Məhkəmə qərarları › İş №2(104)-1862/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1862/2025

10.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1862/2025 10.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və tikilinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin ümumi istifadəsində olan 100 kv.m. torpaq sahəsinin ətrafına çəkdiyi dəmir hasarın sökülməsi, onun həmin torpaq sahəsindən normal istifadə etmə hüququnun və cavabdehin qanunsuz sökdüyü ayaqyolunun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və tikilinin bərpa edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin surəti ona təqdim edilməmişdir. Belə ki o, Bakı şəhərində yaşayır. Məhkəmə qətnaməsi isə ünvan 2 ünvanına göndərilmişdir. Yəni apellyasiya şikayəti verilməsi üçün müəyyən olunan müddət onun təqsiri olmadan ötürülmüşdür. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qərardadı ilə (haklim P.İsaqlı) Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra İddiaçı nümayəndəsi (vəkil) Vəkil həmin qərardaddan şikayət verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qərardadının ləğv olunması və müddətin bərpa edilərək işin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda Gəncə İnzibati Məhkəməsində Cavabdeh qarşı“öhdəlik qoyulması” tələbinə dair iddia qaldırmış, reyestr nömrəsi **********43-10301, qeydiyyat nömrəsi ********* qeydiyyat tarixi xx.xx.2007 olan çıxarışın və həmin çıxarışa səbəb olmuş ilkin sənədlərin ləğv olunmasını xahiş çıxarılması ilə bağlı öhdəlik qoyulmasını xahiş etmişdir. İş qeydiyyata və icraata alınmışdır. Onun mülkiyyətində Tovuz şəhəri Sabir küçəsi 14-də (indiki İ.Qasımov küçəsi 1) yerləşən yaşayış evi əvvəllər kommunal mənzillərdən ibarət olmuş və sonradan mənzillər istifadəçilər tərəfindən özəlləşdirilmişdir. Həmin evin ümumi sahəsi 102.8 kv.m. sahəsi olan mənzil hazırda onun və qızı X1 mülkiyyətindədir və həmin mənzildə yaşayırlar. Həmin mənzil müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və çıxarış verilmişdir. Həmin yaşayış evi əvvəllər kommunal mənzillər olan vaxtdan hal-hazıra kimi evin həyətində ümumi istifadədə təxminən 100 kv.m. torpaq sahəsi vardır və həmin torpaq sahəsi vasitəsilə küçəyə çıxış təmin edilir və onlar tərəfindən həmin sahədə ayaq yolu tikilmişdir. Cavabdeh qonşularıdır, qanunsuz olaraq ümumi istifadəsində olan təxminən 100 kv. həmin torpaq sahəsini öz başına tutaraq ətrafına dəmir örtüklərdən hasar çəkmişdir. Torpaq sahəsindən çıxmasını tələb etməsinə baxmayaraq o məhəl qoymur, torpaq sahəsindən çıxmır, öz mülkiyyətində olan evə-küçəyə, giriş-çıxışa və ümumi istifadədə olan torpaq sahəsindən istifadə etməklərinə mane olur. Mübahisə olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olmuşdur, heç bir vaxt Bələdiyyənin balansında olmamışdır. Bu barədə bələdiyyə sənədləridə mövcuddur. Ona görə də hesab edir ki, sözügedən Tovuz Rayon Məhkəməsinin 2(062)-95/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli apelyasiya şikayəti verilmə müddəti bərpa olunaraq işi apellyasiya məhkəməsinə göndərilməlidir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qərardadı ilə İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və tikilinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında iddiaçının qətnaməni aldıqdan sonra apellyasiya şikayəti verə bilməməsinin səbəbinin üzrlü hesab olunmasına əsas verən heç bir mötəbər sübut yoxdur. Ümumiyyətlə iddiaçı üzrlü səbəb göstərməmiş, əksinə məhkəmənin prosessual tələblərə riayət etməməsini göstərməklə müddətin buraxılmasında onun təqsirinin olmamasını ifadə etmişdir. Hansı ki, yuxarıda sadalanan faktik hallar iddiaçının üzrsüz səbəblərdən müddəti ötürməsini təsdiq edir. Digər tərəfdən iddiaçı qətnamənin başqa şəxs tərəfindən alınmasını qeyd etməklə çaşqınlıq yaratmağa çalışmışdır. Hansı ki, qətnamə iddiaçının özü tərəfindən qeyd edilmiş və yazışmaların aparılmalı olduğu ünvan olaraq göstərilmiş ünvana göndərilmişdir. Bu halda qətnamənin başqa şəxs tərəfindən əldə edilməsi məntiqə sığmır. Odur ki, bu dəlil qəbuledilən deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qətnaməsi 09 aprel 2025-ci il tarixdə Tovuz şəhəri, Sabir küçəsi 14 ünvanında yaşayan İddiaçı göndərilməsi, iddiaçı xx.xx.2025-ci il tarixdə poçt göndərişinin çatdırılması haqqında xəbərnaməyə imza etməklə qətnaməni təhvil alması və onun qətnamədən şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə isə xx.xx.2025-ci il tarixdə, yəni qətnamə təqdim edildiyi vaxtdan iki aydan da artıq müddət keçdikdən sonra verilmişdir. Bununla belə iddiaçı tərəfindən müddətin bərpa edilməsi ilə bağlı ərizəsinə, habelə qərardaddan verilmiş şikayətə müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sənəd əlavə edilmədiyindən birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Göründüyü kimi İddiaçı Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)- 95/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-95/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qəradad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar