Məhkəmə qərarları › İş №2(104)-1829/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1829/2025

16.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1829/2025 16.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-772/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sadə əl yazısı ilə yazılmış vərəqin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 3000 (üç min) manat məbləğində pul götürmüş, İddiaçı pulu onun 4098- 5844-9413-1616 nömrəli kartına göndərmişdir. Həmin pulu aylara bölmək şərtilə hər ayın 20-si ödəyəcəyinə söz vermişdir.

2. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi, Ordubadi küçəsi ev 7-də yaşayır

3. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi, Ordubadi küçəsi ev 7-də yaşayır

4. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Göygöl şəhəri, 13-saylı Hərbi Şəhərcik ev 29-da yaşayır

5. 10 may tarixli çıxarışdan görünür ki, 4098 58** **** 8355 nömrəli kart hesabından 5167 51 ** **** 0473 nömrəli kart hesabına 3000 manat məbləğində pul köçürülmüşdür.

6. xx.xx.2025-ci il tarixli İddiaçı məxsus hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı məxsus bank hesabından 01 yanrar 2023-cü il tarixdən 04 aprel 2025-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda hesabından silinmələr olmuşdur.

7. xx.xx.2025-ci il tarixli İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus bank hesabından 01 yanrar 2023-cü il tarixdən 11 mart 2025-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda hesabından silinmələr olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verdiyi 4.236 (dörd min iki yüz otuz altı) manat pulun ödənilməsi, Bakı şəhərindən Göygöl şəhərinə məhkəməyə gəlib getdiyinə görə ödəyəcəyi yol pullarının ödənilməsi, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin ödənilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını və Cavabdeh əməllərində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad çıxarıb araşdırılması üçün prokurora göndərilməsini xahiş etmişdir.

9. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 5 ildir ki, tanıyır. Cavabdeh onun rəfiqəsinin qardaşıdır. Cavabdeh ona vəziyyətinin pis olduğunu bildirərək ondan 3000 (üç min) manat borc pul istəmiş və həmin pulu hissə-hissə hər ay ödəyəcəyini bildirmişdir. Onun vəziyyətinin pis olduğunu görüb ona kömək etmək məqsədi ilə 10 may 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankdan kredit götürüb özünə məxsus 409858******8355 nömrəli kartından M10 proqramı vasitəsilə cavabdehə məxsus 516751******0473 nömrəli karta pul köçürtmüşdür. Pulu bankdan götürdüyü üçün bank faizləri ilə birlikdə cavabdeh 4236 manat pulu qrafik üzrə hər ay 200 manat olmaqla banka ödəməli idi. Lakin, hər ödəniş vaxtı gələndə cavabdehə zəng edərək ödənişin günü olduğunu və banka pulu ödəməli olduğunu bildirdikdə Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Məcbur qalıb pulu özü ödəmişdir. Pulu ayın 10-u götürdüyündən ödənişi də, hər ayın 10-u etməliymiş. Maaşı hər ayın sonu aldığı üçün maaş alınan gün bank avtomatik olaraq pulu onun kartından çıxmışdır. Ayın axırına pulu ödədiyi üçün ondan hər ay 20 gün pulu gecikdirdiyi üçün əlavə faizdə tutulmuşdur. Hər ay Cavabdeh pulu ödəməyi bildirdikdə növbəti aydan ödəyəcəyini deyib onu aldatmışdır. Axır məcbur olub bu barədə ondan yazılı iltizam almışdır. 08 oktyabr 2023-cü ildə Cavabdeh yazılı olaraq iltizam verib bildirmişdir ki, həmin ayın 20-sindən etibarən hər ayın 20-si pulu ödəyəcək. Lakin Cavabdeh verdiyi sözə və yazdığı iltizama bu dəfə də əməl etməmişdir. Məcbur qalıb bankdan götürdüyü kredit pulunu, ona hesablanmış faizi və hər ay 20 gün pulu gecikdirdiyi üçün pula hesablanan cərimə də, daxil olmaqla 4236 manat pulu ödəmişdir. Artıq pulu tam ödəyib qurtarsa da, Cavabdeh pulu ona qaytarmamışdır. Əlində olan sübutları toplayıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bu müddətdə onun pulunu qanunsuz saxlamaqla ona vurduğu zərərin əvəzini ödməlidir. Hesab edir ki, Cavabdeh hərəkətlərində dələduzluq, özbaşınalıq kimi cinayətlərin tərkibi vardır.

10. Göygöl Rayon Məhkəməsinin 2(066)-772/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut olaraq təqdim edilmiş sənədlər bağlı qeyd edilməlidir ki, kağız üzərində olan əl yazısının kimin tərəfindən doldurulması, pulun kimə məxsus bank hesabına və kim tərəfindən köçürülməsi, pulun nə səbəblə bağlı köçürülməsi, tərəflər arasında faktiki münasibəti müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə yalnız Cavabdeh İddiaçı borca pul götürməsinə dair əlyazma ilə yazılmış qəbzi və İddiaçı məxsus hesabdan çıxarış əlavə edilmişdir ki, həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir, əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

12. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyasının 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 76.1, 76.2, 89.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Göygöl Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-772/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və apellyasiya instansiyasının diqqətinə çatdırır ki, Cavabdeh rəfiqəsinin qardaşıdır, 5 ildir ki, onu tanıyır. Cavabdeh ona vəziyyətinin pis olduğunu bildirərək ondan 3000 (üç min) manat borc pul istəmiş və həmin pulu hissə-hissə hər ay ödəyəcəyini bildirmişdir. Cavabdehin vəziyyətinin pis olduğunu görüb ona kömək etmək məqsədi ilə 10 may 2023-cü il tarixdə "xxxx" ASC-dən kredit götürüb özünə məxsus 516751******0473 nömrəli kartdan M10 proqramı vasitəsilə cavabdehə məxsus 409858******8355 nömrəli karta pul köçürmüşdür. Pulu bankdan götürdüyü üçün bank faizləri ilə birlikdə cavabdeh 4236 manat pulu qrafik üzrə hər ay 200 manat olmaqla banka ödəməli idi. Lakin hər ödəniş vaxtı gələndə cavabdehə zəng edərək ödənişin günü olduğunu və banka pulu ödəməli olduğunu bildirdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. O, məcbur qalıb pulu özü ödəmişdir. Pulu ayın 10-u götürdüyündən ödənişi də hər ayın 10-u etməli idi. Maaşı hər ayın sonu aldığı üçün maaş alınan gün bank avtomatik olaraq pulu onun kartından çıxmışdır. Ayın axırında pulu ödədiyi üçün ondan hər ay 20 gün pulu gecikdirdiyi üçün əlavə faiz də tutulmuşdur. Hər ay cavabdehə pulu ödəməyi bildirdikdə növbəti aydan ödəyəcəyini deyib onu aldatmışdır. Axırda məcbur olub bu barədə cavabdehdən yazılı iltizam almışdır. 08 oktyabr 2023-cü il tarixdə cavabdeh yazılı olaraq iltizam verib bildirmişdir ki, həmin ayın 20-dən etibarən hər ayın 20-i pulu ödəyəcək. Lakin cavabdeh verdiyi sözə və yazdığı iltizama bu dəfə də, əməl etməmişdir. Məcbur qalıb bankdan götürdüyü kredit pulunu, ona hesablanmış faizi və hər ay 20 gün pulu gecikdirdiyi üçün pula hesablanan cərimə də, daxil olmaqla 4236 manat pulu ödəmişdir. Artıq pulu tam ödəyib qurtarsa da, cavabdeh pulu ona qaytarmamışdır. O, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, bu da qanunsuz və əsassız qətnamənin çıxarılması ilə nəticələnmişdir. Belə ki, məhkəməyə təqdim etdiyi bank hesabından çıxarışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. Həmçinin, ABB mobil tətbiqindən çıxarışdan görünür ki, o krediti götürən günü, yəni xx.xx.2023-cü il tarixdə saat 15:47-də özünə məxsus 5167 51.. .... 0473 nömrəli kartdan cavabdehə məxsus 4098 58.. .... 8355 nömrəli Leo Bank kartına 3000 (üç min) manat məbləğində pul vəsaiti köçürmüşdür. ABB mobil tətbiqindən çıxarışda pul göndərənin nömrəsi +994 55... 62, yəni onun ***-***-**-** nömrəsi qeyd edilmişdir. Cavabdehlə aralarında WhatsApp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalardan da görünür ki, cavabdeh saat 15:47-də pulun onun kartına gəldiyini təsdiqləmiş, digər yazışmalarda pulu qaytaracağını bildirmişdir. Bundan başqa, cavabdehin öz xətti ilə xx.xx.2023-cü il tarixdə yazdığı qəbzdən görünür ki, o,xx.xx.2023cü il tarixdə ondan 3000 (üç min) manat məbləğində borc aldığını, həmin pulu onun Leo Bank kartına köçürdüyünü etiraf etmiş, həmin məbləği aylara bölmək şərti ilə xx.xx.2023cü il tarixdən başlayaraq hər ayın 20-si vaxtlı-vaxtında ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin qəbzi yazanda onun yanında iddiaçı və X4 da, olmuşdur. O, səhhətində olan problemlərlə əlaqədar, həmçinin, himayəsində 2 azyaşlı övladı olduğundan, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsində X1 şahid kimi məhkəmədə dindirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edəcək. Göründüyü kimi iddia tələbimin qanuni və əsaslı olmasına dair məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etməyinə baxmayaraq, məhkəmə obyektiv araşdırma aparmadan, sübutlara düzgün hüquqi qiymət vermədən, şablon ifadələrlə iddia tələbini rədd etmişdir. Halbuki, məhkəmə, yuxarıda qeyd etdiyi sənədləri düzgün, obyektiv araşdırsaydı pulun onun tərəfindən cavabdehə məxsus bank kartına borc kimi köçürüldüyünü müəyyən edərdi. Bundan başqa, məhkəmə qətnamədə qeyd etmişdir ki, kağız üzərində olan əl yazısının kimin tərəfindən doldurulmasını müəyyən etmək mümkün deyildir. Məhkəməyə təqdim etdiyi əlyazmanın cavabdehə məxsus olmasını müəyyən etmək üçün məhkəməxətşünaslıq ekspertizası təyin edə bilərdi. Lakin məhkəmə, xüsusi biliyə malik olmadığı halda, təqdim etdiyi əlyazmanın cavabdehə məxsus olmasını müəyyən etməyin mümkün olmadığı qənaətinə gəlməklə kifayətlənmiş və həmin əlyazmaya sübut kimi qiymət verməmişdir. Həmçinin, əlyazmada və cavabdehin şəxsiyyət vəsiqəsindəki imzaları müqayisə etdikdə həmin imzaların eyni şəxsə məxsus olduğunu aydın şəkildə görmək olur. Lakin məhkəmə, qanunvericiliyin tələblərinə zidd olaraq sübutlara qeyri-obyektiv, qərəzli və natamam baxmış, sübutlara düzgün hüquqi qiymət verməmiş, bu da qanunsuz və əsassız qətnamənin çıxarılması ilə nəticələnmişdir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür..

19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-772/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

38. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 10 may 2023-cü il tarixdə Cavabdeh 3000 manat məbləğində borc pul vermişdir. Qeyd olunan halı əl yazısı ilə yazılmış qəbz təsdiq edir. Belə ki, iş materiallarına əlavə olunmuş sadə əl yazısı ilə yazılmış qəzbdən görünür ki, Cavabdeh 10.5.2023-cü il tarixdə İddiaçı 3000 (üç min) manat məbləğində pul götürmüşdür. Həmin pulu aylara bölmək şərtilə hər ayın 20-si ödəyəcəyinə söz vermişdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

39. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut olaraq təqdim edilmiş sənədlər bağlı qeyd edilməlidir ki, kağız üzərində olan əl yazısının kimin tərəfindən doldurulması, pulun kimə məxsus bank hesabına və kim tərəfindən köçürülməsi, pulun nə səbəblə bağlı köçürülməsi, tərəflər arasında faktiki münasibəti müəyyən etmək mümkün deyildir.

40. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş sadə əl yazısı ilə yazılmış vərəqin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 3000 (üç min) manat məbləğində pul götürmüş, həmin pulu aylara bölmək şərtilə hər ayın 20-si ödəyəcəyinə söz vermişdir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışı zamanı Cavabdeh yaşadığı ünvana poçt vasitəsilə məhkəmə bildirişi göndərilmiş, Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə SMS xəbərdarlıq göndərilərək hazırkı iddiaya məhkəmədə baxılması barədə ona qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə etiraz bildirməmiş, habelə iş materiallarındakı əlyazma qəbzə dair etiraz və ya tələb irəli sürməmişdir. Başqa sözlə, cavabdehin ona qarşı irəli sürülmüş iddiaya hər hansı arqumenti olmamışdır.

41. Məhkəmə kollegiyası iddia tələbinin 1236 manat borc məbləği ilə bağlı qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehə borc olaraq verdiyi pulu bankdan kredit götürüb verdiyini, həmin məbləğin faizləri ilə birlikdə 4236 manat olduğunu qeyd etsə də, həmçinin bununla bağlı Azərbaycan Beynəlxalq Bankından hesabdan çıxarış əlavə etsə də, iddiaçının kredit götürdüyü məbləği cavabdehə verməsi, yəni krediti cavabdehə görə götürməsi iş materialları ilə təsdiq olunmur.

42. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)- 772/2025 saylı, xx.xx.2025--ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək Cavabdeh 3000 manat pul alınaraq İddiaçı verilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Göygöl Rayon Məhkəməsinin 2(066)-772/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-772/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul alınaraq İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar