Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1961/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2863/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli kredit müqaviləsinə aid xx.xx.2023-cü il tarixli reyestrdə 9258 və 9259 nömrə ilə qeyd edilmiş icra qeydlərini ləğv edərək, əsassız şəkildə yazılmış 3160 manat 37 qəpik məbləğində cərimə (penya) borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 30 iyun 2021 -ci il tarixli, 156\İST\2021 saylı kredit müqaviləsinə əsasən ona, yəni İddiaçı1 Cavabdeh2 ASC-nin Gəncə Filialı tərəfindən 9800 manat məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə kredit öhdəliklərinin təminatı kimi İddiaçı2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə ilk vaxtlar ödənişlər olunsa da, sonradan maddi imkanı ilə əlaqədar ödənişlərdə gecikmələr olmuş və sonda Cavabdeh2 ASC Gəncə şəhər 5 saylı Notariat Ofisinə müraciət edərək, hazırki mübahisələndirilən İcra Qeydlərinin verilməsinə nail olmuşdur. Belə ki, cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinin bir kredit müqaviləsi üzrə ayrıayrılıqda iki icra qeydi verməsi anlaşılan deyildir. Belə ki, xx.xx.2023-cü il tarixli 2 icra qeydi mövcuddur ki, bunlardan biri reyestrdə 9258 nömrə ilə, digər isə 9259 nömrə ilə qeyd edilmişdir. Hər iki icra qeydində isə eyni məbləğdir. Əsas borclu İddiaçı1 tərəfindən iddia qaldırılaraq icra qeydində qeyd edilən 3160 manat 37 qəpik məbləğində cərimə (peniya) borcu mübahisələndirilərək azaldıldığı təqdirdə Notariat informasiya sisteminə daxil edilmiş digər icra qeydi qüvvədə olacaq və tələbkar tərəfindən tələb ediləcəkdir. Məhz bu səbəbdən hər iki icra qeydinin ləğv edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hər iki icra qeydində şişirdilərək yazılmış 3160 manat 37 qəpik məbləğində cərimə (peniya) borcu mövcuddur ki, həmin cərimə borcunun tərəflərindən ödənilməsi imkansızdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2863/2024 saylı qətnaməsi ilə (sədrlik edən Zaman İmanov) iddia rədd edilmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2863/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin arqumentləri ilə əsaslandırılmışdır. İddiaçı2, cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 ASC məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsiə oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, icra qeydi haqqında məlumatı icra məmurundan almışdır və həmin icra qeydi hazıradək rəsmi olaraq ona çatdırılmamışdır. Eyni zamanda borcun əsas borc və faiz hissəsi ilə razılaşır, lakin cərimə hissəsi ilə razılaşmır. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2863/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı2 izahatında göstərmişdir ki, bir tələb üzrə iki icra qeydi verilmişdir ki, bu tam qanunsuzdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 2863/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 göstərdi ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı1 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli, 156/İST/2021 nömrəli kredit müqaviləsi ilə Borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 9800 manat məbləğində kredit verilmiş, İddiaçı2 zamin durmuş və borclu İddiaçı1 öhdəliyi tam icra etməyərək, əsas borc üzrə 4584.47 manat, faiz borcundan 573.86 manat, 3160.37 manat isə cərimə borcu qalmışdır. Bununla belə, həqiqətən iki icra qeydi verilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2863/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2863/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı1 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli, 156/İST/2021 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank Borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 9800 (doqquz min səkkiz yüz) AZN məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək bu Müqavilədə göstərilən müddətdə və qaydada müqasvilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli zaminik müqaviləsindən görünür ki, bu müqaviləyə görə Zamin Borcalanın 30 iyun 2021-ci il tarixli, 156/İST/2021 nömrəli kredit müqaviləsinə əsasən Bankdan 36 ay müddətinə illik 22 faiz olmaqla aldığı 9800 manat məbləğində kreditin (kredit kartı) həmin kreditə görə hesablanacaq faizlərin cərimə dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin Banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borcalanın Bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin (kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc faizlər cərimə faizi dəbbə pulu məhkəmə xərcləri notariusun icra qeydi xərcləri və.s ) əvəzinin ödənilməsi də daxil olmaqla Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə habelə bu müqavilədə və ya kredit müqaviləsində nəzərdə tutulan hallardan biri və ya bir neçəsi baş verdikdə Bank borcun məcburi qaydada tutulması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün müraciət edə bilər. 24 noyabr 2023-cü il tarixli, 428 nömrəli maliyyə arayışından görünür ki, borclu İddiaçı1 30 iyun 2021-ci il tarixli, 156/İST/2021 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalığı 4584.47 manat, faiz borcdan qalığı 573.86 manat, cərimə faizi 3160.37 manat cəmi 8318.70 manat təşkil edir. 02 noyabr 2023-cü il tarixli Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış «icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş»dən görünür ki, müqavilə üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 ASCyə 4584.47 AZN əsas, 573.86 AZN faiz, 3160.37 AZN cərimə borcu olmaqla, cəmi borcu 8318.70 AZN məbləğində borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Borc 20 gün müddətində ödənilmədiyi halda «Notariat Haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 30 iyun 2021- ci il tarixli 156/İST/2021 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 4584.47 manat əsas borcu, 573.86 manat faiz borcu, 3160.37 manat dəbbə pulu olmaqla, ümumilikdə 8318.70 manat borcu vardır. “Experss Mai Service” tərəfindən verilmiş TA007588952AZ və TA007588949AZ ştrix kodlu qəbzlərin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 ünvanlanan «icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş» İddiaçı1 və İddiaçı2 tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanaraq qəbul edilmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 8İ9259 reyestr nömrəli icra qeydindən görünür ki, AZ1095 ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti /VÖEN ********** xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı2 İK-156/İST/2021 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5158 manat 33 qəpik (beş min yüz əlli səkkiz manat otuz üç qəpik) tutulması və borcludan İddiaçı2 3160 manat 37 qəpik (üç min yüz altmış manat otuz yeddi qəpik) məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 8343 manat 70 qəpik (səkkiz min üç yüz qırx üç manat yetmiş qəpik) tutulmalıdır. Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 8İ9258 reyestr nömrəli icra qeydindən görünür ki, AZ1095 ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti /VÖEN ********** xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı1 İK-156/İST/2021 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5158 manat 33 qəpik (beş min yüz əlli səkkiz manat otuz üç qəpik) tutulması və borcludan İddiaçı1 3160 manat 37 qəpik (üç min yüz altmış manat otuz yeddi qəpik) məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 8343 manat 70 qəpik (səkkiz min üç yüz qırx üç manat yetmiş qəpik) tutulmalıdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, icra qeydlərinin təsdiq edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında 30 iyun 2021-ci il tarixli, 156/İST/2021 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Bank Borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 22 faiz dərəcəsi ilə 9800 (doqquz min səkkiz yüz) AZN məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək bu Müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında 30 iyun 2021-ci il tarixli zaminik müqaviləsi bağlanmışdır. İddiaçılar kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiklərindən, 24 noyabr 2023-cü il tarixli, 428 nömrəli maliyyə arayışı ilə borclu İddiaçı1 30 iyun 2021-ci il tarixli, 156/İST/2021 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalığı 4584.47 manat, faiz borcdan qalığı 573.86 manat, cərimə faizi 3160.37 manat cəmi 8318.70 manat hesablanmış, Cavabdeh2 ASC tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçılara yaranmış borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmişdir. Bundan sonra, Cavabdeh2 ASC iddiaçıların kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birindən ayrı-ayrılıqda cəmi 8343 manat 70 qəpik tutulması haqda 27 noyabr 2023-cü il tarixli, 8İ-9258 reyestr nömrəli və 27 noyabr 2023-cü il tarixli, 8İ-9259 reyestr nömrəli icra qeydləri verilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinin bir kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 2 icra qeydi mövcuddur ki, bunlardan biri reyestrdə 9258 nömrə ilə, digər isə 9259 nömrə ilə qeyd edilmişdir. Hər iki icra qeydində isə eyni kredit borcu üzrə eyni məbləğdir. Məhkəmə kollegiyası hesab edir ki, bir kredit müqaviləsi üzrə yaranmış ümumi borca dair cavabdehlərdən müştərək qaydada tutulmaya dair icra qeydi verilməli olmasına baxmayaraq, hazırkı iş üzrə bir kredit borcuna görə 2 icra qeydi verilmişdir ki, bu isə qanunvericiliyi zidddir. Digər tərəfdən, cavabdehlərdən tənasübsüz dərəcədə yüksək olan cərimə borcunun tələb edilməsi özü-özlüyündə mübahisə doğurur və təqdim olunan sənədlər üzrə borcun mübahisəli olduğunu təsdiq edir. Göründüyü kimi, 5 saylı Gəncə şəhər notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 8İ-9258 və 8İ-9259 nömrəli icra qeydləri “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində nəzərdə tutulan qaydalar pozulmaqla, verilmişdir ki, bu onun məhkəmə qaydasında ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən edə bilməmişdir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-2863/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2863/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 5 saylı Gəncə şəhər notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 8İ-9258 və xx.xx.2023-cü il tarixdə 8İ-9259 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş icra qeydləri ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1961/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1961/2024
28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver