Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1992/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-569/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh verilmiş borca görə 2200 (iki min iki yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-569/2024 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov ) İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” qismən iddiası təmin edilmiş, Cavabdeh verilmiş borca görə 1000 (bir min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi və dövlət rüsumuna görə Cavabdeh 30 (otuz) manat məbləğində olan pulun dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-569/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh və onun arvadını əvvəlcədən tanımaqla, yaxın münasibəti olmuş, cavabdeh 28 mart 2023-cü il tarixdə ondan yaxın zamanlarda qaytarmaq şərti ilə 2200 (iki min iki yüz) manat borc pul istəmiş, həmin pulu yazılı qəbzlə cavabdehə versə də, geri qaytarmamışdır. Məhkəmə isə iddianı əsassız və qanunsuz olaraq qismən təmin etmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli və iddiası tam təmin edilməlidir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında, mobil telefon vasitəsi ilə cavabdehə zəng edilmiş, cavabdeh iclas ilə bağlı məlumatının olduğunu, lakin iştirak edə bilməyəciyini bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, cavabdehin işlətdiyi Göygöl rayonunda yerləşən yemekxanasında kətə bişirir. 28 mart 2023-cü il tarixində o, yazılı sənəd ilə cavabdehə 2200 manat pul məbləğində borc vermiş, lakin cavabdeh borcunu geri qaytarmamışdır. Məhkəmə isə iddianı əsassız və qanunsuz olaraq qismən təmin etmişdir. Ona görədə, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-569/2024 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin tam edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-569/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh 1200 ( min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-569/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində o, şikayətinin dəlillərində həmin qətnamənin iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. İddianın təmin edilən hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə, Cavabdeh14 iyul 1975-ci il tarixdə anadan olmuşdur. Məcburi köckün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köckün Gəncə şəhərində məskunlaşmışdır. Sadə yazılı qəbzdən görünür ki, Cavabdeh martın 22-də 2200 manat pulu almışdır. İddiaçı müraciəti əsasında aparılmış araşdırma ilə qəbul edilmiş 20 avqust 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərardan məlumm olur ki, araşdırma ilə əlaqədar Cavabdeh izahatı alınmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 28 mart 2023-cü il tarixdə İddiaçı İddiaçı Cavabdeh 2200 (iki min iki yüz) manat borc pul vermişdir. Cavabdeh 2200 (iki min iki yüz) manat borcdan 1200 (min iki yüz) manat qaytarmış, 1000 (min) manat borcu qalmışdır. Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, o, götürmüş borcdan 1000 (min) manatı bu günə kimi ödəməmişdir. Bu halı Cavabdeh özüdə təsdiq edir. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyasının iclasında da müəyyən olundu ki, İddiaçı cavabdeh X1 28 mart 2023-cü il tarixində 2200 manat pul məbləğində borc vermiş, bu barədə sadə yazılı qəbz tərtib edilmiş və Cavabdeh həmin pulu qaytarmamışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıdan aldığı 2200 manat pulun 1200 manatını qaytarmasını göstəsə də, həmin hal öz təsdiqini tapmır və cavabdeh bu barədə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilməyən hissəsində gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarıa uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-569/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh 1200 ( min iki yüz) manat məbləğində pul (ümumilikdə isə, cəmi 2200 manat) alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-569/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh 1200 ( min iki yüz) manat məbləğində pul ( ümumilikdə isə, cəmi 2200 manat) alınaraq İddiaçı ödənilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-569/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Qətnamədən kassasiya şikayəti verilə biməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1992/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1992/2024
17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver