Məhkəmə qərarları › İş №2(104)-1578/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1578/2023

24.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1578/2023 24.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Qohumluq, ölüm və mirası qəbul etmə faktlarının müəyyən edilməsi, vərəsə tanınma və mirasa payın müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qohumluq, ölüm və mirası qəbul etmə faktlarının müəyyən edilməsi, vərəsə tanınma və mirasa payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(125)-2054/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ИЕ seriyalı 398263 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X26 30 iyun 1934-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Ə.İddiaçı atası İddiaçı Raqim oğlu, anası X18r.

2. AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxx 1969-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Cavabdeh atası X26, anası X5r.

3. 23 iyun 2022-ci il tarixli 713(492)/4 nömrəli arxiv arayışından görünür ki, Daşdəmir Əliyev1921-ci ildə anadan olmuşdur. Onun atası İddiaçı, anası Gülxar Əliyevadır.

4. 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 sentyabr 2022-ci il tarixli, 05/09İS/021034-22 nömrəli arayışdan görünür ki, X24 XX.XX.1903-cü ildə Gəncə şəhərində anadan olmuşdur. G.T.Əliyevanın ailə tərkibi xx.xx.1921-ci ildə anadan olmuş və xx.xx.1980-ci ildə ölmüş X2, xx.xx.1928-ci ildə anadan olmuş və xx.xx.1977-ci ildə ölmüş X10, xx.xx.1934-cü ildə anadan olmuş və xx.xx.2008-ci ildə ölmüş X13 ibarət olmuşdur.

5. Gəncə şəhər Qeydiyyat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli 3031 nömrəli arayışından görünür ki, avtomatlaşdırılmış informasiya və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X11 ölümü haqqında akt qeydi aşkar olunmamışdır.

6. 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli 05/09İS/062105-23 nömrəli arayışdan görünür ki, X25 XX.XX.1928ci ildə Gəncə şəhərində anadan olmuşdur və ailə tərkibinə dair məlumat aşkar olunmamışdır.

7. 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 05/09İS/061969-23 nömrəli arayışdan görünür ki, X26 xx.xx.1934-cü ildə Gəncə şəhərində anadan olmuşdur və ailə tərkibi xx.xx.1969-cu ildə anadan olmuş Cavabdeh ibarət olmuşdur.

8. 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 05/09İS/062101-23 nömrəli arayışdan görünür ki, X14 xx.xx.1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur və ailə tərkibi xx.xx.1965-ci ildə anadan olmuş İddiaçı ibarət olmuşdur.

9. 19 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası X29 filialı tərəfindən verilmiş arayışdan görünür ki, X29 filialında mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X1 Qeydiyyatı Şöbəsi arxiv fondlarının 1929-cu il üzrə doğum, 1936-1945-ci illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X11 doğum qeydi aşkar olunmamışdır.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Əliyev X3 adına Kirovabad şəhəri, Krasnıy Raşbar küçəsi, 68 saylı fərdi yaşayış evinin yerləşdiyi 217 kvadrat metr torpaq sahəsinə dair xx.xx.1942-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri Stalin rayon 1-ci dairə xalq məhkəməsinin xx.xx.1948-ci il tarixli qətnaməsinə əsasən bu mülk Əliyev X3 adından X15, İddiaçı, X16, X19 və X11 adlarına keçmişdir. X15 1/5 pay, X4 1/5 pay, X16 1/5 pay, X19 1/5 pay, X11 1/5 pay adlarına ünvanı ünvan 1ə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 25) bu fərdi yaşayış evinə (0,0217 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 81 kvadrat metr beş yaşayış otaqları, 58,1 kvadrat metr köməkçi sahə, 136,6 kvadrat metr y/zirzəmi) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

11. İİ-ЖГ seriyalı 276394 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1980-ci ildə ölmüşdür. İşdə olan 05 iyul 2022ci il tarixli 05/Q-664/70 nömrəli arayışdan görünür ki, X25 21 iyul 1977-ci ildə ölmüşdür.

12. 13 sentyabr 2022-ci il tarixli 05/09İS/021052-22 nömrəli arayışdan görünür ki, X25 xx.xx.1977-ci ildə ölmüşdür.

13. AZ-İİ seriyalı 226659 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 29 dekabr 1978-ci ildə ölmüşdür.

14. AZ-İİ seriyalı 226657 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 31 iyul 2008-ci ildə ölmüşdür.

15. AZ-İ seriyalı 196210 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. İddiaçı anası X6r. Lakin İddiaçı ata adı qrafasında heç kimin adı qeyd olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Cavabdeh qarşı qohumluq, ölüm və mirası qəbul etmə faktlarının müəyyən edilməsi, vərəsə tanınma və mirasa payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, X24 ilə X11 ana-bala olmaları faktının, X11 1966-cı ildə ölməsi faktının, X15 X7 və X10 mirası qəbul etməsi, iddiaçının atası X4 anası X12 mirası qəbul etməsi faktının müəyyən edilməsi, iddiaçının X4 vərəsəsi tanınması, ünvan 2 ünvanda 0,0217 hektar torpaq sahəsində yerləşən 139,1 kvadrat metr sahəli evin ½ hissəsinin mülkiyyət hüququnun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda 0,0217 hektar torpaq sahəsində yerləşən 139,1 kvadrat metr sahəli ev mülkiyyət hüququ ilə 1/5 paylarla ata tərəfdən iddiaçının nənəsi X20, iddiaçının atası X8, iddiaçının əmisi X22, iddiaçının əmisi X21 və iddiaçının əmisi X17 məxsusdur. Mülkiyyətçilərdən Qənbər 1966-cı ildə ölmüş, lakin ölüm qeydi aparılmamışdır. İddiaçının əmisi Məhər 21 iyul 1977-ci ildə, iddiaçının nənəsi Gülxar 28 dekabr 1978-ci ildə, iddiaçının əmisi Daşdəmir 23 avqust 1980-ci ildə, iddiaçının atası Əvəz 29 iyu 2008-ci ildə ölmüşdür. Həmin şəxslərin ölüm və doğum qeydləri vardır. İddiaçının əmiləri Qənbər və Məhər öldüksən sonra həmin şəxslərin payları həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən yeganə qanun üzrə 1-ci növbə vərəsə kimi iddiaçının nənəsi Gülxara qalmış və onların payların sahib olub, həmin mülkü idarə etmiş, yəni mirası faktiki qəbul etmişdir. İddiaçının nənəsi 28 dekabr 1978-ci ildə öldükdən sonra isə onun 3 payı qanun üzrə birinci növbə vərəsələri olan iddiaçının atası Daşdəmirə və əmisi Əvəzə qalmışdır. İddiaçının atası Daşdəmir 23 avqust 1980-ci ildə öldükdən sonra isə onun qanun üzrə birinci növbə vərəsəsi kimi iddiaçı qalmışdır. İddiaçı mirası faktiki qəbul etmiş və həmin mülkdə yaşamışdır. İddiaçının əmisi Əvəzin 29 iyul 2008-ci il tarixdə ölümündən sonra həmin şəxsdən qalan mirası oğlu Cavabdeh qəbul etmişdir. Beləliklə, ünvan 3 ünvanda 0,0217 hektar torpaq sahəsində yerləşən 139,1 kvadrat metr sahəli evin yarısı iddiaçıya, digər yarısı isə Cavabdeh məxsusdur. Miras mülkdən iddiaçıya düşən payı ona görə notariatda adına keçirə bilmir ki, Cavabdehlə iddiaçı arasında mübahisə vardır, ikinci isə əmisi Qənbər Əliyevin doğum və ölüm qeydləri yoxdur. Bununla əlaqədar iddiaçıya məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Həmin səbəblərdən də iddiaçı ölüm, qohumluq və mirası qəbul etmə faktlarının müəyyən edilməsinə, cavabdehlə mübahisənin həll edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(125)-2054/2023 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev), iddianın təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1, 46.2 və 46.3-cü maddələrinə, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 106.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(125)-2054/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, yaşadığı ev (Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 1-ci dalan, ev 3) məhkəmə qərarına əsasən bərabər paylarla nənəsi X20 və onun 4 övladına, yəni atası X8, əmiləri Qənbər, Əvəz və Məhər Hüseyn uşaqları Əliyevlərə məxsus olmuşdur. Mülkiyyətçilərdən əmisi Qənbər 1966-cı ildə, əmisi Məhər xx.xx.1977-ci ildə öləndən sonra onların mülkdəki cəmi 2 payı yeganə vərəsə olan nənəsi Gülxara keçmişdir. Nənəsi xx.xx.1978-ci il tarixdə öləndən sonra isə onun 3 (1+2) payı bərabər olaraq əmisi Əvəzə və atası Daşdəmirə qalmışdır, yəni onların hər birinin mülkün yarısına hüquqları olmuşdur. Bu gün onların balalarının, yəni onun və əmisi oğlu atası Daşdəmir xx.xx.1980-ci il tarixdə öləndən sonra onun payı qanun üzrə vərəsə kimi ona, əmisi Əvəz xx.xx.2008-ci il tarixdə öləndən sonra onun payı qanun üzrə vərəsə kimi oğlu Ceyhuna qalmışdır. Cavabdehlə mülk mübahisəmi həll etmək üçün bir neçə hüquq faktının müəyyən edilməsinə ehtiyac yaranmışdır. Belə ki, onun doğum haqqında şəhadətnamədə ata qrafası boşdur, mirası nənəsi Gülxara qoymuş əmisi Qənbər Əliyevin doğum və ölüm qeydləri isə yoxdur. Odur ki, vərəsə tanınmağımla yanaşı əmisi Qənbərin ölməsi, nənəsilə ana-bala (qohumluq) münasibətində olması, nənəsinin ondan və digər oğlu Məhərdən mirası qəbul etməsi faktlarının, habelə atası Daşdəmirin nənəsi Gülxardan mirası qəbul etməsi faktının və onun Daşdəmirin oğlu olmağımı (qohumluq) faktının müəyyən edilməsinə ehtiyac yaranmışdır. Lakin, məhkəmə iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə yanlış nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 24.İş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.

26. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

27. Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

«S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarı

28. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarı

29. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, hazırki tələbində iddiaçı X24 ilə X11 ana-bala olmaları faktının, X11 1966cı ildə ölməsi faktının, X15 X7 və X10 mirası qəbul etməsi, iddiaçının atası X4 anası X12 mirası qəbul etməsi faktının müəyyən edilməsi, iddiaçının X4 vərəsəsi tanınması, ünvan 2 ünvanda 0,0217 hektar torpaq sahəsində yerləşən 139,1 kvadrat metr sahəli evin ½ hissəsinin mülkiyyət hüququnun ona verilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda 0,0217 hektar torpaq sahəsində yerləşən 139,1 kvadrat metr sahəli evin yarısı iddiaçıya, digər yarısı isə Cavabdeh məxsusdur. Miras mülkdən iddiaçıya düşən payı ona görə notariatda adına keçirə bilmir ki, Cavabdehlə iddiaçı arasında mübahisə vardır, ikinci isə əmisi Qənbər Əliyevin doğum və ölüm qeydləri yoxdur.

45. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

46. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

47. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

48. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

49. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda İddiaçı nənəsinə (atasının anasına) və əmisinə (atasının qardaşlarına) münasibətdə qohumluq və həmin şəxslərin miras əmlakı qəbul etmə faktının, habelə miras əmlakda payın müəyyən olunmasını xahiş etmişdir. Buna görə də ilk növbədə iddiaçının iddiaya subyektiv hüququnun yoxlanılması üçün onun atasının adı, soyadı və ata adı araşdırılmalıdır. Bununla əlaqədar birinci instansiya məhkəməsinə sübut qismində təqdim olunmuş AZ-İ seriyalı 196210 nömrəli doğum haqqında şəhadətnamə tədqiq olunmuş və İddiaçı ata adı qrafasının boş olduğu müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd yazılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Belə olan halda isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(125)-2054/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar