Məhkəmə qərarları › İş №2(104)-1885/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1885/2025

25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1885/2025 25.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(076)-185/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-185/2025 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada vurulmuş ziyana görə 39000 manat (otuz doqquz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 207 (iki yüz yeddi) manat pulun tutularaq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN**********, müxbir hesab– AZ 41NABZ ********************, SWİFT BİK- CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu– 3.) köçürülməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 500 (beş yüz) manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh3 apellyasiya şikayəti verərək, Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-185/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasının təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən hər birinin dəyəri 60 manat olmaqla, 670 ədəd meyvə ağacının dəyəri olan 40.200 manat pulun, 500 manat vəkil xidmət haqqının, 213 manat dövlət rüsumunun, cəmi 40.913 manat məbləğində pulun müştərək qaydada alınması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun həmkəndlisidir. Cavabdehlərə ailə olaraq Şəmkir rayonunun, Qapanlı kəndinin ərazisində 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib. Cavabdehlər həmin torpaq sahəsinin 1.14 ha hissəsini 2002-ci ildə ona 3.500 (üç min beş yüz) manata satıblar. O, isə cavabdehlər tərəfindən satın aldığı torpaq sahəsini təyinatı üzrə istifadə edərək orada kənd təsərrüfatı məhsulları becərmişdir. Eyni zamanda bir neçə il bundan əvvəl həmin torpaq sahəsində hər birinin qiyməti 60 manat olmaqla 670 ədəd meyvə ağacı əkmişdir. Həmin meyvə ağaclarına və torpaq sahəsinə aqrotexniki qaydada qulluq etmişdir. Həmin meyvə ağacları tam sağlam və məhsuldar olmaqla, hazırda bar verir. Bununla belə cavabdehlər tezliklə torpaq sahəsinə dair notariat qaydada alqı-satqı müqaviləsini bağlayacaqlarını vəd vermişdilər. O da cavabdehlər tərəfindən torpaq sahəsinin naturada ona təhvil verəcəklərinə inanaraq nağd pul ödəməklə torpağı satın almışdır. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlərlə notarial qaydada müqavilə bağlanmamış və torpaq sahəsinin hüquqi vəziyyəti qeyri-müəyyən formada qalmışdır. Cavabdehlər torpaq sahəsini ona öz razılıqları ilə satsalar da, alqı-satqı müqaviləsini notarial qaydada rəsmi qeydə aldırmaqdan imtina ediblər. Cavabdehlər qanunsuz hərəkətləri ilə ona maddi ziyan vurmuşlar. Belə ki, həmin torpaq sahəsində hər birinin dəyəri 60 manat olan 670 ədəd meyvə ağacı əkmişdir. Hesab edir ki, cavabdehlər qanunsuz hərəkətləri nəticəsində ona vurmuş olduqları maddi ziyanı tam şəkildə ona geri qaytarmalıdırlar. Cavabdehlərin ona vurmuş olduqları maddi ziyanı 40.913 (qırx min doqquz yüz on üç) manat dəyərində qiymətləndirir. Buraya daxildir həmin meyvə ağaclarının cəmi dəyəri– 40.200 (qırx min iki yüz) manat, 500 manat vəkil xidmət haqqı və 213 manat dövlət rüsumu. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı qətnaməni qəbul edərkən tərəflərin ifadələrini və əlavə sübutları mötəbər sübutlar kimi qiymətləndirməmiş, əsaslandırmamış və iddianın təmin edilməsi mənasında əsaslandığı maddi və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Belə ki, qeydiyyat tarixi xx.xx.2020-ci il, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** olan DƏDR-dən Çıxarış əsasında: Cavabdeh3, Cavabdeh2Qəhrəman oğlu, Cavabdeh1, X7, X9, X1 ibarət ailə üzvülərinə JN 712 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Şəmkir rayonun Qapanlı kəndi ərazisindən cəmisi 4,53 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 1,78 ha hissəsini həmkəndlilərinə satmış, qalan 2,7475 ha hissəsini 2015-ci ilədək ailəsi tərəfindən kənd təsərrüfatı bitkiləri əkilib becərilməklə istifadə edilmişdir. 2015-ci ildə anası Zeynəb İdris qızı və qardaşı Möhlət Qəhrəman oğlu ilə İddiaçı arasında olan şifahi qazılaşma əsasında ildə 500 (beş yüz) manat icarə haqqı ödəməklə 2,7475 ha sahənin 1,14 ha hissəsi icarəyə verilmiş, iddiaçı da həmin sahədə mövsümi kənd təsərrüfatı bitkiləri əkərək hər ildə icarə haqqını ailəsinə ödəmiş, 2017-ci ildə anasının vəfatından sonra iddiaçı icarə haqqını ödəməkdən imtina edərək guya anası tərəfindən həmin 1,14 ha sahənin ona şifahi qaydada satılmış olmasını iddia etmişdir. Dəfələrlə iddiaçıdan ya icarə haqqını ödəməsini, ya da ödəmədiyi halda 1,14 ha torpaq sahəsini boşaldaraq ailələrinin sahibliyinə və istifadəsinə qaytarmasını tələb etsələr də müxtəlf bəhanə ilə torpaq sahəsini zəbtdən azad etməmişdir. İddiaçının qanunsuz əməlləri barəsində Respublikanın ali orqanlarına şikayətlər etsələr də cavabdehin maddi imkanının yüksək olmasına, hər yerə əlininin çatmasına görə onun barəsində etdiyi şikayətlər nəticəsiz qalırdı. Nəticədə, məhkəməyə müraciət etməli olmaları onlara bildirildikdən sonra Şəmkir rayon Məhkəməsində iddiaçıya qarşı iddia qaldıraraq 1,17 ha torpağın zəbtdən azad edilməsini tələb etmiş və Şəmkir rayon Məhkəməsinin (X12) xx.xx.2022-ci il tarixli 2(076)-30/2022 saylı qətnaməsi ilə qismən təmin edilərək 1,14 ha torpaq sahəsindən cavabdehin zəbtində olmasına görə həmin sahənin zəbtdən azad edilərək iddiaçının həmin sahədən çıxarılması qət edilmişdir. Həmin iddia üzrə cavabdeh, hazırkı iddia üzrə iddiaçının ailəsinə məxsus 1,14 ha torpaq sahəsini 2017-ci ildən zəbt etməsi məhkəmənin xx.xx.2022- ci il tarixli 2(076)-30/2022 saylı qətnaməsi ilə də tam mənada müəyyən edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü ol tarixli 2(104)-57/2024 saylı qətnaməsi ilə təmin edilməmiş, eyni ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-57/2024 saylı qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti Ali Məhkəmə Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-4020/2024 saylı qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-57/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və artıq icra olunmuşdur. Birinci instansiya məhkəməsi isə cavabdehlərin onlara məxsus 1,14 ha torpaq sahəsini zəbt edərək istifadə etməsi nəticəsində küllü miqdarda maddi zərər çəkdiklərini bildiyi halda, məhkəmə əsassız olaraq iddiaçını zərərçəkmiş kimi tanıyaraq əsassız iddianı təmin etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflərdən iddiaçı, Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkəmə iclasında iştirak edən cavabdehlərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bələ ki, iş materillarında olan JN-712 KOD 50407038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X3, X6, Cavabdeh3, Cavabdeh1 və X4 Şəmkir Rayon, Qapanlı kəndinin ərazisində 4.53 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyester nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışdan görünür ki, iddiaçı Cavabdeh3 və ailə üzvlərinin ümumi birgə mülkiyətində Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin sonrakı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmış 2(076)-304/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 iddiası qismən təmin edilərək hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyester nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarış əsasında iddiaçı Cavabdeh3 və ailə üzvlərinin ümumi birgə mülkiyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında mütəxəssisin göstərdiyi zəbt edilmiş 1.14 ha hissəsindən İddiaçı çıxarılması qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1280/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qeyd edilən iş üzrə Cavabdeh3 izahatında göstərmişdir ki, anasının sağlığından iddiaçı həmin torpaq sahəsini anası ilə birlikdə əkib–becərmişdir. Anasının vəfatından sonra da iddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etmiş, ağaclar əkmişdir. O, həmin vaxtlar iddiaçıya müraciət edərək onlara məxsus torpaq sahəsində əkdiyi məhsullardan onların da payını verməsini istəmiş, lakin iddiaçı ona məhəl qoymamışdır. Bir müddət sonra isə iddiaçıdan onlara məxsus torpaq sahəsindən çıxmasını tələb etmiş, lakin iddiaçı torpaq sahəsini anası Zeynəbdən və qardaşı Tahirdən 3.500 manat müqabilində almasını bildirmişdir. İş materialında olan X16 X2 Sektoru tərəfindən verilmiş arayışdan görünür ki, 1 hektar xurma bağının salınması üçün 600-650 ting əkilir. Bağ salındıqdan 3 il sonra qismən, 4 il sonra isə tam məhsul verməyə başlayır. Bütün aqrotexniki qaydalara əməl olunduğu təqdirdə 1 hektar xurma bağından 180-220 sentner məhsul əldə etmək mümkündür. Aqrotexniki qaydalar dedikdə - cərgəarası şum, quru budama, kultivasiya, suvarma, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı mübarizə, həmin sahəyə yemləmə gübrəsinin verilməsi və sair tədbirlər nəzərdə tutulur. Sahədə il ərzində şumlama payız və yaz şumu olmaqla 2 dəfə aparılır. Payız şumu noyabr-dekabr ayları aralığında, yaz şumu isə mart ayı ərzində aparılır. Bundan əlavə müasir suvarma sistemi ilə təmin olunmuş xurma bağlarında suvarma 6 dəfə aparılır. 1-ci suvarma 15 mart15 aprel, 2-ci suvarma 15 may-15 iyun, 3-cü suvarma 1-15 iyul, 4-cü suvarma 15-30 iyul, 5ci suvarma 1-15 avqust, 6-cı suvarma 15-30 avqust tarix aralıqlarında aparılır. Suvarma zamanı yemləmə gübrəsinin verilməsi 4 dəfə olmaqla suvarmadan əvvəl aparılır. Kultivasiya 3 dəfə suvarmadan sonra martın əvvəlindən iyunun sonuna qədər həyata keçirilir. Quru budama 1 dəfə olmaqla noyabr-fevral ayları aralığında, alaq otlarına qarşı mübarizə 2-3 dəfə olmaqla may-iyul ayları aralığında, xəstəlik və zərərvericilere qarşı mübarizə (dərmanlama) 3-4 dəfə olmaqla may-iyul ayları aralığında həyata keçirilir. İş materialında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəmkir X14 Mərkəzi tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli 3-22-3-57/276/2024 nömrəli rəydən görünür ki, Torpağa Mülkiyyət Hüququna dair JN-712 nömrəli Dövlət Aktı əsasında cavabdehlərin və digər ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 4.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tərəfimizdən baxış keçirilmiş, baxış zamanı 4.53 hektar sahənin orta hissəsində 1.14 hektarda 2016-cı ildə 4x5 ǝkin sxemi ilə xurma ağacları əkilməsi müəyyən edilmişdir. Hal-hazırda həmin sahədə 552 ədəd məhsuldar xurma ağacı vardır. Bundan əlavə 4.53 hektar sahənin 0.28 hektarında 2018-ci ildə xurma və alça ağacları əkilmiş və indiki vaxta qədər əmin sahədə qulluq işləri aparılmışdır. İddiaçı dediyinə görə həmin sahədə olan meyvə bağı özü tərəfindən salınmış və aqrotexniki tədbirlər aparılmışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli 76 nömrəli Həbibli-1 MMC tərəfindən verilmiş məktubdan görünür ki, hazırda bazarda 1 ədəd bar verən, 7 illik şişburun xurma ağaclarının satış qiyməti 60 manatdır. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7-1919-9/9600 nömrəli xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şəmkir rayonu Qapanlı kəndində yerləşən 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsində Şişburnu xurma ağacları becərilmişdir. Həmin sahədə cəmi 650 ədəd xurma ağacı olub, onlardan 688 ədəd 10-11 illik (məhsul verən ağaclar), 12 ədədi isə 4-5 illikdir (məhsul verməyən ağaclar); Ekspertiza qarşısında qoyulmuş sualda Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 4,53 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsində İddiaçı tərəfindən meyvə ağacı əkilmişdirsə, həmin ağacların hər birinin ayn-aynlıqda dəyəri neçə manat təşkil etməsi məhkəmə-əmtəəşünaslıq ekspertizaya predmetinə aid olmadığından ekspertiza qarşısında qoyulmuş sualla cavab vermək mümkün deyil. Məhkəmə kollegiyasının sorğusuna əsasən X15 Mərkəzi tərəfindən göndərilmiş xx.xx.2026-cı il tarixli 2-22-3-57/2-15/2026 nömrəli məktubdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.14 ha torpaq sahəsində əkilmiş 7–9 illik xurma ağaclarının həmin ərazidən çıxarılaraq başqa yerə köçürülməsi prosesi ciddi aqrotexniki tələbləri və riskləri var. Belə ki, ağacların köçürülməsi zamanı: köklərin torpaq topası ilə birlikdə çıxarılması, kök sisteminin zədələnməsinə yol verilməməsi, ağacın yerüstü hissəsində müvafiq budamanın aparılması tələb olunur. Bu tələblərə tam əməl edilmədiyi halda ağacların əhəmiyyətli dərəcədə məhv olması mümkündür. Bununla yanaşı, köçürülmüş xurma ağacları ən azı 1 il yeni əraziyə uyğunlaşma yükü ilə qarşılaşır və bu dövrdə ağacların məhsul verməsi gözlənilmir. Yaranan uyğunlaşma və yaranmış əlavə təsirlər səbəbindən yaxın müddətdə barvermə qabiliyyətinin zəifləməsi ehtimalı böyükdür. Qeyd edilir ki, 7-9 illik xurma ağaclarının həmin ərazidən çıxarılaraq başqa yerə köçürülməsi, həmin ağacların yenidən kök tutub, inkişaf edib, bar verməsi baxımından sərfəli deyildir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, cavabdehlərin və onların hazırda mərhum analarının mülkiyyətində Şəmkir rayonunun, Qapanlı kəndinin ərazisində 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş həmin torpaq sahəsinin bir hissəsi digər şəxsə satıldıqdan sonra 2.7475 ha hissəsi mülkiyyətlərində qalmış, həmin torpaq sahəsinin də 1,14 ha hissəsini iddiaçının istifadəsinə vermiş (iddiaçı həmin torpaq sahəsini rəsmiləşdirilməmiş alğı-satqı müqaviləsi əsasında aldığını bildirmiş olsa da, iddia tələbi təmin edilməmişdir), sonuncu həmin torpaq sahəsində meyvə ağacları əkib yetişdirmiş, hansı ki, hazırda bar verən ağaclar olmaqla 7-9 illikdir. Həmin torpaq sahəsində meyvə ağaclarının əkib yetişdirilməsinə cavabdehlərin etirazı olmamışdır. Aralarında mübahisə yarandığına görə cavabdehlər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia təmin edilmişdir. Hazırda İddiaçı həmin torpaq sahəsinin yaxşılaşdırılmasına çəkmiş olduğu xərcin, yəni əib yetişdirdiyi ağacların dəyərinin ona ödənilməsini xahiş edir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsində 2(076)-12820/2023 nömrəli mülki işə baxılan zaman cavavdeh Cavabdeh3 izahatında mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən uzun müddət istifadə edilməsini, həmin torpaq sahəsindən əldə etdiyi gəlirdən onlara verməməsi səbəbindən Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə torpaq sahəsindən çıxarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7-1919-9/9600 nömrəli xx.xx.2025-ci il tarixli ekspertiza rəyində isə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsində Şişburnu xurma ağacları becərilməsi, həmin sahədə cəmi 650 ədəd xurma ağacının olması, onlardan 688 ədəd 10-11 illik (məhsul verən ağaclar), 12 ədədi isə 4-5 illik olması müəyyən edilmişdir(məhsul verməyən ağaclar). Göründüyü kimi mübahisəli torpaq sahəsində qeyd edilən ağaclar torpaq sahəsi İddiaçı istifadəsində olan zaman əkilmişdir. Hazırda isə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-304/2022 nömrəli qətnaməsi ilə mübahisəli torpaq sahəsindən İddiaçı çıxarılması qət edilmişdir. Bundan başqa Həbibli-1 MMC tərəfindən verilmiş məktubdan bir ədəd 7 illik şişburun xurma ağacının qiymətinin 60 manat olması müəyyən edilir. İddiaçı hazırkı iş üzrə iddia ərizəsində xurma ağacının 670 ədəd olmasını əsas gətirərək 40200 manat tələb etməsinə baxmayaraq iş materialları araşdırılarkən mübahisəli torpaq sahəsində 650 ədəd xurma ağacı olması müəyyən edilmişdir. Bu baxımdan, məhkəmə, 650 ədəd şişburun xurma ağacının olmasını, xurma ağacının birinin dəyərinin 60 manat olmasını nəzərə alaraq ümumi olaraq 39000 manat ziyan vurulmasını mübahisənin həlli zamanı nəzərə alır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlərdən dəymiş ziyana görə 39 000 (otuz doqquz min) manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddianın “500 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 500 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 213 manat məbləğində dövlət rüsumunun 207 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə il razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi İddiaçı tərəfindən uzun müddət istifadə edilmiş, o, həmin torpaq sahəsində cavabdehlərin etirazı olmadan 650 ədəddən artıq meyvə ağacları əkərək onlara qulluq etmiş, sonradan cavabdeh Qasımova X5 Musayevin həmin torpaq sahəsindən çıxarılmasını tələb etmiş və iddia tələbi təmin edilmişdir. İddiaçı tərəfindən əkilmiş 650 ədəddən artıq bar verən meyvə ağacı isə həmin torpaq sahəsində cavabdehlərin istifadəsində qalır ki, X15 Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli məktubdan göründüyü kimi 7-9 illik xurma ağaclarının həmin ərazidən çıxarılaraq başqa yerə köçürülməsi, həmin ağacların yenidən kök tutub, inkişaf edib, bar verməsi baxımından sərfəli olmadığından birinci instansiya məhkəməsi iddia tələbini pul şəklində yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində də təsbit olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsin əəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-185/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasının MPMin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-185/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar