Məhkəmə qərarları › İş №2(104)-1967/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1967/2023

28.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1967/2023 28.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(066)-801/2023 nömrəli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 yanvar 2022-ci il tarixli ******* nömrəli aktın surətlərindən görünür ki, Cavabdeh yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və çıxış plastmas borunun deşildiyi müəyyən olunmuşdur.

2. Dəymiş ziyanın bərpasına dair 01 fevral 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Cavabdeh Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 yanvar 2022-ci il tarixli ******* nömrəli akt əsasında 4320 m3 qaz sərfiyyatı hesablanmışdır.

3. Abonentin saldosundan görünür ki, Cavabdeh akt üzrə 432 manat cərimə və 510,10 manat debitor borcu hesablanmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 914,70 manat təbii qazın dəyəri və ödənilmiş 30,40 manat dövlət rüsumu alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573 VÖEN ********** M/H AZ03NABZ******************** SWİFT BİK İBAZAZ2X Azəriqaz İB VÖEN ********** İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azəriqaz" İB-nin X1 İstismarı İdarəsi ilə Cavabdeh (kod **********00000) arasında 27 yanvar 2022-ci il tarixli 13749 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən paylayıcının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər itirilmiş qazın dəyəri və s.). X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvana quraşdırılmış qaz sayğacı növbədən kənar Dövlət yoxlamasına göndərilmişdir. ******* nömrəli qaz sayğacı 09 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində yoxlamadan keçirilərkən sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilərək müdaxilə edildiyi müəyyən olmuş və bu barədə 09 fevral 2021-ci il tarixli, MSK-29/1710-00350-1 nömrəli akt tərtib olunmuşdur. Sayğaca müdaxilə təsdiq olunduğundan qazdan istifadə qaydalarının pozulması haqqında 28 yanvar 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərək 4320 m³ itirilimiş qazın bərpası üçün 432 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Həmçinin cavabdehin istifadə edilmiş təbii qazın dəyəri vaxtında tam ödənilməməsi nəticədə 510,10 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə göndərilən 01 aprel 2022-ci il tarixli AM-01/13-589 nömrəli xəbərdarlıqların icrası olaraq cavabdeh tərəfindən 27,80 manat ödəniş aparılsa da qalan borc ödənilməmişdir. Hal-hazırda cavabdehin "Azəriqaz" İstehsalat Birliyinə ödənilməmiş 914,70 manat borcu vardır.

6. Göygöl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(066)-801/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 482,70 manat (dörd yüz səksən iki manat yetmiş qəpik) pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına köçürülməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 560.1, 560.2, 560.3, 560.3.2 maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə, eləcədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217, 218.1, 214, 216-220, 233, 357, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, abonent tərəfindən qaz sayğacına qanunsuz müdaxilə edildiyinə görə sərfiyat düzgün qeyd olunmamış və məsrəf edilmiş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilərək 2022-ci ilin fevral ayında abonent hesabına işlənmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşiçi alətlə deşilməsi aşkar edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, sayğacı dəyişib Smartla əvəz etmişlər və 1 ildən sonra 432 mnaat cərimə hesablamışlar. Sayğaca heç vaxt müdaxilə etməmiş, eləcədə sayğac dəyişdirilən zaman evdə olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 432 manat borcun tutulması hissədə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

29. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir. Sonradan sayğacın çıxış plastmas borusunun deşiçi alətlə deşilməsi barədə 28 yanvar 2022-ci il tarixli ******* akt tərtib edilmiş, daha sonra isə həmin akt əsasında 4320 m3 qaz itkisinə görə abonentə 432 manat cərimə hesablanmışdır. Abonentin təbii qazdan istifadəyə görə ödənilməmiş 510,10 manat debitor borcuda yarandığından “Azəriqaz” İstehsalat Birliyi hazırkı iddia ilə məhkıəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının nümayəndəsinin izahatını nəzərə alaraq iddia tələbini debitor borcun tutulması hissədə 482,70 manat təmin etsədə, hesablanmış 432 manat cərimənin tutulmasaı hissədə iddianı təmin etməmişdir.

31. Bu qətnamənin 28-ci bəndində də qeyd olunduğu kimi, qətnamə mübahisələndirilən hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, abonentin istifadəsində olan sayğaca məhz onun tərəfindən müdaxilə olunması, yəni sonuncunun qanuna zidd hərəkətləri nəticəsində sayğaca hər hansı bir müdaxilə edilməsi iş materialları ilə təsdiq olunmur, eləcədə “Azəriqaz” İstesalat Birliyi bu barədə hər hansı bir möhtəbər sübut məhkəməyə təqdim etməmişdir.

32. Halbu ki, mülki prosessual qanunvericiliyə tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(066)-801/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni dəymiş ziyana görə akt əsasında hesablanmış 432 manat Cavabdeh alınaraq “Azəriqaz” İstehsalat Birliyinə verilməsinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar