Məhkəmə qərarları › İş №2(104)-1881/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1881/2024

03.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1881/2024 03.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-52/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 vurmuş olduğu maddi ziyana görə 4000 (dörd min) manat, ödənilmiş dövlət rüsumuna görə 61 (altmış bir) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-52/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim M.İ.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh1 4000 (dörd min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-52/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan “Kia- Optima” markalı avtomobilə cavabdeh tərəfindən keyfiyyətsiz mühərrik yağı tökülməsi səbəbindən mühərrikin sıradan çıxarması və nəticədə ona 4000 manat ziyan dəyməsi ilə nəticələnməsini bildirir. Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, 5-30 Chempiol mühərrik yağı iddiaçının iştirakı ilə onun tərəfindən mühərrikə əlavə edilmişdir. Yağdəyişmə zamanı avtomobilin yürüş məsafəsinin 111300 km olması göstərilir. Həmçinin mühərrikin növbəti yağdəyişmə məsafəsinin 5.700km. məsafə qət edildikdən sonra 117.000 km. məsafədən sonra dəyişdirilməsi nəzərdə tutulmuşdur. İddiaçı qeyd edir ki, növbəti yağdəyişmə kilometrajının tamam olmasına 2300 km məsafə qalmış mühərrikdə xx.xx.2023-cü il tarixdə nasazlıq olması barədə işıq siqnalı olmuş, bundan sonra cavabdehə müraciət etmişdir. 02 mart 2023-cü ildə mühərikin yağı 111500 km. dəyişdirilmiş, növbəti yağdəyişmə üçün 119000 km. məsafə qət edilməsi nəzərdə tutulmuşdur. Mühərrikin yürüş məsafəsinə dair olan göstəricilər uyğunsuzluq təşkil etdiyi halda məhkəmə araşdırması zamanı bu məsələ aydınlaşdırılmamışdır. Mühərrikin yürüşünün 111300 km.də Chempiol mühərrik yağının dəyişdirildiyi, nasazlıq yarandığı zaman xx.xx.2024-cü ildə isə yürüş məsafəsinin 111.500 km olması məhkəmə tərəfindən müəyyən edilir. Belə olan halda 200km. yürüş zamanı 3 litir mühərrik yağının azalmasının baş verməsi yağın keyfiyyətsizliyi iddiası ilə əsaslandırılması tam olaraq əsassızdır. Ancaq məhkəmə iddiaçının dediklərinə əsasən qətnamədə qeyd edir ki, növbəti yağdəyişməyə 2300 km qalmış nasazlıq aşkar edilmişdir. 2022-ci ilin sentyabr ayında mühərrikə yağ tökülərkən yürüş məsafəsi 5.700 km olması göstərildiyi halda, növbəti yağdəyişməyə 2300 km. məsafə qalmış olduğu halda qət edilən yürüş məsafəsinin yağdəyişmə haqda talonlarda olduğu kimi 200 km yox, 3.400 km məsafə qət etdiyi müəyyən edilir. Burdan da görünür ki, yürüş məsafələri ziddiyyətlidir. Eləcə də iddiaçı 2022-ci ilin sentyabr ayında iddia etdiyi “keyfiyyətsiz yağ” töküldüyü vaxtadək istifadə etdiyi yağın markası, yağdəyişmə müddəti və s.haqda heç bir məlumat təqdim etməmişdir. Bundan başqa mühərrikdə yaranan nasazlıqdan sonra mühərrikdə 2 litr yağın qalmasının müəyyən edilməsi barədə iddia olunsa da, mühərrikin 3 litrədək yağ itirdiyi halda avtomobilin salonunda mövcud olan yağa nəzarət funksyasına dair işıq siqnalının bu azalmaya reaksiya 1 litir azalmada belə verməməsi texniki cəhətdən mümkünsüzdür. Yağın azalma vəziiyyətinə nəzarət edən qurğu bu haqda salanda olan monitorda məlumat verir. Eləcə də, avtomobilin mühərrikinə əlavə edilmiş yağ keyfiyyətsiz olması iddia edilsə də, həmin yağ iddiaçı tərəfindən saxlanılmamış və müvafiq ekspertiza keçirilməklə yağın keyfiyyətinin müəyyyənləşdirilməsi həyata keçirilməmişdir. Yağın keyfiyyətli olub-olmamasının mühərrikə vizual baxış keçirilməklə nasazlığın səbəbi kimi dəqiq müəyyən edilməsi də mümkün deyil. Hətta yağ keyfiyyətsiz olduğu halda, bu yağ avtomobil 200 km. məsafə qət edərkən 3 litr səviyyəsində itkiyə məruz qala bilməz. Bu qədər itki yağın birbaşa mühərrikdən kənar axması və ya mühərrikdən yanacağa qarışmaqla yanmaya məruz qala bilməsi ola bilər ki, bu da avtomobilin hərəkətdə olarkan atmosferə qatı tüstü buraxması ilə və ya parklanma zamanı yerə yağ axması ilə müşahidə edilməli idi. İddiaçının iddia etdiyi kimi yağın keyfiyyətsiz olması səbəbi ilə mühərrikdə nasazlıq yaranması baş vermişdirsə, belə olan halda digər müştərilərin də eyni xarakterli narazılığının yaranması qaçılmaz olardı. İddiaçının qeyd etdiyi kimi, mühərrikdə səs əmələ gəlməsi zamanı xx.xx.2024-cü il tarixdə mühərrikin yağının dəyişdirilməsini həyata keçirərkən mühərrikdə 2 litr yağın olması da onu göstərir ki, mühərrikin yağının səviyyəsinə nəzarət edilmədən, yağın normadan aşağı düşməsinə məhəl qoymadan idarə edilməsi də mühərrikdə nasazlıq yaranması qaçılmaz nəticədir. Bundan başqa mühərrikdə yaranan nasazlığın yağdəyişməyə qədər olubolmaması iş materialları ilə müəyyən edilə bilməmişdir. Eləcə də mühərrikin yağ nasosunun işlək vəziyyətdə olub-olmaması araşdırılmamış, yağ nasosunun işləməməsi səbəbindən də, mühərrikdə nasazlığın olması dəqiqləşdirilməmişdir. Bundan başqa məhkəmədə şahid qismində ifadə vermiş X1 iddiaçının əmisi oğludur və yağdəyişmə zamanı iddiaçının yanında olmamış, iddiaçı yağdəyişməyə tək özü gəlmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə işə baxılmanın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-52/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin məhkəməyə 1 litrlik yağ karobkası təqdim edərək, bildirdi ki, iddiaçının minik avtomobilinin mühərrikinə məhz bu yağdan tokmüşdür. Apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-52/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, maşın 2012-ci ilin istehsalı maşındır. İstifadə olunan yağ isə mənşəyi bilinməyən yağ olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-52/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat vermiş mütəxəssis X2 öz izahatında göstərmişdir ki, o, 30 ildir ki, bu sahədə işləyir, Nasazlıq olmuşdur, belə ki, səs var idi. Yağın azalma səbəbi mineral tərkibli yağın tökülməsi olmuşdur. Mineral yağları aşağı dövriyyəli avtomobillərə, yəni sovet istehsallı maşınlarına tökmək olar. Cavabdehin hazırda təqdim etdiyi yağ karobkası ilə bağlı qeyd edir ki, bu mühərrik yağı ki, iddiaçının mülkiyyətində olan “Kia-Optima” markalı avtomobillər üçün yox, başqa avtomobillər üçün nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-52/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: avtomobilin texniki pasportundan məlum olur ki, “KİA OPTİMA minik” markalı **-SR- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Mülki işə əlavə edilmiş çoxməqsədli yağ məhsullarının logistikası və marketinqi üzrə təsdiq sertifikatından məlum olur ki, həmin sertifikatının müddəti 09 mart 2020-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası “Avtomotoserviz və ticarət” İB-nin “Avtomotoserviz və ticarət” Gəncə müəsissəsinin 03 mart 2023-cü il tarixli 02/03 nömrəli Akt-Rəyindən məlum olur ki, İddiaçı şifahi müraciəti əsasında məxsus olan “KİA OPTİMA minik” markalı **-SR- *** dövlət qeydiyyat nişanlı avtomobilə vizual baxış keçirilmişdir. Vizual baxış zamanı avtomobilin mühərriki nasazdır, işləmir, gələcək istismar və istifadəsi qeyri-mümkündür, tam təmir eilməldir. Avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb isə keyfiyyətsiz mühərrik yağından istifadə edilməsi olmuşdur. Avtomobilin mühərrikinə tökülmüş yağın keyfiyyət göstəricisinin aşağı olması, eləcə də mineral yağ olmasına görə mühərrikin “dirsəkli valı” sıradan çıxmış və yağ nasosunun 8 ədəd vkladışları yararsız hala düşməsinə görə mühərrik tam təmir olunmalıdır. CHEMPİOL markalı mühərrik yağının və COMMA markalı mühərrik yağının dəyidirilməsinə dair olan qəbzlərdən məlum olur ki, 14 sentyabr 2022-ci il tarixdə CHEMPİOL markalı mühərrik yağı 111300 km məsafədə dəyidirilmiş mühərrikinə tökülmüş yağa görə avtomobilinin cəmi 117300 km məsafə getməsinə zəmanət vermiş, 02 mart 2023-cü il tarixdə COMMA markalı mühərrik yağının dəyidirilməsi 111500 km məsafədə dəyidirilmiş mühərrikinə tökülmüş yağa görə avtomobilinin cəmi 119000 km məsafə getməsinə zəmanət vermişdir. Mülki işə əlavə edilmiş qaimələrdən məlum olur ki, “KİA OPTİMA minik” markalı 99- SR-477 dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrikinin tam təmir olunması üçün alınmış mallarıın cəmi dəyəri 3587 manat, mühərrikin sökülüb yığılması və təmir haqqı 400 manat, akt-rəyin hazırlanması üçün ödənilmiş məbləğ 20 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina haqqında məlumatından görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həll edilməsi üçün mərkəzdə müvafiq maddi-texniki baza olmadığı üçün və bu suallar əmtəəşünaslıq, fizikikimyəvi və yol-nəqliyyat hadisələrinin ekspertizalar şəbəsinin həll etdiyi məsələlərə aid olmadığılndan, ekspertizasının aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, İddiaçı yaxından tanımaqla yaxşı münasibətləri vardır. 14 sentyabr 2022-ci il tarixdə İddiaçı məxsus olan “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin yağını dəyişdirmək üçün Cavabdeh1 5-30, CHEMPİOL markalı mühərrik yağı almış və həmin yağ cavabdehin özü tərəfindən həmin yağ avtomobilinin mühərrikinə tökülmüşdür. O, həmin vaxtı İddiaçı yanında olmaqla onu müşahidə etmişdir. Ancaq bir müddət sonra isə həmin avtomobilin mühərrikdə nasazlıq yaranmış, usta avtomobilə texniki baxış keçirmiş, nasazlığı yağa görə olmasını bildirmiş, mühərrikin içərisini açıb, yağı boşaldanda isə mühərrikdə 5 litr əvəzinə 2 litr qara rəngli keyfiyyətini itirmiş, mazut kimi yağ olması məlum olmuşdur. Məlum olmuşdur ki, avtomobilin mühərriki sıradan çıxmışdır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı məxsus olan “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinə keyfiyyətsiz yağ tökməsi səbəbindən “KİA OPTİMA minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki sıradan çıxmış, yararsız hala düşmüş, mühərrikiin tam təmir edilməsinə ehtiyac yaranmış və sonuncunun avtomobilinə 4.000 manat dəyərində maddi ziyan dəymişdir. Maddi ziyanı Azərbaycan Respublikası “Avtomotoserviz və ticarət” İB-nin “Avtomotoserviz və ticarət” Gəncə müəsissəsinin 03 mart 2023-cü il tarixli 02/03 nömrəli Akt-Rəyi, mülki işə əlavə edilmiş qaimələr, şahid ifadəsi və mütəxəssisin izahatı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MM-nin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 İddiaçı 4000 (dörd min) manat ziyan vurması mötəbər sübutlar ilə sübuta yetirildiyindən, İddiaçı Cavabdeh1 maddi ziyanın əvəzini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehin avtomobilə keyfiyyətsiz mühərrik yağı tökülməsi səbəbindən mühərrikin sıradan çıxarmasının, mühərrikdə yaranan nasazlığın yağdəyişməyə qədər olubolmamasının və mühərrikin yağ nasosunun işlək vəziyyətdə olub-olmamasının aydınlaşdırılmaması ilə bağlı apellyasiya dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla işin 7-ci vərəqəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Shempiolii” və “Comma” mühərrik yağlarına dair cavabdehin uyğunluq sertifikatı olmamışdır. Digər tərəfdən, cavabdehin iddiaçının mülkiyyətində olan avtomobilin mühərrikinə tökdüyü yağ keyfiyyətsiz olmaqla, mənbəyi məlum deyildir və həm də, həmin yağ mineral yağ olmuşdur ki, bu kimi hallar həmin mühərrikin sıradan çıxmasına səbəb olmuşdur. Cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi yağ karobkası ilə bağlı müəyyən edilmişdir ki, bu mühərrik yağı iddiaçının mülkiyyətində olan “Kia-Optima” markalı avtomobillər üçün yox, başqa avtomobillər üçün nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-52/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-52/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar