Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1568/2025 15.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Goranboy Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2(045)-1201/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, Goranboy rayon notariat kontoru və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli **********5 saylı çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və miras payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2(045)-1201/2025 nömrəli qərardadı ilə (hakim Taleh Mustafayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 (DƏDRX-nin 7 saylı Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) «faktların ifadəsi» tələbinə dair ərizəsinin, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı1 geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı1 şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən verilmiş 25 may 2022-ci il tarixli vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli **********5 saylı çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və miras payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsinə dair məhkəməyə müraciət etmişdir. Məhkmə tərəfindən bir dəfə, yəni 29 may 2025-ci il tarixdə qərardadla iddia ərizəsi geri qaytarılıb və sübutların və cavabdehin məlumatlarının olmaması səbəb göstərilib. Sonradan qeyd edilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra məhkəməyə göndərilib . Məhkəmə yenidən ərizəni geri qaytarıb və əsas gətirib ki, bu tələblər birlikdə baxıla bilməz. Belə ki, irəli sürülən tələblər bir biri ilə bağlı olan tələblərdir. Vərəsəlik haqqında şəhadətnamə ləğv edilmədən miras paylar necə müəyyən edilə bilər. Eyni zamanda miras payların müəyyən edilməsi üçün çıxarışın ləğv edilməsi zəruridir. Goranboy Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli 2(045)-1201/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, Goranboy rayon notariat kontoru və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və miras payların müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, ilk tələbdə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, sonrakı tələbdə miras payların müəyyən edilməsi qeyd edilmişdir. Həmin tələblər bir-biri ilə əlaqədar olmayan və ayrı-ayrılıqda müstəqil şəkildə baxılmalı olan tələblər olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. MPM-nin iddia ərizəsinin qaytarılmasının prosessual hüquqi əsaslarını müəyyən edən 152.1.7-ci maddəsində deyilir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İstinad edilən prosessual hüquq normalarındən aydın olur ki, mülki prosessual qanunvericilik iddiaçının bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərini bir iddia ərizəsində birləşdirmək hüququ nəzərdə tutur (MPM maddə 149.2.3). Lakin, iddiaçının bu hüququnun həyata keçirilməsi üçün zəruri şərt ondan ibarətdir ki, həmin tələblər arasında bağlılıq olsun. İddia tələbində göstərilən tələblər arasında əlaqə olmadığı halda iddia ərizəsinin icraata qəbulu istisna olunur. Hazırkı işdəki iddia ərizəsinə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçılar tərəfindən mülki prosessual qanunvericiliyin bu tələbinə riayət edilmişdir. İlk öncə qeyd edilir ki, mülki prosessual hüquqda «tələbə bağlılıq» prinsipi iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsi anlamına gəlməməklə, hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbi təmin edə bilməyəcəyini ifadə edir. İddiaçının istəyinin nə olduğu isə, təkcə iddia ərizəsinin son (xahiş) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağlı olduğu prosessual qənaət prinsipinə ziddir. İddia ərizəsinin məzmununun sistemli təhlili nəticəsində məlum olur ki, iddaçıların son hüquqi hədəfi pozulduğunu hesab etdikləri vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, onların cavabdeh notariat orqanı tərəfindən digər cavabdehin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə əsas hüquqi hədəfləri miras əmlakın vərəsələr arasında paylara bölünməsi və miras əmlakda payının müəyyən edilməsindən ibarət olmuşdur. Bir sözlə, iddianın əsaslandırıldığı faktiki halları da miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi təşkil etmişdir. Digər tərəfdən, vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir. Notariat orqanı tərəfindən verilən vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını iddiaçının tələbi üzrə, habelə öz xidməti vəzifəsinə görə yoxlayır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, iddiaçıların tələbləri bir-biri ilə bağı və əlaqəli olmaqla onlara bir icraatda baxılması yolveriləndir. Odur ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmaqda haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia ərizəsinin MPM-nin 149-150-ci maddələrinə uyğunluğunu yoxlamalı və əgər iddia ərizəsi həmin maddələrin tələblərinə cavab verdiyi təqdirdə, bundan sonra MPM-nin 156-cı maddəsinə tələbləri baxımından iddianın icraata qəbul edilməsi məsələsini həll etməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia ərizəsini geri qaytarılması nəticəsinə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə təkrarən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 149, 152, 263-264, 398, 399 və 402.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2(045)-1201/2025 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə təkrarən baxılması üçün mülki iş Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1568/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1568/2025
15.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver