Məhkəmə qərarları › İş №2(104)-1588/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1588/2025

13.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1588/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2408/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar X12, X7, X13 və X8 Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddiaçılar X9, X4, X10 və X5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, qarşılıqlı iddianın icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1984-cü ildə Ermənistanın Vardenis rayonunda anadan olmuş, 1988-ci ildə qaçqın düşərək ailəsilə birlikdə Şəmkir rayonu, Çənlibel kəndində məskunlaşmış, ilkin iddiaçıların anası X2 onun babasının qonşusu olmuşdur. Mərhum X1 yaşadığı torpaq sahəsini valideyilərilə razılaşaraq onlara köhnə pul vahidi ilə ******* (üç milyon beş yüz min) manata (yəni 350 şirvana) satmış, lakin həmin vaxt torpağın sənədləri hazır olmadığı üçün notariat kontorunda alıq-satqı müqaviləsini rəsimləşdirilməsi mümkün olmamış, sonra xx.xx.2000-ci ildə Zənfurə Musayeva vəfat etmişdir. O, 2003-cü ildə ailə qurduqdan sonra ailəsilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 otaqlı evə köçüb yaşamışlar. Sonra evin kommunal yəni qaz, işıq su və telefon xətlərini çəkdirmiş və öz adına qeydə aldırmışdır. Yaşadığı müddətdə evi yenidən təmir etdirib evin dam örtüyünü yeniləmiş, iki otaq əlavə inşa etdirmiş, malqara üçün tövlə, həmçinin hamam və tualet inşa etdirmiş, həyatyanı torpaq sahəsində meyvə ağacları əkmişdir. 2003-cü ildən hazırkı vaxtdadək evdə fasizləsiz və menəsiz yaşamış, ilkin iddiaçılar tərəfindən yaşadığı müddətdə ona qarşı heç bir narazılıq olmamışdır. Onun hazırda qeyd olunan evdən başqa yaşayış yeri yoxdur. Həmçinin yaşadığı müddətdə torpağa görə kənd bələdiyyəsinə vergilər ödəmişdir. Onun valideyinləri X2na məxsus evin alqı-satqısı üzrə üzərlərinə düşən vəzifəni, yəni evin pulunu verib evi təhvil almaqla öhdəliyini yerinə yetirmişlər. X2 isə müqaviləni qismən icra edərək evi onlara təhvil vermiş, evin pulunu qəbul etmiş, lakin vəfat etməsi ilə əlaqədar olaraq özündən asılı olmayan səbəblərə görə valideyinlərilə notariat kontorundan alqısatqı müqaviləsi bağlanmamışdır. Hazırda X2nın vərəsləri isə alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdıqlarına görə müqavilə məhkəmə tərəfindən bağlanmış hesab edilməlidir. Qeyd edir ki, o 20 ildən artıq müddətdir ki, ilkin iddiaçıların iddia etdikləri evdə yaşayır. İlkin iddiaçılar tərəfindən 20 il müddətində ona qarşı heç bir narazılıq olmamışdır. İlkin iddiaçıların X2 tərəfindən torpağın onun valideyinlərinə satılması barədə məlumatları olmuşdur və bu günkü tarixədək heç bir etiraz etməmişlər. O, 20 ildən artıqdır həmin evdə ailəsilə yaşamış, həmin evin komunal xərclərini (işıq, qaz, telefon, su və torpaq pulu) ödəmiş və torpaq sahəsində əkin işləri aparmışdır. Göründüyü kimi onun həmin torpaq sahəsində mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da o həmin torpaq sahəsini 20 ildən artıqdır ki, istifadə və sahiblik etmiş, ilkin iddiaçlar bunu bilmiş və heç bir etiraz etməmişlər. Buda onu göstərir ki, ilkin iddiaçıların bu günkü tarixədək susmaları və heç bir etiraz etməmələri X2 ilə bağlanmış alqı-satqı müqaviləsinin onlar tərəfindən məlumatları olmuş və müqaviləni bəyənmişlər. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2408/2025 nömrəli qərardadı ilə (hakim N.Heydərova) qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və qarşılıqlı iddia tələbinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətin məzmunu qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2408/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 397.2ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. MPM-nin qarşılıqlı iddianın qəbul edilməsi şərtlərindən bəhs edən 156-cı maddəsinə əsasən, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia ərizəsi ilə qarşılıqlı iddia ərizəsi üzrə tələb eyni predmet – Şəmkir rayonu Çənlibel kəndində yerləşən 0.23 ha həyətyanı torpaq və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı olsa da, tələblər xarakterinə görə oxşar deyildir. Belə ki, iddia ərizəsi ilə mübahisəli torpaq sahəsində ölçmə işlərinin aparılması üçün cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələb olunsa da, qarşılıqlı iddia ərizəsi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə əlaqədardır. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş şərt, yəni «qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsi» barədə şərt qarşılıqlı iddianın qəbul edilməsinin ümumi şərtidir. Yəni, qarşılıqlı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqənin olması həm MPM-in 156.1.1-ci və 156.1.2-ci maddələrində göstərilən şərtlərlə qəbul edilən qarşılıqlı iddialar üçün, həm də bu maddələrdə göstərilməyən şərtlərlə verilən qarşılıqlı iddialar üçün xarakteriklidir. Bütün hallarda qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması onlara birlikdə daha tez və düzgün baxılmasını şərtləndirir. Xüsusilə nəzərə almaq lazımdır ki, MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş şərt qarşılıqlı iddianın qəbul edilməsinin müstəqil əsaslarından biridir. Bu, onunla əlaqədardır ki, MPM-in 156.1.1-ci və 156.1.2-ci maddələrində göstərilmiş konkret şərtlər qarşılıqlı iddianın bütün cəhətlərini heç də tam xarakteriza etmir. Qarşılıqlı iddialar ilk iddia ilə qarşılıqlı əlaqədə olduğu və onlara birlikdə baxılması işlərə daha tez və düzgün baxılması ilə nəticələndiyi üçün qəbul edilə və mahiyyəti üzrə baxıla bilər. Burada diqqət yetirilməli olan hallardan biri - iddia tələblərinin eyni maddi obyektə yönəldilmiş olmasıdır. Qarşılıqlı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqənin olması müəyyən olunarkən onların əsaslarının oxşarlığı və ya ümumiliyi, predmetlərinin eyni növlü olması və.s kimi hallar nəzərə alınmalı və ilk iddia ilə qarşılıqlı iddia arasında əlaqə müəyyən edildikdən sonra onlara birlikdə baxılmasının məqsədəuyğun olması haqqında məsələ həll edilməlidir. Bir-biri ilə əlaqəli olan işlərə bir icraatda baxılma qaydası ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ilkin və qarşılıqlı iddia tələbləri arasında qarşılıqlı əlaqə yoxdur. Belə ki, mülkiyyət hüququ ilə bağlı mübahisələrlə müqavilə münasibətləri oxşarlıq təşkil etmədiyindən birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi ilə bağlı qənaəti düzgün olmuşdur. Bununla yanaşı mülki-prosessual qanunvericilikdə sözügedən iddia tələblərinə baxılmasının prosessual müddətləri müxtəlif qaydada müəyyən edilməklə onlara birlikdə baxılması mübahisələrin daha tez və düzgün baxılması ilə nəticələnməyəcəkdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət verərək qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 155-156, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2408/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir və ondan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar