Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-189/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(062)-1999/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən nisyə satılmış məhsulun dəyəri kimi 1700 manat, yol pulu xərci kimi 100 manat, dövlət rüsumu kimi 37 manat olmaqla cəmi 1837 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(062)-1999/2023 nömrəli (hakim Fərid Əliyev) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2024-cü il tarixli 12(104)-189/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(062)-1999/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında heç bir ədavət olmamışdır, tanışlıqları onun anası vasitəsi ilə olmuşdur. Belə ki, cavabdehin anası mütəmadi olaraq ondan kənd təsərrüfatı bitkiləri üçün müxtəlif dərmanlar almış və bu səbəbdən uzun müddətli ticarət tanışlıqları olmuşdur. Anası ilə ticarət münasibəti (dərman alqı-satqısı) olduğu üçün cavabdeh ona bildirmişdir ki, kənd təsərrüfatı dərman vasitələrinə ehtiyacı vardır. Ona görə də nisyə dərman vasitələrini satmağını xahiş etmişdir. Cavabdeh ilə aralarında razılıq edərək ona cəmi 1700 manat dəyərində kənd təsərrüfatı məhsullarını ziyanvericilərdən qorumaq üçün dərmanları xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində nisyə olaraq vermişdir. Aralarında olan razılığa əsasən cavabdeh borcunu 2018-ci ilin oktyabr ayında qaytaracağını bildirmişdir. Cavabdeh 2018-ci ilin oktyabr ayının axırlarında ona bildirmişdir ki, maddi imkanı yoxdur, işləmək üçün Rusiya Federasiyasına gedəcək, işləyib borcunu ödəyəcəkdir. Lakin həmin vaxtdan cavabdeh onunla əlaqə saxlamamış və borcunu ödəməmişdir. Cavabdehə pul verməsi barədə şahidləri və özündə saxladığı borc dəftəri vardır. Məhkəmə iclası zamanı tərəfindən təqdim olunacaqdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh ona verdiyi borcundan heç bir ödəniş etməmişdir. Halbuki cavabdeh ona borc olaraq verdiyi pulu yaxın müddət ərzində ödəyəcəyini vəd etmiş, lakin bu günədək heç bir ödəniş etməmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehə pul verməyi barədə şahidi və özündə saxladığı borc dəftəri vardır. Məhkəmə iclası zamanı tərəflərindən təqdim olunmuşdur və ifadələri də hesab edir ki, sübut növü hesab etmək olar. Ümumiyyətlə o bu işlərlə məşğuldur. Yəni ki, dərman məhsullarının alqı-satqısı ilə məşğuldur, ona görə də nisyə dəftəri tutmuş, həmin dəftərdə isə heç kəsin imzası yoxdur. Buna səbəb isə dərman satdığı insanların həmkəndliləri olmasıdır. Belə ki, onları tanıyır və borclarını qaytaracağına, sözlərini tutacağına etibar etdiyi üçün onların imza atmağına zərurət duymamışdır. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar: 12 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ayrı-ayrı vaxtlara cavabdehə 1700 manat dəyərində dərman preparatları nisyə satmışdır. Verilmiş dərmanlar azot, gübrə və.s-dən ibarət olmuşdur. Dərman preparatlarını nisyə şəkildə cavabdehə verərkən aralarında hər hansı sənəd tərtib etməmişlər. Lakin verilən dərmanların adlarını və dəyərini öz nisyə dəftərində qeyd etmişdir. 12 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da apellyasiya şikayətini müdafiə edərək nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsini qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək işə, apellyasiya baxışı iclasına gəlməmiş cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni, işin materiallarını, cavabdehin gəlməməsinin səbəbi barədə məlumatın olmamasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238 və 376.3-cü maddələrinin tələblərini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və bu barədə müvafiq qərardad qəbul etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən, qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə qiyabi qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ondan 1700 manat dəyərində kənd təsərrüfatı məhsulları üçün dərman preparatlarını nisyə olaraq alması, aralarında olan razılaşmaya əsasən cavabdehin həmin pulu 2018-ci ilin oktyabr ayında qaytaracağını öhdəsinə götürməsini, lakin cavabdehin verdiyi vədə əməl etməyərək məhsulların dəyərini verməməsini əsas gətirərək Cavabdeh 1700 manat məbləğdə pul tələb etmişdir. İş materiallarına əlavə edilmiş sadə əlyazma qəbzdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda 773 manat, 382 manat, 242 manat və 303 manat dəyərində olmaqla ümumilikdə 1700 manat dəyərində dərman preparatları verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən zaman X1 ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır. Belə ki, daimi olaraq ondan nisyə kənd təsərrüfatı məhsullarını ziyanvericilərdən qorumaq üçün dərman preparatları almışdır. Cavabdeh dəqiq xatırlamadığı 2018-2019-cu illərdə iddiaçının evində görmüşdür. Həmin vaxt cavabdeh də iddiaçıdan nisyə olaraq müəyyən dərman preparatları almışdır. Məbləği xatırlamır. Tərəflərin arasında hansı məbləğdə nisyə məhsulların alq-satqısından dəqiq məlumatı yoxdur. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilən zaman X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşuluqda yaşayır. Günəmuzd işlərdə çalışır. İddiaçı kənd təsərrüfatı məhsullarını ziyanvericilərdən qorumaq üçün dərman preparatlarının satışı ilə məşğuldur. Alıcılar ondan çox məhsul alan zaman iddiaçı onu çağırır və məhsulun yığılmasına pul müqabilində köməklik göstərilməsini xahiş edir. Cavabdeh da iddiaçının evində nisyə məhsul alan zaman görmüşdür. Hətta onun məhsulları yığmasına da köməklik etmişdir. Tarixi yadında qalmamışdır. Təxmini 2017 və ya 2018-ci illər olmuşdur. Alınan məhsulların dəyərini tam dəqiq bilmir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur.Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası sübutları nəzərdən keçirib hesab edir ki, hazırkı iş üzrə şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab verməyinə baxmayaraq birinci instansiya məhkəməsi həmin sübutlara, yəni iddiaçının izahatı və şahid ifadələrinə MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət verməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş sadə əlyazma qəbzdən görünür ki iddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda 773 manat, 382 manat, 242 manat və 303 manat dəyərində olmaqla ümumilikdə 1700 manat dəyərində dərman preparatları verilmişdir. Kollegiya işdə olan sübutları iddiaçının izahatı və iddianın dəlilləri ilə birlikdə qiymətləndirərək belə qənaətə gəlir ki, hadisələrin ardıcıllığı - şahid ifadələri, işə əlavə edilmiş sadə əlyazma qəbzdə olan perapartların adları və onların məbləğləri onu deməyə əsas verir ki, iddiaçı qeyd olunan pereparatları cavabdehə nisiyə satmış, lakin sonradan cavabdeh tərəfindən onların dəyəri ona geri qaytarılmamışdır. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 37 manat və yol pulu xərci 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, hazırkı iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Cavabdeh, hazırki (qiyabi) qətnamə ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Apellyasiya Məhkəməsinə ərizə verə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 372, 384.0.2, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(062)-1999/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə qiyabi qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1700 manat, yol pulu xərci 100 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 37 manat olmaqla, cəmi 1837 manat alınaraq İddiaçı verilsin. Cavabdeh izah edilsin ki, bu qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnamənin ləğvi üçün müvafiq ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Bu qiyabi qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
Məhkəmə qərarları › İş №2(104)-189/2024
Gəncə Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2(104)-189/2024
16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver