Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-201/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-651/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra- Elm və Təhsil Nazirliyi) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına yazılmış “Ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi barədə” 2010-cu il tarixli “003058” qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Dövlət Aqrar Universitetində 2016-2020-ci tədris illərində təhsil aldığını, lakin Elm və Təhsil Nazirliyi tərəfindən onun adına diplom blankının verilmədiyini əsas tutaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxan Gəncə İnzibati Məhkəməsi “iddiaçının adına dövlət nümunəli diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə göndərilməsi öhdəliyinin qoyulması barədə” qərar qəbul etmişdir. Qərardan apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qərarı ilə şikayət təmin edilməmişdir. İşə baxan məhkəmələrin hüquqi mövqeyi belə olmuşdur ki, Cavabdeh 2009cu ildə Gürcüstan Respublikasının Politexnik, Humanitar, Tibb İnstitutunun “tarix müəllimliyi” ixtisasını bitirmiş və ona “000003” qeydiyyat nömrəli, “PHİM 0000044” nömrəli diplom verilmiş, həmin diplomun tanınmasını təsdiq edən Nazirlik tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin qüvvədə olması iddiaçının adına diplom blankı verilməsi üçün əsasdır. Məhkəmələr hesab etmişdir ki, iddiaçının diplomunun ekvivalentliyinin müəyyən edən şəhadətnamənin ləğvi və etibarsızlığı barədə sübut mövcud olmadığından iddia təmin edilməlidir. “Təhsil haqqında” Azərbaycan Respulikasının Qanununun 29.0.21-ci maddəsində xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nоstrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin əsas vəzifəsi kimi göstərilmişdir. Qeyd edilən qanuna uyğun olaraq və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarının: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramını uğurla başa vurmasını təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikası ərazisində qüvvədə olmasını təsdiqi başa düşülür; 1.4-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir; 1.7-ci bəndnə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir; 2.1-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) aşağdakılar əlavə edilir: -ali təhsil haqqında sənəd; -tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesinitəşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə; ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini və praktik təcrübəsini təsdiq edən sənədlər də təqdim edə bilər. Ali təhsil haqqında sənəd və ona əlavənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki səfirliyində (konsullugunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır; 2.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır; 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması- Qaydaların bu bəndinin tələbindən görünür ki, ixtisasın tanınması üçün ilkin olaraq sənəd sahibinin ərizəsi və onun təhsil almasını təsdiq edən zəruri sənədlərin Təhsil Nazirliyinə təqdim edilməsi zəruridir. İş materiallarından göründüyü kimi, iddiaçı ilkin baza təhsilinin tanınması ilə bağlı səlahiyyətli dövlət orqanına ərizə təqdim etməmişdir. Həmin Qaydaların 4.1-ci bəndində qeyd edilir ki, xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir, ərizəçiyə və ya onu müvafiq qaydada rəsmi təmsil edən şəxsə verilir, yaxud da bildirişli poçtla göndərilir (1 və ya 2 nömrəli əlavələr). Qaydaların 1 və 2 nömrəli əlavələrində göstərilən Şəhadətnamə nümunəsindən görünür ki, ərizə əsasında ixtisasın tanınması və ekvivalentliyi müəyyən edilən şəxslərə iki şəhadətnamə verilir, bunlardan biri əmək fəaliyyəti ilə məşğul olmaq üçün, digəri isə onun sahibinə keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir. Bildiririk ki, qanunvericiliklə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi bilavasitə Təhsil Nazirliyinin funksiyasına daxildir, hər hansı bir digər orqana belə bir səlahiyyət verilməmişdir. İddiaçının adına yazılmış Şəhadətnamənin Təhsil Nazirliyi tərəfindən verilmədiyi aşkar görünür. Digər tərəfdən, iddiaçıya məxsus şəhadətnamələrin Təhsil Nazirliyi tərəfindən verilmədiyi və saxta olmasını iddiaçı tərəf etiraf etsə də, işə baxan məhkəmələr bu faktı nəzərə almamışlar. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-651/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nоstrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin əsas vəzifəsi kimi göstərilmişdir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramını uğurla başa vurmasını təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikası ərazisindəqüvvədə olmasını təsdiqi başa düşülür. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bundan başqa, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İşə baxan məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş, eləcə də cavabdehin həmin şəhadətnamənin necə əldə etməsini araşdırmaqdan imtina edərək, nəticədə formal əsaslarla qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə 2010-cu ildə fəaliyyət göstərən TəhsilNazirliyi ilə hazırkı Elm və Təhsil Nazirliyini fərqli orqanlar kimi qeyd edərəkbildirmişdir ki, cavabdeh sənədlərini Təhsil Nazirliyinə təqdim etsə də, lakin həmin sənədlərin Elm və Təhsil Nazirliyində aşkar edilməməsi cavabdehin təqsiri kimi qəbul edilə bilməz. Lakin cavabdeh tərəfindən sənədlərin Nazirliyə təqdim edilməsi barədə işdə hər hansı bir sübut mövcud deyildir. İşə baxan məhkəmə cavabdehin adına qanunsuz yolla əldə edilmiş şəhadətnamənin həqiqi olub-olmamasını araşdırmamış, eləcə də Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şəhadətnamənin saxtaolmasına dair cinayət işinin mövcudluğuna da əhəmiyyət verməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə sübut olunur ki, cavabdeh ümumiyyətlə ixtisasın tanınmasına dair Təhsil Nazirliyinəmüraciət etməmişdir. Lakin, məhkəmə qətnamədə qeyd edir ki, şəhadətnamədən görünür ki, təhsil naziri həmin şəhadətnaməni imzalamış və nazirliyin gerbli möhürü ilə təsdiq etmişdir. Məhkəmə bilməlidir ki, saxta sənədi düzəldən şəxs onu həqiqi sənədə oxşatmaq məqsədilə ona imza və möhür vurmalıdır. Məhkəmənin məntiqinə görə, istənilən şəxs saxta sənəd əldə etməklə, heç bir məsuliyyəti olmadan ondan istifadə etmək hüququna malik ola bilər. İşə baxan məhkəmə saxta sənədi əldə etmək və ondan istifadə edən şəxsin əməlində cinayət tərkibinin olduğunu bilə-bilə cavabdehin məsuliyyətdən yayınmasına şərait yaratmışdır. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ümumiyyətlə hazırkı işə mülki qaydada baxıla bilməz. Belə ki, mübahisələndirilən şəhadətnamə inzibati aktdır. İnzibati orqanın həmin aktı özünün ləğv etmək səlahiyyəti vardır. Bu baxımdan hesab edir ki, hazırkı işə yalnız inzibati icraat çərçivəsində baıla bilərdi. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə Efser oğlu məhkəməyə teleqram ünvanlayaraq məhkəmə hava şəraiti ilə bağlı Gəncə şəhərinə gələ bilmədiklərini və məhkəmə iclasının təzirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-651/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməli, mülki işin icraatına xitam verilməli və iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Elm və Təhsil Nazirliyi Cavabdeh adına yazılmış “Ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi barədə” 2010-cu il tarixli “003058” qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisələndirilən sənədin formal tələblərə uyğunluğuna baxmayaraq həmin sənədin Təhsil Nazirliyi tərəfindən verilməsinə şübhələr olduğunu- belə ki, cavabdehin diplomun tanınması ilə bağlı müraciətinin Təhsil Nazirliyinə daxil olmadığı, bununla belə, mübahisələndirilən sənədin qanunsuz olmasının təsdiq edən məhkəmə aktının hələlik mövcud olmadığını bildirmişdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Təhsilı Nazirliyi inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 17-ci bəndinə əsasən, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-651/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 384, 387, 402-407-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-651/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-201/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-201/2025
25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver