Məhkəmə qərarları › İş №2(104)-175/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-175/2025

02.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-175/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin cavabdeh X4 qarşı mülki iş üzrə Açar sözlər: dəmir yolunun mühafizə zonası; bu zonada inşa edilmiş tikililərin sökülməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X5, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı tikilinin sökülərək mühafizə zonasından kənarlaşdırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(076)-38/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 02 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamından görünür ki, 1995-ci ildə Təzəkənd kəndinin mərkəzində Cavabdeh tərəfindən tikilmiş, ümumi sahəsi 196 kv.m olan iki mərtəbədən ibarət qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir;

2. "xxxx" QSC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 18 sentyabr 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8419 saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında yerləşir. Qeyd olunan tikili 186.18 kv.m ölçüdə ərazini əhatə edir və "xxxx" QSC-nin mühafizə zonasında inşa edilmişdir;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2025-ci il tarixli 10/252 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “ST.game” yazısı qeyd edilmiş qeyriyaşayış sahəsinin ümumi sahəsinin 121,7 kv.m (59,7+62), həmin qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol tərəfində yerləşən tikilinin ümumi sahəsinin 20 kv.m, sağ tərəfində yerləşən tikili isə ümumi sahənin 25,9 kv.m hissəsini təşkil edir. Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “ST.game” yazısı qeyd edilmiş qeyri-yaşayış sahəsi, eləcə də həmin qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol və sağ tərəfdə yerləşən tikililərin dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşdiyi, Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrinin mühafizə zolağının eni 85 metr təşkil etdiyi nəzərə alınaraq həmin tikililərin "xxxx" ASC-nin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir;

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2025-ci il tarixli 10/5286 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “St.game” yazısı qeyd edilmiş qeyriyaşayış sahəsi, eləcə də qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol və sağ tərəfində yerləşən tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir; Təqdim olunmuş sxematik plana əsasən Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrin mühafizə zolağının eni 85 metr təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş «dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları»-nın 3.5-ci bəndində yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariyamühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azazdıla bilməsi göstərilmişdir. Həmin məsələ, yəni sanitariya-mühafizə zonasının azaldıla bilməsinin mümkün olub-olmaması hüquqi xarakter daşımaqla məhkəmə tərəfindən qiymət verilə bilər;

6. Rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İsa Eyvazzadə ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrinin mühafizə zolağının eni 85 metr təşkil edir. İddiaçıya məxsus tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir. Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2 metrdən yüksəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları»-nın 3.6-cı bəndinin tələblərinə əsasən isə Dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı "xxxx" QSC tələbini onunla əsaslandırmışdır ki, balansında olan Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 85 metr tşkil etdiyi halda cavabdeh tərəfindən 80 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçiləri tərəfindən xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuş və qanunsuz tikilinin sökülməsi üçün cavabdehə xəbərdarlıq edilmişdir. Lakin, həmin tikili cavabdeh tərəfindən sökülməmiş, əksinə tikinti işləri başa çatdırılmışdır.

9. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(076)-38/2024 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia təmin edilərək, Cavabdeh tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edilmiş və 186.18 kv.m ölçüdə ərazini əhatə edən tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması; Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi; Ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi; Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC–nin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2 və 180.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005–ci il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya–mühafizə zonası üçün torpaqayırma Normaları"nın 2, 3.8 və 21-ci bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hüquqi cəhətdən savadsız, keyfiyyətli hüquqi yardım üçün vəkillə müqavilə bağlamağa imkanı olmaması, eləcə də bir sıra xəstəliklərdən əziyyət çəkməsi ucbatından fikrimi işin mahiyyətinə cəmləşdirmə imkanımın məhdud olması səbəbindən işin əvvəlindən öz haqqını, qanuni mülkiyyət huququnu müdafiə etməyinə baxmayaraq, ən son mərhələdə absurd mövqe göstərib, iddianı etiraf etməklə öz əleyhinə qərar verilməsinə vəsilə olmuşdur. Əvvəlki məhkəmə iclaslarının video-audio yazılarına baxılsa etirafın absurd olması dərhal nəzərə çarpacaqdır. Mülkiyyətçi olaraq 1995-ci ildən inşa etdiyi Şəmkir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 263 nömrəli Sərəncamı ilə hüquqi qeydiyyatına icazə verilmiş 2 mərtəbəli 196 kv/m sahəsi olan qeyri-yaşayış binasının qanunsuz tikili olmasını etiraf etməyi absurddur. Çünki, həmin 196 kv/m sahəsi olan iki mərtəbəli tikilini 1995-ci ildə inşa etdirmişdir. Şəhərsalma və Tikinti Məcəlləsi isə 29 iyun 2012-ci il tarixdə qüvvəyə minmişdir. Təkcə bu hal onun mülkiyyətində olan 196 kv/m sahəsi olan iki mərtəbəli tikilinin sökülməsini qadağan edir. İş üzrə Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin “materialların istintaq aidiyyətiə göndərilməsi barədə” qərarında da qeyd edilmişdir ki, mübahisə predmeti olan tikili Şəmkir stansiyasının 159-cu km pk-9-da yol artımı istiqamətində, dəmir yolundan 80 metr məsafədə 3x5 ölçüdə iki ədəd tikilidir. İşin mübahisəsiz halıdır ki, 1995-ci ildən 2019-cu ilədək keçən 24 il ərzində həmin ərazidə xidmət göstərən dəmir yolu yaxud digər təşkilatlar tərəfindən nə tikinti işləri aparılan zaman, nə də sonrakı dövrlərdə hansısa rəsmi məlumat, xəbərdarlıq və s. hərəkətlər edilməmişdir. Halbuki, həmin ərazidə təxminən 1950-ci illərdən etibarən obyekt var və aktiv şəkildə istifadə olunur. İndiki halda, Mülki Məcəllədə nəzərdə tutulmuş ümumi iddia müddəti (10 il) belə keçmişdir. Bundan başqa, işdə tikilinin sökülməsi barədə iddia ilə bağlı qeyd edir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması məsələsi düzgün həll edilməmişdir. Belə ki, hazırki iş üzrə məhkəməyə Azərbaycan Dəmir Yolları QSC deyil, məhz Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etməli idi. Bu səbəbdən iddia hələ əvvəldən, iddianın yolverilməzliyi əsası ilə geri qaytarılmalı idi. Şəmkir RİH-in xx.xx.2010-cu il tarixli 263 nömrəli sərəncamı, həmçinin 408 invertar nömrəli Texniki pasport mülkiyyət hüququnu təsdiq edən sübut növləri kimi nəzərə alınmamışdır. Digər sübut növü olan X1 izahatı da, cavabdehin mülkiyyət hüququnun təsdiqinə münasibətdə sübut növü kimi nəzərə alınmamışdır. Belə ki, Şəmkir RİH-in 1991-2018-ci illərdə Memarlıq və tikinti şöbəsinin baş mühəndisi və müdiri olmuş X3 izahatında, xx.xx.2010-cu il tarixdə Şəmkir rayonu Təzəkənd kənd bələdiyyəsinin sədri Məhəmməd Məmmədov tərəfindən Cavabdeh sahibkarlıq məqsədilə 98 kv/m torpaq sahəsi ayrılması barədə müraciət daxil olduğunu, xx.xx.2010-cu il tarixdə bununla bağlı etiraz edilməməsi barədə tərəfindən rəy verildiyini, xx.xx.2010-cu il tarixdə Şəmkir RİH Başçısı tərəfindən Cavabdeh 196 kv/m tikilinin hüquqi qeydiyyatı barədə sərəncam verildiyini, Cavabdeh 98 kv/m torpaq sahəsinin ayrılması ilə bağlı rəyin, ona məxsus köhnə tikililərin altında olan topraq sahəsinin sənədləşdirilməsi kimi nəzərdə tutulduğunu bildirmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia olunan 196 kv.m olan tikilinin yerləşdiyi tikili 1994-cü ildə inşa edilmişdir, hazırkı iddia isə 2020-ci ildə verilib. Ümumiyyətlə bu işi Fövqəladə Hallar Nazirliyi qaldırıb, hazırki iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Həmçinin cinayət işinin rədd olunması barədə qərardan da görünür ki, əslində mübahisə predmeti 3:5 kv.m. ölçüdə olan 1 otaqlı tikilidir.

15. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, əslində tikililərin yerləşdiyi ərazi ona 1992-ci ildə verilmiş, lakin rəsmiləşdirmə 1994-cü ildə olmuşdur. 196 kv.m. sahəsi olan tikilinin dəmir yoluna heç bir aidiyyatı yoxdur. Dəmir yolundan ona məxsus tikiliyə qədər bəlkə 20 ədəd qeyri-yaşayış sahəsi var. Amma, iddiaçı təşkilat heç həmin tikililərin sökülməsini tələb etmir.

16. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tikililəri bütövlükdə sökülməsini tələb edirlər. Ümumilikdə 196 kv.m tikili mühafizə zonasına düşür. Birinci instansiya məhkəməsində cavabdeh iddianı etiraf etmişdir. Ekspert rəyi də elan olunmuşur. Bu gün də cavabdeh özü təsdiqləyir ki, o tikili qanunsuzdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mühafizə zonası 85 metrdir, tikinti isə 85 metrdən başlayır. Mühafizə zolağı dəmir yol xətti relslərindən hər yanından 85 metr nəzərdə tutulur.

17. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki,

18. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mühafizə sonası ümumilikdə 85 kilometrdir, iddiaçıya məxsus tikili isə 5 kilometrliyə düşür. Ekspert isə öz rəyində tikilinin bütövlükdə mühafizə sonasına düşdüyünü qeyd etmişdir. Hər bir obyektin öz mühafizə zonası var, bu tikili də həmin kilometrə düşür. Hər işdə sxematik plan var, həmin planda hansı kilometrdə mühafizə zonası nə qədərdir hamısı göstərilir. Ekspert də bu sxemə baxıb rəy verib.

19. Hazırkı məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ekspert də öz rəyində hansı kilometrdə mühafizə zonası nə qədərdir müəyyən etmişdir. Qanunvericilikdə də qeyd olunur ki, real vəziyyət nəzərə alınsın. Hansı ki, mühafizə zolağında bir çox şəxsə məxsus tikili var. Ancaq iddiaçı digər tikililərin sökülməsini yox təkidlə cavabdehə aid tikilinin sökülməsini tələb edir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Hazırkı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

21. Hazırkı məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ekspertin tədqiqat qarşısında qoyulmuş 3-cü suala verdiyi cavabı ilə razı deyildir. Hər işdə sxematik plan var, həmin planda hansı kilometrdə mühafizə zonası nə qədərdir hamısı göstərilir. Hesab edir ki, mühafizə sonasının eni ümumilikdə 85 kilometrdir, həmin tikili isə mühafizə zolağına düşür. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

23. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

27. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

28. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları»

29. Maddə 1. Bu Qaydalar "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir.

30. Maddə 3. Dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının, həmçinin sanitariya-mühafizə zonasının saxlanması şəhərsalma, ekoloji, sanitar-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır.

31. Maddə 3.6. Dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır.

32. Maddə 4. Təhkim zolağının və sanitariya-mühafizə zonasının ölçüləri dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarına, müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun olaraq müəyyən edilir.

33. Maddə 5. Xüsusi mühafizə zonasının ölçüləri hər bir konkret obyekt üçün ayrıca olaraq müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun müəyyən edilir.

34. Maddə 6. Dəmir yol qurğularının, bina və tikililərinin və digər köməkçi obyektlərinin sürüşmədən, uçqunlardan, eroziyalardan, seldən, qum və qar basqınlarından və başqa təhlükəli təsirlərdən qorunması, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi məqsədilə xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası torpaqlarından istifadə olunmasının rejimi müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli sərəncamı ilə 1995-ci ildə Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində Cavabdeh tərəfindən tikilmiş, ümumi sahəsi 196 kv.m olan iki mərtəbədən ibarət qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. Bununla belə, "xxxx" QSC Cavabdeh məxsus tikililərin Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edildiyini iddia edərək tikilinin sökülməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

48. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

49. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. Baxılan işdə iddiaçı təşkilat cavabdehə məxsus tikililərin dəmir yolunun mühafizə zonasında inşa edildiyini iddia edir; cavabdeh isə iddiaya etiraz edərək tikilinin yerləşdiyi torpaq sahəsinin yerli icra hakimiyyəti orqanı tərəfindən ona ayrıldığını, hətta tikililərin dövlət qeydiyyatına icazə alındığını bildirməklə iddiaya etiraz edir.

51. Bu qəbildən olan işlərin araşdırılması xüsusiyyəti baxımından qeyd edilməlidir ki, mübahisənin obyektiv həlli baxımından ilk növbədə dəmir yolunun mühafizə zonası müəyyən edilməli, daha sonra isə tikilinin bu zonada yerləşib-yerləşməməsi araşdırılmalıdır. Çünki, dəmir yolunun mühafizə zonası — dəmir yolu infrastrukturu (relslər, rabitə, enerji xətləri və s.) ətrafında təhlükəsizlik və istismar məqsədilə ayrılmış ərazidir. Dəmir yolunun mühafizə zonasının ölçüsü (eni və sərhədləri) bir neçə texniki, təhlükəsizlik və əraziyə bağlı meyarlara əsasən müəyyənləşdirilir. Bu zaman dəmir yolunun ərazinin şəhər, qəsəbə və ya kənd ərazisindən keçməsi, orada sənaye obyektləri, yaşayış binaları, yollarla yaxınlıq və s. amillər nəzərə alınmaqla mühafizə zonası qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun müəyyən edilir. Həmin xüsusatların aydınlaşdırılması işə baxılarkən ekspertiza təyin edilməsi zərurətini doğurur.

52. Birinci instansiya məhkəməsində icraat zamanı tikinti-texniki ekspertizası rəyi alınsa da, lakin həmin rəy məsələnin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, ekspert rəyində cavabdehə məxsus 186.18 kv.m ölçüdə tikilinin sökülməsi qənaətinə gəlsə də, lakin həmin ölçünün hansı tikililəri əhatə etdiyi, yəni hansı tikililərin sökülməli olduğu aydınlaşdırılmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında cavabdehə məxsus qeyri yaşayış sahəsinin dəmir yolunun mühafizə zonasından hansı məsafədə yerləşməsi barədə sual qoyulsa da, lakin bu suala dəqiq cavab verilməmiş, ekspert bir cümlə ilə mübahisəli tikilinin Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında yerləşdiyini qeyd etmişdir.

53. Ona görə də apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və rəylə müəyyən edilmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “ST.game” yazısı qeyd edilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi 121,7 kv.m (59,7+62), həmin qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol tərəfində yerləşən tikilinin ümumi sahəsi 20 kv.m, sağ tərəfində yerləşən tikili isə ümumi sahənin 25,9 kv.m hissəsini təşkil edir. Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “ST.game” yazısı qeyd edilmiş qeyri-yaşayış sahəsi, eləcə də həmin qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol və sağ tərəfdə yerləşən tikililərin dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir. Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrinin mühafizə zolağının eni 85 metr təşkil etdiyi nəzərə alınaraq həmin tikililərin "xxxx" ASC-nin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir (rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2,1 metr təşkil edir).

54. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

55. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, tikililərin yerləşmə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.

56. Bununla belə, hazırkı məhkəmə iclasında Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İsa Eyvazzadə ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirdiklərinə əsasən də müəyyən edilmişdir ki: 1) Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrinin mühafizə zolağının eni 85 metr təşkil edir. 2) İddiaçıya məxsus tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir. 3) Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2 metrdən yüksəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının və Dəmir yolları üçün və dəmir yolunun sanitariyamühafizə zonası üçün torpaqayırma Normaları»-nın 3.6-cı bəndinin tələblərinə əsasən isə Dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır.

57. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.

58. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları»-nın 3.6-cı bəndinə görə dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır.

59. Apellyasiya baxışı zamanı alınmış xx.xx.2025-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2,1 metr təşkil edir. Həmin rəydə həmçinin qeyd olunmuşdur ki, sökülməsi tələb olunan tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir.

60. Məhkəmə kollegiyası Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının Dəmir yol xəttinin hündürlüyünün 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyini və cavabdehə məxsus tikililərində həmin zolaqdan 70 metr məsafədə olduğunu nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənmir.

61. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı yanlış nəticəyə gələrək iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

62. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (50+50) 100 manat, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış tədiqatın dəyəri də 100 manat olmaqla, ümumi məhkəmə xərci 200 manat təşkil edir. Həmçinin, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

63. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 200 (iki yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(076)-38/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul iddiaçı "xxxx" QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar