Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1970/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(062)-2300/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 manat pulun və 50 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uzaqdan tanışlıq əlaqələri var. ** XY *** dövlət qeydiyyat nişanlı, Hyundai Matrix markalı avtomobili vardır. 2022-ci ilin may ayında Cavabdeh ortaq tanışları Rahib adlı şəxslə gəlib həmin avtomobili sürmək üçün ona etibarnamə verməsini xahiş etmişdir. O da bir tanış kimi cavabdehə inanaraq avtomobili ona vermişdir. Üstündən bir müddət keçəndən sonra eşitmişdir ki, Fuad yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində avtomobilə xeyli ziyan dəymişdir və avtomobil yararsız vəziyyətə düşmüsdür. Beləliklə, ona 3000 manat maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehdən dəymiş ziyanın əvəzini tələb etsə də, lakin müsbət nəticə olmamışdır. Cavabdeh da İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobil üçün ödətdirdiyi, əsassız aldığı 11700 manat pulun cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobilin mülkiyyətçisi X2 olduğu üçün onun avtomobil üçün ondan qanunsuz və əsassız aldığı 11,700 manat pul üçün cavabdeh İddiaçı barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin may ayında cavabdeh İddiaçı ilə razılığa gəlmişlər ki;, 30 aylıq hər ay 600 manat olmaqla ümumilikdə 18000 manat ödəməklə ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobili alsın. Razılığa gəldikləri vaxtdan da avtomobil üçün ümumilikdə 11700 manat pulu cavabdeh İddiaçı adına olan kart hesabına ödəmişdir. Cavabdehə 6300 manat qalıq borcunu ödəyə bilmədiyi üçün avtomobili gecə saatlarında onun yaşadığı həyətdən adamları ilə aparmışlar. Bundan başqa, cavabdehin öz xahişi ilə 3 dəfə ödənişi onun Rahib adlı dostunun hesabına ödəmişdir, qalan digər ödənişlər isə cavabdehin öz hesabına ödənilmişdir. Sözügedən avtomobil isə cavabdeh İddiaçı qardaşı X1 adınadır. Həmin sənədləri də cavabdehə vermişdir. Belə ki, İddiaçı onu hədələmişdir ki, avtomobilin sənədlərini verməsə, avtomobili axtarışa verdirəcəkdir. Avtomobil ona verilən zaman onun mühərriki də istismara yararsız halda olmuşdur və mühərrikin saz vəziyyətə gətirilməsi üçün xərc çəkmişdir. Sözügedən nəqliyyat vasitəsi üçün cavabdeh İddiaçı 11700 manat pul vermişdir. Sonuncu isə hazırda ona qarşı heç bir əsası olmayan iddia qaldırmışdır. Əgər cavabdeh ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobili onun əlindən alıb aparıbsa, o da avtomobil üçün cavabdehə ödədiyi 11700 manat pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Tovuz Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(062)-2300/2024 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması; Ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ondan avtomobilə dəymiş ziyanın ödənilməsi tələb edir. O da öz növbəsində avtomobil qanunsuz aparıldığı üçün avtomobilə görə ödədiyi pulları tələb edir. Yəni, ilkin və qarşılıqlı iddia tələbi arasında əlaqə vardır. Lakin, məhkəmə bunları nəzərə almamışdır. Tovuz Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 2(062)-2300/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(062)-2300/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 23 avqust 2024-cü il tarixli 2(062)-2300/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə təkrarən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. MPM-nin qarşılıqlı iddianın qəbul edilməsi şərtlərindən bəhs edən 156-cı maddəsinə əsasən, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusiya hüquq və azadlıqlarının təminatlarından biridir. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan mülki prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarının məzmunu belə nəticəyə gəlməyə imkan verir ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiasına qarşı tələb və müdafiə vasitəsinin təzahürüdür və hər iki iddia növü arasında bağlılıq və asılılıq mövcud olmaqla, qarşılıqlı tələblərin ödənilməsinə və ya aradan qaldırılmasına yönəlmişdir. İlkin və qarşılıqlı iddiaların birlikdə baxılması tərəflər arasındakı mübahisənin qısa müddətdə həll edilməsini, ziddiyyətli qərarların çıxarılmasının qarşısının alınmasını təmin edir. Qeyd olunmalıdır ki, MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş şərt, yəni «qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsi» barədə şərt qarşılıqlı iddianın qəbul edilməsinin ümumi şərtidir. Yəni, qarşılıqlı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqənin olması həm MPM-nin 156.1.1-ci və 156.1.2-ci maddələrində göstərilən şərtlərlə qəbul edilən qarşılıqlı iddialar üçün, həm də bu maddələrdə göstərilməyən şərtlərlə verilən qarşılıqlı iddialar üçün xarakteriklidir. Bütün hallarda qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması onlara birlikdə daha tez və düzgün baxılmasını şərtləndirir. Xüsusilə nəzərə almaq lazımdır ki, MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş şərt qarşılıqlı iddianın qəbul edilməsinin müstəqil əsaslarından biridir. Bu, onunla əlaqədardır ki, MPM-in 156.1.1-ci və 156.1.2-ci maddələrində göstərilmiş konkret şərtlər qarşılıqlı iddianın bütün cəhətlərini heç də tam xarakteriza etmir. Qarşılıqlı iddialar ilk iddia ilə qarşılıqlı əlaqədə olduğu və onlara birlikdə baxılması işlərə daha tez və düzgün baxılması ilə nəticələndiyi üçün qəbul edilə və mahiyyəti üzrə baxıla bilər. Burada diqqət yetirilməli olan hallardan biri - iddia tələblərinin eyni maddi obyektə yönəldilmiş olmasıdır. Qarşılıqlı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqənin olması müəyyən olunarkən onların əsaslarının oxşarlığı və ya ümumiliyi, predmetlərinin eyni növlü olması və.s kimi hallar nəzərə alınmalı və ilk iddia ilə qarşılıqlı iddia arasında əlaqə müəyyən edildikdən sonra onlara birlikdə baxılmasının məqsədəuyğun olması haqqında məsələ həll edilməlidir. Bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ilkin və qarşılıqlı iddia tələbləri arasında qarşılıqlı əlaqə vardır. Belə ki, həm ilkin, həm də qarşılıqlı iddia eyni maddi obyektlə (avtomobil) bağlıdır. Çünki, İddiaçı cavabdehin mübahisə predmeti olan avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzini tələb edir, cavabdeh isə həmin avtomobili iddiaçıdan faktiki olaraq nisyə şəkildə aldığını və avtomobilin alqı-satqısına görə ödədiyi vəsaitin qaytarılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmaqda haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin MPM-nin 149-150-ci maddələrinə uyğunluğunu yoxlamalı və əgər iddia ərizəsi həmin maddələrin tələblərinə cavab verdiyi təqdirdə, bundan sonra MPM-nin 156-cı maddəsinə tələbləri baxımından iddianın icraata qəbul edilməsi məsələsini həll etməlidir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə təkrarən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və MPM-nin 155-156, 263-264, 398.0.2 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(062)-2300/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 23 avqust 2024-cü il tarixli 2(062)-2300/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə təkrarən baxılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1970/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1970/2024
24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver