Məhkəmə qərarları › İş №2(104)-183/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-183/2024

09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-183/2024 09.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-400/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşə əlavə edilmiş Göygöl rayon X4 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 25 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh 2023-cü ilin mart ayında ondan 2806 manat dəyərində 212 kiloqramlıq bir baş iribuynuzlu heyvanı kəsərək nisiyə ət almasını, pulunu geri qaytarmamasını bildirmiş, aralarında mülki mübahisə yaranmışdır. Qərarın təsviri hissədində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Cavabdeh ilə aralarında yaranmış mülki mübahisə ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-2112/2021 saylı qətnaməsindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-50/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2900 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi 17 manat, cəmi 2917 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-50/2021 saylı qətnaməsi maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, Cavabdeh 108,75 manat pulun alınaraq İddiaçı verilməsi, maddi ziyanla bağlı qalan hissədə iddia təmin edilməmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-59/2023 saylı qərarının məzmunundan görünür ki, Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2112/2021 saylı icra vərəqəsi üzrə tələbkar İddiaçı ödənilməmiş borcu qalmışdır. Buna görə də müvafiq icra qurumu tərəfindən cavabdeh barəsində inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, təxminən saat 3-4 radələrində İddiaçı ona zəng edərək dana kəsdirəcəyini bildirmişdir. O, heyvanı çıxarmış, heyvanı kim kəsdiyini görməmişdir. Cavabdeh tanımır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı tanıyır. Elxanın göstərişi ilə inəyi kəsmək üçün tövlədən çıxardıb bağlamışdır. Kimin kəsdiyini görməmişdir. İddiaçı inəyi Ramilin kəsdiyini və heyvanın 213 kiloqram gəldiyini bildirmişdir. Bundan sonra öz inəyini otarmağa aparmışdır. Qayıdanda heyvanın kəsildiyini eşitmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2912 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Göygöl rayonu, Bəhrəmbəy kəndində fermer təsərrüfatı ilə məşğul olur. İri buynuzlu heyvanları kökəldib satmaqla məşğul olur. Cavabdehlə əvvəllər aralarında bir neçə dəfə heyvan alğı-satqısı olmuşdur. 2023-cu ilin mart ayında 1 kiloqramı 13.50 manatdan 212 kiloqramlıq bir baş iribuynuzlu heyvanı nisyə satmışdır. Cavabdeh əti satdıqdan sonra 2862 manat pulu və əlavə olaraq da 50 manat verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh heyvanı onun yaşadığı Göygöl rayonu, Bəhramtəpə kəndində yerləşən fermada kəsmiş və əti kəsərək götürüb getmişdir. Buna baxmayaraq hal-hazıradək cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh onun telefonlarına cavab vermədiyi üçün Göygöl rayon Polis Şöbəsinə şikayət etmişdir. Göygöl rayon Polis Şöbəsində araşdırma aparılmış, məsələ mülki icraat qaydasında həll olunacağına dair 25 aprel 2023-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmyərək izahatında göstərmişdir ki, o, Daşkəsən rayonu ərazisində qəssablıq fəaliyyəti ilə məşğul olur. Kənd və qəsəblərdən mal-qara alaraq kəsib satır. İddiaçı ilə aralarında bir neçə dəfə heyvan alğı-satqısı olmuşdur. 2015-2016-cı illərdə İddiaçı ilə aralarında heyvan alğı-satqısı zamanı mübahisə yaranmış, həmin vaxt iddiaçı ondan şikayət etmiş, bu səbəbdən də, daha sonra iddiaçıdan heyvan almamışdır. Axrıncı dəfə 2020-ci ilin yay aylarında iddiaçı ona zəng edərək heyvanlarını heç kimin almadığını və onun kəsərək satmasını xahiş etmiş, o, isə əvvəllər olduğu kimi ondan şikayət edəcəyini bildirdikdə, iddiaçı 5000-6000 manatlıq nisyə ət verəcəyini, pulunu isə sonra alcağını bildirdiyi üçün, ümumilikdə iddiaçıdan 12 baş iri buynuzlu heyvanı ayrı-ayrı vaxtlarda nisyə almış, həmin heyvanları kəsib satdıqdan sonra hissə-hissə iddiaçıya olan borcunun bir hissəsini ödəmişdir. İddiaçıya 2950 manat məbləğində borcu qaldığı üçün iddiaçı əvvəlcə Daşkəsən Rayon Məhkəməsinə, sonra Apellyasiya Məhkəməsinə şikayət etmiş, ondan 3025 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmışdır. Ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla 3025 manat borc məbləğindən 2225 manatını ödəmişdir. Hazırda iddiaçıya 800 manat borcu qalmışdır. O, hər ay borcundan 200 manat iddiaçıya ödəyir. 2020-ci ildən sonra onunla iddiaçı arasında heç bir alğı-satqı olmamışdır. İddiaçı tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir

9. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-400/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı Cavabdeh qarşı Cavabdeh 2912 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbini təsdiq edəcək mötəbər sübut məhkəməyə tədim etməmiş, bu məhkəmə baxışında öz təsdiqini tapmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-400/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Göygöl rayonu, Bəhrəmbəy kəndində fermer təsərrüfatı ilə məşğul olur. İri buynuzlu heyvanları kökəldib satmaqla məşğul olur. Cavabdehlə əvvəllər aralarında bir neçə dəfə heyvan alğı-satqısı olmuşdur. 2023-cu ilin mart ayında 1 kiloqramı 13.50 manatdan 212 kiloqramlıq bir baş iribuynuzlu heyvanı nisyə satmışdır. Cavabdeh əti satdıqdan sonra 2862 manat pulu və əlavə olaraq da 50 manat verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh heyvanı onun yaşadığı Göygöl rayonu, Bəhramtəpə kəndində yerləşən fermada kəsmiş və əti kəsərək götürüb getmişdir. Buna baxmayaraq hal-hazıradək cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh onun telefonlarına cavab vermədiyi üçün Göygöl rayon Polis Şöbəsinə şikayət etmişdir. Göygöl rayon Polis Şöbəsində araşdırma aparılmış, məsələ mülki icraat qaydasında həll olunacağına dair 25 aprel 2023-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Onun hazırkı iddiası rədd edilmişdir. Cavabdehin ona borcunun olması ilə bağlı mühüm faktiki hallar araşdırılmamışdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

16. Məhkəmə kollegiyasının iclasında təkrar şahid kimi dindirilmiş X2 bildirdi ki, o, İddiaçı tanıyır. Elxanın göstərişi ilə inəyi kəsmək üçün tövlədən çıxardıb bağlamışdır. Bundan sonra öz heyvanını otarmağa aparmışdır. Qayıdanda heyvanın kəsildiyini eşitmişdir. Lakin onu kimin kəsdiyini görməmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 608. Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikаyətinin dəlillərini iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdıraraq, аşаğıdа qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instаnsiyа məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh 2912 manat məbləğində iribuynuzlu heyvan satdığını, cavabdeh tərəfindən onun dəyərinin ödənilmədiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququn tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə kollegiyası yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübut isə, yalnız iddiaçının özünün izahatı olmuşdur. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz.

26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı və məhkəmə kollegiyasının iclasında dindirilmiş şahidlərin ifadələri iddia tələbinin əsaslığını təsdiq edən sübut kimi qəbul edilməsi mümkün deyildir. Belə ki, şahid ifadələri ilə iddiaçıya məxsus iribuynuzlu heyvanın kəsildiyi təsdiq edilir, lakin həmin heyvanın məhz cavabdeh tərəfindən kəsilməsi isə təsdiq olunmur və şahidlər bu halı görmədiklərini bildirirlər. Göründüyü kimi, şahidlər işin halları barədə tam məlumatlı deyillər, onlar heyvanın məhz cavabdeh tərəfindən kəsildiyinin birbaşa şahidi olmamışlar, məlumatın əldə edilmə mənbəyi iddiaçının məlumat verməsi olmuşdur.

27. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-2112/2021 saylı qətnaməsinin məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 2020-ci ildə mal-qaranın nisyə alğı-satqısı ilə bağlı münasibətlər olmuş, heyvanların dəyəri cavabdeh tərəfindən ödənilmədiyi üçün iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmiş, həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-59/2023 qərarının məzmunundan görünür ki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə cavabdehin iddiaçıya ödənilməmiş borcu olduğundan və Cavabdeh tərəfindən icra sənədi üzrə ödənilməli məbləğin icrası təmin edilmədiyindən onun barəsində müvafiq icra qurumu tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən əvvəlki məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş məbləğin ödənilməsi tam təmin edilmədiyi və tərəflər arasında icra sənədinin icrası qaydasında müvafiq məhkəmə çəkişmələri davam etdiyi halda, iddiaçı tərəfindən yenidən cavabdehə nisyə qaydada heyvan satılması ağlabatan deyildir.

28. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yüzü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

29. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-400/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar