Məhkəmə qərarları › İş №2(104)-180/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-180/2025

09.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-180/2025 09.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının cavabdehlər Cavabdeh, X8, X7, X2 qarşı mülki iş üzrə Açar sözlər: daşınmaz əmlakdakı payın naturada ayrılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının (həmçinin digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının cavabdehlər Cavabdeh, X8, X7, X5 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı payın naturada ayrılması və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(058)- 25/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 09 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-141 KOD 50710038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindın görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Samux rayonu Salahlı kənd sakinləri Cavabdeh, X8, X7, X5, İddiaçı1 və X1 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5.41 ha pay torpaq sahəsi verilmişdir;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2733 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, JN-141 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********93, **********94 və **********95 reyestr nömrəli çıxarışlar qeydə alınmışdır. Odur ki, aparılan araşdırma həmin çıxarışlara əsasən aparılmışdır. Sözügedən və 3 (üç) hissədən ibarət 5.41 ha paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçilərin bir və yaxud bir neçəsinin payına düşən hissənin ümumi sahədən ayrılması nəticəsində təsərrüfatdan səmərəli istifadə edilməsinin mümkün olmayacağına və təsərrüfatın yararsız hala düşməsinə zəmin yaranması səbəbindən payın naturada real bölgüsü mümkün deyildir, lakin qeyd olunanları nəzərə almamaq şərti ilə **********93, **********94 və **********95 reyestr nömrəli çıxarışlara əsasən paylı mülkiyyətdə olan torpaq sahələrindən İddiaçı1 və X1 payına düşəcək hissənin texniki cəhətdən ayrılması mümkündür;

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu Salahlı kəndində yerləşən 0.6458 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X8, X7, Məmmədova (Qarayeva) Nuranə Məhəmməd qızı, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətindədir;

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu Salahlı kəndində yerləşən 1.6466 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X8, X7, Məmmədova (Qarayeva) Nuranə Məhəmməd qızı, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətindədir;

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu Salahlı kəndində yerləşən 3.1186 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X8, X7, Məmmədova (Qarayeva) Nuranə Məhəmməd qızı, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətindədir;

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu Salahlı kəndində yerləşən 0.6458 ha, xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında həmin kənddə yerləşən 1.6466 ha, xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında həmin kənddə yerləşən 3.1186 ha torpaq sahələrindən iddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının hər birinin torpaq sahəsində 1/6 hissə ilə payının naturada ayrılması mümkündür. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızı cavabdehlər Cavabdeh, X8, X7, X5 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-141 (kod ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə onların birgə mülkiyyətlərinə verilmiş 5.41 ha pay torpaq sahəsindən onların payının ayrılması və ayrılmış torpaq sahəsinin onların birgə mülkiyyətinə verilməklə həmin pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə onlara və digər ailə üzvləri olan cavabdehlərə Samux rayonu Salahlı kəndi ərazisindən 5.41 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-141 (kod ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Onlar hazırda paylarının ümumi paydan ayrılmasını istəyirlər. Cavabdehlər ümumi mülkiyyətdə olduğu üçün onların mülkiyyətinə aid olan torpağı istifadə edirlər, lakin onlara heç nə vermirlər. Hazırda 5.41 ha pay torpaq sahəsi birgə mülkiyyətdə olduğundan həmin torpaq sahəsi üzərində hər hansı bir hüquqi hərəkətin aparılması onlar üçün müəyyən çətinliklər yaratmışdır.

9. Samux Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(058)-25/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının cavabdehlər Cavabdeh, X6, X4, X2 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “payın naturada ayrılması və mülkiyyət hüququnun tanınmasına” dair iddia tələbinin təmin edilməməsi; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3 və 238.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 88 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızı birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

12. İddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq iddia tələbini təmin etməmişdir. Onlar nə ekspert rəyi ilə, nə də məhkəmənin gəldiyi nəticə ilə razı deyillər. Çünki, ekspertin rəyi dəqiq deyildir. Ekspert rəydə həm payun naturada real bölgüsünün mümkün olmadığını qeyd edir, həm də onların payına düşəcək hissənin texniki cəhətdən ayrılmasını qeyd edir. Bundan başqa torpaq sahəsindən paylarına düşən hissənin ümumi sahədən ayrılması nəticəsində təsərrüfatdan səmərəli istifadə edilməsinin mümkün olmayacağı və təsərrüfatın yararsız hala düşməsinə zəmin yaranacağı barədə ekspertin rəyində qeyd edilənlərlə razı deyillər. Ona görə ki, torpaq sahəsi yalnız təyinatı dəyişdirildikdə təsərrüfata yararsız olur. Torpaq sahəsinin naturada bölünməsi, onun təyinatını dəyişmədiyinə görə, təsərrüfütın yararsız hala düşməsinə səbəb ola bilməz. Bundan başqa, ekspert tərəfindən torpaq sahəsinə baxış keçirən zaman bu barədə onlara məlumat verilmədiyindən ekspertiza tədqiqatının keçirilməsinədə iştirak edə bilməmişlər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçı Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının (həmçinin digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlər onlara məxsus torpaq sahəsindən istifadə etmələrinə icazə vermirlər. Ona görə də torpaq sahəsindən özünün və bacısının paylarının ayrılaraq onlara verilməsini istəyir. İddiaçı Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

17. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

18. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

19. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

20. Maddə 223. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu Salahlı kəndində yerləşən 0.6458 ha, xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Samux rayonu Salahlı kəndində yerləşən 1.6466 ha, xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Samux rayonu Salahlı kəndində yerləşən 3.1186 ha torpaq sahələrindən iddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının hər birinin torpaq sahəsindəki 6/1 hissə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş cizgi planına uyğun naturada ayrılaraq iddiaçılara təhvil verilməlidir.

31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlar əsasında Samux rayonu Salahlı kəndində yerləşən 0.6458 ha, 1.6466 ha və 3.1186 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh, X8, X7, Məmmədova (Qarayeva) Nuranə Məhəmməd qızı, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətindədir. Birgə mülkiyyətçilər İddiaçı1 və Xəyalə Qarayeva torpaq sahələrindən payına düşən hissənin naturada ayrılması və onların mülkiyyətinə verilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.

32. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər əsasında pay torpaq sahəsinin naturada bölgüsü mümkün deyildir. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmişlər. Lakin iddiaçıların payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər razılıq verməmişlər. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, JN-141 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********93, **********94 və **********95 reyestr nömrəli çıxarışlar qeydə alınmışdır. Odur ki, aparılan araşdırma həmin çıxarışlara əsasən aparılmışdır. Sözügedən və 3 (üç) hissədən ibarət 5.41 ha ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçilərin bir və yaxud bir neçəsinin payına düşən hissənin ümumi sahədən ayrılması nəticəsində təsərrüfatdan səmərəli istifadə edilməsinin mümkün olmayacağına və təsərrüfatın yararsız hala düşməsinə zəmin yaranması səbəbindən payın naturada real bölgüsü mümkün deyildir. Beləliklə, torpaq sahəsinin tərəflər arasında bölünməsi təsərrüfatdan səmərəli istifadə edilməsinin mümkün olmayacağı və torpaq sahəsinin yararsız hala düşməsinə səbəb ola bilər.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.

34. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb – daşınmaz əmlakdakı payın naturada ayrılması barədədir və tələbin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

35. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

36. Kollegiya qeyd etməyi zəruri sayır ki, mübahisəli torpaq sahəsi Cavabdeh, X8, X7, Məmmədova (Qarayeva) Nuranə Məhəmməd qızı, İddiaçı1 və X1 (6 nəfərin) birgə mülkiyyətinə verildiyindən, iddiaçıların hər birinin torpaq sahəsi üzərində nəzəri olaraq 1/6 hissə payı vardır. Belə ki, Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

37. İddianın əsaslılığına gəldikdə isə qeyd edilməlidir ki, ilk növbədə əmlaka tənasübsüz zərər vurmadan onun naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın bu qaydada naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqe).

38. Eyni zamanda nəzərə alınmalıdır ki, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda, payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ona görə də yaranmış vəziyyətdə daşınmaz əmlak olan torpaq sahəsinin ayrılıqda bölünmə predmeti ola bilməsi üçün ilkin olaraq araşdırılmalı olan hal belə bir bölgünün aparılmasının mümkünlüyüdür. Daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (mütəxəssisin) rəyi ilə müəyyən oluna bilər.

39. Bu səbəbdən də apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi işə cəlb edilmiş və həmin təşkilatın mütəxəssisi tərəfindən verilmiş rəylə torpaq sahələrindən təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınmaqla iddiaçıların hər birinin torpaqlardakı 1/6 hissə ilə payının naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir (bölgü layihəsinin sxemləri rəyə əlavə edilmişdir).

40. Məhkəmə kollegiyası hazırıkı rəyin mötəbərliyini və əsaslılığını qəbul edir. Çünki həmin rəydə, torpaq sahələrinin yeləşmə kordinatları və torpaq sahələrinin faktiki istifadə vəziyyəti nəzərə alınmış, mümkün olan ən real bölgü variantı təklif olunmuşdur.

41. Ayrılmış torpaq sahəsinin birgə mülkiyyətlərinə verilməklə həmin pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması barədə iddiaçıların tələbinə münasibətdə isə qeyd edilir ki, iddiaçıların hazırkı iddianı irəli sürməkdə son hüquqi hədəfi paylı mülkiyyətdə olan daşınmaz əmlakdakı payın naturada ayrılmasından ibarətdir. Ona görə də kollegiya iddiaçıların tələblərini vahid tələb kimi kimi qiymətləndirir və ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması barədə iddiaçıların tələbi üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət olmadığını vurğulayır.

42. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı yanlış nəticəyə gələrək iddianı təmin etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Kollegiyanın qənaətinə görə məhkəmə xərci iddiaçılara aid edilməli və 100 manat ekspertiza xərci iddiaçılardan müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(058)-25/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu Salahlı kəndində yerləşən 0.6458 ha, xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Samux rayonu Salahlı kəndində yerləşən 1.6466 ha, xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Samux rayonu Salahlı kəndində yerləşən 3.1186 ha torpaq sahələrindən iddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızının hər birinin torpaq sahəsindəki 6/1 hissə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş cizgi planına uyğun naturada ayrılaraq onlara təhvil verilsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1 və Qarayeva (İbrahimova) Xəyalə Məhəmməd qızından müstərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar