Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1816/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-189/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Goranboy rayonu Tap Qaraqoyunlu kəndində 0,3755 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Goranboy rayonu Tap Qaraqoyunlu bələdiyyəsinin 30 oktyabr 2023-cü il tarixli 50 saylı arayışından görünür ki, Cavabdeh səhvən İddiaçı məxsus torpaq sahəsini əkdiyini bildirmişdir.
3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X4 14 noyabr 2023cü il tarixli məktubundan görünür ki, maddi ziyanın müəyyənləşdirilməsi Dövlət X4 səlahiyyətləri xaricindədir.
4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 kq arpa və 1 kq buğda məhsulunun 2022-2023-cü il tarixlərə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 0,45-90, 40-0,50 manat) manat müəyyən edilir. Belə ki, yay aylarında (biçim zamanı 0,40 manat, digər aylarda isə təxminən 0,50 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 680 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı 0,3755 ha torpaq sahəsi 16 yanvar 2018-ci ildə onun xüsusi mülkiyyətinə verilmişdir. 2018-2022-ci illərdə həmin torpaq sahəsində dənli bitki olan arpa və taxıl əkib becərərək məhsul götürmüşdür. 2023-cü ildə pay torpaq sahəsində arpa bitkisi əkib becərərək məhsul götürməyi planlaşdırmış, lakin torpaq sahəsinin qonşusu Cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq arpa bitkisi ilə əkildiyi üçün öz sahəsini əkə bilməmişdir. Dəfələrlə deməyinə, xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh torpaq sahəsini boşaltmır, qanunsuz hərəkətlərini davam etdirir, torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Beləliklə o öz qanunu torpaq sahəsindən istifadə edə bilmir və əldə edəcəyi gəlirdən məhrum olunur. O məcburiyyət qarşısında qalıb cavabdeh tərəfindən qanunsuz zəbt edilərək əkilmiş 0,3755 ha pay torpaq sahəsinin koordinatları ona məlum olduğu halda, həmin torpaq sahəsinin koordinatları yenidən ölçülərək naturada ona tanıdılması üçün 06 sentyabr 2023-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə əsasən Tap Qaraqoyunlu kəndi ərazisində onun ********** nömrəli 0,38 ha pay torpaq sahəsinin sərhədləri TEKUİS-ə əsasən GPS aləti vasitəsilə ölçülərək özünə tanıdılmışdır. Bu barədə 26 oktyabr 2023-cü il tarixdə 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi X2, qonşu torpaq mülkiyyətçisi olan X3 və onun iştirakı ilə akt tərtib edilmiş və aktın doğruluğunu hər üçü imzaları ilə təsdiq etmişdir. Tərtib edilmiş aktla müəyyən olunmuşdur ki, cavabdeh arpa bitkisini öz torpaq sahəsində deyil, ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək orada əkmişdir. Bu hal cavabdehin özünə də məlum olmuşdur, çünki torpaq sahəsi ölçüləndə və akt tərtib ediləndə onun özü də orada olmuşdur. Bildirir ki, torpaq sahəsinin ölçülərək özünə tanıdılması üçün Bərdə Ərazi İdarəsinin hesabına X5 filialı vasitəsi ilə 120 manat pul ödəmişdir Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və əkilmiş 0,3755 ha pay torpaq sahəsində hər kiloqramı 40 qəpikdən 15 kiloqram arpa bitkisi əkirdi və 500-600 kiloqram məhsul əldə edirdi, beləliklə 150 kq arpa üçün 60 manat, əldə edəcəyi gəlir isə 600 kq x 40 qəpik=240 manat təşkil edirdi. Bundan başqa həmin torpaq sahəsini suvarmaq üçün suya və suvarçıya 80 manat pul ödəmişdir. Bu hal bugünkü gündə hamıya məlum olan haldır, bu günkü günün məzənnəsidir. Cavabdehin hərəkəti nəticəsində ona dəymiş maddi ziyanın hesablanması üçün vəkil tərəfindən X7 İnkişaf Mərkəzinə sorğu verilmiş və Mərkəzin vəkil bürosuna ünvanlanmış 14 noyabr 2023-cü il tarixli 3-22-3-22/2- 151/2023 saylı məktubunda qeyd edilmişdir ki, vətəndaşların istifadəsində olan əkin sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi Dövlət X4 səlahiyyətləri xaricindədir. Bu günkü gündə hamıya məlumdur ki, arpanın 1 kiloqramının bazar qiyməti 40 qəpik olmaqla 150 kiloqram arpa alıb səpmişdir, 150 kq x 40 qəpik = 60 manat, bunun müqabilində 600 kiloqram arpa məhsulu əldə edəcəkdi. Yəni 600 kq x 40 qəpik=240 manat gəlir əldə edəcəkdi, torpaq sahəsinin suvarılması üçün suya və suvarçıya 80 manat pul ödəmiş, cavabdehi başa salmağa görə ona ehtiyac olmadığı halda məcburiyyət qarşısında qalıb torpaq sahəsinin özünə tanıdılması üçün 7 saylı Bərdə Ərazi İdarəsinin hesabına 120 manat pul keçirmişdir. Bundan başqa hüquqi yardım üçün Goranboy rayon vəkil bürosuna sənədlərin toplanmasına və iddia ərziəsinin hazırlanmasına 150 manat, vəkil sorğusuna 50 manat, məhkəmə iclaslarında nümayəndəlik və vəkillik üçün hüquqi xidmət haqqı 300 manat ödəmişdir. Buna görə də Cavabdeh ƏMDK DƏDK və R PHŞ 7 saylı Bərdə Ərazi İdarəsinin hesabına ödənilmiş 120 manat pulun, torpaq sahəsinin arat və suvarmasına ödənmiş 80 manat pulun, əldə edəcəyi gəlir və faydadan məhrum olduğu 240 manat pulun, sənədlərin toplanmasına və iddia ərziəsinin hazırlanmasına ödənmiş 150 manat pulun, vəkil sorğusuna ödənmiş 50 manat pulun, məhkəmə iclaslarında nümayəndəlik və vəkillik üçün ödənmiş hüquqi xidmət haqqının 300 manat pulun, dövlət rüsumuna ödənmiş 30 manat pulun, cəmi 970 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.
7. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh ƏMDK DƏDK və R PHŞ 7 №-li Bərdə Ərazi İdarəsinin hesabına ödənilmiş 120 manat pulun, torpaq sahəsinin arat və suvarmasına ödənmiş 80 manat pulun, əldə edəcəyi gəlir və faydadan məhrum olduğu 240 manat pulun, sənədlərin toplanmasına və iddia ərziəsinin hazırlanmasına ödənmiş 150 manat pulun, vəkil sorğusuna ödənmiş 50 manat pulun, məhkəmə iclaslarında nümayəndəlik və vəkillik üçün ödənmiş hüquqi xidmət haqqının 300 manat pulun, dövlət rüsumuna ödənmiş 30 manat pulun, cəmi 970 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-189/2024 nömrəli qətnaməsi ilə (hakim Toğrul Məmmədov), iddianın təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün vəkillərə ümumilikdə ödənilmiş 500 manat iddiaçının özünə aid edilməsi, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 50 manat pul İddiaçı tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 157.5-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(045)-189/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh tərəfindən başqa şəxsin, vətəndaşın, zərərçəkmiş şəxsin konstitusiya və qanunlarla qorunan torpaq sahəsi üzərində mülkiyyət hüququ qəsdən, həyasızcasına, vicdansızcasına pozularaq tutulur, əkilir, nəticədə mülkiyyətçi torpaq sahəsindən istifadədən, fayda, gəlir götürməkdən məhrum olur, dövlət orqanlarının AKTİ, sənədləri ilə bu təsdiq oldunduğu halda, məhkəmə göstərilmiş maddi hüquq normalarını iddiaçıya deyil, cavabdehə tətbiq edir və onu müdafiə edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
17. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
18. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)- 189/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan Goranboy rayonu Tap Qaraqoyunlu kəndində 0,3755 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də Cavabdeh onun torpaq sahəsini tam, yaxud müəyyən hissədə zəbt edilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən, konkret cavabdehin iddiaçıya zərər vurması barədə mötəbər sübut mövcud olmadığından, tələbində göstərilən bundan irəli gələn ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Həmçinin, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi rədd edildiyindən, iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsinə dair yer quruluşunun təşkili məqsədilə DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 120 manat pulun cavabdehdən alınmasına dair hissədə də tələb rədd edilməlidir.
44. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
45. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
46. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
47. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
48. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
49. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
50. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
51. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
52. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyini və buna görə də qazancdan məhrum olaraq ziyan etdiyini bildirmişdir. Həqiqətən də torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi yalnız iddiaçının subyektiv izahatı ilə öz təsdiqini tapmışdır. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
54. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
55. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
56. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
57. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
59. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
66. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
67. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-189/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.