Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-157/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Torpaqdan sahəsinin naturada bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-371/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-505 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 nömrəli qərarı ilə X3, İddiaçı, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Şəmkir rayonu, Qapanlı kəndi ərazisində 4.41 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir.
2. X4 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, X4 filialında mühafizə olunan “Şəfəq” adına kolxozun qaytanlanmış kitabında 396-cı sıra nömrəsində X2 adına 0.16 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
3. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.
4. Şəmkir Rayon Notariat Kontorunun “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, mərhum X1 miras qalmış əmlaka dair miras şəriki İddiaçı ərizə ilə notariat orqanına müraciət edərək, mirasın bərabər paylara bölünməsinə razı olmadığını və bununla bağlı məhkəməyə müraciət etmək niyyətinin olduğunu bildirmiş, onun tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə zidd olduğu üçün notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası üzrə mübahisəli torpaq sahəsində mütəxəssisin iştirakı təmin edilmiş və lazımi ölçülər götürülmüşdür. Lakin kənd təsərrüfat təyinatlı torpaq sahəsi bölünən zaman kiçik hissələrdən ibarət torpaq istifadəçiləri (kiçik servitut istifadəçilik) yaranır. Bu isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəsiz istifadəsi ilə nəticələnir. Bu səbəbdən də mübahisəli torpaq sahəsindən tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasında məhdudiyyət yaranacaqdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8297 nömrəli ekspert rəyindən görünür ki, JN-505 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 4,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payının naturada ayrılması texniki cəhətdən mümkündür və torpaq sahəsinin yerin başlanğıcı şimal-qərb tərəfdən, sonu cənubi-qərb tərəfə doğru olmaqla 0,63 ha hissə təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 nömrəli qərarı ilə ona və cavabdehlərə Şəmkir rayonu, Qapanlı kəndi ərazisindən 4.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN-505 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Hazırda o, cavabdehlərdən ayrı yaşayır. Bu səbəbdən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payına düşən hissənin naturada ayrılıb ona təhvil verilməsini istəyir. Odur ki, JN-505 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onun və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 4.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının naturada ayrılıb təhvil verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 47 nömrəli qərarı ilə ona və cavabdehlərə Şəmkir rayonu, Qapanlı kəndi ərazisindən 4.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN-505 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Lakin o, cavabdehlərdən ayrı yaşadığı üçün torpaq sahəsinin naturada ayrılmasında və paylarının müəyyən edilməsində razılığa gələ bilmirlər. Nəticədə həmin torpaq sahəsinin payına düşən hissəsindən təyinatına uyğun istifadə edə bilmir. Halbuki, onun payına düşən torpaq sahəsi üzərində sərəncam hüquqları vardır. Hesab edir ki, qeyd olunan torpaq sahəsindən onun payı naturada ayrılıb ona verilməlidir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 47 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Qapanlı kəndi ərazisindən 4.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN-505 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İddiaçı onlardan ayrı yaşadığı üçün torpaq sahəsinin naturada bölünməsini tələb etmişdir. Lakin iddiaçı payına düşən hissəni deyil, daha çox hissəni tələb etdiyi üçün razılığa gələ bilməmişlər. Hazırda torpaq sahəsindən payların ayrılması hər hansı məhdudiyyətin yaranmasına səbəb olmayacaqsa, iddiaçının payına düşən hissənin bölünməsinə razıdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclası zamanı iddianı qəbul edərək Cavabdeh3 ilə eyni məzmunlu izahat vermişlər.
12. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-371/2022 nömrəli qətnaməsi ilə (hakim T.Musayev) iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-371/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Cavabdehlər onun ailə üzvləridir. Şəmkir rayon AİK-nın xx.xx.1998ci il tarixli, 47 nömrəli qərarı ilə ona və cavabdehlərə Şəmkir rayonu, Qapanlı kəndi ərazisindən 4.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN- 505 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Lakin o, cavabdehlərdən ayrı yaşadığı üçün torpaq sahəsinin naturada ayrılmasında və paylarının müəyyən edilməsində razılığa gələ bilmirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı rədd edərkən mütəxəssis rəyinə istinad etmişdir. Həmin rəyi əsassız hesab edir. İş üzrə müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iş üzrə ekspertiza rəyi ilə razı olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-371/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ekspert rəyinə və iddiaçının torpaq sahəsindən ona aid payının ayrılmasına etirazlarının olmadığını bildirdilər və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
20. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, içtimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.
22. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 215. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
25. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
26. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
27. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
28. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
38. Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırılmamışdır.
43. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
44. İş materialları ilə müəyyən edilir ki, JN-505 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 nömrəli qərarı ilə X3, İddiaçı, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Şəmkir rayonu, Qapanlı kəndi ərazisində 4.41 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı öz payının naturada ayrılması ilə bağlı cavabdehlərlə qarşılıqlı razılığa gələ bilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
45. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8297 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, JN-505 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 4,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payının naturada ayrılması texniki cəhətdən mümkündür və torpaq sahəsinin yerin başlanğıcı şimal-qərb tərəfdən, sonu cənubi-qərb tərəfə doğru olmaqla 0,63 ha hissə təşkil edir. Göründüyü kimi, ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin naturada ayrılmasının mümkünülüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini əsaslı hesab edir və onu mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır.
46. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-371/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilsin. JN-505 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 4,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı naturada ayrılsın və torpaq sahəsinin yerin başlanğıcı şimal-qərb tərəfdən, sonu cənubi-qərb tərəfə doğru olmaqla 0,63 ha hissə müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat pul cavabdehlərdən müştərək qaydada alınaraq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: imza var Hakimlər: imzalar var
düzdür Hakim: Azər Bayramov