Məhkəmə qərarları › İş №2(104)-1653/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1653/2025

18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1653/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı ASC-nin Cavabdeh qаrşı mülki iş üzrə Açar sözlər: evdən çıxarılma tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiаçı İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı ASC-nin Cavabdeh qаrşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(021)-1407/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “X1” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X5 barədə (ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) xx.xx.2022-ci il tarixli 117/22 saylı protokolun surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-44/2021 saylı qətnaməsinə əsasən, Bərdə rayon icra və probasiya şöbəsinin 252396/10 saylı xx.xx.2022-ci il tarixli sifarişi ilə ipoteka predmeti olan Bərdə şəhəri Şah İsmayıl küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi hərraca çıxarılmış və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, qalib alıcı tələbkar İddiaçı ASC tərəfindən 31.875 manat müqabilində alınmışdır. Qalib alıcı, ipoteka saxlayan İddiaçı ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azaddır (Əsas: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-cü maddəsi. Hərrac xərcləri üzrə ümumilikdə 2295 manat xidmət haqqı İddiaçı ASC tərəfindən hərracın təşkilatçısının bank hesabına ödənilmişdir;

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********11-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri Şah İsmayıl küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə alınmışdır;

3. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2753/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh və X3 cavabdehlər Bərdə rayon icra və probasiya şöbəsi, "xxxx" MMC və İddiaçı ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiаçı İddiaçı ASC Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, **********11-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77.28 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh tərəfindən boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiаçı İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, bank cavabdeh və digərlərinə qarşı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-44/2021 saylı icra vərəqəsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə cəmi 131244 AZN manat borcun tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 77.28 kvadrat metr olan otaqlarının sayı 3 olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi və fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Bərdə Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. TuranBank ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın reyestr nömrəsi **********11-10301, Qeydiyyat nömrəsi ********** çıxarışa əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında TuranBank Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən fərdi yaşayış evinin boşaldılması və Banka təhvil veriməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir.

8. Bərdə Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(021)-1407/2025 nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddiа tələbi təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bərdə şəhəri, Şah İsmayıl küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evindən çıxarılması; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, Mülki Məcəllənin 27.1, 152.1, 152.5, 157.4 və 228.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4 və 220.5-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ailəlidir və iki uşağı ilə birlikdə sözügedən evdə yaşayır. Başqa yaşayış yeri yoxdur. Maddi sıxıntı səbəbindən banka olan borcunu ödəyə bilməmişdir. Mərhum atasına məxsus qeyri-yaşayış obyektini satıb qısa zamanda banka olan borcunu bağlayacaqdır. Evi bir neçə dəfə əsaslı və cari təmir etdirmişdir. Evin qiyməti qat-qat bahalaşıb. Evdən çıxarılmağı onun ailəsinin məhvinə səbəb olacaqdır. Uzağı 2-3 ay ərzində mərhum atasına məxsus olan obyektin sənədlərinin rəsmilədirilməsi yekunlaşır. Onu da bildirir ki, evdə ondan başqa yaşayan ailə üzvlərinin evdən çıxarılmasına razılıqları alınmamışdır. Belə olan halda, hazırkı qətnamə qanuni və əsaslı hesab edilə bilməz.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiаçı İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, şikayətin dəlilləri əsassızdır. Cavabdehin mübahisəli evdə yaşaması bankın hüquqlarını pozur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-44/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə cəmi 131244 manat borcun tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 77.28 kvadrat metr olan otaqlarının sayı 3 olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi və fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına banka olan borcunun ödənilməsi qət edilmişdir. Qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə müvafiq icra hərəkətləri həyata keçirilmişdir. İpoteka predmeti olan yaşayış sahəsi "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə əmlak ipoteka saxlayan banka təklif olunmuş və sonuncu əmlakı hərracdan əldə etmiş və bu barədə hərracın nəticələri haqqında yekun protokol tərtib edilmiş, həmin protokola əsasən əmlak bankın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı bank yaşayış sahəsinin boşaldılması və təhvil veriməsi barədə cavabdeh xəbərdarlıq etmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də iddiaçı bank hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

31. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, mübahisəli yaşayış sahəsi ipoteka müqaviləsi üzrə kreditin təminatı olaraq ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişmişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77.28 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-cü il tarixli icra vərəqəsi əsasında hərraca çıxarılmış, hərracda satılmadığına görə əmlak ipoteka saxlayan banka təklif olunmuş və sonuncu əmlakı hərracdan əldə etmiş, xx.xx.2022-ci il tarixdə bankın adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

32. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

33. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

35. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Adı çəkilən Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar.

36. Göründüyü kimi, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bunlardan başqa, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və hərracdan sonra hər hansı şəxs ipoteka predmetini müqavilə qüvvəsinə malik olan protokol imzalamaqla alarsa onda ipoteka predmetində olan şəxslər oranı məcburu tərk etməlidirlər. Əks təqdirdə, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə görə, ipoteka qoyan və orada yaşayan digər şəxslər məhkəmənin qərarı ilə məcburi qaydada çıxarılırlar.

37. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77.28 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişmişdir. Məhz bu səbəblə kollegiya hesab edir ki, həmin mənzildə qeydiyyatda olan cavabdehin (onun yetkinlik yaşına çatmayan uşaqlarının) orada mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorların müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün və əsaslı nəticəyə gəlmişdir.

38. Evin qiymətinin qat-qat bahalaşması və əmlakın bank tərəfindən dəyərindən aşağı qiymətlə əldə edilməsi barədə apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin arqumentin hazırkı iş baxımından hər hansı əhəmiyyəti yoxdur və cavabdeh hərracın qanun pozuntusu ilə keçirildiyini iddiasında olduğu halda, hərracın nəticələrini mübahisələndirmək barədə müvafiq iddia irəli sürmək hüququna malikdir. Hərçənd ki, cavabdeh bu hüququndan istifadə edərək hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia irəli sürsə də, lakin iddiası təmin edilməmişdir.

39. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(021)-1407/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar