Məhkəmə qərarları › İş №2(104)-1922/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1922/2024

26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1922/2024 26.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-577/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Daşkəsən rayonu Bayan kəndində yerləşən evinin su xəttinin bərpa edilməsi, Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, evinə gələn su xəttinin bərpa edilməsi və Cavabdeh su xəttinin kəsilməsinə yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-577/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus Daşkəsən rayonun Bayan kəndində yerləşən fərdi yaşayış evinə su xəttindən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılması və Cavabdeh su xəttinin kəsilməsinə yönəlmiş qanunsiz hərəkətlərə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-577/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə reallığı əks etdirmir. Belə ki, o, heç bir vaxt iddiaçıya məxsus su xəttini kəsməmiş və su təminatı ilə bağlı heç bir maneəçilik törətməmişdir. Əksinə, iddiaçı tərəfindən 25 tonluq ehtiyyac üçün qoyulmuş su çəninə gələn su xəttini kəsmişdir. Bununla da, onun su təminatına iddiaçı tərəfindən maneəçilik törədilmişdir. Belə ki, 25 tonluq su çənindən iddiaçı daxil olmaqla, 5 ailəyə (həyətə) su paylanır və həmin su xətti vasitəsilə də, suyaolan tələbat ödənilir. Lakin iddiaçı 25 tonluq su çəninə gələn su xəttini, həmin çənin 5-10 metrliyində kəsərək su xəttini birbaşa kəsərək öz istifadəsi üçün aparır. Bununla da, 25 tonluq ehtiyyat su çəninə su tökülmədiyinə görə, o, sudan istifadə edə bilmir. İddiaçı özü 25 tonluq su çənindən qonşulara paylanan su xəttini qəsdən kəsmişdir. Həmçinin, iddiaçı bildirir ki, 25 tonluq su çəninə gələn xət onun tərəfindən çəkilmişdir. Ona görə də, hamının su xəttini kəsibdir. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandıırlmışdır ki, həmin su xəttini 2000-ci ildə X17, X23 və Nəzakət tərəfindən çəkilmişdir.Cavabdeh əvvəllər onun icazəi ilə onun suyundan istifadə etmişdir.Sonradan münasibətləri korlandığından onun suyundan və çənindən istifadə etməsinə icazə verməmişdir. Cavabdeh tərəfindən onun suyunun kəsilməsi icra nümayəndəsinin aktları ilə də təsdiq olunur. Bundan başqa, cavabdeh qeyd edir ki, qətnamə icra olunacağı təqdirdə onun və başqa qonşunun su xətti kəsilməlidir. Bu da tamamilə yalandır. Belə ki, cavabdehin, eləcə də, digər qonşunun orada su xətti yoxdur ki, qətnamə icra olunacağı təqdirdə su xətti kəsilsin. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisəli su xətti 2000-ci ildə X17, X23 və Nəzakət tərəfindən çəkilmişdir. O, 2001-ci ildə Qurban Əliyevin vasitəsi ilə Daşkəsən rayonu Bayan kəndində qonşuluqda yerləşən fərdi yaşayış evini satın almışdır. Bayan kəndində su problemi olduğu üçün o, həmin evə su xətti çəkildiyi üçün almışdır. Su xətti 3 nəfər tərəfindən çəkilsə də, 5 nəfər ailə hal-hazıradək, yəni 23 ildir ki, həmin sudan istifadə edir. İddiaçının evinə isə sərbəst qaydada su gedir və onun tərəfindən iddisaçının yaşayış evinə gedən su xəttindən istifadəyə heç bir maneə yaradılmamışdır. Əksinə, iddiaçı tərəfindən ona gələn su xətti kəsmiş və istifadəsinə maneçilik yaradılır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-577/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, 2000-ci ildən 3 qonşu ailə, yəni onun atası Qurban, qonşular X8 və X17 xərcləri bərabər şəkildə bölüşərək evlərinin arxa hissəsində yerləşən dağın yamacından təxminən 2500 metrlik məsafədən yer altı ilə 32 diametrli kapron boru vasitəsi ilə içməli su çəkdirmişlər. Hazırda Yusifəli suyun qabağını kəsir, istifadə etməyə imkan vermir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-577/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-577/2023 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-577/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində qətnamə ilə iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində 459 inventar nömrəli, 5- 459 reyestr nömrə ilə qeydiyyata alınmış “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində ümumi sahəsi 58,0 kv.metr olan fərdi yaşayış evi Daşkəsən rayon İcra hakimiyyətinin 1-160 saylı 10 avqust 1999-cu il tarixli sərəncamı ilə X9 adına qeydiyyata alınmışdır. 12 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Daşkəsən RİHB-nin Bayan kənd İƏÜN-in müavini X1, Bayan kənd İƏÜN-in mühasibi X2, şikayətçi ev sahibi Əliyeva (Tağıyeva) Pərvanə Əli qızının və əri Nümayəndə, Bayan kənd sakini X7, X5 və X3 iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, Əliyeva (Tağıyeva) Pərvanə Əli qızının qonşusu Cavabdeh tərəfindən yaşadığı evə gələn suya müdaxilə edərək tamamilə dayandırması barədə 20 avqust 2022-ci il tarixli ərizəsi üzrə araşdırma aparılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, həqiqətən 2500 metirlik məsafədən çəkilən su 3 ailənin İddiaçı, X8 və X17inun yaşadıqları evə təxminən 22 il bundan əvvəl içməli su kimi istifadə üçün çəkilmişdir. Bu içməli su xəttinin çəkilməsinə lazım olan xərc üç ailə arasında bərabər bölünmüşdür. 22 il müddətində gələn sudan 3 ailə istifadə etmişdir. Təxminən 2022-ci ilin aprel-may aylarında İddiaçı qonşusu Cavabdeh tərəfindən 25 və 5 tonluq su tutarı olan su çənlərinə, yəni 3 ailə arasında bölünmüş, İddiaçı payına düşən su çənlərindən kəsilərək 25-lik plastik boru vasitəsi ilə öz qapısına çəkmişdir. Cavabdeh 02 sentyabr 2022-ci il tarixdə inzibati ərazi nümayəndəliyində verdiyi izahatında təsdiq edir ki, İddiaçı yaşadığı həyət evinə gələn su həmin evə məxsus olmaqla onun bu su çəkilişində heç bir xərci çıxmamış və həmin evə gedən su xəttini kəsməmişdir. Yaşadığı müddətdə qonşu kimi həmin sudan istifadə üçün ona da vermişlər. Həmin suyu Pərvanənin qaynatası Qurban müəllim çəkdirmişdir. 12 sentyabr 2022-ci il tarixdə nümayəndəlik tərəfindən toplanan məlumatlar əsasında Nümayəndə və İddiaçı yaşadıqları evdə su xəttinə baxış keçirilmiş, baxış zamanı qonşular X24, X10 və X11 da, dəvət olunmuş, həqiqətən 25 və 5 ton tutarı olan su çənlərinə gələn su xətti kəsilib başqa boru ilə Yusifəli yaşayan məhləyə aparılmışdır. Həmin çənlərə gələn su xətti, yəni Nümayəndə və İddiaçı məxsus su çənlərinə gələn plastik boru əvvəlki vəziyyətinə gətirilmişdir. Kəsilən su xətti öz əvvəlki yerinə bərpa olunaraq həmin ailənin yaşadığı evin sakinlərinə təhvil verilmişdir. Həmçinin, həmin sudan müvəqqəti olaraq, yəni Yusifəli öz qapısına su xətti çəkənə qədər bu sudan istifadə etməsi Nümayəndə və İddiaçı tapşırılmışdır. 20 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Daşkəsən RİHB-nin Bayan kənd İƏÜN-i Firuddin Həsənovun, Bayan kənd İƏÜN-in müavini Ülvi Allahyarovun, Bayan kənd İƏÜN-in mühasibi Qorxmaz Ağayevin, Bayan kəndində yaşayan Nümayəndə və Bayan kənd sakini İddiaçı iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, Nümayəndə 20 sentyabr 2022-ci il tarixli ərizəsi əsasında hadisə yerinə baxış keçirilmiş və aşkar edilmişdir ki, İddiaçı adına olan xüsusi evinin məhləsində olan 25 və 5 tonluq su çəninə plastik boru ilə gələn su xəttinin təxminən 5 metirlik məsafəsi 2 yerdən dağıdılaraq su çənindən aralanaraq dağıdılıb kənara atılmışdır. Dəyən ziyan az olduğuna görə zərərçəkən tərəfindən düzəldilməsi, nöqsanın aradan götürülməsi və su xəttinin çənə gəlməsinin təmin edilməsi Nümayəndə tapşırılmışdır. Aktın imzalarla və Daşkəsən RİHB-nin Bayan kənd İƏÜN-in möhürü ilə təsdiq edilmişdir. Gəncə şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(156)- 561/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X13 cavabdehlər Nümayəndə və X12 qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 oktyabr 2023-cü il tarixli 5-42-2/2-13/2023 saylı məktubundan görünür ki, Daşkəsən rayonu Bayan kəndində yaşayan İddiaçı 20 avqust 2022-ci il tarixdə nümayəndəliyə şikayət ərizəsi ilə müraciət etmiş, ərizə əsasında araşdırma aparılmış, nümayəndəliyin işçiləri tərəfindən sözügedən evə və su xəttinə baxış keçirilmiş, qonşuların və qarşı tərəfin izahataları alındıqdan sonra 12 sentyabr 2022-ci il tarixdə akt tərtib edilmişdir. Aldıqları məlumatlara əsasən həmin su xətti təxminən 2000-2001-ci illərdə 3 qonşu – X8, X14 və İddiaçı tərəfindən birgə çəkilmiş və həmin sudan X6 da verilmişdir. Daşkəsən rayon Bayan kənd bələdiyyəsinin 13 oktyabr 2023-cü il tarixli 29 saylı arayışından görünür ki, bələdiyyədə olan məlumata görə mübahisəli su xətti X8, X14 və İddiaçı adına olan 3 yaşayış ev üçün çəkilmişdir. Həmin su xətti təxminən 2000-ci illərdə X28 ərazisindən çəkilmişdir. Kim tərəfindən və necə çəkilməsi barədə məlumatı yoxdur. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 noyabr 2023-cü il tarixli 5-42-2/2-464/2023 saylı arayışından görünür ki, məlum hadisələrlə əlaqədar olaraq Ermənistan Respublikasından deportasiya olunan Azərbaycanlılar 1988-1989-cu illərdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmış və həmin vaxtdan bu günədək Bayan kəndində 6 km-lik məsafədə çəkilən içməli su xətti kəndin 6 müxtəlif məhəlləsinə bölünmüşdür. Mübahisə gedən əraziyə də bu içməli su xəttindən 1 xətt ayrılmışdır ki, həmin ərazidə yaşayan 15 ailə bu su xəttindən istifadə edirlər. Birinci instansiya məhkəməsində icraat zamanı yerli baxış keçirilmiş və yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus həyətin yuxarı hissəsindən həyətə su xətti gəlir. Su xətti həyətin yuxarısında yerləşən su çəninə birləşir. Çənə birləşmədən təxminənə 1 metr məsafədə su xəttindən cavabdehə məxsus evin istiqamətində xətt ayrıldığını, lakin sonradan həmin xəttin kəsildiyi müşahidə olunur. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, mübahisələndirilən hissədə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş aktlardan, həmçinin yerli baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya gedən su xətti dəfələrlə kəsilmiş və iddiaçının müraciəti əsasında yenidən bərpa edilmişdir. Bu baxımdan Cavabdeh iddiaçıya məxsus su xəttinin kəsilməsi və suyun verilməsinə maneələrin qoyulması təsdiqini tapmışdır. Cavabdeh həmin su xəttinin ona məxsus fərdi yaşayış evinə getməsini qeyd etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli su xətti 2000-ci illərdə X28 ərazisindən 3 qonşunun vəsaiti ilə çəkilmişdir. Cavabdeh məxsus evə su xətti isə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmış Azərbaycanlılar üçün Bayan kəndində 6 km-lik məsafədə çəkilmişdir ki, cavabdeh həmin su xəttindən istifadə edə bilər. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı su xəttindən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalı və Cavabdeh su xəttinin kəsilməsinə yönəlmiş qanunsiz hərəkətlərə son qoyulmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş aktlardan, eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya gedən su xətti dəfələrlə kəsilmiş və iddiaçının müraciəti əsasında yenidən bərpa edilmişdir. Bu baxımdan Cavabdeh iddiaçıya məxsus su xəttinin kəsilməsi və suyun verilməsinə maneələrin qoyulması təsdiqini tapmışdır. Cavabdeh həmin su xəttinin ona məxsus fərdi yaşayış evinə getməsini qeyd etsə də, müəyyən olunur ki, mübahisəli su xətti Daşkəsən rayon Bayan kənd sakinləri X8, X14 və Nümayəndə atası tərəfindən öz vəsaitləri hesabına 2000-ci illərdə X28 ərazisindən çəkilmişdir. Cavabdeh məxsus evə su xətti isə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmış Azərbaycanlılar üçün Bayan kəndində 6 km-lik məsafədə çəkilmişdir ki, cavabdeh həmin su xəttindən istifadə edə bilər. Cavabdeh iddiaçıya məxsus su xəttini kəsməməsi və su təminatı ilə bağlı iddiaçıya heç bir maneəçilik törətməməsinə dair apellyasiya dəlili işin yuxarıda qeyd edilən halları ilə təkzib edilir. Cavabdehin iddiaçı tərəfindən onun su xəttinin kəsilməsinə dair dəlilinə münasibətdə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin predmeti İddiaçı cavabdeh X4 qarşı, Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, evinə gələn su xəttinin bərpa edilməsi və Cavabdeh su xəttinin kəsilməsinə yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması barədədir. Cavabdehin iş üzrə heç bir iddia tələbi olmamış və həmin məsələ birinci isntansiya məhkəməsinin baxış predmeti olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-577/2023 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-577/2023 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar