Məhkəmə qərarları › İş №2(104)-1773/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1773/2024

25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1773/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh prosessual hüquq varisi Verdiyev Elman Pərviz oğlunun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(125)-413/2023 nömrəli qətnaməsindən Cavabdeh (prosessual hüquq varisi kimi Verdiyev Elman Pərviz oğlu ilə əvəz edilmişdir) tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(125)-413/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia təmin edilərək, 02 sentyabr 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı və Cavabdeh paylarına mütənasib olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/1932 nömrəli ekspertiza rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı payı 1/2 hissədə və Cavabdeh payı 1/2 hissədə naturada ayrılaraq onlara verilməsi; Tərəflərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi; Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(104)-2789/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehdiyevdən və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(125)-413/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh hər birinə ½ hissədə mülkiyyət hüquqları Dövlət reyestrində 02 sentyabr 2022-ci il tarixli ********** nömrəli çıxarış əsasında qeydə alınan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissədə naturada bölünməsi, bölgü aparılarkən qeyri-yaşayış sahəsinin 4,2 metr olan divarın orta hissəsindən hər birində 2,1 metr saxlamaqla alçipan təbəqə vasitəsilə (mülkiyyətçilərin razılaşması əsasında digər tikinti materiallarından istifadə olunmaqla da mümkündür) sərhədin çəkilməsi, qeyri-yaşayış sahəsinin mövcud giriş qapısının ləğv edilməsi, ləğv olunan giriş qapı istiqamətdən paylara düşən hissədən yeni qapının açılması, 4,2 metr olan divarın orta hissəsindən hər birində 2,1 metr saxlamaqla alçipan təbəqə vasitəsilə (mülkiyyətçilərin razılaşması əsasında digər tikinti materiallarından istifadə olunmaqla da mümkündür) sərhədin çəkilməsi və mövcud giriş qapısının ləğv edilməsi xərci müştərək qaydada tərəflərə aid edilməsi, yeni giriş qapılarının açılma xərcinin paylara münasib tərəflərin hər birinə aid edilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(104)- 2789/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2059/2024 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2023cü il tarixli, 2(104)-2789/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsinin özünə məxsus olan ½ hissəni Verdiyev Elman Pərviz oğluna özgəninkiləşdirdiyinə görə Verdiyev Elman Pərviz oğlu işə cavabdehin prosessual hüquq varisi kimi cəlb edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissədə naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Cavad Xan küçəsi 41A ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ilə Cavabdeh paylı mülkiyyətindədir. Mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Paylı mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin bərabər paylarla bölünməsində razılığa gələ bilməmişlər və buna görədə əmlakın 1/2 hissəsinin paylara uyğun naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/1932 nömrəli rəyinə əlavə edilmiş bölgü layihəsinin sxeminə əsasən alçipanla təbəqə vasitəsilə bölgü sərhədinin çəkilməsinin mümkün olduğu qeyd edilmişdir. Halbuki, həmin qeyriyaşayış sahəsinin giriş qapısının enini həmin əmlakın paylara münasibətdə iki yerə alçipan təbəqə ilə naturada bölünməsi tikinti normalarına zidd olmaqla mümkün deyil. Qeyriyaşayış sahəsinin giriş qapısının eni azdır və buna görə iki istiqamətdə giriş mümkün olmayacaqdır. Yerli baxış keçirməsini məhkəmədən xahiş etsə də, ekspertizanın rəyi nəzərə alınmış və yerli baxış keçirməsindən imtina olunmuşdur. Həmçinin ekspert həmin mübahisəli qeyri-yaşayış sahəsini sxem əsasında iki hissəyə bölünməsini heç bir qanun normasına istinad etmədən şəxsi mülahizələrinə əsaslanaraq bölünməsini qeyd etmişdir Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh prosessual hüquq varisi Verdiyev Elman Pərviz oğlunun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinı və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, cavabdeh həmin obyektin naturada bölünməsinə və ya da satılmasına razı deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, işin halları barədə məruzəçi hakimi, tərəflərin izahatlarını dinləyib, mübahisəli ünvandakı qeyri-yaşayış sahəsinə yerli baxış keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi yenidən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 sentyabr 2022-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyriyaşayış sahəsində İddiaçı payı ½, Cavabdeh payı 1/2 hissədə olmaqla mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/1932 nömrəli ekspert rəyindən görünür ki, **********38-06301-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 02 sentyabr 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı 1/2 hissə və Cavabdeh 1/2 hissə olmaqla payların ayrılmasının Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsində İddiaçı payı ½, Verdiyev Elman Pərviz oğluna payı 1/2 hissədə olmaqla mülkiyyət hüquqları qeydə alınmışdır. Məhkəmə kollegiyası tərəfindən mübahisəli ünvandakı qeyri-yaşayış sahəsinə yerli baxış keçirilərkən müəyyən olundu ki, həmin tikili bir mərtəbəlidir və avia bilet satışı ofisi kimi istifadə olunmaqla mansard tipli qeyri-yaşayış sahəsidir. Qeyri-yaşayış sahəsinə daxil olduqda girişdən sol tərəfdə mansarda çıxmaq üçün metal konstruksiyalı pilləkən quraşdırılmışdır. Cavabdeh tərəfin bildirdiyinə görə mansarddan iş yerində olan lazımsız əşyaların saxlanc yeri kimi istifadə olunur. İddiaçı həmin qeyri yaşayış sahəsindəki mövcud pilləkəndən istifadə etmək niyyətində olmadığını, zərurət olarsa payına ayrılacaq sahədə öz vəsaiti ilə pilləkən quraşdıracağını bildirdi. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri Cavad Xan küçəsi 41A ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ilə Cavabdeh paylı mülkiyyətində olmuş, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh həmin qeyri-yaşayış sahəsindəki 1/2 hissədən ibarət payını digər şəxsə - oğlu Verdiyev Elman Pərviz oğluna bağışlamaqla özgəninkiləşdirmişdir. Mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Paylı mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin bərabər paylarla bölünməsində razılığa gələ bilməmişlər və buna görə də iddiaçı əmlakın 1/2 hissəsinin paylara uyğun naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini iş üzrə keçirilmiş ekspert rəyi ilə əsaslandırmışdır. Birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlsə də, lakin qətnamənin nəticə hissəsində qeyri-yaşayış sahəsinin naturada ayrılmasının dəqiq hansı qaydada aparılmasını, (ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun) eləcədə bölgü aparılan zaman çəkiləcək xərcin tərəflərdən hansına aid olmasını göstərməmiş, həm də işə baxılan anda Cavabdeh mülkiyyətçi olmadığını nəzərə almamış, yeni mülkiyyətçini əvvəlki mülkiyyətçinin prosessual hüquq varisi kimi işə cəlb etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(125)-413/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh prosessual hüquq varisi Verdiyev Elman Pərviz oğlunun hər birinə ½ hissədə mülkiyyət hüquqları Dövlət reyestrində xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydə alınan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsi iki hissəyə naturada bölünməli, bölgü aparılarkən qeyri-yaşayış sahəsinin uzunluğu 4,2 metr olan divarın orta hissəsindən hər birində 2,1 metr saxlamaqla alçipan təbəqə vasitəsilə (mülkiyyətçilərin razılaşması əsasında digər tikinti materiallarından istifadə olunmaqla da mümkündür) sərhəd çəkilməli, qeyri-yaşayış sahəsinin mövcud giriş qapısı ləğv edilməli, ləğv olunan giriş qapı istiqamətdən paylara düşən hissədə yeni qapı açılmalı, uzunluğu 4,2 metr olan divarın orta hissəsindən hər birində 2,1 metr saxlamaqla alçipan təbəqə vasitəsilə (mülkiyyətçilərin razılaşması əsasında digər tikinti materiallarından istifadə olunmaqla da mümkündür) sərhədin çəkilməsi və mövcud giriş qapısının ləğv edilməsi xərci müştərək qaydada tərəflərə, yeni giriş qapılarının açılma xərci isə paylara münasib tərəflərin hər birinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosessual hüquq normalarının pozulmasına yol verdiyindən həmin qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının МPМ-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh (prosessual hüquq varisi Verdiyev Elman Pərviz oğlu) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(125)-413/2023 nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh prosessual hüquq varisi Verdiyev Elman Pərviz oğluna qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə cavabdeh Verdiyev Elman Pərviz oğlunun hər birinə ½ hissədə mülkiyyət hüquqları Dövlət reyestrində xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydə alınan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsi iki hissəyə naturada bölünsün. Bölgü aparılarkən ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq qeyriyaşayış sahəsinin uzunluğu 4,2 metr olan divarının orta hissəsindən hər birində 2,1 metr saxlamaqla alçipan təbəqə vasitəsilə (mülkiyyətçilərin razılaşması əsasında digər tikinti materiallarından istifadə olunmaqla da mümkündür) sərhəd çəkilsin. Qeyri-yaşayış sahəsinin mövcud giriş qapısı ləğv edilsin. Ləğv olunan giriş qapı istiqamətdən paylara düşən hissədən yeni qapı açılsın. Uzunluğu 4,2 metr olan divarın orta hissəsindən hər birində 2,1 metr saxlamaqla alçipan təbəqə vasitəsilə (mülkiyyətçilərin razılaşması əsasında digər tikinti materiallarından istifadə olunmaqla da mümkündür) sərhədin çəkilməsi və mövcud giriş qapısının ləğv edilməsi xərci müştərək qaydada tərəflərə aid edilsin. Yeni giriş qapılarının açılma xərci paylara münasib tərəflərin hər birinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh Verdiyev Elman Pərviz oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 101 manat cavabdeh Verdiyev Elman Pərviz oğlundan alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar