Məhkəmə qərarları › İş №2(104)-187/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-187/2024

29.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-187/2024 29.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-220/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) X7 və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 29 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AD seriyalı № 117033 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Nissan» markalı «X Trail» modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur.

2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində sürücü Cavabdeh idarə etdiyi «VAZ» markalı «20174» modeli, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ü. Hacıbəyli küçəsi ilə hərəkətdə olarkən sürücü, X5 idarə etdiyi «Nissan» markalı «X Trail» modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, «Nissan» markalı «X Trail» modeli avtomobil öz növbəsində yolun sağ kənarında dayanmış X6 məxsus «Mersedes-Benz» markalı «Vito 115 CDİ» modeli, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün material Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilmişdir.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş 14 sentyabr 2022-ci il tarixli qüsur aktından görünür ki, «Nissan» markalı «X Trail» modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 24560 manat dəyərində maddi zərər dəymişdir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 9/2691 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiq edilən 2013-cü il buraxılışlı, «Nissan» markalı «X Trail» modeli, 90- SL789 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15.000 manat müəyyən edilir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/455-8/240 nömrəli rəyindən görünür ki, baxışa təqdim olunmuş Nissan markalı X-Trail markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunduğundan avtomobilin konkret olaraq hansı hissəslərinin zədələnməsini müəyyən etmək mümkün olmadı. Həmçinin avtomobilin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan suallar üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X12» tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən əsasən, tədqiq edilən 2013-cü il buraxılışlı "Nissan X Trail" markalı, ** SL *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15000,0 (25000,0 m - 40%) manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "Nissan X Trail" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6360,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 5490,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 870,0 manat.

6. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli hesablama aktından görünür ki, “Nissan” markalı “X-Trail” modeli 90- SL-789 dövlət qeydiyyat nişanlı avtomobilə 5.820 manat dəyərində maddi zərər və 1.020 manat əməkhaqqı olmaqla, ümumilikdə 6.840 manat zərər hesablanmışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 20560 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Cavabdeh idarə etdiyi «VAZ» markalı «20174» modeli, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ü. Hacıbəyli küçəsində hərəkətdə olarkən mülkiyyət hüququ ilə ona məxsus olan «Nissan» markalı «X Trail» modeli, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq qəza törətmiş və bununla onun mülkiyyətində olan avtomobilə 24560 manat maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar polisdə araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda baş vermş yolnəqliyyat hadisəsində Cavabdeh təqsiri müəyyən edilmişdir. Belə ki, həmin qərarın sürəti Cavabdeh barəsində İXM-nin 327.2 maddəsi ilə inzibati tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilmişdir. Ona dəymiş maddi ziyanın 4000 manat hissəsi sığorta şirkəti tərəfindən ona ödənilmişdir, maddi ziyanın qalan hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

9. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-220/2023 nömrəli qətnaməsi (hakim Tərifə Kərimova) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş ziyana görə 11000 (on bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (yüz iyirmi üç) manat pul tutularaq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, zərərin əvəzinin həcmi iddia tələbində vurulmuş real zərərin həcmindən artıq məbləğdə qeyd olunmuşdur. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən verilmiş ekspert rəyində "xxxx" MMC tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli qüsur aktında göstəriləndən fərqli olaraq sözügedən avtomobilə dəymiş zərərinin həcminin 15000 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Lakin ekspert rəyində göstərilən həmin məbləğ avtomobilə ümumilikdə dəymiş ziyanın həcminin əks etdirir. Belə ki, iddiaçının özünün qeyd etdiyi kimi vurulmuş ümumi ziyanın 4000 manat hissəsi ona sığorta təşkilatı tərəfindən ödənilmişdir və idddiaçı məhz vurulmuş maddi ziyanın əvəzinin sığorta təşkilatı tərəfindən ona ödənilmiş məbləğdən geri qalan hissəsini cavabdehdən tələb edir.

11. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə 11000 (on bir min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir.

12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı nümayəndəsi (vəkili) X7 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2157/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam həcmdə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş 14 sentyabr 2022-ci il tarixli qüsur aktından görünür ki, «Nissan» markalı «X Trail» modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 24560 manat dəyərində maddi zərər dəymişdir. Lakin, məhkəmə yalnız ekspertin rəyinə əsaslanıb, həmin rəydə qeyd edilən ziyanın məbləgini əsas götürmüşdür.

15. Həmçinin, qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2157/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın qismən, yəni 2788 manat həddində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, avtoqəza hadisəsi Gəncə şəhər Baş Polis İdarəsində araşdırılmış və əməldə cinayət tərkibi olmadığına görə 02 avqust 2022-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Ancaq, İddiaçı bundan 1 ay 12 gün sonra, yəni 14 sentyabr 2022-ci il tarixdə "xxxx" X4 qüsur aktı almışdır ki, guya onun avtomaşınına 24560 manat zərər dəymişdir, hansı ki, 2013-cü il istehsalı olan iddiaçıya məxsus “Nissan” markalı “X-trial” modelli avtomaşının tam salamat vəziyyətdə hazırki bazar qiyməti belə 24560 manat təşkil etmir. Hadisə zamanıda yalnız “Nissan” markalı “Xtrial” modelli avtomaşının qabaq hissəsi cüzi zədələnmişdir və bu işə əlavə edilmiş fotoşəkillərdən də, aydın görünür. İddiaçı ondan vurulan zərərə görə sığorta ödənişindən qalan 2788 manatı tələb etmək əvəzinə, özünün heç kimin iştirakı olmadan aldığı saxta, dəfələrlə şişirdirilmiş qüsur aktına görə ondan 24560 manat zərər tələb etməsi qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məkhəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən verilmiş 14 sentyabr 2022ci il tarixli qüsur aktından görünür ki, “Nissan” markalı “X Trail” modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 24.560 manat dəyərində maddi zərər dəymişdir. Lakin, birinci intansiya məhkəməsində verilmiş ekspert rəyi real zərərdən aşağı yazılmışdır. Avtomobilə dəymiş zərər görə isə sığorta şirkəti cəmi 4.000 manat məbləğində ödəniş etmişdir. Buna görə də hazırda mübahisəli avtomobili təmir etdirə bilmirlər. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində ekspertin verdiyi rəy ilə razı deyillər. Çünki, həmin rəydə zərər real qiymətdən aşağı yazılmışdır. Hesab edir ki, dəymiş zərərin məbləği servis tərəfindən verilmiş qüsur aktında göstərilən məbləğdə müəyyən edilməlidir. Həmçinin, “CD” diskdə olan “Nissan” markalı “X Trail” modeli **-SL- *** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərindən görünür ki, avtomobil yararsız vəziyyətə düşmüş və əvvəlki vəziyyətin bərpa edilməsi üçün çox xərc lazımdır. Odur ki, cavabdehin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin təmin edilməməsini, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsin məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o idarə etdiyi “VAZ” markalı “20174” modelli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Ü. Hacıbəyli küçəsində hərəkətdə olarkən İddiaçı idarə etdiyi “Nissan” markalı “Xtrail” modelli, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu toqquşma nəticəsində “Nissan” markalı “X-trail” modelli avtomobil öz növbəsində yolun sağ kənarında dayanmış X6 məxsus “Mersedes-Benz” markalı “Vito 115CD1” modelli **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Bu zaman dəymiş zərərin hesablanması üçün sığorta şirkətinin nümayəndəsi gəlmiş, İddiaçı məxsus “Nissan” markalı “X-trail” modelli avtomaşına dəyən real zərər 6840 manat, digər “Mersedes-Benz” markalı avtomaşına isə dəyən zərər 900 manat qiymətləndirilmişdir. Həmin vaxt sığorta təşkilatının nümayəndəsi İddiaçı və digər şəxsə bildirmişdir ki, zərər dəyən avtomaşınları onlar özləri də, servisdə tam təmir elətdirib onlara verə bilərlər və yaxud da, dəyən zərərlə bağlı onlara qiymətləndirilən bu məbləği verə bilərlər və hər kəs öz avtomaşınını təmir etdirə bilər. İddiaçı və digər şəxs isə avtomaşınların sığorta təşkilatı tərəfindən tam təmir edilməsini deyil, onlara nağdı pul verilməsini istəmişlər ki, öz avtomaşınlarını özləri təmir etdirəcəklər. Ona görə də, sığorta şirkəti İddiaçı nağdı olaraq 4052 manat, digər şəxsə isə nağdı olaraq 900 manat sığorta haqqı ödəmişdir. Həmin vaxt da, İddiaçı və digər şəxs avtomaşınlarına dəyən zərərin miqdarı ilə razılaşmış və heç bir narazılıq olmadan pulları qəbul etmişlər. Lakin, iddiaçı hazırda ondan sığorta tərəfindən ödənilmiş məbləğdən əlavə də pul istəyir. Buna görə də o iddiaçının tələbini əsassız hesab edir. Odur ki, iddiaçının nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin təmin edilməməsi, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.

20. Məkhəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı məxsus “Nissan” markalı “X-trail” modelli avtomaşına zərər dəyən zaman sığorta şirkəti tərəfindən dəymiş zərər qiymətləndirilmiş və bunun müqabilində iddiaçıya 4052 manat məbləğində sığorta haqqı ödənilmişdir. Həmin vaxt iddiaçı məbləğ ilə razılaşmış və əlavə heçnə tələb etməmişdir. Ona görə də iddiaçı tərəfindən tələb olunan məbləğ əsassızdır. Bundan əlavə “CD” diskdə olan “Nissan” markalı “X Trail” modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərindən görünür ki, zərər çox deyildir. Odur ki, iddiaçının nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin təmin edilməməsi, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.

21. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Nümayəndə və vəkillə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir

34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

40. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

44. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

46. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

47. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Nissan” markalı “X Trail” modeli **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb edir.

48. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Nissan” markalı “X Trail” modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur.

49. İş materiallarından göründüyü kimi, apellyasiya şikayətləri üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

51. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

52. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

53. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.

55. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

56. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.

57. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

58. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

59. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

60. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

61. Nəzərə alınmalıdır ki, maddi zərərin ödənilməsi ilə bağlı hissəsinin düzgün həlli üçün iddiaçının avtomobilini təmir edib əvvəlki vəziyyətə gətirilməsi üçün çəkməli olduğu xərclər müəyyən olunmalıdır. Bu xərclər dəyişdirilməli olan ehtiyyat hissələrinin dəyəri və təmir işlərinə görə ustaya ödənilməli olan əmək haqqından ibarətdir. Vurulmuş zərərin məbləğinə dair iddiaçı tərəfindən sübut olaraq məhkəməyə təqdim olunmuş "xxxx" MMCnin 14 sentyabr 2022-ci il tarixli qüsur aktından görünür ki, “Nissan” markalı “X Trail” modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 24.560 manat dəyərində maddi zərər dəymişdir.

62. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin 23 iyun 2023-cü il tarixli, 9/2691 nömrəli rəyi ilə, tədqiq edilən 2013-cü il buraxılışlı, «Nissan» markalı «X Trail» modeli, 90-SL789 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15.000 manat müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə avtomobilə dəymiş zərərin 24.560 manat olduğu barədə iddiaçının təqdim etdiyi sübut - "xxxx" MMC-nin 14 sentyabr 2022-ci il tarixli qüsur aktı mötəbər deyildir. Qeyd edilən aktda qiymətləndirmə meyarları açıqlanmamış, müxtəlif bazar subyektlərində olan qiymətlər müəyyən olunmamış və müqayisəli təhlil aparılmaqla zərər müəyyən olunmamışdır. Ona görə də məhkəmə kollegiyası avtomobilin əzilməsi nəticəsində dəymiş zərərin xx.xx.2022-ci il tarixli akta münasibətdə nəzəri yol ilə hesablanmış ekspertin rəyini əsaslı saymır.

64. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/455-8/240 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X12» tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən əsasən, tədqiq edilən 2013-cü il buraxılışlı "Nissan X Trail" markalı, ** SL *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15000,0 (25000,0 m - 40%) manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "Nissan X Trail" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 6360,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 5490,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 870,0 manat.

65. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin sonuncu ekspert rəyini qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

66. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

67. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert həmin rəyini əsaslandırmış, rəy verərkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur.

68. Məhkəmə kollegiyası hər iki qiymətə münasibətdə (6360,0 manat və 24.560 manat) iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin 6360 manat həcmində müəyyən edilməsini daha ağlabatan və ədalətli hesab edir.

69. Digər tərəfdən, iddiaçı özünə məxsus “Nissan” markalı “X Trail” modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş ziyana görə "xxxx" ASC tərəfindən sığorta ödənişi edilmişdir. Həmin cəmiyyət tərəfindən isə müqaviləyə uyğun olaraq zərərçəkən kimi iddiaçıya dəymiş ziyan 6.840 manat məbləğdə hesablanmışdır. Həmin məbləğin 4.052 manat hissəsi isə sığorta şirkəti tərəfindən idddiaçıya ödənilmişdir.

70. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun icbari sığortanın prinsiplərindən bəhs edən 3-cü maddəsində göstərilmişdir ki, sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı və sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindəndir.

71. Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.2-ci maddələri)

72. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

73. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 20.1, 20.2 və 20.3-cü maddələri)

74. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyana görə 4.052 manat sığorta ödənişinin edilməsi nəzərə alınmalı, iddiaçıdan 2.308 manat (6.360-4.052=2.308) alınaraq iddiaçıya verilməlidir.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

76. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

77. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

78. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

79. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

80. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

81. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

84. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

85. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı nümayəndəsi (vəkili) X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

86. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddianın təmin hissəsinə uyğun olaraq 43,08 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli və 300 manat ekspertiza xərci isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-220/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 2.308 (iki min üç yüz səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 43,08 (qırx üç manat səkkiz qəpik) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tululub SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən (iddiaçı tərəf) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh tərəf kassasiya şikayəti verə bilməz. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar