Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1914/2023 25.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Əsassız hesablanmış borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1951/2023 saylı mülki iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.1 ha torpaq sahəsində yerləşən 163.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə İddiaçı adına mülk kimi qeydə alınmışdır.
2. İş materiallarında olanAzərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş aktdan görünür ki, G4 markalı Zenner tipli nomrəsi **********1 olan qaz sayğacına Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən baxış keçirilmiş və aktda 20442533 npmrəli plomb kəsilərək G-4 SM/3755 saylı qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi və sayğacın istismara yararsız olması müəyyən edilmişdir.
3. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, cavabdehin nümayəndələrinin iştirakı ilə istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar olunmuşdur. İstehlakçı İddiaçı həmin aktda imzası yoxdur
4. İşdə olan xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 90 gün üçün 8640 m3 qeyd olunmuşdur.
5. İşdə olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı 2023-cü ilin yanvar ayında qalıq və aktlar üzrə 1036.80 manat cərimə hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında təbii qaxzdan istifadə qaydalarının pozulmasına görə hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə X3 İdarəsinin əməkdaşları tərəfindən ünvan 1-da quraşdırılan qaz sayğacının işləməməsi ilə əlaqədar nasazlığın səbəbinin günahkarı kimi ona 1036,80 məbləğində cərimə yazılmışdır. Sözügedən 1036,80 manat pul guya onun tərəfindən sərfiyyat edilmiş, lakin qaz sayğacı işləmədiyindən həmin həcimdə qaz sayğac tərəfindən qeydə alınmamışdır. Sözügedən pul məbləğinin yaranmasına əsas səbəb kimi Qazpaylayıcı təşkilat bildirmişdir ki, sayğacın hesablama mexaniziminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyindən sayğacın hesablama mexanizimindən keçən qazın həcmi qeydə alınmır və bunun nəticəsində 1036,80 manatlıq qaz sərf edilsədə sayğac işləmədiyi üçün qeydə alınmamış və nəticədə hazırki borc məbləği yaranmışdır. Aydın məsələdir ki, 1036,80 manat məbləğində qazın sərf edilməsi üçün xeyli müddət lazımdır, əgər sayğaca müdaxilə edilmişdirsə və sayğac nasaz vəziyyətdə işləyirdisə, nə üçün qaz paylayıcının əməkdaşları bunu aşkar etmirdi? Sayğac sökülərkən saz vəziyyətdə olmuş, kənar müdaxilə Qazpaylayıcının özü tərəfindən həyatə keçirilmişdir. Əslində cihazın o, dəvət edilmədən laboratoriyada yoxlanılması da, qanunsuzdur. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.3-cü bəndinin tələbləri baxımından qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı olan müqavilə tərəfidir. Məlum məsələdir ki, sayğacda olan nasazlıq istifadə müddətinin bitməsi və təmirprofilaktika işlərini vaxtında yerinə yetirilməməsi, sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanılmaması ilə əlaqədar olmuşdur ki, bu da birbaşa olaraq qaz paylayıcının vəzifə borcu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları”nın 3.1.3-cü bəndinin tələbində göstərilmişdir. Onun məsuluyyətim o zaman yaranardı ki, onun həmin sayğaca kənar müdaxilə etməyi Qaz paylayıcı tərəfindən sübuta yetirilmiş olsun. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarının “X1 Və İstismari” hissəsində daha dəqiq qeyd etsək 4.8-ci bəndində fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşımaları göstərilsədə nədənsə Cavabdeh İB qanunun bu bəndinə nəzər yetirməkdən imtina edərək, birmənalı şəkildə istehlakçını, yəni onu günahlandırmışdır. Qanunun birbaşa mənasına nəzər yetirilsə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarını işlək vəziyyətdə saxlamaq kimi bir öhdəliklərinin olmadığı açıqaydın başa düşülür. O cümlədən dəymiş ziyanın hansı halda istehlakçı tərəfndən ödənilməsi ilə bağlı sözügedən qərarın 4.9-cu bəndində açıq-aşkar göstəriş olsa da, Qaz paylayıcı heç bir hüquqa və əsasa söykənmədən ziyanın onun tərəfindən ödənilməsini imperativ şəkildə tələb kimi göstərmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qərarda qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir kimi bir şərt qoyulmuşdur ki, bu şərt həmçinin, itirilmiş qazın istehlakçının təqsiri ucbatından baş verməsi halınada şamil edilməkdədir. Yəni qaz paylayıcı itirilmiş qazın istehlakçının təqsirindən baş verməsini sübuta yetirməlidir. Yuxarda qeyd edilən qanun normasının məqsədlərindən biri də qaz paylayıcısı ilə istehlakçı münasibətlərinin tənzimlənməsinə yönəlmişdir ki, Cavabdeh İB qanuna istinad edəcəyi təqdirdə borc kimi tələb etdiyi 1036,80 manat məbləğində pulun heç bir hüquqi əsasının olmadığını aşkar edəcəkdir. 8.Gəncə Şəhər Məhkəməsinin 2(125)-1951/2023 saylı mülki iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 1 ünvanına hesablanmış 1036.80 manat məbləğində borcun 691.2 manatının silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1951/2023 saylı mülki iş üzrə 08 may 2023-cü il tarixliqətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,onun həmin sayğaca müdaxilə etməsi qaz paylayıcı tərəfindən sübuta yetirilmədiyi halda, məhkəmə sübutetmə yükünü onun üzərinə qoymuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edənİddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. İş üzrə cavabdeh-Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:
14. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:
15.Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
16. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
17. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazılarıilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır.
32. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı debitor borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması mötəbər sübutlarla təsdiq edilmir.
33. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən gəldiyi nəticəni əsaslandırmamışdır.
34. İş materiallarından müəyyən olunur ki, Cavabdeh tərərfindən ünvan 1 ünvanına hesablanmış 1036.80 manat məbləğində borc istifadə edilmiş təbii qaza görə deyil, əsassız tərtib edilmiş Akta əsasən hesablanmış borcdur.
35. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir və əsassız tərtib edilmiş Akta əsasən hesablanmış 1036.80 manat məbləğində borc tamamilə silinməlidir.
36. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 1036.80 manatdır. Ona görə də, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsiniə əsasən hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 385.1.2, 388, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1951/2023 saylı mülki iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanına hesablanmış 1036.80 manat məbləğində borc silinsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.