Məhkəmə qərarları › İş №2(104)-1613/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1613/2024

07.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1613/2024 07.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (əri) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-738/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh dərman içərək özünü öldürməyə cəhd etməsi faktı üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iddiaçının arvadı X10 izahatından görünür ki, borc pul onun tərəfindən Cavabdeh verilmişdir. Hazırda da Cavabdeh ona hər hansı pul borcu qalmamışdır. Belə ki, Cavabdeh borcun bir hissəsini qaytarmış, qalan hissəni isə o Samirəyə güzəşt etmişdir. Bir sözlə Cavabdeh ona borcu yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 37000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 201 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi həmkəndlisi kimi tanımışdır. Onunla yaxın tanışlığı qaynı X9 ilə cavabdehin qızının nişanlı olmaları üzrə olmuşdur. Yaranan qohumluq münasibətlərinə görə cavabdeh onun pulunun olmasını bilmiş və ona bildirmişdir ki, borca pul lazımdır. Yeni yaranmış qohumluq münasibətlərinə görə ona inanıb 2021-ci ilin avqust ayında 37000 manat borca pul vermişdir. Cavabdehə borc kimi verdiyin pulun 10000 manat hissəsini X1 almışdır. Cavabdeh onun borc verdiyi pulu qaytarmadığı üçün o da, adını çəkdiyi şəxsdən borc aldığı pulu qaytara bilməmişdir. Bu səbəbdən X3 pul tələbinə dair iddia ilə ona qarşı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında iddia təmin edilmişdir. O, cavabdehdən verdiyi 37000 manat pulu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə ondan polisə əsassız şikayətlər edir. Pulunu ala bilmədiyi üçün məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-738/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev), iddianın təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 329.2, 329.3, 739 və 740.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-738/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiası əsaslı və sübutlu olduğundan təmin olunmalıdır. Belə ki, o cavabdehə hissə-hissə olmaqla ümumilikdə 37000 manat pul vermiş və bu da iş materiallarında olan sübutlarla sübut olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, onun həyat yoldaşı Aygün Əliyeva, Cavabdeh 37.000 manat pulu hissə-hissə olmaqla vermişdir. Cavabdehə pul verilməsi barədə hər hansı yazılı müqavilə bağlamamışlar. Cavabdeh alver ilə məşğul olmuş və onlara bildirmişdir ki, əldə etdiyi qazancdan onlara da verəcəkdir. Bu səbəbdən cavabdehə borc pul vermişlər. Cavabdeh intihara cəhd etdiyi üçün Tovuz rayon Prokurorluğunda araşdırılma başlanmışdır. Həmin araşdırma üzrə arvadı Aygün cavabdehə pulu onun verməsini göstərsə də, bu belə deyildir. Pulu bir yerdə vermişlər. Onu da qeyd edir ki, arvadı Aygünün prokurorluqdakı izahatında olan cavabdehə borc verdiyi pul məbləği ilə hazırda tələb etdiyi pul məbləği eynidir. Yəni onlar cavabdehə ayrı-ayrılıqda 37.000 manat pul vermişlər. Cavabdehə 37.000 manat pulu Aygün vermişdir. Aygünün prokurorluqdakı izahatında cavabdehin borcu qaytarması düzgün deyildir. Cavabdeh onlara 27.000 manat qaytarmış, borcdan 10.000 manat qalmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı ilə onların qohumluq münasibətləri olmuşdur. Belə ki, onların qızı ilə iddiaçının qaynı bir müddət nişanlı olmuş, daha sonra isə xasiyyətləri uyğunlaşmadığı üçün ayrılmışlar. Bundan sonra da elə aralarında mübahisələr yaranmağa başlamışdır. Arvadı Samirə iddiaçı Elnur Mizrəyevdən borc almamışdır. Onun arvadı ilə iddiaçının arvadı Aygün arasında borc münasibətləri olmuşdur. Hansı ki, bu münasibətlər borc deyil, sələm formasında olmuşdur. Çünki, iddiaçının arvadı sələm vermək ilə məşğuldur. Elə iddiaçının arvadı Aygün də onun arvadına 12-15 faiz aralığında faizə pul vermişdir. Hansı ki, Aygün başqa şəxslərə 15-20 faizlə sələm verməsinə baxmayaraq qohumluq münasibətlərini nəzərə alaraq onun arvadına bir nov faizdə güzəşt etmişdir. Ümumilikdə isə arvadı Samirə iddiaçının arvadı Aygündən 26000 manat borc almış və həmin məbləği artıqlaması ilə qaytarmışdır. Hansı ki, iddiaçı və ailəsinin təzyiqi ucbatından arvadı Samirə intihara cəhd etmişdir. Bu səbəbdən Tovuz rayon Prokurorluğunda araşdırılma başlamışdır. Həmin araşdırma üzrə cinayət işinin başlanması rədd edilsə də, iddiaçının arvadı Aygünün izahatı ilə hazırda borc kimi tələb olunan pulun onun tərəfindən Samirəyə verilməsi, habelə, həmin pulun artıqlaması ilə qaytarılması təsdiq edilmişdir. Həmin vaxt izahatında iddiaçının arvadı Aygün göstərmişdir ki, Samirənin ona heç bir verəcəyi qalmamışdır. Lakin bundan sonra onun əri tərəfindən əsassız olaraq iddia qaldırılmışdır. Hansı ki, iddiaçı tərəfindən onun arvadına borc pul verilməmişdir. Əgər iddiaçı onun arvadına borc vermişsə sübut etsin. Təkrarən göstərir ki, pulu arvadı Samirəyə verən iddiaçının arvadı Aygün olmuşdur. Həmin pul isə qaytarılmışdır. Bu Aygünü özünün izahatı ilə təsdiqini tapır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarı

19. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı

20. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

21. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

22. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-738/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh 37.000 manat borc pul verməsini, lakin cavabdehin borc kimi verdiyi pulu qaytarmamasını iddia edərək ondan həmin vəsaiti tələb edir.

40. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

41. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

42. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

44. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcud olmamışdır. Cavabdeh tərəf israrlı şəkildə bildirmişdir ki, borcla bağlı onunla iddiaçının arvadı arasında hüquq münsibətləri yaranmışdır. İddiaçı isə həmin halı belə izah etmişdir ki, pulu arvadı ilə bir yerdə vermişlər. Həmçinin göstərmişdir ki, prokurorluqda araşdırma zamanı arvadı Aygünün izahatında cavabdehə borc verməsini qeyd etdiyi pul məbləği ilə hazırki tələb etdiyi pul məbləği eynidir.

45. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

46. İşin halları araşdırıldıqda isə müəyyən edilir ki, İddiaçı Cavabdeh borc pulu istəməsinə dair subyektiv hüququ yoxdur.

47. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur.

48. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

49. Belə ki, iş materiallarında olan Cavabdeh intihara cəhd etməsi ilə bağlı aparılmış araşdırma Tovuz rayon Prokurorluğu tərəfindən təqdim olunan zaman iddiaçının arvadı X6 izahatından məlum olmuşdur ki, borc pul onun tərəfindən Cavabdeh verilmişdir. Hazırda da Cavabdeh ona hər hansı pul borcu qalmamışdır. Belə ki, Cavabdeh borcun bir hissəsini qaytarmış, qalan hissəni isə o Samirəyə güzəşt etmişdir. Bir sözlə Cavabdeh ona borcu yoxdur.

50. Eyni zamanda, həmin araşdırma üzrə Cavabdeh da izahatında pulu sələm olaraq X5 götürməsini və hamısını qaytarmasını bildirmişdir.

51. Göründüyü kimi, İddiaçı Cavabdeh borc pul verməmişdir. Hazırda onun tələb etdiyi pul arvadı Aygünün cavabdehə verdiyi, cavabdehin də onun arvadına qaytardığı pul vəsaitidir.

52. Bu baxımdan məhkəmə kollegiyası iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

53. Çünki, Azərbaycan Respublikasının MPM-in 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

54. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və s. əsaslanmış ola bilər. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də Azərbaycan Respublikasının MPMin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir.

55. Tərəflərin əsl tərəf olması məsələsi məhkəmə tərəfindən onların arasında yaranmış mübahisənin maddi-hüquqi əsasını təşkil edən hüquq normasının təhlili əsasında həll olunur. Əgər, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişsə, məhkəmə Azərbaycan Respublikasının MPM-in 54.1-ci maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçını əsl iddiaçı ilə əvəz edə bilər.

56. Baxılan işdə də birinci instansiya məhkəməsi iddiaçının hazırki iddia tələbi üzrə hüququ olmayan şəxs tərəfindən verilməsini müəyyən etmiş və iddiaçıya onun əsl iddiaçı ilə əvəz olunmasını təklif etmişdir.

57. Lakin, iddiaçı Elnur Mizrəyev iddiaçının əvəz olunmasına razı olmamış və məhkəmə işə baxaraq iddianı rədd etmişdir.

58. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Ona görə ki, MPM-nin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə əsaslı nəticəyə gəlmişdir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

61. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

64. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

65. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-738/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar