Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1602/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Goranboy Rayon Məhkəməsinin 2(045)-882/2023 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-882/2023 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş iddiaçıya geri qaytarılmışdır. İddiaçı 05 may 2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsinin 14 aprel 2023cü il tarixli, 2(045)-882/2023 nömrəli qərardadının ləğv edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh oğlu ilə evləndikdən sonra ona məxsus olan Goranboy rayonu, Azad kəndində yerləşən evə gəlin köçmüşdür. Bir müddətdan sonra cavabdehlə oğlu arasında olan nikah pozulmuşdur. Lakin, cavabdeh oğlu ilə ayrıldıqdan sonra onun cehiz əşyaları ona məxsus yaşayış evində qalmışdır. Cavabdeh cehiz əşyalarını həmin evdən könüllü şəkildə çıxarmaq istəmir. Goranboy Rayon Məhkəməsinin 2(045)-882/2023 saylı mülki iş üzrə 08 may 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının 13 iyun 2023-cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, şikayət təmin edilməli və Goranboy Rayon Məhkəməsinin 2(045)-882/2023 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 08 may 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh Kəlbəcər rayonu, Cəmilli kəndində qeydiyyatdadır. Buna görə də ərazi aidiyyatı Goranboy Rayon Məhkəməsinə aid deyildir. Məhkəmə hesab etmişdir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razlığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Rеspublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki mülki işin materialları ilə müəyyən edilir ki, Cavabdeh Kəlbəcər rayonu, Cəmilli kəndində qeydiyyatdadır. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ona məxsus olan Goranboy rayonu, Azad kəndində yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsində və şikayətində cavabdehin həmin əşyaları könüllü şəkildə çıxarmadığından mülkiyyət hüququnun pozulduğunu qeyd etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Goranboy rayonu, Azad kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi Goranbyoy rayonu ərazisində yerləşir. Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Kollegiya göstərir ki, irəli sürülən tələb müstəsna aidiyyat qaydasında baxılmalı olan tələbdir və həmin tələbə fərdi yaşayış evinin olduğu yerə görə, yəni Goranboy Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi iddiaçı düzgün olaraq həmin iddia ərizəsi ilə daşınmaz əmlakın olduğu yer üzrə Goranboy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyaсы məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 2(045)- 882/2023 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 08 may 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-882/2023 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 08 may 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1602/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1602/2023
04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver