Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1612/2025 19.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı “X4” Publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4” Publik hüquqi şəxsinin Cavabdeh qarşı əmlakların natura şəklində qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)1118/2024 saylı qətnaməsindən iddiaçı “X4” Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X4” publik hüquqi şəxsi iddia ərizəsi ilə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 1 dekabr 2022-ci il tarixli 2022/ÖM/14536 müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN : xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-3.5 yaş aralığında sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 1 dekabr 2022-ci il tarixində 2022/ÖM/14536 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 1 dekabr 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 24 yanvar tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 20 baş qoyun və 1 baş qoç aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-N-28614/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edir ki, qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 2-3.5 yaş aralığında 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)1118/2024 saylı qətnaməsi ilə (hakim N.Abbasov) iddiaçı “X4” Publik hüquqi şəxsinin Cavabdeh qarşı əmlakların natura şəklində qaytarılması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “X4” Publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin e-2(015)-1118/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)1118/2024 saylı qətnaməsi ləğv edilməli, tələb mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respubilkası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il 18 aprel tarixli, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi” barədə qərardadında qeyd olunmuşdur ki, “inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə: 1.müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; 2.müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; 3.müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; 4.müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; 5.müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. aid edilə bilər. Göründüyü kimi inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyəttabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir”. Beləliklə, iş materiallarından göründüyü kimi, bağlanmış müqavilənin predmeti və məqsədi dövlətin məşğulluq siyasətini həyata keçirmək, ictimai faydaya yönəlmiş fəaliyyətin dəstəklənməsini təmin etməkdir. Mübahisənin predmeti isə həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsinə dair inzibati akt xarakterli qərar və nəticələrlə bağlıdır. Bu baxımdan, mübahisənin predmeti inzibati hüquqi xarakter daşıyır və aidiyyəti inzibati məhkəmələrə aiddir. Qeyd edilənlərə əsasən müəyyən ediir ki, Rayon Məhkəməsi iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da prosessual hüquq normalarını pozmuşdur – səlahiyyətinə aid olmayan işə baxmışdır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin: 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)1118/2024 saylı qətnaməsi ləğv edilməli, hazırkı iddiaya iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 385.1.1, 391, 403.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)1118/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X4” publik hüquqi şəxsin Cavabdeh qarşı “özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində qaytarılması” tələbinə dair iddiası mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, müvafiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan rəsmi təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1612/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1612/2025
19.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver