Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1887/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: yardımçı tikilinin təhvil verilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Tanıvverdi oğlunun Cavabdeh qarşı yardımçı tikilinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(030)- 332/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-187 reyestr nömrəli 01 iyul 2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Daşkəsən şəhəri Mədənçilər küçəsi 7 saylı evin 5 saylı mənzilini İddiaçı 20000 manata satmışdır;
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri Mədənçilər küçəsi 7 saylı evin 5 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır;
3. 15 fevral 2024-cü il tarixli aktdan görünür ki, Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi bina 7, mənzil 6-da yaşayan Cavabdeh, Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi bina 7, mənzil 6-da yaşayan X17, Daşkəsən şəhəri A.Abdullayev küçəsi bina 1a, mənzil 25-də yaşayan Şahid2 və Gəncə şəhəri Bəxtiyar Əliyev küçəsi ev 9-da yaşayan Şahid4 iştirakı ilə akt tərtib edilmiş ondan ötəri ki, Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi bina 7, mənzil 5-də əvvəllər yaşamış, mərhum X14 2018-ci ildə yaşamış olduğu binanın yaxınlığında yerləşən özünə məxsus olmuş vaxtilə istifadə etdiyi əl damını oğlu Şahid2 və Şahid4 Hidayər qızı ilə razılaşaraq onların iştirakı ilə X15 200 manata daimi istifadə etmək üçün vermişdir. Aktın tərtibində iştirak edən şəxslər aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər;
4. 27 fevral 2024-cü il tarixli aktdan görünür ki, Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi bina 7, mənzil 6-da yaşayan birinci Qarabağ müharibəsi veteranı Cavabdeh, Daşkəsən şəhəri Mədənçilər küçəsi bina 7, mənzil 1-də yaşayan X19, Daşkəsən şəhəri Mədənçilər küçəsi bina 7a, mənzil 1-də yaşayan birinci Qarabağ müharibəsi veteranı Şahid1, Daşkəsən şəhəri A.Abdullayev küçəsi bina 1a, mənzil 25-də yaşayan X18 və Daşkəsən şəhəri A.Abdullayev küçəsi bina 1a, mənzil 3-də yaşayan Şahid3 iştirakı ilə akt tərtib edilmiş ondan ötrü ki, Daşkəsən şəhəri Mədənçilər küçəsi bina 7, mənzil 5-də əvvəllər yaşamış mərhum X14 binanın yaxınlığında yerləşən, özünə məxsus olmuş, vaxtilə istifadə etdiyi əl damından 2018-ci il tarixdən hal-hazıradək Cavabdeh istifadə edir. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir;
5. Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatının 12 mart 2024-cü il tarixli 5- 42-2012-271/2024 saylı arayışından görünür ki, X1 şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi ev 7 mənzil 5-də qeydiyyatdadır və yaşayır;
6. Daşkəsən şəhər Bələdiyyəsinin 11 mart 2024-cü il tarixli 26 saylı arayışından görünür ki, Daşkəsən şəhəri Vahid Alıyev küçəsi 7 nömrəli bina 6 mənzillidir və hər mənzil üçün binanın yan hissəsində əlavə yardımçı tikili inşa edilmişdir. Bina ilə birlikdə həmin yardımçı tikintilər dövlət tərəfindən inşa edilmişdir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzilinə yardımçı tikilinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzilini 01 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. Mənzilə dair adına daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2020-ci il tarixli çıxarış verilmişdir. Alqı-satqı zamanı Ramidə Məmmədova mənzilə dair yardımçı tikilinin (əl damının) mövcud olduğunu və həmin tikilini müvəqqəti istifadə etmək üçün Cavabdeh verdiyini bildirmişdir. Dəfələrlə cavabdehə yardımçı tikilini boşaldıb ona təhvil verməsini xahiş etsə də, lakin müsbət nəticə olmamışdır. Cavabdeh ona bildirmişdir ki, həmin tikilini X4 almışdır.
9. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzili və binanın yaxınlığında yerləşən 5 saylı yardımçı tikili anası X11 məxsus olmuşdur. 2018-ci ildə anası Ramidə Məmmədova 5 saylı yardımçı tikilini qonşuları Cavabdeh 200 manata satmışdır. 2020-ci ildə anası Ramidə Məmmədova qeyd edilən mənzili alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Mənzilin alqı-satqısı zamanı yardımçı tikilini Bəşir müəllimə satdıqlarını Əsədə bildirmişlər. Sonradan anası vəfat etmişdir.
10. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın hər mənzilinin bir yardımçı tikilisi olmuş, 5 saylı mənzilin yardımçı tikilisini 2018-ci ildə anası X24 müəllimin arvadı Rəna müəlliməyə 200 manata satmışdır. Həmin vaxt o, anasının yanında olmuş, Rəna müəllimə pulu onun yanında anası Ramidəyə vermişdir. 2020-ci ildə isə Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzilini İddiaçı satmışlar. Sonradan anası vəfat etmişdir.
11. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mübahisədən yaxın zamanlarda xəbəri omuşdur. Bəşir müəllim onun çağıraraq Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın yaxınlığında yerləşən yardımçı tikilinin qapısını dəyişməyi xahiş etmiş, o, da 30 manat qapı üçün 20 manat isə zəhmət haqqı alaraq qapını dəyişdirmişdir.
12. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cavabdeh tanıyır, İddiaçı ilə tanışlığı yoxdur. Bəşir müəllim onun yaşadığı binanın üst tərəfində yerləşən yardımçı tikilini təxminən 2018-ci ildə satın almışdır. Bəşir müəllimin tikilini satın aldığı qadının adı yadında deyildir.Həmin tikili bərbad vəziyyətdə olmuşdur.
13. Daşkəsən Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(030)-332/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia təmin edilərək, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzilinə aid yardımçı tikilinin Cavabdeh alınıb iddiaçı X6 qaytarılması; Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.8, 158.1.2, 227.1, 227.2, 337.1, 337.4 və 394-cü maddələrinə, həmçinin Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 16 Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə hər hansı hüquqi əsasa söykənmədən hesab edir ki, 5 saylı mənzilin əl damı onun tərəfindən zəbt edilmişdir. Şahid ifadələri sübutların bir növü olsa da iş üzrə şahid kimi dindirilmiş şəxslərin verdikləri izahata hüquqi qiymət verilməmişdir. Məhkəmə əsassız, qanuna əsaslanmadan onun həmin əşya üzərində hüquqları olmadığını göstərsə də, iddiaçının hansı əsasla həmin əmlak üzərində istifadə hüququnun olmasını əsaslandırmamışdır. İş üçün sübut əhəmiyyəti daşıyan aktları məhkəməyə təqdim etmişdir. Həmin aktlarla təsdiq olunur ki, mübahisə predmeti olan yardımçı tikilini 2018-ci ildə əldə etmişdir, əmlakı abadlaşdırmış, onu yararlı hala salmışdır. Məhkəmə hesab edir ki, həmin əmlakın alınmasına görə Cavabdehlə mərhum Ramidə Məmmədova arasında müqavilə bağlanmamışdır. Bildirir ki, mübahisə predmeti olan həmin əmlaka görə hüquqmüəyyənedici sənəd mövcud olmamışdır. Belə olan halda həmin daşınmaz əmlaka görə alqı-satqı müqaviləsinin bağlanması mümkün deyil. İddiaçının da həmin əmlaka belə bir hüququ yoxdur. Mərhum R.Məmmədovanın övladları analarının müəyyən haqq müqabilində həmin yardımçı tikilini satdığını təsdiq etmişlər. Lakin məhkəmə heç bir araşdırma aparmadan cavabdehin vicdanlı alıcı kimi həmin əmlaka sahib olmasına əhəmiyyət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yardımçı tikilinin altında olan torpaq sahəsinin kimin mülkiyyətində olması araşdırılmamışdır. Orada 6 ev və 12 yardımçı tikili var. Mübahisə predmeti olan tikilini 2018ci ildə 200 manat müqabilində şifahi razılaşma əsasında almışdır. Mübaisəli yardımçı tikilidən əl damı kimi istifadə edir. İddiaçı evi 2020-ci ildən alıb, 2024-cü ildə məhkəməyə müraciət edib. İddiaçıya qaraj tikmək üçün yer vermədiklərinə görə o yardımçı tikilini tələb edir. Mübahisəli yardımçı tikilini almaq üçün 200 manat pul vermişdir və həmin tikilini aldıqdan sonra xeyli məbləğdə vəsait sərf edərək əlavə işlər gördürmüşdür. Yardımçı tikilinin məhz iddiaçın mülkiyyətində olan evə təhkim olunması ilə bağlı hər hansı sənəd mövcud deyil. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsi əsasında mənzili almışdır. Hər mənzilə bir yardımçı tikili düşür. Orada isə 6 ədəd mənzil vardır. Mənzili alanda əvvəlki mülkiyyətçi ona bildirmişdir ki, yardımçı tikili də bu mənzilə aiddir, lakin tikilinin içində qonşunun əşyaları vardır. Həmin vaxt isə cavabdeh yardımçı tikilinin ona məxsus olduğunu bildirməmişdir. 2023-cü ildə ailə qurub mənzilə köçəndə cavabdehdən əşyalarını yardımçı tikilidən çıxarmasını tələb etsə də, lakin o buna məhəl qoymamışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehə pul təklif etsə də, lakin sonuncu razılaşmamış, orada əlavə işlər gördüyünü bildirmiş və yardımçı tikilinin qaytarılması üçün 1000 manat pul tələb etmişdir. Halbuki, orada heç bir əlavə iş görməyib, yalnız bir ədəd qapı qoyub. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
21. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.
22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X5 ilə alıcı İddiaçı arasında Gəncə şəhəri 3 saylı notariat ofisində 01 iyul 2020-ci il tarixli 4Ə-187 reyestr nömrəli alqısatqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı ona məxsus Daşkəsən şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzilini alıcıya satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında da İddiaçı adına sözügedən mənzilə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Sonradan Mədənçilər küçəsinin adı dəyişdirilərək Vahid Alıyev küçəsi verilmişdir. X5 vəfat etmişdir. Bununla yanaşı müəyyən olunur ki, satıcı X2 Daşkəsən şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzilinin yardımçı tikilisini Cavabdeh şifahi razılaşma əsasında pul müqabilində satmışdır. İddiaçı həmin yardımçı tikilinin cavabdehin sahiblik və istifadəsindən alınması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
35. Yuxarıda göstərildiyi kimi X5 ilə alıcı İddiaçı Tanrıverdi oğlu arasında Gəncə şəhəri 3 saylı notariat ofisində 01 iyul 2020-ci il tarixli 4Ə-187 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı ona məxsus Daşkəsən şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzilini alıcıya satmışdır. Başqa sözlə, həmin alqı-satqı müqaviləsinin predmeti məhz Daşkəsən şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzil olmuşdur. Başqa sözlə, mübahisə predmeti olan yardımçı tikili X5 ilə alıcı İddiaçı Tanrıverdi oğlu arasındakı alqı-satqı münasibətlərinin predmeti olmamışdır.
36. Digər tərəfdən nəzərə almaq lazımdır ki, mərhum X5nın övladları Şahid4 və Şahid2 birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmişlər və adları qeyd olunan şahidlər ifadələrində bildirmişlər ki, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzili və binanın yaxınlığında yerləşən 5 saylı yardımçı tikili anası X11 məxsus olmuşdur. 2018-ci ildə anası Ramidə Məmmədova 5 saylı yardımçı tikilini qonşuları Cavabdeh 200 manat müqabilində satmışdır. 2020-ci ildə anası Ramidə Məmmədova qeyd edilən mənzili alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Mənzilin alqı-satqısı zamanı yardımçı tikilini Bəşir müəllimə satdıqlarını Əsədə bildirmişlər.
37. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri - xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər Şahid4 və Şahid2 ifadələri hazırkı mübahisənin həlli ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, mübahisəli yardımçı tikilinin əvvəlki sahibi şahidlərin anası olmuşdur və şahidlər də mərhum anaları tərəfindən yardımçı tikili, habelə mənzil satılarkən birbaşa olmasa da, satıcının ailə üzvü qismində alqı-satqı münasibətlərində iştirak etmişlər və baş verən hadisələrdən məlumatlı olmuşlar. Beləliklə, şahidlər Şahid4 və Şahid2 verdiyi ifadəni şübhə altına alacaq hər hansı hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası adları qeyd olunan şahidlərin verdiyi ifadəni mötəbər sübut olaraq qiymətləndirir.
40. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi ilə mübahisə predmeti olan yardımçı tikili mərhum X13 tərəfindən Cavabdeh 200 manat pul müqabilində satılmışdır. Həmçinin mərhum Ramidə Məmmədova 2020-ci ildə mənzili İddiaçı satarkən yardımçı tikilini cavabdehə satmış olması barədə iddiaçıya məlumat vermişdir.
41. Məhkəmə kollegiyası həmçinin göstərir ki, mübahisə predmeti olan yardımçı tikilinin məhz Daşkəsən şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzilə aid olması, yəni həmin mənzilə təhkim edilməsi ilə bağlı hər hansı layihə sənədi də mövcud deyildir.
42. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hər hansı qanuni əsas yoxdur. Birinci instansiya məhkəməsi isə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(030)-332/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Tanıvverdi oğlunun Cavabdeh qarşı yardımçı tikilinin qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.