsəyərək öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Buna görə də hazırda Nazim Əkbərovun işi Tovuz rayon X9 Bölməsində araşdırılır. Digər tərəfdən onu da qeyd edir ki, İddiaçı mənə qarşı iddia qaldırmağasubyektiv hüququ yoxdur. Çünki mən İddiaçı deyil, kənd camaatından xurma məhsullarını almış, Nazim Əkbərovun mənimsədiyi pullar alındıqdan sonra isə hər bir bağ sahibinin pulları qəpiyinə qədər xurmanı yığdıran İsmayıl Bayramov tərəfindən ödəniləcəkdir. Digər tərəfdən mülki işə Tovuz Rayon Məhkəməsində baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələbləri də kobudcasına pozulmuşdur. Belə ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi Tovuz Rayon Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Lakin Tovuz Rayon Məhkəməsi məhkəmə bildirişlərinin ona çatdırılıbçatdırılmamasına ümumiyyətlə aydınlıq gətirməmişdir. Bu hallar da mübahisələndirilən qətnamənin ləğvi üçün əsasdır. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnaməsinin əsası kimi qeyd etmişdir ki, guya o X8 məhkəməyə təqdim edilmiş səs yazısında iddiaçıya pul borclu olduğunu etiraf etmişdir. Lakin məhkəmə səs yazısını tədqiq edərkən həmin səs yazısının hansı şəraitdə yazılmasını, ümumiyyətlə səs yazısında olan danışıqların bu mübahisəyə aidiyyətinin olub-olmamasını araşdırmamış, bununla da qeyd olunan mübahisəli məqamlara aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində qeyd edilir ki, faktın etiraf olunması məhkəmə iclas protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Tovuz Rayon Məhkəməsi qeyd olunan maddəni öz qətnaməsində göstərsə də nəzərə almamışdır ki, o Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bu hal da onun məhkəmə iclas protokoluna imza atmağını mümkünsüz edir. Bundan əlavə məhkəmə mülki işə baxarkan hər hansı bir rəsmi və mötəbər sübuta deyil, yalnız İddiaçı izahatına və onun təqdim etdiyi bir neçə qondarma şahidlərin ifadələrinə əsaslanaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmənin hazırkı nəticəyə gəlməsinin əsas sübutu olan şahidlər məhkəmədə verdikləri ifadələrində onun İddiaçı xurma aldığını qeyd etsələr də, xurmanın ona hansı şəraitdə, harada və nə vaxt verilməsini, onun ümumiyyətlə İsmayıla borcunun olmasını qeyd etməmişlər. Bu qısa və özündə heç bir əhəmiyyət kəsb etməyən ifadələrə əsaslanmaqla mübahisə olunan hüquqi nəticəyə gəlinməsi öz-özlüyündə qanunsuzluq və ədalətsizlikdir. Məhkəmədə ifadə verən şahidlər İddiaçı qohumlarıdır və onlar verdikləri bu absurd ifadə ilə İddiaçı müdafiə mövqeyi tutur. Məhkəmə isə haqsız olaraq onların bu ifadələrini qətnamənin əsasi kimi qəbul etmişdir. Tovuz Rayon Məhkəməsi qətnaməni qəbul edərkən yuxarıda sadaladığı xüsusatlara ümumiyyətlə diqqət yetirməmişdir. Bu isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tələblərinin pozulması anlamına gəlir. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı ilə onun arasında hər hansı bir razılaşma və ya müqavilə olmamışdır. Buna dair mülki işin materiallarında hər hansı bir mötəbər sənəd və ya sübut mövcud deyildir. Tovuz Rayon Məhkəməsi isə qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600 və 601-ci maddələrinə istinad etsə də, işin həqiqi halları ilə maddələrin tələbləri üst-üstə düşmür. Yəni, tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmişdir. İş materiallarında olan: “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş vergi məlumatları əsasında müəyyən olunmuşdur ki, İddiaçı adına xx.xx.2017-ci il tarixdən ********** nömrəli VÖEN mövcuddur; “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş vergi məlumatları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh adına xx.xx.2020-ci il tarixdən ********** nömrəli aktiv VÖEN mövcuddur; Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 24.1 və 24.2-ci maddələri). Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Çünki verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi isə aidiyyətlə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Halbuki, iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanı tərəfindən müvafiq VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Yəni, tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmuş, aralarında olan mübahisə isə sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı daxil olduqları kommersiya xarakterli münasibətlərdən yaranmışdır. Qeyd edilməlidir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, tərəflərin vergi ödəyicisi kimi qeydiyyata alınması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması onlarla bağlı istənilən mübahisəyə baxılmasının məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olması anlamına gəlmir. Çünki, MPM-nin 25.1-ci maddəsində deyilir ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qanunun tələbindən görünür ki, şəxsin sahibkar statusunun olmasına baxmayaraq mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa həmin mübahisələrə ümumi məhkəmədə baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin anlayışı «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində verilmişdir. Orada göstərilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. İddia tələbi təhlil olunarkən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan tərəflərin kommersiya fəaliyyətini həyata keçirtdikləri münasibətlərdən qaynaqlanmışdır. MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu halda, ümumi məhkəmədə baxılması, işə buna hüququ olmayan hakim tərəfindən baxılması kimi qiymətləndirilməlidir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunmalı və iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-nin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 26, 263-264, 384.0.4, 385.1.1, 387.2.1, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(062)-1249/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar