Məhkəmə qərarları › İş №2(104)-1915/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1915/2023

16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1915/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payların müəyyən edilməsi) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(125)-559/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhəri, Mahrasa bağı ev 14, mənzil 8-dəyaşayan İddiaçı müraciətində göstərilən xüsusatla bağlı cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət edib iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma zamanı alınmış izahatının surətindən görünür ki, o, izahatında göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhəri 44 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. İddiaçı Fəxrəddin qızının müraciəti ilə tanış olmuşdur. Məltəm mərhum əri Fəxrəddinin birinci nikahdan olan övladıdır. Onunla əvvəllər hər hansı bir düşmənçiliyi, yaxud da, ədavəti olmamışdır. Məltəm hələ mərhum ərinin, yəni onun atasının sağlığında da, atasından pul tələbi ilə bağlı müxtəlif yerlərə şikayət etmiş, lakin onun tələbi təmin edilməmişdir. Mərhum əri Fəxrəddin Məltəmin anasından boşanandan sonra ona aliment də, ödəmişdir. Mərhum əri Fəxrəddin Məltəmin anası olan Gülnarədən 1991-ci il tarixdə boşanmış, 1993-cü il tarixdə isə o, Fəxrəddinlə rəsmi nikaha daxil olmuşdur. Mərhum əri Fəxrəddinin vaxtında 2007-2008-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252 girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv olan mənzil öz adına almışdır. Həmin mənzilin pulunun hamısını o özü vermişdir. Həmin mənzilin onun mülkiyyətində olması ilə bağlı çıxarışı da vardır. Mərhum əri Fəxrəddin xx.xx.2020-ci il tarixdə öldükdən sonra onun birinci nikahdan olan qızı Məltəm ona məxsus olan evdən miras almağa başlamışdır. Məltəm bununla bağlı müxtəlif yerlərə şikayətlər etmişdir. Hətta, bu ilin may ayında da, Gəncə şəhər məhkəməsinə müraciət etmişdir. Hal-hazırda bu faktla bağlı Gəncə şəhər məhkəməsində proses gedir və növbəti məhkəmələri xx.xx.2022-ci il tarixdə keçiriləcəkdir. Məltəmin onun barəsində yazdıqlarının hamısı şər və böhtandır. Həmin mənzilin onun mülkiyyətində olması ilə bağlı Daşınmaz Əmlakın dövlət reyestri xidmətindən də, cavab məktubu alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 90 kv.m olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinin maliyyə arayışından görünür ki, Gəncə şəhəri, Nizami rayon X26 prospektinin Heydər Əliyev prospekti ilə A.Ziyadxanov küçəsinin (keçmiş Miçurin küç.) kəsişməsində inşa edilmiş çoxmənzilli "Lyuks" yaşayış kompleksi "xxxx" MTK-ya məxsusdur.Bu binanın 5-ci mərtəbə ümumi sahəsi 95.37 kv.m olan 264 saylı mənzil-pay haqqı yaşayış sahəsinin payçısı Cavabdeh tərəfindən tam ödənilmişdir. "xxxx" MTK-ya borcu yoxdur. Maliyyə arayışı Əmlak Məsləsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir. "xxxx" Mənzil tikinti X13 İlqar oğlunun sədrliyi, Abbasova Arzu Məhəmmədəli qızının katibliyi ilə keçən ümumi iclasının xx.xx.2020-ci il tarixli 12 nömrəli protokolundan çıxarışdan görünür ki, həmin iclasda Gəncə şəhəri ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksi 2 girişli 6-ci yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,37 kv.m. olan, 264 N-li, 3 otaqlı mənzilin kooperativin üzvü Cavabdeh mülkiyyətinə verilməsi qərara alınmışdır. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 16-5/8-70-A- 1131/2023 saylı nikah haqqında arayışdan görünür ki, X9 ilə X10 xx.xx.1993-cü ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Qarayeva soyadı verilmişdir. Gəncə şəhər “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2023- cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında 2V-86 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 3 ünvanında, qeydiyyatda olan qızı İddiaçı miras əmlakdan 1/3 hissədə irs almışdır. Miras əmlak ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 40.90 kv/m olan mənzildən ibarətdir. Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında 2V-87 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 3 ünvanında, qeydiyyatda olan qızı İddiaçı miras əmlakdan 1/3 hissədə irs almışdır. Miras əmlak ban nömrəsi XTH310290R02263578, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı 20BP666 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. X16 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli XİV-JQ 300450 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Fəxrəddin qızı xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. X4, anası Cavabdeh Şakir qızıdır. Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 110615 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 23 mart 2020-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. X16 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli İ-JQ 464521 saylı boşanma haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 ilə Nümayəndə xx.xx.1991-ci ildə boşanmışlar. Boşandıqdan sonra Fəxrəddin Teymur oğluna Qarayev, Gülnara Şakir qızına Allahverdiyeva soyadı qeyd edilmişdir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” Məhdud Məhsuliyyətli Cəmiyyəti “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin məktubundan görünür ki, Gəncə şəhəri H.Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264-də (Gəncə "Sukanal" TSC-nin "MİS" proqram bazasında H.Əliyev prospekti 6/264 "İlin dörd fəsli") xx.xx.2013-cü ildən abonent kimi Fəxrəddin Qarayev qeydiyyatdadır.(abonent kodu **********640). X24 Təchizatı və Satışı İdarəsinin məktubundan görünür ki, Gəncə şəhəri H. Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264-də ("xxxx" ASCnin STAR proqram bazasında Ş.İ.Xətai 6/264 "İlin dörd fəsli") abonent kimi Fəxrəddin Qarayev qeydiyyatdadır. Mənzilə quraşdırılmış ********** zavod N-li sayğac 2011-ci ilin aprel ayından qeydiyyatdadır. Qeydiyyatda olan tarixdən 2022-ci ilin aprel ayı daxil olmaqla sayğaca 391,20 manat məbləğində vəsait yüklənmişdir. X15 istismarı idarəsinin məktubundan görünür ki, İlin 4 fəsli MMC, H.Əliyev 6/264 ünvanı X7 adına olmaqla, X25 İstismarı İdarəsinin Gəncə xidmət sahəsi üzrə abonent (abonent kodu: **********02640) bazasında xx.xx.2016-cı il tarixdən bu günədək abonent kimi qeydiyyatdadır və qeyd olunan ünvanda sonradan ödənişli sayğacdan istifadə edilməkdədir, xx.xx.2022-ci il tarixə təbii qazdan istifadəyə görə qalıq debitor borcu yoxdur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC-ti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, Gəncə şəhəri H. Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264 kooperativin üzvü Cavabdeh Şakir qızına məxsusdur, Cavabdeh həmin mənzildə əri X12 ilə birgə yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh və 3-cü şəxslər X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinə qarşı qərarın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payın tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Nizamı rayon X26 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarın etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzilin üzərində mərhum atasına məxsus pay üzərində iddiaçının, cavabdehin və 3-cü şəxs kimi Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının 1/3 hissə ilə paylarının tanınması tələbinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayonu X26 prospekti Heydər Əliyev küçəsi ilə Miçurin (indiki Adilxan Zəlimxanov) küçəsinin kəsişməsində yerləşən “Lyuks”yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252 girişin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95.37 kv.m olan 264 nömrəli, 3 otaqlı mənzilə dair mənzil tikinti kooperativi ilə payçılıq müqaviləsi iddiaçının mərhum atası ilə kooperativ arasında bağlanılmış, atası kooperativə mənzilin dəyərini tam ödəmişdir. Kooperativə mənzilin pulunun iddiaçının atası tərəfindən ödənilməsini iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC-dən “X27” törəmə səhmdar cəmiyyəti, ”Azəri Qaz”dan aldığı arayışlardan məlum olur ki, mənzillə bağlı sayğaclar mərhum atası ilə bağlanmışdır. Atası rəhmətə getdikdən sonra "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasın 12 nömrəli protokolundan çıxarışına əsasən mənzilin cavabdehin mülkiyyətinə verilməsi qərara alınmışdır. Bununla atasına məxsus pay üzərində atasının qanun üzrə vərəsəsi kimi onun hüququ kobud şəkildə pozulmuşdur. Atası mənzilin dəyərini tam ödəmişdir. Buna görə də, atasının adına mənzillə bağlı sayğacların qoyulmasına icazə verilmişdir. Qeyd edir ki, mübahisəli mənzilin dəyəri atası tərəfindən tam ödənildiyi üçün artıq mənzil üzərində atasının mülkiyyət hüququ tanınmışdır. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Mənzil Tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, atasının dəyərini ödəyib mülkiyyət hüququ əldə etdiyi mənzilin cavabdehin mülkiyyətinə verilməsi onun vərəsə kimi hüququnu pozur. Ona görə də, atası tərəfindən tam ödənilmiş mənzilin cavabdehin adına verilməsinə dair mənzil tikinti kooperativinin xx.xx.2026-ci il tarixli 12 nömrəli protokolundan çıxarış etibarsız hesab edilməli, mənzilə dair cavabdehin adına verilmiş çıxarış ləğv edilməli, mənzil əvvəlki vəziyyətinə qaytarılmalı və atasıın qanun üzrə vərəsəsi kimi mənzildə olan atasının adına olan pay üzərində onun, cavabdehin və 3-cü şəxsin 1/3 hissə ilə pay haqqı tanınmalıdır. xx.xx.2022-ci il tarixli Gəncə şəhər Baş Polis idarəsinin qərarında da, qeyd edilib ki, Cavabdeh öz izahatında bildirmişdir ki, həmin ev xx.xx.2008-ci ildə əri X6 vaxtında alınmışdır. Yəni bu, ümümi mülkiyyətdir və onu Cavabdeh mülkiyyətinə vermək qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən Bu Məcəllənin müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası MM-nin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsiniun bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdir. Azərbaycan Respublikası MM-nin 337.4-ciü maddəsinəəsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göstərilənlərə əsasən, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Nizamı rayon X26 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5- ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarın etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzilin üzərində mərhum atasına məxsus pay üzərində iddiaçının, cavabdehin və 3-cü şəxs kimi Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının 1/3 hissə ilə paylarının tanınması tələbinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, onun miras əmlaka hüququnun inkar olunmaz olduğu halda və bu məsələni Cavabdeh məhkəməsiz həll etmək istəmədiyinə və qəsdən sənədlərdə saxtakarlıq etdiyinə görə, cavabdehdən işə əlavə olunmuş dövlət rüsumunu, işdə iştirak edən vəkilin haqqını cavabdehin üzərinə qoyub, onun xeyrinə tutulmasına dair qətnamə qət edilməsini, həmçinin mübahisəli ünvanda olan ev əşyalarını, onlar hamısı atası tərəfindən alınıb, 1/3 hissəsində onun payını müəyyən edib, onun xeyrinə qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisəli kooperativ mənzili X4 ilə cavabdehin ümumi birgə mülkiyyəti hesab edib, həmin əmlakda payların müəyyən edilib atasının adına olan payda qanun üzrə vərəsə kimi onun hüququnun tanınmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(125)-559/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) İddiaçı Cavabdeh və 3-cü şəxslər X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinə qarşı "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, X26 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarının etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzilin üzərində mərhum atasına məxsus pay üzərində onun cavabdehin və 3-cü şəxs kimi Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının 1/3 hissə ilə paylarının tanınması, mübahisəli kooperativ mənzili X4 ilə Cavabdeh ümumi birgə mülkiyyəti hesab edib həmin əmlakda payların müəyyən edilib atasının adına olan payda qanun üzrə vərəsə kimi onun hüquqlarının tanınmasına dair tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə qənaətini onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasını əsaslandırmaq üçün Cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma zamanı alınmış izahatında 1993cü il tarixdə, Fəxrəddinlə rəsmi nikaha daxil olduğunu, mərhum əri Fəxrəddinin vaxtında 2007-2008-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252 girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv olan mənzili öz adına aldığını göstərməsinə istinad etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı mübahisəli mənzilin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin atası mərhum X10 ilə kooperativ arasında bağlanıldığını, X1 mənzilin dəyərini tam ödədiyini, "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinin Gəncə şəhəri, Nizami rayon X26 prospektinin Heydər Əliyev prospekti ilə A.Ziyadxanov küçəsinin (keçmiş Miçurin küç.) kəsişməsində inşa edilmiş çoxmənzilli "Lyuks" yaşayış kompleksi "xxxx" MTK-ya məxsus olduğu və bu binanın 5-ci mərtəbə ümumi sahəsi 95.37 kv.m olan 264 saylı mənzil-pay haqqı yaşayış sahəsinin payçısı Cavabdeh tərəfindən tam ödənilməsi barədə maliyyə arayışının saxta oduğunu qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli evin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsini təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin əmlak miras kütləsinə daxil olan əmlak kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli kooperativ mənzili iddiaçının X4 ilə cavabdehin ümumi birgə mülkiyyəti hesab edib, həmin əmlakda payların müəyyən edilib atasının adına payda qanun üzrə vərəsə kimi iddiaçının hüququnun tanınmasına dair hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmin nəticəyə gələrkən xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 225.1-ci maddələrinə və Ailə Məcəlləsinin 32.2.2ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(125)-559/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 MTK-ya üzv pay haqqını tam ödəmiş, həmin mənzil üzərində mülkiyyət hüququ əldə etmiş və kommunal xidmətlərə görə haqlarının ödənilməsi vəzifəsini yerinə yetirmişdir. Sübut kimi X25 istismar idarəsi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli arayışında həmin mənzilin ünvanı xx.xx.2016-cı ildən bu günədək Qarayev Faxrəddin adına olduğu üçün abonent kodu bu günədək atasının adına qeydiyyata olmağı, 2011-ci ilin aprel ayından bu günə kimi, Azərişıq tərəfindən verilən arayışda həmin mənzildə abonent kimi, X12 olduğu, həmçinin Azərsu tərəfindən verilmiş arayışa əsasən xx.xx.2013-cü ildən su və kanalizasiya abonenti atası X12 göstərilmişdir. Yuxarıda qeyd etdiyi sübutlardan göründüyü kimi, həmin mənzil 2007- 2008-ci illərdə atası X12 tərəfindən alınıb və dəyəri ödənilmişdir. Lakin atasının ikinci həyat yoldaşı Cavabdeh mənzilin atası tərəfindən 2007-2008-ci ildə birgə nikah dövründə alınmasına baxmayaraq, 2020-ci ildə atasının ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan, həmin mənzili saxta sənədlər əsasında ələ keçirmiş və xx.xx.2021-ci il tarixində DƏDRX tərəfindən saxta sənədlər əsasında çıxarış verilmişdir. İddiaçı apellyasiya şikayətinə əlavəni məhkəmə kollegiyasına təqdim etmişdir. Əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Gəncə şəhər Baş Polis İdarəsinin qərarında da qeyd edilib ki, QarayevaTünzalə Teyyub qızı öz izahatında bildirmişdir ki, mübahisəli ev xx.xx.2008-ci ildə əri X8 vaxtında birgə nikah dövründə alınmışdır.Bu səbədən də mübahisəli əmlak ümumi mülkiyyət dövründə alınmasını nəzərə alaraq miras küləsinə daxil edilməli və onun miras payı müəyyən edilməlidir. Məhkəmə kollegiyasına apellyasiya şikayətinə dair etiraz və mülahizə daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh, 3-cü şəxslər X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsi və "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinin nümayəndəsinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç biri üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdeh vəkili Vəkil1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası onun məhkəmənin əvvəlki iclasında iştirak edib izahat verməsini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(125)-559/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili Vəkil1 məhkəmə kollegiyasının əvvəlki iclasında göstərmişdir ki, Cavabdeh mübahisə edilən evə dair ödəmələri özü etmiş, lakin ödəmə sənədləri onda saxlanılmadığı üçün təqdim edə bilmir. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 225.2. Nikaha girənədək ər–arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə–ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər–arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 385.1. məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsinə yönəldiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(125)-559/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslandırılması 12-ci bənddə qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, Cavabdeh 1993-cü il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuş və onlar birgə nikah müddətində, yəni mərhum əri Fəxrəddinin vaxtında 2007-2008-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252 girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv olan kooperativ mənzil almışlar. Gəncə "Sukanal" TSCnin "MİS" proqram bazasında həmin mənzil üzrə xx.xx.2013-cü ildən, abonent kimi Fəxrəddin Qarayev qeydiyyatda (abonent kodu **********640) olmuş, həmçinin "xxxx" ASC-nin STAR proqram bazasında abonent kimi Fəxrəddin Qarayev (mənzilə quraşdırılmış ********** zavod N-li sayğac) 2011-ci ilin aprel ayından qeydiyyatda olmuşdur. X15 istismarı idarəsinin məktubundan görünür ki, İlin 4 fəsli MMC, H.Əliyev 6/264 ünvanı X7 adına olmaqla, X25 İstismarı İdarəsinin Gəncə xidmət sahəsi üzrə abonent (abonent kodu: **********02640) bazasında xx.xx.2016-cı il tarixdən bu günədək abonent kimi qeydiyyatdadır və qeyd olunan ünvanda sonradan ödənişli sayğacdan istifadə edilməkdədir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC-ti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, Gəncə şəhəri H. Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264 kooperativin üzvü Cavabdeh Şakir qızına məxsusdur, Cavabdeh həmin mənzildə əri X12 ilə birgə yaşamışdır. X10 23 mart 2020-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı Təhminə və birinci nikahdan olan qızı Məltəm birinci növbə vərəsələri qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbul mübahisələndirilməmişdir. Belə ki, Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında 2V-87 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 3 ünvanında, qeydiyyatda olan qızı İddiaçı miras əmlakdan 1/3 hissədə irs almışdır. Miras əmlak ban nömrəsi XTH310290R02263578, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı 20BP666 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir.İddiaçı notariat kontoruna vaxtında ərizə vermiş, Cavabdeh və 3-cü şəxs X5 isə miras evi faktiki qəbul etməklə, mirası faktiki (qeyri-formal üsulla) qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən kooperativ mənzil Cavabdeh ilə mərhum X6 birgə nikah müddətində əldə edildiyindən, onların birgə mülkiyyətidir. Cavabdeh vəkili Vəkil1 məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh mübahisə edilən evə dair ödəmələri özü etməsini göstərsə də, bu ödəmələr onların birgə nikah müddətində edildiyi müəyyən olunur. Belə ki, vəkil ödəmə sənədlərinin saxlanılmadığını bildirmiş və məhkəməyə ödəmələrin mərhumun vəfatından sonra edilməsi ilə bağlı heç bir sübut növü təqdim edilməmişdir ki, bu da mənzilin birgə nikah müddətində birgə vəsait hesabına əldə edildiyini təsdiq edir. X10 23 mart 2020-ci il tarixdə vəfat etdiyindən, həmin mənzilin 1/2 hissəsinə vərəsəlik açılmalı, onun həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı X2 və birinci nikahdan olan qızı İddiaçı birinci növbə vərəsələri kimi, hər birinə miras əmlakın 1/3 hissəsində, ümumilikdə isə, Gəncə şəhəri, Nizamı rayon X26 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzil üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı və 1/6 hissədə isə X2 payları mövcud olmuşdur. Lakin cavabdeh ilə qızı arasında vərəsəlikdə paylarla bağlı mübahisə olmadığından, mənzil üzərində 5/6 hissədə Cavabdeh, 1/6 hissədə isə İddiaçı payı müəyyən edilməli, iddiaçının həmin payına münasibətdə cavabdehin adına verilmiş müvafiq çıxarış qismən ləğv edilməlidir. Birinci instansiya məhkəməsi isə işin həmin hallarını nəzərə almamış və mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmişdir ki, bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(125)-559/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokol qərarı qismən, yəni 1/6 hissədə etibarsız hesab edilməli, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış Gəncə şəhəri, Nizamı rayonu, Heydər Əliyev prospekti, 252 saylı evin mənzil M5, m3 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qismən, yəni 1/6 hissədə ləğv edilməli, həmin 1/6 hissədə İddiaçı payı müəyyən edilməli, iddia tələbi digər hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 396, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(125)-559/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokol qərarı qismən, yəni 1/6 hissədə etibarsız hesab edilsin. Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış Gəncə şəhəri, Nizamı rayonu, Heydər Əliyev prospekti, 252 saylı evin mənzil M5, m3 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qismən, yəni 1/6 hissədə ləğv edilsin və həmin 1/6 hissədə İddiaçı payı müəyyən edilsin. İddia tələbi digər hissələrdə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar