Məhkəmə qərarları › İş №2(104)-1769/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1769/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1769/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3131/2022 nömrəli qətnaməsindən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17450 manat məbləğində vurulmuş zərər və 142,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 17592,35 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra ismin müvafiq hallarında “sığortalı” adlandırılacaqdır) mülkiyyətində olan “BMW 750” markalı, **-AS-*** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə sığortalanmışdır. Sığortalıya CSB ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2019-cu il oktyabrın 24-də Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı Şəhəri Suraxanı rayonu Yeni Günəşli yolunda, “Araz” otelinin qarşısında X2 idarə etdiyi “BMW 750” MARKALİ, **-AS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Suraxanı rayon polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 tərəfindən 11 dekabr 2019-cu il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Suraxanı RPİ-nin DYPŞ-in xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərara əsasən cavabdeh Qabilov MəzahiPənah oğlu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. 2019-cu il oktyabrın 24-də Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yolunda, “Araz” otelin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsində hər iki sürücü təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “BMW 750” markalı, **-AS-*** dövlət nömrə nişanlı avtomobilə 40000 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 100 (bir yüz) manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 39900 manat olmuşdur və iddiaçı həmin məbləği "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödəmişdir. Cavabdehin avtomobili "xxxx" ASC-də icbari qaydada sığortalandığından sonuncu tərəfindən iddiaçıya 2500 manat sığorta ödənişi verilmiş və baş vermiş sığorta hadisəsində hər iki sürücünün təqsiri olduğundan sığortalıya dəyən zərər olan 39900 manat ikiyə bölündükdən sonra icbari sığortadan verilən məbləğ çıxılaraq (39900:2=19950-2500=17450) alınan 17450 manat cavabdehdən tələb edilir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3131/2022saylı qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 14950 (on dörd min doqquz yüz əlli) manat və ödənilmiş 140 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və ödənilmiş dövlət rüsumunun 2,35 manat hissəsi və rüsumun ödənilməsi ilə bağlı 0,40 manat xidmət haqqının iddiaçıya aid ediməsi qət edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3131/2022saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd edilən arqumentlərlə əsaslandırılmışdır. Həmçinin qeyd edilmişdir ki, sığortalıya dəymiş zərərin miqdarı 39900 manat məbləğində qiymətləndirməsinə baxmayaraq, icbarı sığortanın avtomobilə dəymiş zərərlə bağlı ödəməli olduğu məbləğin hansı səbəbdən 2500 manat olmaqla ödənilməsi və nəyə görə tam şəkildə, yəni 5000 manat məbləğində ödənilməməsi qanuni hesab edilə bilməz. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3131/2023 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2.500 manat sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı "xxxx" ASC-nin Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 3131/2022saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3131/2022saylı qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, iddiaçı Xalq Sığorta” ASC-ti əslində iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirən hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh məxsus olan “BMW 750” markalı, 10- AS-101 dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətində icbari sığorta olunmuşdur. ”Avtolux Azərbaycan” tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, “BMW 750” markalı, 10- AS-101 dövlət qeydiyyat nişanlı avtomobilə 40.000 manat məbləğində ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 40000 manat məbləğində ziyan dəymiş, Sığorta şirkəti tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına 39900.00 AZN ödənilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X1 11 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Barəsində 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materialın Suraxanı rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli, TP3412035 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi vermək üçün 142,75 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, avtonəqliyyat hadisəsi baş vermiş, başqa avtomobilə 39900 manat məbləğində zərər vurulmuş, həmin hadisənin törədilməsinə hər iki sürücü təqsirli bilindiyindən, 39900 manat məbləği ikiyə bölünərək alınan rəqəmdən icbari sığortanın ödədiyi məbləği olan 2500 manat çıxılmış və son nəticədə yekun rəqəm olan 17450 manat iddiaçı tərəfindən Cavabdeh tələb edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsində göstərilən icbari sığorta məbləği olan 5000 manatın yarısı icbari sığorta qaydasında "xxxx" ASC tərəfindən ödənilmişdir. Sığortalıya dəymiş zərərin miqdarını iddiaçı 39900 manat məbləğində qiymətləndirməsinə baxmayaraq, icbari sığortanın avtomobilə dəymiş zərərlə bağlı ödəməli olduğu məbləğin hansı səbəbdən 2500 manat olmaqla ödənilməsi və nəyə görə tam şəkildə, yəni 5000 manat məbləğində ödənilməməsi, həmçinin iddiaçının hansı səbəblə əlaqədar Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobilin sığortalandığı "xxxx" ASC tərəfindən həmin məbləği tam şəkildə, yəni geri qalan 2500 manat miqdarında tələb etməməsi sual doğurur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı icbari sığorta qaydasında tam ödənilməli olan, lakin ödənilməyən 2500 manat məbləği Cavabdeh avtomobilinin sığortalandığı "xxxx" ASC-dən tələb etməli, geri qalan (17950- 2500=14950) 14950 manat pulu isə subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır və 14950 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1 və 936.2-ci maddələrinə görə, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Həmin Qanunun 56.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. Həmin Qanunun 58.3–2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Ona görə də, iddiaçı “"xxxx" ASC-nin cavabdehə qarşı Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2.500 manat sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmış və cavabdehin avtomobili "xxxx" ASC-də icbari qaydada sığortalandığından, sonuncu tərəfindən iddiaçıya 2500 manat sığorta ödənişi verilmiş və baş vermiş sığorta hadisəsində hər iki sürücünün təqsiri olduğundan sığortalıya dəyən zərər olan 39900 manat ikiyə bölündükdən sonra icbari sığortadan verilən məbləğ çıxılaraq (39900:2=19950-2500=17450) alınan 17450 manat məbləğində pul cavabdehdən tələb edilmişdir. Ona görə də, iddianın 2500 manat hissəsində rədd edilməsi qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin: 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilməyən hissəsində gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə həmin hissədə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3131/2023 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **- NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2.500 manat sığorta ödənişi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 71 manat 20 qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3131/2023 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2.500 manat sığorta ödənişi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 71 manat 20 qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə biməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar