Məhkəmə qərarları › İş №2(104)-1704/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1704/2024

14.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1704/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1887/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və qeyrisinə qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətində olan və Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,06 ha mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış obyektinə yaxın məsafədən keçən 6 kV-luq elektrik veriliş xəttinin cavabdehlər "xxxx" ASC və Tovuz rayon Elektrik Şəbəkəsi tərəfindən kabel elektrik ötürücü xətti vasitəsilə çəkilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1887/2024 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev), İddiaçı cavabdehlər "xxxx" ASC-yə və qeyrisinə qarşı “elektrik xəttinin kabelləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılması, İddiaçı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1887/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1887/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin yolverilməzliyə görə qəbulundan imtina barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Mübahisələndirilən məhkəmə qərardadından görünür ki, məhkəmə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edən zaman mübahisənin inzibati xarakterli olmasını əsas götürmüş və Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbulundan imtina etmişdir. Azərbaycan Respublikasının MPM-in 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia tələbindən müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan əmlaka yaxın məsafədən keçən 6 kV-luq elektrik veriliş xəttinin cavabdehlər "xxxx" ASC və Tovuz rayon Elektrik Şəbəkəsi tərəfindən kabel elektrik ötürücü xətti vasitəsilə çəkilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Göründüyü kimi, hazırki mübahisə müqavilə münasibətlərindən irəli gəlməmişdir. İddiaçı təbii inhisar subyekti kimi çıxış edən cavabdehin hərəkətlərindən narazıdır. Ona görə də iddianın ümumi məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndində təsbit edilmişdir ki, ərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1887/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 152, 153, 263, 264, 398 və 401-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1887/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar