Məhkəmə qərarları › İş №2(104)-1766/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1766/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1766/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı MMCnin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(040)-212/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 09 noyabr 2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 11 oktyabr 2022-ci il tarixində yaranmış 432,9 manat (dörd yüz otuz iki manat doxsan qəpik) əsas, 64,9 manat (altmış dörd manat doxsan qəpik) cərimə olmaqla, ümumilikdə, 497,8 manat (dörd yüz doxsan yeddi manat səksən qəpik) borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 09 noyabr 2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı “İndesit” markalı paltaryuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 32 (otuz iki) manat olmaqla, cəmi 560,9 manat (beş yüz altmış manat doxsan qəpik) ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə 05 sentyabr 2022-ci il tarixində 32 (otuz iki) manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 432,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nəticədə cavabdehin 11 oktyabr 2022-ci il tarixinədək İrşad Electronics» MMC-yə olan borcu 432,9 manat əsas, 64.9 manat cərimə olmaqla cəmi 497,8 manat təşkil edir. Kəlbəcər Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(040)-212/2023 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia qismən təmin edilərək, Cavabdeh 432,9 manat əsas, 4 manat cərimə borcu olmaqla, cəmi 436,9 manat (dörd yüz otuz altı manat doxsan qəpik) borc və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 09 noyabr 2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh “İndesit” markalı paltaryuyan maşın əldə edərək 18 ay müdətinə hər ay 32 (otuz iki) manat (sonuncu ay 17 manat) olmaqla, cəmi 560,9 manat (beş yüz altmış manat doxsan qəpik məbləğində pulu İddiaçı MMCyəödəməyi öhdəsinə götürmüşdür (Cavabdeh həmin Müqaviləyə 1 nömrəli əlavədə müvafiq əmlakı təhvil almasına dair imza etmişdir). 11 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 noyabr 2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə borcu-əsas məbləğ üzrə 432 manat 90 qəpik, cərimə üzrə 64 manat 90 qəpik olmaqla, ümumilikdə 497,8 manat təşkil edir. Cavabdeh paltayuyan maşını işlətməsi ilə əlaqədar iddiaçının servis xitmətinə müraciət etməsi ilə bağlı aparılmış qeyddən görünür ki, o, 21 dekabr 2021-ci ilı tarixdə iddiaçıya müraciət edərək, paltayuyan maşının həmişə 15 dəqiqə ilə işləməsi üçün usta göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Kəlbəcər Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(040)-212/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(040)-212/2023 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsini və yeni qətnamə ilə iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıdan həqiqətən də “İndesit” markalı paltrayuyan maşın almışdır. Həmin müqaviləyə əsasən hər ay 32 manat pul ödəməli idi. Buna görə də ardıcıl olaraq 3 ay 32 manat pul ödəmişdir. Bu da 96 manat edir. Lakin həmin paltaryuyan maşın qüsurlu çıxdığı üçün 3 dəfə ayrı-ayrı vaxtlarda iddiaçı şirkətə aid olan usta gələrək onu düzəltməyə çalışmış, hər dəfə də cavabdeh ustaya 15 manat, cəmi 45 manat pul ödəmişdir. Lakin paltaryuyan maşın tam yararsız olduğu üçün cavabdeh 2022-ci ilin fevral ayında həmin maşını və sənədləri şirkətə qatarmışdır. Artıq bir ildir ki, bu məsələ öz həllini tapmışdır. Yəni maşın bir ildir ki, şirkətdədir. Paltaryuyan maşın onda olmadığından ona görə pul ödəməli deyildir. Qeyd olunanları məhkəməyə bildirsə də məhkəmə bunları nəzərə almamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şitkəyətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, paltaryuyan maşını özü alsa da onu qızı işlətmişdir. Paltaryuyan maşın onların istədiyi rejimdə işləməmişdir. Buna görə də paltayuyan maşını taksi ilə aparıb mağazanın qarşısına qoyub çıxıb gəlmişdir. Paltaryuyan maşının elektrik yuvasına taxılan hissədə naqilində ərimə baş verdiyindən elektrik çəngəli kürəkəni tərəfindən dəyişdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 izahat verib bildirmişdir ki, Cavabdeh aldığı paltaryuyan maşını müəyyən rejimlərdə işlədə bilməmiş, bununla əlaqədar olaraq servis xidmətinə müraciət etmişdir. Onlar tərəfindən göndərilmiş usta işləmə rejimini və qaydasını izah etmişdir. Lakin, bir müddət sonda cavabdeh paltaryuyan maşını gətirib mağazanın qarşısına qoyub çıxıb getmişdir. Bununla əlaqədar hər hansı bir sənədləşmə aparılmamışdır. Onlar da paltaryuyan maşını götürüb anbara qoymuşlar. Hazırda paltaryuyan maşın anbardadır və işlək vəziyyətdədir. Sadəcə olaraq ehtiamal olunur ki, paltayuyan maşının elektrik naqilinin eletrik yuvasında boşluq olmuş və yuvaya taxılan hissədə naqilində ərimə baş vermiş və cavabdeh elektrik çəngəlini dəyişmişdir. Cavabdeh istənilən vaxt paltayuyan maşının anbarlarından götürə bilər. Cavabdehin paltayuyan maşınını işlədə bilməməsi və öz təqsirindən elektrik naqilini zədələməsi müqavilənin ləğvinə əsas ola bilməz. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 09 noyabr 2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan “İndesit” markalı paltaryuyan maşın almış və aldığı malın dəyərinin 18 ay ödəniş cədvəli üzrə hər ay 32 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin, paltaryuyan maşının təxminən 3 aydan sonra qüsurlu olması adı ilə iddiaçının mağazasına aparmış, qüsur barədə hər hansı bir sənədləşdirmə aparmadan mağazanın qarşısına qoymuş və bundan sonra ödəməli olduğu pulu ödəməkdən imtina etmişdir. Cavabdeh aldığı paltaryuyan maşının qüsurlu olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Lakin, işin mübahisə edilməyən halı kimi cavabdehin paltaryuyan maşını işlətdiyi müddətdə paltaryuyan maşının elektrik naqilinin elektrik çəngəli dəyişmişdir ki, eletrik yuvasında boşluq olması və yuvaya taxılan hissədə naqildə ərimə baş verməsi bu səbəbdən elektrik çəngəlinin dəyişdirilməsi ilə bağlı iddiaçı tərəfin dəlili ağlabatan və inandırıcı olmuşdur. Bundan başqa cavabdehin paltaryuyan maşını işlətməsi ilə əlaqədar iddiaçının servis xitmətinə müraciət etməsi ilə bağlı aparılmış qeyddən görünür ki, o, 21 dekabr 2021-ci ilı tarixdə iddiaçıya müraciət edərək, paltayuyan maşının həmişə 15 dəqiqə ilə işləməsi üçün usta göndərilməsini xahiş etmişdir. Qeyd olunan hal, o cümlədən eletrik yuvasında boşluq olması və naqilin yuvaya taxılan hissəsində ərimə baş verməsi ilə bağlı yaranmış qüsur, cavabdeh tərəfindən paltaryuyan maşından istifadə və onun saxlanması qaydalarının pozulması nəticəsinə əmələ gəlməsini deməyə əsas vermişdir. Cavabdeh isə əşyanın ona verilməzdən əvvəl qüsurlu olması və mövcud hər hansı bir qüsurun həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvi üçün əsas olmamaqla, alınmış malın dəyərinin ödənilməli olması ilə bağlı birinici instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(040)-212/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Kəlbəcər Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(040)-212/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(040)-212/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar