Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1602/2025 20.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qərardadlarından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ondan aldığı 8000 manat borcunun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər münasibətləri olmuş və birlikdə alver etmişlər. Cavabdeh toylar üçün heyvan kəsib satacağını bildirmiş, qazancından ona da verəcəyini bildirmiş, ona görə də ondan köməklik etməyini xahiş etmişdir. O isə cavabdehə 2023-cü ilin dekabr ayında 3000 manat pul, 2024-cü ilin noyabr ayında isə 5000 manat pul vermişdir. Cavabdeh həmin pulları tezliklə qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. Əslində aralarında olan razılığa əsasən, cavabdeh 2024-cü ilin noyabr ayının sonunda pulu qaytaracağını bildirmiş, lakin dəfələrlə pulu tələb etsə də, cavabdeh pulu qaytarmamış, ziyan etdiyini bildirmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qiyabi qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddia təmin edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə və sübutlar təqdim edə bilmədiyini bildirmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qərardadı ilə xx.xx.2025-ci il tarixli qiyabi qətnamə ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddia təmin olunmuş, Cavabdeh 8000 manat pul və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qətnaməsi ona şifahi müraciətindən sonra qəbz əsasında xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, Cavabdeh apellyasiya şikayətində qətnamənin alınma tarixini qeyd etməsə də, Elektron Məhkəmə sistemi üzərindən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Həmin qətnamə elektron kabinetə xx.xx.2025-ci il tarixində yerləşdirilmiş, cavabdeh və onun vəkili isə şikayət vermə müddətini ötürərək xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti vermişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qərardadından cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)412/2025 saylı qətnaməsindən verilən apellyasiya şikayəti üzrə ötürülmüş müddətin üzürlü hesab edilərək şikayətvermə müddətinin bərpa edilərək apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli əlavə qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməmiş və müddətin bərpasından imtina edilmişdir. Qərardadda qeyd edilmişdir ki, Cavabdeh apelyasiya şikayətində qətnamənin alınma tarixini qeyd etməsə də, Elektron Məhkəmə sistemi üzərindən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Həmin qətnamə elektron kabinetə xx.xx.2025-ci il tarixində yerləşdirilmiş, cavabdeh və onun vəkili isə şikayət vermə müddətini ötürərək xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti vermişlər. Şikayət vermə müddətinin üzrlü hesab edilərək bərpa edilməsini onunla əsaslandırmışdır ki, qətnamə xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən alınmışdır. Məhkəmə hesab edir ki, bu hal buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, apelyasiya şikayətinin özündən də görünür ki, şikayəti həm Vəkil, həm də Cavabdeh tərəfindən imzalanmışdır. Elektron sistemdə Vəkil elektron kabineti olmaqla, iş üzrə tərəf kimi məhkəmə prosesində iştirak etmişdir. Həmin qətnamə elektron kabinetə xx.xx.2025-ci il tarixində yerləşdirildiyindən tərəf qətnaməni almış hesab edilir və qanunla müəyyən olunmuş şikayət vermə müddəti ötdükdən sonra şikayət verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-412/2025 nömrəli, xx.xx.2025-ci i tarixli qərardadı və xx.xx.2025-ci il tarixli əlavə qərardadı əsaslı hesab edilmiş, Cavabdeh xx.xx.2025-ci i tarixli və xx.xx.2025-ci il tarixli qərardadların ləğv edilməsinə dair şikayəti təmin edilməmiş, şikayət baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 1602/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq mülki işə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, tərəflər məhkəməyə etiraz və ya izahatlar təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadları ləğv edilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qərardadından şikayət verilmiş, Məhkəmənin xx.xx.2025-ci il tarixli əlavə qərardadı ilə prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi, eyni tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadlarından verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlk öncə məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında 18 iyul 2025-ci il tarixli qərardaddan şikayət xx.xx.2025-ci il tarixdə daxil olmuş, məhkəmə tərəfindən şikayətə baxılması qeyd edilsə də həmin tarixdə ümumiyyətlə xx.xx.2025-ci il tarixli əlavə qərardaddan şikayət daxil olmamışdır. Halbuki məhkəmə verilmiş şikayətə baxmaq əvəzinə əlavə qərardad qəbul etmiş, xx.xx.2025-ci il tarixli qərardadından şikayət daxil olmadığı təqdirdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Odur ki, qeyd olunan məsələlərə, həmçinin Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən şikayət vermə müddətinin ötürülübötürülməməsi, ötürüldüyü təqdirdə üzrlü səbəbdən olub-olmamasına hüquqi qiymət verilməsi zəruridir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Lakin, baxılan işin materialları ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qətnaməsinin nə Cavabdeh, nə də cavabdehin nümayəndəsi Vəkil çatdırılmasını təsdiq edən hər hansı rəsmi sənəd müəyyən edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadlarında xx.xx.2025-ci il tarixli qətnamənin cavabdehin vəkilinə məxsus elektron kabinetə yerləşdirilməsi qeyd olunsa da, işin apellyasiya araşdırması nəticəsində məlum olmuşdur ki, həmin qətnamə cavabdehin vəkilinin elektron kabinetinə yerləşdirilməmişdir, cavabdehin elektron kabinetinin olmamasına rəğmən elektron sistemdə proses iştirakçısı qismində onun adı seçilmiş, qətnamənin təqdim edilməsinə dair məlumatı özündə əks etdirən məktub yanlışlıqla cavabdehin adı qeyd olunan hissəyə yüklənmiş, nəticədə elektron kabineti olmadığına görə cavabdeh və elektron kabinetinə yüklənmədiyinə görə cavabdehin vəkili qətnamədən xəbərdar olmamışlar. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarına əlavə edilən elektron sistemdən çıxarışlarla öz təsdiqini tapır. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. MPM-in 398.0. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2 qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qərardadı, xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli əlavə qərardadı və xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qərardadı ləğv edilsin. Mülki iş Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-412/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2(104)-1602/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1602/2025
20.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver