Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-160/2024 11.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Faxrəddin oğlu, Cavabdeh2 Faxrəddin qızı, Cavabdeh3 Faxrəddin qızı və Cavabdeh4 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyən olunması, vərəsəlik və mülkiyyət hüququnun tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh3 Faxrəddin oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Faxrəddin oğlu, Cavabdeh2 Faxrəddin qızı, Cavabdeh3 Faxrəddin qızı və Cavabdeh4 qarşı hüquqi əhəmiyyətli faktın müəyən olunması, vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 2(044)- 724/2018 nömrəli qətnaməsindən Cavabdeh3 Faxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında 29 may 1958-ci il tarixli İ-İE seriyalı 480935 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1954-cü il tarixdə anadan olmuş, atası X9, anası X3r.
2. Gəncə şəhər qeydiyyat şöbəsinin 07 mart 2024-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh1 Faxrəddin oğlu 19 aprel 1957-ci il tarixdə, X1 29 avqust 1959-cu il tarixdə, X7 25 avqust 1961-ci il tarixdə, X4 12 sentyabr 1963-cü il tarixdə, Cavabdeh3 Faxrəddin oğlu 01 noyabr 1967-ci il tarixdə anadan olmuşlar, atası X9, anası X3r.
3. Ölüm haqqında 10 yanvar 1992-ci il tarixli İV-JQ seriyalı 287844 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 10 yanvar 1992-ci il tarixdə vəfat etmişdir.
4. Ölüm haqqında 27 may 2014-cü il tarixli AZ-İ seriyalı 676239 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 24 may 2014-cü il tarixdə vəfat etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 06 mart 2018-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Nizami rayonu Nəvai küçəsi 1-ci döngə 12 nömrəli evə dair Kirovabad şəhər X16 İcraiyyə Komitəsi ilə X9 arasında fərdi yaşayış evinin tikilməsi barədə Kirovabad şəhər notariat kontorunda 12 iyul 1960-cı il tarixli 10-1674 reyestr nömrəli müqavilə bağlanmışdır. 25 may 1987-ci il tarixli inventarlaşdırma zamanı bu mülkə dair texniki pasport X5 adına işlənmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 Faxrəddin oğlu, Cavabdeh2 Faxrəddin qızı, Cavabdeh3 Faxrəddin qızı və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, atası X5 1992-ci ildə, anası X6 isə 2014-cü ildə ölümündən sonra qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, əmlaka 1/3 hissə vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nəvai küçəsi 1-ci döngə ev 12 mərhum X5 adına qeydə alınmışdır. X9 ilə X8 1983-cü ildə ailə qurmuşlar və birgə nikahlarından xx xxxxxx 1954-cü il tarixdə İddiaçı, 19 aprel 1957-ci il tarixdə Cavabdeh1 Faxrəddin oğlu, 29 avqust 1959-cu il tarixdə X1, 25 avqust 1961-ci il tarixdə X7, 12 sentyabr 1963-cü il tarixdə X4, və 01 noyabr 1967ci il tarixdə Cavabdeh3 Faxrəddin oğlu anadan olmuşlar. İddiaçı və qardaşı Zaur ailəsi ilə birlikdə ata mülkində yaşamışlar. Bacıları Məhəbbət 1981-ci ildə, Mətanət isə 1985-ci ildə ailə qurmuşlar və ata mülkünü tərk etmişlər. Qardaşı Fizuli Bakı şəhərində yaşamış və miras əmlaka heç bir əlaqəsi olmamışdır. Digər qardaşı xəqani Rusiya Federasiyasının Talyati şəhərində ali təhsil aldıqdan sonra elə orada qalmış və 27 iyun 2015-ci il tarixdə vəfat etmişdir. X17 və anası Nəsibə Həsənovanın vəfatından sonra miras əmlakda o və qardaşı Cavabdeh3 yaşamışlar.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Gəncə şəhəri Nəvai küçəsi 1-ci döngə 12 nömrəli evə dair 1/6 payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 2(044)- 724/2018 nömrəli (hakim A.Eyvazov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Gəncə şəhəri Nəvai küçəsi 1-ci döngə 12 nömrəli evə 1/6 pay hüququ müəyyən edilməsi qət olunmuşdur.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1243, 1252, 1255 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 307.1, 307.2,9, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh3 Faxrəddin oğlu qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin olunmaması və miras əmlaka dair tam payının müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı onun vərəsə olmasını və miras əmlakı qəbul etməsini məhkəmədən gizlətmişdir. Halbu ki, miras əmlakı fakti olaraq o qəbul etmiş və ailəsi ilə birlikdə yaşamış, iddiaçı isə mirası qəbul etməmiş və tələbinin əsaslı olmasına dair sübut təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Faxrəddin oğlunun etibarnamə üzrə nümayəndəsi, vəkili X19 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını, miras əmlaka tam payının tanınması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
17. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
18. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
20. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
21. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
22. Maddə 1162 Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
23. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
29. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Hazırkı işin hallarından müəyyən olunur ki, X9 ilə X2 birgə nikahından xx xxxxxx 1954-cü il tarixdə Nizami, 19 aprel 1957-ci il tarixdə Fizuli, 29 avqust 1959cu il tarixdə Məhəbbət, 25 avqust 1961-ci il tarixdə Xəqani, 12 sentyabr 1963-cü il tarixdə Mətanət və 01 noyabr 1967-ci il tarixdə Zaur anadan olmuşlar. Gəncə şəhəri Nizami rayonu Nəvai küçəsi 1-ci döngə 12 nömrəli fərdi yaşayış evievə dair Kirovabad şəhər X16 İcraiyyə Komitəsi ilə X9 arasında fərdi yaşayış evinin tikilməsi barədə Kirovabad şəhər notariat kontorunda 12 iyul 1960-cı il tarixli 10-1674 reyestr nömrəli müqavilə bağlanmışdır. 25 may 1987-ci il tarixli inventarlaşdırma zamanı həmin əmlaka dair texniki pasport X5 adına işlənmişdir. X9 10 yanvar 1992-ci il tarixdə, X10 isə 24 may 2014-cü il tarixdə vəfat etmişdir. Vərəsələrdən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək 1/6 hissədə payının müəyyən olunmasını xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi də miras əmlakda onun payını 1/6 hissə müəyyən etmişdir.
36. Kollegiya hesab edir ki, miras əmlakda iddiaçının payını 1/6 hissədə müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, Cavabdeh3 mirasın yalnız onun tərəfindən qəbul edilməsini qeyd etsədə, lakin onun bu dəlili sübut olunmur, eləcədəbu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. X14 Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil edir.
38. Yuxarıda da qeyd olunduğu kimi miras qoyanın birinci növbə vərəsələri altı nəfərdir. İddiaçıya mirasdan 1/6 hissə pay müəyyən edilmişdir. İşin 165-ci vərəqində olan 03 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan da müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 1-ci döngə. ev 12 hal hazırda 1/6 hissədə İddiaçı, 5/6 hissə isə X5, yəni miras qoyanın adında qalmışdır. Göründüyü kimi digər vərəsələrə çatası pay miras qoyanın adında qalmışdır. Mirasın yalnız Cavabdeh3 tərəfindən qəbul edilməsi sübut olunmadığından digər vərəsələr 5/6 hissə mirasda hər birinə çatası payla bağlı notariat orqanına, mübahisə olduqda isə məhkəməyə müraciət edə bilərlər.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh3 Faxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 2(044)- 724/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.