Məhkəmə qərarları › İş №2(104)-197/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-197/2023

19.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-197/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı boru kəmərinin çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(062)-449/2022 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ARDNŞ Cavabdeh Şəmkir X4 İdarəsi tərəfindən onun xüsusi mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0,02 ha torpaq sahəsinə basdırılmış qaz kəmərinin cavabdehin vəsaiti hesabına çıxarılaraq kənarlaşdırılmasına və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli çıxarışa əsasən, onun mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən keçən ARDNŞ Cavabdeh balansında olan d250 mmlik dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin cavabdeh ARDNŞ Cavabdeh vəsaiti hesabına kənarlaşdırılmasına və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(062)-449/2022 nömrəli qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli çıxarışa əsasən, onun mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən keçən ARDNŞ Cavabdeh balansında olan d250 mm-lik dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin cavabdeh ARDNŞ Cavabdeh vəsaiti hesabına kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, mövcud qaz kəmərinin mühafizə zonasına düşən torpaq sahəsi qanunsuz olaraq özgəninkiləşdirilmiş və İddiaçı mülkiyyətinə verilmişdir. Buna baxmayaraq “qaz kəmərinin yerinin onun vəsaiti hesabına dəyişdirilməsi barədə” mülkiyyətçinin xx.xx.2021-ci il tarixli müraciəti Cavabdeh İB rəhbərliyi tərəfindən dəyərləndirilərək icrasına icazə verilmişdir. Lakin, İddiaçı sonradan öz vəsaiti hesabına işin icrası ilə razılaşmayaraq əsassız olaraq imtina etmişdir. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Qeyd edək ki, iş materiallarından da göründüyü kimi Cavabdeh İB-nin Layihə-konstruktor bürosu tərəfindən hazırlanmış 3-225-11(1) saylı lahiyə-smeta sənədlərinə əsasən 2011-ci ilin mart ayında çəkilişinə başlanılmış Tovuz rayonu Qonaqlı, Qaralar, Kürən, Zataq, Şıxheybət, Qoşa və Muncuqlu kəndlərinin qazlaşdırılması üçün orta təzyiqli polietilen PE250 mm-lik qaz kəməri 2012-ci ilin sonunda tamamlanmışdır. 2013-cü ilin mart ayında isə müvafiq qaydada sənədləşdirilməklə və aidiyyatı təşkilatlarla razılaşdırılmaqla istismara qəbul edilmiş, istifadəyə verilmişdir. Beləliklə sahə üzrə qanunvericiliyin təsir dairəsinə düşməklə həmin kəmər boyu 4 (dörd) metr kəmərin mühafizə mühafizə zonası yaradılmış və həmin tarixdən də hal-hazıra qədər qanunamüvafiq şəkildə istismar olunmaqdadır. Belə ki, məhkəmə işi üzrə iddiaçı tərəf olaraq sadəcə adına mülkiyyət sənədlərinin mövcud olması bildirilsə də onun hansı əsaslarla əldə edilməsi ilə bağlı heç bir sənədləşmə təqdim etməmişdir. Məhkəmə icraatı zamanı aydınlaşdırılmamışdır ki, “torpağa mülkiyyət hüququna dair çıxarış verilərkən qanunla icrası məcburi olan əsas prosedurlardan biri də əmlakın yerində müayinəsidir. Mülkiyyət sənədinin verilməsinə səbəb olan bu icra tədbirinin aparılması məhkəmə icraatında araşdırılmamış, heç bir sənədləşmə tələb olunmamışdır. Eləcə də məhkəmə icraatının obyektivliyi, əsaslılığı və əsl həqiqətin aşkarlığı naminə cavabdeh tərəf olaraq onların iştirakları da təmin olunmamışdır. Beləliklə icraat müddətində iddiaçı olaraq iddianı sübut etmək əvəzinə tərəflərindən təqdim ediləcək sübutlar da əngəllənmiş nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. Bundan sonra yuxarıda qeyd olunan 0.02 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə İddiaçı adına **********80 reyestr nömrəli çıxarış xx.xx.2013-cü il tarixdə verilmişdir. Sözügedən qaz kəmərinin isə layihələndirilməsi və çəkilişi işlərinə 2011-ci ilin mart ayında başlanılmış və 2013-cü ilin mart ayında yekunlaşdırılaraq istismara qəbul olunmaqla istifadəyə verilmişdir. Həmin tarixdən də hal-hazıra qədər istismar olunmaqdadır. Beləliklə iddiaçıya məxsus torpaq sahəsindən keçən PE250mm-lik qaz kəmərinin Cavabdeh İB-nin vəsaiti hesabına oradan kənarlaşdırılması tələbi qanuni, əsaslı sayıla bilməz. Çünki həmin qaz kəmərinin illərlə davam edən tikinti quraşdırma işləri yekunlaşdırıldıqdan, istismara qəbul edildikdən və istifadəyə verildikdən təxminən 3 (üç) ay sonra qeyd olunan mülkiyyət sənədi “çıxarış” əldə edilmişdir. Mülkiyyətçiyə aid hüquqlar isə mülkiyyət sənədinin əldə edildiyi vaxtdan sonrakı dövrü əhatə edir. Daha sonra iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Tovuz Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(062)-449/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslanıdırlmışdır ki, Dondar Qusçu bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli 01 nömrəli qərarı ilə Dondar Quşçu kənd sakini İddiaçı 0,02 ha torpaq sahəsinin satılması barədə Azərbaycan respublikası torpaq məcəllasinə “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan respublikasının qanunlarına, Azərbaycan Respublikası prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nõmrali fərmanı ila tasdiq edilmiş “Torpaqların alqı-satqısr” qaydalarına və Azərbaycan Respublikası Nazirlər kabinetinin 158 nömrəli qərarına müvafiq olaraq Dondar Qusçu kənd sakini bələdiyənin ehtiyyat fondunun alq-satqı peredmenti olan kənd təsərrüfatına yararsız torpaq sahasindən sahibkarliq məqsədi ilə 0,02 ha torpaq sahasi satılması barədə xx.xx.2003-cü il tarixli ərizəsini və bu barədə Dövlət Torpaq və Xəritə çəkmə komitasinin Tovuz rayon şöbəsinə sənədlər təqdim edilmiş və torpağın dəyəri 61 min 750 manat bir nömrəli qəbzdə bələdiyyənin hesabına kõçürülmüşdür. Torpaqların alqı-satqısına dair akt komitənin Tovuz rayon şöbəsində 25 dekabr 2003-cü il tarixdə 12 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpağa yer quruluşu sənədləri Dondar Quşçu kəndində bələdiyyə tərəfindən təsdiq olunmuş DT və XK Tovuz rayon şöbəsi müdiri tərəfindən təsdiq olunmuşdur. Qanunvericiliyin tam tələblərinə əməl olunmaqla bütün zəruri olan sənədlər əsasında torpağın dəyəri ödənilməklə alqı-satqı müqaviləsi əsasında həmin gündən İddiaçı sahibkarliq fəaliyyəti üçün 0,02 ha torpaq sahəsinin İddiaçı Dondar Quşçu bələdiyyəsinin torpağın dəyərinin ödənildiyi andan onun torpaq mülkiyyət hüququ yaranmışdır. Həmin hüquq müəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə uyğun olduğuna görə Azərbaycan respublikasının DT və XKdən torpaq sahəsinin planı və ölçüsü barədə torpağa mülkiyyət hüququ müəyyən edilmişdir. “Azərqaz” İB həmin torpağa mülkiyyət hüququna dair sənədlərin rəsmiləşdirilməsi barədə apellyasiya şikayəti əsassızdır. Torpaq islahatı haqqında qanuna uyğun olaraq torpaq növlərinin xüsusi mülkiyyət hüququna dair torpaqlar,bələdiyyə mülkiyyətinə aid torpaqlar və dövlət mülkiyyətində olan torpaqların heç birinin bir birindən üstünlük hüququ yoxdur. Həmin torpaq növlərinin hər biri dövlət tərəfindən qorunur və mühafizə edilir. “Azərqaz” İB Apellyasiya şikayətində qeyd edir ki, İddiaçı məxsus torpaq sahəsindən keçən poletilen qaz kəməri İddiaçı tərəfindən onun vəsaiti və özü tərəfindən kənarlaşdırırlmalıdır. Lakin, həmin qaz təsərrüfat sahəsinə rəhbərlik Cavabdeh İB tərəfindən rəhbərlik edildiyinə görə onun tərəfindən kənarlaşdırılmalıdır. Çünki, “Azərqaz” İB təsərrüfatına daxil olan həmin boru kəmərinə hər bir şəxs tərəfindən müdaxilə oluna bilməz. Ona görə ki, həmin qaz kəmərinin onun mülkiyyətində olan torpaq sahəsindən kənarlaşdırılması yüksək ixtisas təhsil dərəcəsi olan mütəxəsislər tərəfindən aparılmalıdır. Çünki qaz kəməri, təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq onun sahəsindən çıxarılmalıdır ki, həmin qaz kəməri baş verə biləcək texniki təhlükəsizlik qaydaları gözlənilməsə partlayış və qarşısı alına bilməyən hadisələrə səbəb ola bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, həmin torpaq sahəsinin sahibkarlıq məqsədi ilə aldığını, VÖEN-i olmaqla dayandırdığını, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(062)-449/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışı zamanı “Elektron Məhkəmə Sistemindən” çıxarılmış İddiaçı vergi məlumatlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən sahibkar kimi qeydə alınmış və ona ********** saylı VÖEN verilmişdir və hazırda VÖEN-nin statusu aktivdir. Apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş Azərbycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmış və ********** saylı VÖEN verilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə prosessual qanunvericiliyə əsasən kommersiya mübahisəsi hesab olunur və işin baxılması kommersiya məhkəməsinə aiddir. Çünki, iddiaçı fərdi sahibkar və cavabdeh isə hüquqi şəxsdir. Tərəflərin arasında yaranan hüquq münasibətləri cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlir. Torpaq sahəsi sahibkarlıq subyekti olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün alınmışdır. Lakin, həmin hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Plenumunun qərarında göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Həmçinin, həmin Plenum qərarında qeyd edilmişdir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır (MPM-nin 45.1-ci maddəsi). İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verə bilər. (MPM-nin 44.2.2-ci maddəsi). Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti pozulmaqla baxılmışdır. Eyni zamanda hazırkı məhkəmə kollegiyasının iclasında apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən sahibkar kimi qeydə alınmış və ona ********** saylı VÖEN verilmiş və hazırda həmin VÖEN-nin statusu aktivdir. Ona görə də, hazırki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Çünki, iddia Cavabdehin fəaliyyətindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının MPM-in 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 26, 35, 44, 263, 264, 384.0.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(062)-449/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı boru kəmərinin çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar