Məhkəmə qərarları › İş №2(104)-162/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-162/2023

09.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-162/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, mülki hüquqlarının bərpa edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-364/2022 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 09 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Arayışdan görünür ki, Gədəbəy şəhərində yerləşən 0.2997 ha torpaq sahəsinə dair Cavabdeh1 adına tam mülkiyyət huququ ilə xx.xx.2021-ci il tarixli, **********95 reyestr nomrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X4 adına tərtib edilmiş xx.xx.2010-cu il tarixli, seriya A, 306914 saylı “Torpaq sahəsinin planı va ölçüsü” qeyd edilən torpaq sahəsi Gədəbəy rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-275 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş va ona tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdan çıxarış verilmişdir.

2. Arayışdan görünür ki, X9 28 avqust 1975-ci il tarixdə vəfat etmişdir.

3. Arayışdan görünür ki, Araşdırma zamanı Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1962-1975ci illərə dair iclas protokollarında X5 adına torpaq sahəsinin ayrılması barədə fakt aşkar olunmamış, Gədəbəy Rayon Xalq Deputatları Soveti icraiyyə Komitəsinin 1962-ci ildən əvvəlki dövri əhatə edən iclas protokolları Gədəbəy Rayon Dövlət Arxivində mühafizə arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır.

4. Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən Cavabdeh1 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir.

5. Arayışdan görünür ki, İddiaçı1 Gədəbəy Bələdiyyəsi tərəfindən torpaq sahəsi verilməmişdir.

6. Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.2897 ha torpaq sahəsinə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə mülkiyyət hüquqları qeydə alınmışdır.

7. Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən 241.1 kv.m fərdi yaşayış evinə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə mülkiyyət hüquqları qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, mülki hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh1 İbrahim qızının adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında edilmiş bağışlanma müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, iddiaçıların mərhum atalarından miras qalmış 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa etdikləri iki mərtəbəli, ümumi sahəsi 241 kv.m olan fərdi yaşayış evini miras əmlak olaraq iddiaçılar tərəfindən faktiki qəbul etməsi faktı, həmin miras əmlakdan paylarının müəyyən olunması və 0,2897 ha torpaq sahəsində iddiaçılara dövlət tərəfindən verilmiş pay torpaqlarına mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

9. Bundan sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bağışlama müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, iddiaçıların mərhum atalarından miras qalmış 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa etdikləri ikimərtəbəli, ümumi sahəsi 241 kv.m olan fərdi yaşayış evini miras əmlak olaraq, iddiaçılar tərəfindən faktiki qəbul etmələri faktı, həmin miras əmlakdakı paylarının müəyyən olunması və 0.2897 ha torpaq sahəsində iddiaçılara dövlət tərəfindən verilmiş pay torpaqlarına mülkiyyət hüquqlarının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rövşən və İddiaçı4 cavabdehlərdən Cavabdeh1 oğulları, digər Cavabdeh2 isə böyük qardaşlarıdır. Onların ataları X7 1962-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində fərdi yaşayış evinin tikintisi üçün 0,15 ha torpaq sahəsi ayrılmış, 1964-cü il tarixdə ataları tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 241 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. X3 1975-ci tarixdə vəfat etdikdən sonra anası - hazırki iş üzrə Cavabdeh1 ilə birlikdə məhrum atalarından miras qalmış 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və miras əmlakın idarə edilməsində iştirak etmişlər. 1998-ci il tarixdə Aqrar İslahat Komissiyasının 08 saylı qərarı ilə mərhum atasının qanuni istifadəsində olmuş 0,15 ha torpaq sahəsi və əlavə olaraq 0,10 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə əsasında anası, hazırki iş üzrə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Eyni zamanda, Aqrar İslahat Komissiyasının eyni tarixli digər bir qərarı ilə Cavabdeh1 adına olan təsərrüfatda qeydiyyatda olan və həmin təsərrüfatda yaşayan şəxslərin, iddiaçılar da daxil olmaqla dövlət tərəfindən verilmiş torpaq payları Gədəbəy rayonu, Qumlu kəndindəki iddiaçıların mərhum atası tərəfindən tikilmiş fərdi yaşayış evinin həyətyanı sahəsinə bitişik formada ayrılmaqla, ümumilikdə 0.2897 ha müəyyən olunmuş, bununla bağlı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. Cavabdeh Rüstəmova X10 İslahat Komissiyasının 1998-ci il tarixli 08 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin 0,15 ha hissəsinin 1962-ci ildə iddiaçıların mərhum atasının qanuni istifadəsinə ayrılmış torpaq sahəsi olduğunu və iddiaçıların atalarının vəfatından sonra həmin torpaq sahəsini və həmin torpaq sahəsində tikdiyi 241 kv.m sahəsi olan ikimərtəbəli fərdi yaşayış evini miras əmlak kimi faktiki qəbul etdiklərini və həmin daşınmaz əmlaka (torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi) iddiaçıların hüquqlarının yarandığını biləbilə, iddiaçıların razılığı olmadan, eyni zamanda Aqrar İslahat Komissiyasının eyni tarixli digər bir qərarı ilə iddiaçılara dövlət tərəfindən verilmiş pay torpaqlarının da daxil olduğu 0,2897 ha torpaq sahəsinə iddiaçıların razılığı olmadan xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququna dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və qeyd olunan çıxarış əsasında xx.xx.2021-ci il tarixdə Gədəbəy Rayon Notariat ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən 0,25 ha torpaq sahəsini üzərindəki 241 kv.m fərdi yaşayış evi ilə birlikdə və 0,2897 ha torpaq sahəsini isə ayrılıqda hazırki iş üzrə digər Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 İbrahim qızı xx.xx.2021-ci il tarixdə 0,25 ha və 0,2897 ha torpaq sahələrinə öz adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alarkən həmin torpaq sahələrinə hazırki iş üzrə iddiaçıların mülkiyyət hüquqlarının olduğunu bilmiş və qərəzli şəkildə iddiaçıların mülkiyyət hüququndan məhrum olmasına səbəb olmuşdur. Digər cavabdeh isə bağışlanmış hədiyyəyə iddiaçıların mülkiyyət hüquqlarının olduğunu və hədiyyə verənin adına çıxarışın qanunsuz əldə edildiyini bilə-bilə həmin hədiyyəni qəbul etməklə iddiaçıların mülkiyyət hüququndan məhrum olmasına şərait yaratmışdır. O və digər iddiaçı miras əmlakı faktiki olaraq qəbul etdikləri üçün, onların miras əmlakda məcburi payları müəyyən edilməlidir.

11. Cavabdeh1 iddia tələbinə dair birinci instansiya məhkəməsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı4 iddia tələbi aşağıda göstərilənlərə görə əsassız və qanunsuz hesab edilməlidir. 17 mart 1989-cu ildə ünvan 2 ünvanında) yerləşən yaşayış fonduna aid fərdi yaşayış evinin həm də tikilinin texniki pasportu tərtib edilmiş və yaşayış sahəsinin sahibi Cavabdeh1 göstərilmişdir. Gədəbəy rayon X6 28 avqust 1998-ci il tarixli 9 nömrəli qərarına əsasən ünvan 2 ünvanında) yerləşən torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair 2006-cı il tarixli şəhadətnamə verilmişdir. Göründüyü kimi həm torpaq sahəsi həm də fərdi yaşayış evi uzun illərdir ki, Cavabdeh1 sahibliyində və istifadəsində olmaqla yanaşı həm də mülkiyyətinə verilmişdir. Bu fakt cavabdehlərə məlum olmuş və ailə üzvləri tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi iddia tələbi əsassız, qanunsuz və qanunvericiliyin müəyyən etdiyi müddətlər ötürüldükdən sonra məhkəməyə müraciət olunduğuna görə təmin olunmamalı və iddia rədd edilməlidir. 1930-cu ildə anadan olmuş, Gədəbəy rayon sakini X9 24 avqust 1975-ci ildə vəfat etmişdir. Mərhum X1 Solmaz Qurban qızının həyat yoldaşı olmuşdur. Göründüyü kimi hüquqdan sui-istifadənin qarşısının alınması üçün qanunverici tərəfindən müvafiq tələblər üzrə iddia müddətləri müəyyən edilmişdir ki, həmin müddətlərin ötürülməsi iddia tələbinin təmin edilməməsi üçün əsasdır. İddia ərizəsindən və məhkəməyə təqdim etdiyi hazırki ərizəsindən görünür ki, iddiaçının onlara məxsus torpaq sahəsi və evlə heç bir əlaqəsi yoxdur. Bildirir ki, Cavabdeh1 mübahisələndirilən həm torpaq sahəsinin, həm də fərdi yaşayış evinin mülkiyyətçisi olaraq tanınmış və mübahisəsiz olaraq bu əmlaklara sahiblik etmişdir. Qeyd edir ki, 1988-1989-cu illərdə İddiaçı2 pay torpaqları verilmişdir. 1995-1996-cı illərdə isə İddiaçı1 pay torpağı verilmişdir. İlqar həmin torpaq sahəsində özünə ev tikdirmiş və həmin evdə yaşamışdır. Rövşən isə özünə məxsus torpaq sahəsini satmışdır. həm torpaq sahəsinə və həm də fərdi yaşayış evinə iddiaçıların heç bir əlaqəsi olmamışdır. Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə yaşayırlar. Cavabdeh2 ailənin kiçik övladıdır. Torpaq sahəsini və onlara məxsus evi faktiki olaraq onlar idarə etmişlər. Sözügedən əmlaklar qanunla nəzərdə tutulmuş qaydada Cavabdeh1 adına çıxarış alındıqdan sonra Cavabdeh2 bağışlanılmış və hal-hazırda da onun mülkiyyətindədir. Azərbayvan Respublikasının Konstitusiyanın 29-cu maddəsi ilə mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək hüququna malik olduğu təsbit edilmişdir. Həmin ev onların olduğu üçün bu evdə yalnız onlara məxsus əşyalar vardır.

13. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-364/2022 nömrəli qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.1, 139-1.1, 139-1.1.1, 139-1.1.2, 139-1.1.3, 139-1.1.4, 149.2, 240.2, 337.1, 666.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1243.2, 1243.3, 1246 və 1255-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-364/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarili, 114 nömrəli arayışında olan məlumatlar tam araşdırmamışdır. Bundan sonra cavabdeh yazılı sübutlarını elektron məhkəmə sistemi vasitəsilə verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

20. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Gədəbəy Rayon Notariat Ofisi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakının olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

27. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

28. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

31. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

32. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

33. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

34. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)- 364/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçıların X3 1975-ci ildə vəfat etdikdən sonra arvadı, yəni Cavabdeh1 tərəfindən Gədəbəy rayonu, Qumlu kəndində yerləşən torpaq sahələri miras əmlakı qəbul etmişdir. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Cavabdeh1 torpaq sahələri verilmiş, həmin torpaq sahələrinə Cavabdeh1 tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixli, **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Bundan sonra torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 4Ə-275 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə riayət edilmişdir. Həmçinin, iddiaçıların 0.2897 ha torpaq sahəsinə də mülkiyyət hüquqlarının olması müəyyən edilməmişdir.

52. Belə ki, yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

53. Həmçinin, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

55. Buna görə də ilk öncə iddiaçının mirası qəbul edib-etməməsi araşdırılmalıdır. Çünki, miras iddiaçı tərəfindən qəbul ediləcəyi halda onun iddia tələbləri üzrə subyektiv hüququ yaranmış olacaqdır.

56. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır.

57. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.

58. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.

59. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

60. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atası İbrahim Rüstəmovdan miras qalan əmlakı bu qaydada qəbul etməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçı onun tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişdir.

61. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

63. Digər tərəfdən kollegiya qeyd edir ki, əqdin etibarsızlığı barədə irəli sürülmüş dəlillər, həmin əqdin hüquqi təbiəti nəzərə alınmaqla təhlil oluna bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əqd kimi bağışlama müqaviləsinin Mülki Məcəllənin 666.1-ci maddəsində müəyyən edilən tərifinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur.

64. Maddənin hüquqi təfsiri nəticəsində bu nəticə hasil olur ki, hədiyyə verən öz əmlakını bağışlaya bilər. Yəni bağışlama hərəkəti yalnız əmlakın mülkiyyətçisinin iradə ifadəsinin təzahürüdür. Bağışlama müqaviləsinin əsas xüsusiyyətlərindən biri hədiyyə verənin hədiyyəni bağışlamaq niyyətinin olmasıdır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti, hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

65. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayılır.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2012-ci il tarixli qərarında göstərmişdir ki, «Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır».

67. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq, qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir.

68. Belə ki, Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.

69. Hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanmalıdır. Lakin mübahisələndirilən bağışlama müqaviləsində hədiyyə alan tərəfindən hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərt müəyyən olunmamışdır.

70. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

73. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.

74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-364/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar