Məhkəmə qərarları › İş №2(104)-1617/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1617/2023

05.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1617/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(066)-523/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 01 iyun 2022-ci il tarixli, ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus evdə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuşdur.

2. “Azəriqaz” İB Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 dekabr 2022-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd kimi ARDNŞ-nin Azəriqaz İB qaz sayğacının yoxlanılması barədə MSK29/1710-04030-1 rəyinə əsasən hesablanma mexanizminin plastmas qapağının alt hissəsi deçici alətlə deşilmiş və sayğac istismara yararsızdır.

3. 25.01.2023-cü il tarixli Abonentin saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin dekabr ayının sonuna olan borcu 1555,20 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona yazılmış 1551,80 (bir min beş yüz əlli bir manat səksən qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Göygöl rayonu, Qızılqaya qəsəbəsində yaşayır. Cavabdeh tərəfindən iddiaçıya qanunsuz olaraq 1551.80 manat borc yazılmışdır. İddiaçının ünvanında olan sayğacın qeyd etdiyi qazdan istifadə ilə bağlı borc məbləğini iddiaçı daima vaxtlı-vaxtında ödəmişdir. 07 iyun 2022-ci il tarixdə iddiaçının evinə quraşdırılmış qaz sayğacının istismar müddətinin bitməsi ilə əlaqədar sayğac dəyişdirilmişdir. Həmin zaman sayğac sökülmüş və iddiaçı sayğacın sökülməsinə dair akta imza atmışdır. Həmin zaman sayğac sökülərkən heç bir müdaxilə aşkar edilməmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, guya ki, sayğaca müdaxilənin olduğu göstərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi sayğacın istismar müddətinin bitməsinə görə dəyişdirilmişdir. Əgər sayğac dəyişdirilərkən plastmas qapağın alt hissəsi deşici alətlə deşilmiş olsaydı, bu gözlə görünən olardı və bu barədə sayğac sökülərkən tərtib edilmiş aktda qeyd edilərdi. Bundan başqa, xx.xx.2022-ci il tarixli aktdan və dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən bəlli olmur ki, qapağın alt hissəsinin deşilməsi qaz itkisinə səbəb olurmu, və əgər təbii qazın itkisinə səbəb olursa, qapağın alt hissəsi sayğacdan keçən təbii qaz, yoxsa daxil olan təbii qazın itkisinə səbəb olur. Həmçinin, bununla bağlı qaz idarəsinin məsul işçiləri tərəfindən mütəmadi olaraq sayğaca baxış keçirilmişdir. Əgər sayğacda hər hansısa bir problem aşkar edilmişdirsə, sayğacı dəyişdirməli idilər. Çünki iddiaçının ünvanına quraşdırılmış sayğac kartla olan sayğac deyildir. Hər dəfə qaz idarəsinin məsul işçisi qazın istismarı ilə əlaqədar olan borcu hesablayıb iddiaçıya qəbz təqdim etmişdir. İddiaçı həmin qəbzdə göstərilən məbləği ödəmişdir. Hazırda iddiaçı tərəfindən cavabdeh “Azəriqaz” İB-yə ziyan dəydiyinə görə 1551.80 manat pulun ödənilməsi tələb edilir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Göygöl Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(066)-523/2023 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 1551,80 (min beş yüz əlli bir manat səksən qəpik) manat borc onun hesabından silinməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə, Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.5, 4.8, 5.5 və 6.7-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdehin “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(066)-523/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçıya 2022-ci ilin noyabr ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, ARDNŞ, “Azəriqaz” X1 sayğaclarının yoxlamılması barədə AKT MSK-29/1710-04030-1 nömrəli rəyinə əsasən G-6 markalı qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi məlum olmuşdur. Lakin, buna baxmayaraq məhkəmə 2022-ci ilin dekabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Həmçinin, dəymiş ziyanın bir hissəsinin- 491.40 (dörd yüz doxsan bir manat 40 qepik) manat məbləğin abonent tərefinden könüllü ödənilməsi (etiraf edici hərəkət kimi) iddia tələbinin asassız olmasını sübut edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İş üzrə İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları

13. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

14. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

15. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

22. MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.

28. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.

29. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.

30. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(066)-523/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar