Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1640/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borca verilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-400/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli sadə yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 25000 (iyirmi beş min) manat borca pul götürmüş və həmin pulu 3 ay müddətinə qaytarcağını öz öhdəsinə götürmüşdür.
2. İddiaçıya məxsus 084029 nömrəli, 28 fevral 2018-ci il tarixli vəsiqədən görünür ki, o, müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh olan 25000 (iyirmi beş min) manat miqdarında borc pulun və hüquqi xidmət üçün ödədiyi 100 (bir yüz) manatın, cəmi 25100 (iyimri beş min yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müharibə veteranıdır. Cavabdeh onun tanışıdır. Belə ki, cavabdeh 01 sentyabr 2022-ci ildə təxminən 3 (üç ay) müddətinə, yəni 01 dekabr 2022-ci ilədək qaytarmaq şərti ilə onun etibarından sui-istifadə edərək ondan 25000 (iyirmi beş min) manat miqdarında borc pul almışdır (bu faktı təsdiq edən yazılı qəbzi ərizəyə əlavə edir). Göstərilən müddət tamam olduqda o, Cavabdeh pullarının qaytarmasını tələb etməyə başlasa da, cavabdeh, verilmiş borc pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də o, pulunun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olur və inanır ki, məhkəmə cavabdehin ondan borc pul adı altında aldığı 25000 manat miqdarında pulunun və hüquqi xidmətə görə ödədiyi 100 manat pulun, cəmi 25100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxaracaqdır.
5. Goranboy Rayon Məhkəməsinin 2(045)-400/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia qismən təmin edilərək, Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pulub İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət büdcəsinə 165 (bir yüz altmış beş) manat məbləğində dövlət rüsumu tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında yazılı borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində borc pulu vahid niyyətlə iddiaçıdan alması və geri qaytarmaması işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, tərəflər arasında müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh sadə yazılı əqd əsasında iddiaçıya olan 25000 (iyirmi beş min) manat məbləğində borcunu 3 ay müddətinə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya olan borcunun geri qaytarılmasına və əqdin etibarsız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, cavabdeh öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, iddia tələbinin hüquqi xidmət haqqına görə ödənmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair qeyd edir ki, bu halı təsdiq edəcək hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.
7. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.4, 337.1, 385.1, 386.1, 389.1, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Goranboy Rayon Məhkəməsinin 2(045)-400/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona pul lazım olduğu üçün tanışı X2 müraciət etmişdir. Bayram Quliyev ona bildirmişdir ki, özündə pul yoxdu, lakin tanıdığı adam var ki, faizə pul verir. Ona pul həddən artıq çox lazım olduğundan məcbur olub tanışına bildirmişdir ki, gedib ona faizə pul götürsün. Beləliklə, onlar İddiaçı yanına getmişlər. Bayram Qurbanov onu İddiaçı ilə tanış etdi və o ehtiyacı olduğu üçün ona 1800 (min səkkiz yüz) manat lazım olduğunu bildirmişdir. İddiaçı ona bildirmişdir ki, 20%-lə pul verəcək. Bir də ki, kağıza guya ki, 25000 (iyirmi beş min) manat ona borcun olmasını qeyd edəcək. O da təcili pul lazım olduğu üçün onunla razılaşmışdır. Beləliklə, iddiaçı, ona 1800 (min səkkiz yüz) manat pul vermişdir. O da öz növbəsində 3 ay ardıcıl olaraq 360 (üç yüz altmış) manat ödəniş etmişdir. Daha sonra imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Belə olan təqdirdə iddiaçı ona heç nə demədən onu məhkəməyə vermişdir və ondan 25000 (iyirmi beş min) manat pul tələb etmişdir. Birinci instansiya məhkəməsi də işi tam, hərtərəfli, dəqiq araşdırmayaraq hazırki qətnaməni qəbul etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-400/2024 saylı qətnaməsi qanunsuz və əsassızdır. Ona görə hazırda sözügedən qətnamədən apellyasiya şikayəti verirmişdir. Odur ki, Goranboy Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(045)-400/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasının təmin olunmamasına dair (rədd edilməsinə) qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. İddiaçı oğlu elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, müharibə veteranı, şəhid ailəsi və xəstəliyi ilə bağlı üzürlü səbəblərdən təyin edilmiş məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, mülki işin onun iştirak olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
25. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində qətnamə bütünlüklə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-400/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 25000 manat borc pulun verilməsinə dair şifahi müqavilə bağlanmış və cavabdeh həmin borcu 3 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçıdan 25000 manat borc pul alması özünün yazdığı qəbzlə öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıdan əslində 1800 manat faiz ödəmək şərti ilə borc pul aldığını iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
30. Belə ki, Mülki Prosessual Məcəllənin “Sübutlar” adlanan 7-ci fəslində əks olunmuş 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi iş üzrə tərəflərin izahatları da sübut hesab olunmaqla, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı işin hallarına əsasən isə iddiaçı Cavabdeh ilə 2022-ci ilin sentyabr ayında aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən Cavabdeh 3 ay müddətinə qaytarmaq şərti ilə 25000 manat borc pul verdiyini iddia etməklə yanaşı, iddiasının təsdiqi qismində Cavabdeh tərəfindən yazılmasını iddia etdiyi borcun etiraf edilməsinə dair yazılı sübutu məhkəməyə təqdim etmişdir. Həmin yazılı sübutda isə Cavabdeh İddiaçı qarşı pul öhdəliyinin olması qeyd olunmuşdur. Həmin sübut isə tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması və cavadbehin həmin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi aydın olur. Cavabdeh iddiaçıdan əslində 1800 manat faiz ödəmək şərti ilə borc pul aldığını iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
35. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-400/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi :
Goranboy Rayon Məhkəməsinin 2(045)-400/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-400/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin təmin olunmayan hissəsindən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.