Məhkəmə qərarları › İş №2(104)-1943/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1943/2024

24.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1943/2024 24.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə təqdim edərək, ünvan 1 ünvanda yerləşən mülkün hərraca çıxarılıb satılması və satış pulunun paylarına uyğun bölgüsünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən C.Tağıyev) İddiaçı Cavabdeh qarşı 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsus payın açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mülkün paylara uyğun bölgüsünün aparılması mümkün deyildir. Cavabdehlə onun bir yerdə yaşamağı mümkün deyildir. Bu şəxsin hərəkətlərindən bir evdə normal yaşaya bilmirlər. Cavabdehin həddi buluğa çatmış uşaqları onunla yaşayırlar. Cavabdeh himayəsində olan qızına, oğluna və ona ağır küçə söyüşləri deyir, onları təhqir edir, balta ilə üzərinə hücum çəkmişdir. Məhkəmə isə, iddianı rədd etməklə, mübahisənin bir daha da gərginləşməsinə səbəb olmuşdur. Qətnamədə göstərilir ki, cavabdeh ona məxsus payın pul ilə onun tərəfindən kompensasiya edilməsini tələb etməmişdir. Bu tamamilə əsassız arqumentdir. O, cavabdehə məktub göndərib payını pul ilə alınmasını təklif etsə də, o, buna razı olmamışdır. O, cavabdehə göndəridiyi məktubda ona ödəyə biləcəyi məbləği və ona onun tərəfindən ödənilə biləcək məbləğdə yazılmışdır. Ancaq məhkəmə qətnamədə göstərir ki, güya o, cababdehə ona məxsus payın pul ilə alınmasını ilə bağlı müraciət etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh onun qardaşıdır. Evdə o, bacısı, qardaşı və qardaşının uşaqları yaşayır. Uşaqlar yetkinlik yaşına çatmışlar. Mübahisəli ev həyət evi olmaqla, 2 otaqlıdır. O, cavabdehə məktub göndərmiş, məktubun surətini birinci instansiya məhkəməsinə də vermişdir. Həmin məktubun surəti və cavabdehə göndərdiyi məhkəmə qəbzi ondaıdr və məhkəməyə təqdim edir. Apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı ilə bacı-qardaşdırlar. O, ailəli olmaqla üç uşağı vardır. Ona təklif olunan məbləği ödəyə bilmir, lakin iddaçı ona 30000 manat versə, evdən çıxmağa razı olar. Apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli, **********66-10301 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşn fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 7/8 hissədə İddiaçı, 1/8 hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-200/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər X2 və Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X4 və Cavabdeh iddiaçı X5 məxsus olan ünvan 3 saylı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)- 1182/2016 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-200/2016 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-200/2016 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçı X3 ona məxsus olan ünvan 3 ünvanda yerləşən evdən X1 və Cavabdeh çıxarılmaları tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-7176 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-1182/2016 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “payın naturada ayrılması və bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)- 2831/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-534/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin paylı mülkiyyətdə olan payına kompensasiya verilmək yolu ilə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 631/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-534/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-534/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “evə köçürülmə və evdən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən paylı mülkiyyətçilər Cavabdeh və İddiaçı ümumi istifadə (yaşayış) qaydalarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilən xx.xx.2024-cü il tarixli təklifin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanda yerləşən 150000 manat dəyəri olan fərdi yaşayı evinə dair cavabdehin payına görə ona 10000 manat verməyi və yaxud Cavabdeh onun payına uyğun 140000 manat ona ödənilməsi müqabilində evin cavabdehin mülkiyyətinə keçməsinə razılıq verdiyini bildirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 2296/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddianın rədd edən birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, payının naturada ayrılmasını tələb edən mülkiyyətçi payın naturada ayrılması mümkün olmadıqda digər mülkiyyətçilərdən öz payının əvəzində kompensasiya ödənilməsini tələb edə bilər. Hazırki işdən isə görünür ki, iddiaçının payının real surətdə ayrılması mümkün olmasa da, iddiaçı öz payının əvəzində kompensasiya ödənilməsini tələb etmədən paylı mülkiyyətlərində olan əmlakın açıq hərracda satılmasını tələb etmişdir. Halbuki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MM-nin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. Belə ki, mübahisə predmeti olan ünvan 5 ünvanda 0,053 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 7/8 hissəsi İddiaçı, 1/8 hissəsi isə Cavabdeh paylı mülkiyyətindədir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “payın naturada ayrılması və bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-2831/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, iş üzrə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən onlara ödənilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli təklifin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanda yerləşən 150000 manat dəyəri olan fərdi yaşayı evinə dair cavabdehin payına görə ona 10000 manat verməyi və yaxud Cavabdeh onun payına uyğun 140000 manat ona ödənilməsi müqabilində evin cavabdehin mülkiyyətinə keçməsinə razılıq verdiyini bildirmişdir. Həmin məktub poçt bildirişi ilə Cavabdeh göndərilmişdir. Cavabdeh tərəfindən isə, həmin təklifə cavab verilməmiş və hazırkı məhkəmə iclasında da, ona təklif olunan məbləği ödəyə bilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, İddiaçı paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar isə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsus payın açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq bölünməsi tələbinə dair iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi açıq hərracdan satılmalı və satış pulu tərəflərin paylarına uyğun olaraq bölüşdürülməlidir. Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu kimi ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsus payın açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq bölünməsi tələbinə dair iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın və satış pulu İddiaçı 7/8 hissə ilə və Cavabdeh 1/8 hissə ilə paylarına uyğun olaraq aralarında bölüşdürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar