Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1866/2024 17.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə Açar sözlər: qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmə nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(062)-1542/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 09 mart 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, İddiaçı 09 mart 2022-ci il tarixdə Tovuz şəhəri ərazisində saxlanılaraq Tovuz RPŞ-nə aparılmışdır;
2. 11 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilərək, onun barəsində MSY-dən azad edilərək, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
3. Tovuz Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(062)-6/2023 saylı hökmünün surətindən görünür ki, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmişdir;
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********2 saylı arayışdan görünür ki, İddiaçı (VÖEN **********) **********-73001 kodlu icarə obyekti 17 may 2023-cü il tarixdə uçota alınmışdır;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyana görə 40000 manat, mənəvi ziyana görə isə 150000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, cavabdehdən maddi ziyana görə 56000 manat, mənəvi ziyana görə isə 150000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində mülkiyyətçisi oğlu Emin Qasımov olan, lakin onun sahibliyində olan “Hyundai Accent” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhər Ə.Cavad küçəsi ilə hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs işarə edərək avtomobili saxladıb, özlərini Tovuz RPŞnin polis işçiləri kimi təqdim edərək, xidməti vəsiqələrini göstərmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, avtomobil ilə birlikdə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxtı maşının qapısı açıq olmuş, maşın polis şöbəsinin həyətində saxlanılmışdır. Üzərinə baxış keçiriləndən sonra polis şöbəsinin həyətindəki avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı maşından çıxan narkotik vasitənin ona məxsus olmadığını, maşına polis əməkdaşları tərəfindən qoyulduğunu, bu halları aşkar etmək üçün polis şöbəsinin inzibati binasında avtomobilə doğru nişanlanmış video kameradan görüntülərin əldə edilməsinin vacibliyini bildirmiş lakin bu vəsatəti təmin olunmamışdır. Ondan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evdə olan hər kəsi evin ikinci mərtəbəsinə qaldırmışlar. Hətta evində olan video müşahidə kamerasının aparatını belə polis əməkdaşları söküb aparmışlar. Evin zirzəmisində axtarış apararkən də guya ona məxsus olan narkotik vasitə aşkar edilmişdir. Halbuki, onların heç biri ona məxsus olmamış, o uzun müddət narkotik vasitədən istifadə etməmiş və ümumiyyətlə etmək fikrindən uzaq durmuşdur. Həmin tarixdən o, iki gün polis şöbəsində saxlandıqdan sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək buraxılmışdır. Ona qarşı irəli sürülən ittiham məhkəmədə öz təsdiqini tapmamış, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)-6/2023 saylı hökmünə əsasən, barəsində bəraət hökmü çıxarılmış, həmin hökm Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)- 365/2023 saylı hökmü ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi göstərilənlər nəticəsində o, cinayət törətməkdə təqsiri olmadığı halda cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmışdır. Bu müddət ərzində o, maddi və mənəvi zərərə məruz qalmışdır. Belə ki, o, sahibkardır və bu müddət ərzində heç bir fəaliyyət növü ilə məşğul ola bilməmişdir. Onun qeyd olunan cinayətlə təqsirləndirilməyi səbəbindən qohumlar və onu tanıyan digər şəxslər arasında qınaq obyektinə çevrilməyinə, ona qarşı olan münasibətin dəyişməsinə və onun bu və ya digər formada cəmiyyətdən təcrid olunmağına gətirib çıxarmışdır. Bu məhrumiyyətlərə onunla bərabər ailə üzvləri də məruz qalmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə onu polis əməkdaşları saxlamış və iki gün nəzarətdə saxlanıldıqdan sonra buraxılmışdır. Həmin günün səhəri yeganə övladı olan oğlu Emin Qasımov o yatarkən anası ilə sağollaşıb Bakı şəhərinə getmişdir. Getməsinin səbəbini isə baş verən hadisələrlə əlaqələndirmiş və bir müddət burada yaşaya bilməyəcəyini bildirmişdir. Bir neçə gün zəng çatmamış və üç gündən sonra yol-nəqliyyat hadisəsi nəticəsində faciəli şəkildə vəfat etmişdir. Bundan sonra o və ailəsi uzun müddət mənəvi sarsıntı keçirmişlər. Bundan başqa o yuxarıda qeyd etdiyi kimi sahibkarlıq fəaliyyəti ilə, yəni mebel istehsalı ilə məşğul olur. Bu hadisələr başına gəldikdən bugünədək o heç bir fəaliyyətlə məşğul ola bilməmiş və ayda orta hesabla 2000 (iki min) manat əldə edə biləcəyi gəlirindən məhrum olmuşdur. Yeganə övladı vəfat etdikdən sonra onlar iki dəfə süni mayalanma etdirmiş və 14000 (on dörd min) manat miqdarında pul xərcləmiş, lakin mümkün olmamışdır.
8. Tovuz Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(062)-1542/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyan olaraq 100 manat, mənəvi ziyan olaraq 1000 manat olmaqla cəmi 1100 (min yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilməsi; İddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56.0.1, 57.1, 58.1, 58.2, 58.3.1, 60.1 və 61.1-ci maddələrinə, həmçinin “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 5 və 6-cı maddələrinə, eləcə də Mülki Məcəllənin 21.1, 21.2 və 1101.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumun əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, üçüncü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya maddi zərərin əvəzi olaraq 100 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat olmaqla, cəmi 1100 manat məbləğində vəsaitin Maliyyə Nazirliyi tərəfindən ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikirlərincə, Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 1100 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Lakin, iddiaçıyə dəymiş maddi və mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onun işləməsi, aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməməsinə baxmayaraq məhkəmə tərəfindən çıxarılmış qətnaməyə əsasən maddi zərərə görə kompensasiyanın ödənilməsi də əsassız hesab edilməlidir. Həmçinin, iddiaçının sahibkar kimi fəaliyyət göstərməsi, həmin fəaliyyəti icra edən zaman hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutlar işə əlavə edilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 28 birinci və ikinci bəndlər. Hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
15. Maddə 68. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
17. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 5ci maddəsinin birinci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.
18. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
19. Maddə 12. Bu Qanunun 5–ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Belə olan halda qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına mənəvi zərərin əvəzi olaraq 500 manat ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Tovuz şəhəri ərazisində saxlanılaraq Tovuz RPŞ-nə aparılmış və iki gün polis şöbəsində saxlanılmışdır. 11 mart 2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sonradan Tovuz Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(062)-6/2023 saylı hökmü ilə İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 1(104)-365/2023 saylı hökmü ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində mənəvi iztirablar keçirtdiyini, habelə maddi ziyana uğradığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
39. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, iki gün polis şöbəsində saxlanılması, habelə qətimkan tədbiri qismində polisin nəzarəti altında olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum olmuş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, habelə mənəvi iztirab və sarsıntılar yaşamışdır.
41. Diqqətə alınmalıdır ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).
42. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında da mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir.
43. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 18 mart 2010-cu il tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.
44. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 150000 manat tələb etsə də, lakin kollegiya mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 manat vəsait tutulması ağlabatan və ədalətlidir. Belə ki, iddiaçının məruz qaldığı mənəvi zərər əvəzində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına 500 manat alınaraq iddiaçıya ödənilməsi sonuncunun keçirtdiyi mənəvi iztirab və sarsıntıların adekvat və effektiv şəkildə aradan qaldırılması baxımından məqsədəmüvafiqdir.
45. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin maddi ziyanla bağlı hissəsinə də hüquqi qiymət verərək qeyd edir ki, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, iki gün polis şöbəsində saxlanılması, habelə qətimkantədbiri qismində polisin nəzarəti altında olması nəticəsində 56000 manat qazancından məhrum olduğunu iddia etsə də, lakin bunu təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı bu tələbinin əsası kimi vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********2 saylı arayışa istinad etmişdir ki, həmin arayışla da iddiaçının icarə obyektinin 17 may 2023-cü il tarixdə, yəni barəsində məhkəmənin bəraət hökmü çıxarıldıqdan sonra uçota alınması müəyyən olunur.
46. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
49. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
50. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
51. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
52. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, maddi ziyan tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki iddiaçı həmin tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
53. İşin şərh olunan hallarına məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına mənəvi zərərin əvəzi olaraq 500 manat ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
54. İddiaçıya dəymiş ziyanın Maliyyə Nazirliyi tərəfindən ödənilməli olmaması barədə cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlili əsassızdır.
55. Belə ki, “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli 75 nömrəli Qərarın 5.1-ci bəndinə əsasən, dövlət büdcəsi Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir.
56. Həmin Qərarın 5.23-cü bəndinə əsasən, dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.
57. Həmin Qərarın 5.40-cı bəndinə əsasən, dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
58. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 440 nömrəli, 11 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nda isə (“Büdcə xərclərinin funksional təsnifatı”, “Əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət” bölməsi - 12.9.0) 12.9.0 bölməsinin 222980-ci paraqrafı bilavasitə “məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərcləri” nəzərdə tutulmuşdur.
59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olan vəsaitin Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına ödənilməsi müəyyən olunmuşdur. Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanıldığından mənəvi zərərin əvəzinin ödənilməsinin həmin orqan tərəfindən həyata keçirilməsi düzgün və əsaslıdır. Həmçinin dövlət büdcəsinin vahid təsnifatında məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərclər nəzərdə tutulmuşdur.
60. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirmədiyindən hazırkı apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə iddia tələbinin təmin olunmuş hissəsi, yəni 1100 manat hissə təşkil etmişdir. Ona görə də, mübahisələndirilən hissədə, iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(062)-1542/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.